DergiZan

Yazı ve Sanat Ülkesi

İki Şiir / Süleyman Abdullah

YADDAŞ QƏZASI

O gün gözgörəsi ölürdüm sənsiz,
An-an, nəfəs-nəfəs çıxırdı canım.
Elə qərib idim, elə vətənsiz,
Özümü yay kimi sıxırdı canım.

Atmışdım özümdən özümü, Tanrım,
Səninlə bir qovğam-qalım qalmayıb.
Yollar elə qırıb gözümü,Tanrım,
Kirpik çalmağa da halım qalmayıb.

Yıxıldım qəfildən coşan selə mən,
Bir ovuc su imiş… axar su,- ömrüm!
Elə inanırdım sənə, elə mən,
Yaşamaq dediyin budurmu, ömrüm?!

Üstümü örtmüşdü göylərin damı,
Uçurdun başıma damını bir gün.
Eybi yox, məni də unutdu hamı,
Mən də unudaram hamını bir gün.

Dəyişir gördüyüm qaralı-ağlı,
Gözümdə acışan qəhər qum imiş.
Vardı xatirələr səninlə bağlı,
Yadımda qalmayan öz huşum imiş.

 

TƏSƏLLİ

 

Demək, ən vəfasız güvəndiyimmiş,
Az qala heyrətdən yarıla bağrım.
Unutdum dostum kim, düşmənim kimmiş,
Sən demə, yox günə varımmış ağrım.

Düşmüşəm zülmətə bu nur vətəndə,
Mən idim gəzdirən kirpiyində şam.
Diz çöküb durmuşdum səcdənə səndə,
Elə sən imişəm ən gözəl duam.

Nə sən insaf etdin, nə də mən giley,
Çox quru vədləri kisəndə yedim.
Kim deyir acılar şirin olmur ey,
Ən ləziz kədəri mən səndə yedim.

Öz sevgim özümün sonuma çıxdı,
Qalan arzulardı gözümdə ulu.
Hamının heyrətdən ağzı acıqdı,
Bircə sən qalmışdın gözü yumulu.

O ürək dediyim hər nəsə tənsən,
Yıxdın taxt-tacından özünə bəyi.
Sən doğma Vətənsən, əziz Vətənsən,
Mən səndə öyrəndim qəribsəməyi.

Mən sənə can verim,sən mənə qada,
Hər kəsin ürəyi,sevgisi bəlli.
Mən səni sevəcəm canım çıxsa da,
Mən səndə tapmışam,Vətən,təsəlli.

Bu yazıyı paylaş:

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Bu yazarın toplam 3 eseri bulunmaktadır.

Yazarın diğer yazıları