Səninlə Görüşən Gün / Fargana Yusufkızı

Bir qərib sərçə olub,
Pəncərənə qonaydım.
Gözlərinə baxınca,
Yerimdəcə donaydım.
Əlindən tutmaq üçün,
Alışaydım, yanaydım,
Səninlə görüşən gün.

Deyəydim ki, gəlmişəm,
Ay başımın bəlası.
Qoy silinsin üzündən,
Təkəbbürü, ədası.
Yayılsın yer üzünə,
Bu vüsalın sədası
Səninlə görüşən gün.

Yüyürüb sahil boyu,
Dənizə daş ataydıq.
Nisgilli qəlbimizə,
Sevinc, nəşə qataydıq.
Xoşbəxtlikdən məst olub,
Səmalara çataydıq
Səninlə görüşən gün.

Yoldan keçən hər kəsə,
Sevgidən danışaydıq.
Həyəcandan əllərim,
Əlinə yapışaydı.
Nəfəsim üz-gözünə,
Dəyəydi, qarışaydı
Səninlə görüşən gün.

Bu sevgi nağılımız,
Heç bitməsin,görəydim.
Göydəki ulduzlartək,
Yox olaydım, sönəydim.
Ayrılıq saatında,
Yanındaca öləydim
Səninlə görüşən gün.
Səninlə görüşən gün…

 

 

Bu gönderiyi paylaşın:

Yazar: ramazan

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir