Üç Şiir / Nuranə Nur

Yaşım qədər

Axşamüstü geyinincə,
O işıqlı paltarını ,
Incə qaranlığından,
Qapısını döyüb qaçmaq istəyirəm bu şəhərin.
Çıxmaq istəyirəm övladlığından .
Kövrək Ay öpər üzümdən,
Sonsuzluq tutar əlimdən.
Çox sular axdı,
O körpünün altından.
Külək çoxdan qırıb,
O buludun qanadını.
O körpüdən, o buluddan
Çəkdim yorulmuş gözümü.
Yol yolçunun xərcliyidi,
Yollardan aldım özümü.
Nə bir ünvan tanıyıram,
Nə bir insan,
Dincəm indi.
Bilmirəm kim xatırlayar ,
Yaşım qədər gəncəm indi.

 

Bu gecəyə

Bu gecənin qaranlığı,
Qaranlıq qalırdı mənə.
Oydum gözlərini,
Yırtdım ulduzlayan bətnini,
Odlayıb, söndürdüm ayazını.
Bu gecənin hər misrası,
Nağıl rəngdə kabus imiş.
Süfrə açdım göy üzünə,
Buludlar iştaha gəldi,
Yuxuların qarnı toxdu.
Axtardım səhərə qədər,
Bu gecənin,
Cini var, lampası yoxdu.

 

Həyat

Yordum səni , HƏYAT
Üz çevirsən də məndən ,
düz gözlərinin içinə baxıram…
Gözlərinin dilini yaxşı bilirəm.
Rahat olsun başqasına verəcəyin könlün,
Bir öpüş də almağa qıymadım,
Başqasını sevərsən deyə..

Bu gönderiyi paylaşın:

Yazar: ramazan

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir