DergiZan

Yazı ve Sanat Ülkesi

Beş Şiir / Osman Fermanoğlu

İt İlinin Şeiri

Doğulduğum il it ili,
Beşinci itim ulayır.
Küləklə tükü didilir,
Nə yetim-yetim ulayır.

Yazılır kitab-hesabım,
Çatacaqmı ömür-tabım?
İçində ağrım-əzabım,
Çölündə dərdim ulayır.

Bilən yoxdu niyyətini,-
İşini Tanrı itinin…
Aclıq kəsib əhədini,
Heyi yox, çətin ulayır.

Daha sirri açmır qamış,
Həyat özü də aldanış…
Yazılmamış, oxunmamış
Sözüm, söhbətim ulayır.

Osman, fikirlərdə azır,
Seçə bilmir çoxu–azı.
Getdikcə daraldır cızı
Hey, ölüm-itim ulayır.

25 dekabr 2017.

 

Sənə Gəlirəm

 

Özüm özümdə azmışam,
Yan keçib sənə gəlirəm…
Qaranlıqlara sızmışam,
Dan keçib sənə gəlirəm.

Sel yuyur yuxa könlümü,
Kim gələ yığa könlümü…
Sürüyür ağa könlümü
Can, keçib sənə gəlirəm.

Yiyəsizdi solum, sağım,
Əlində əsirdi çağım…
Çətin işdi unutmağım,-
An keçib sənə gəlirəm.

Bu əvvəldi, yoxsa axır,
Çuxur gəzən sular axır.
Hamı qanlı-qanlı baxır,-
Qan keçib sənə gəlirəm.

Minərək qarğı atımı,
Gözlərəm xoş saatımı.
Osman, yenir inadımı,
Xan keçib sənə gəlirəm

2 yanvar 2018.

 

Sorma

 

Paşam, sorma kimin kimdə nəyi var;
Yiyəlidi hürr bildiyin yerlərin…
Kimin dizdə yeriməyə heyi var,
Ağasıdı dürr bildiyin yerlərin.

Yerə düşür aqillərin kəlməsi,
Çətinləşir vaxtın üzə gülməsi.
Tərs toxunur xanalarda ilməsi,
Araz keçib Kür bildiyin yerlərin.

Sinə açıb gədiklərin mehinə,
Qızınan yox yaylaqların mehrinə.
Daha çətin düşən ola sehrinə,
Ocaq-ocaq pir bildiyin yerlərin.

Ağır yükdü, çəkmək olmur qəmi tək,
Çəkilənin zili yüz-yüz, bəmi tək…
Qovrularaq həşəm olmuş zəmitək
Uralanıb gur bildiyin yerlərin…

Osman, yurd da güvə düşən kilimdi,
Dil-dil olub çınqılanan dilimdi…
Bölük-bölük,indi neçə dilimdi,-
Əzəlini bir bildiyin yerlərin.

3 yanvar 2017

 

Yazipozanda

(təcnis)
İncə ləpirlərdi düşən qar üstə,
Qış nələr çəkəcək yazı,pozanda.
Yazan sakit tutar özünü üzdə,–
Ürəyi göynəyər yazı pozanda.

Yolları mənzilə yürüyə sər-vaxt,
Vaxtın azlığında yenə əsər vaxt.
Qələm öz işini görməsə sərvaxt,
Yazdığı qalacaq yazıpozanda…

Osman yazılarsa, yazı sınaqda,
Qışı sərt keçənin yazı sınaqda.
Sevən könüllərin yazısın ahda
İnlədər, dərd üstə yazıb Ozan da.

4 yanvar 2018.

Köç Ki, Köçəsən

Güloğlan Əbilov’a

Ürəklər inləyir sarı sim kimi,
Götür ovuc-ovuc iç ki, içəsən.
Daha xəyallarda yellənir zəmi.
Sağa da, sola da biç ki,biçəsən.

Ağıl çəkə bilmir bu şıltaqlığı,
Yazın belindədi qışın qılığı…
Başa qaxınc olur saçın ağlığı,
Qarası arsızdı seç ki,seçəsən.

Dolanır bir ömrün üstündə qınaq,
Evin yiyəsindən bac alır qonaq…
Haramlı, halallı əlində çanaq—-
Buğdasız xırmanı ölç ki, ölçəsən.

Ağız nə tapır ki, anlaya dadı,
Dad bilməz qoyulur damağın adı.
Tağını su yuyub uçhauçdadı,
Qıl körpü kimidi keç ki, keçəsən.

Osman, yer qalmayıb ayaq basmağa,
Nökərsiz torpaqda hərə bir ağa…
Bu qədər ağrını oğul- uşağa
Yükləyib uzağa köç ki, köçəsən

5 yanvar 2018

Bu yazıyı paylaş:

2 thoughts on “Beş Şiir / Osman Fermanoğlu

Osman Fərmanoğlu için bir cevap yazın Cevabı iptal et

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Bu yazarın toplam 40 eseri bulunmaktadır.

Yazarın diğer yazıları