Şiirler / Osman Fermanoğlu

BOŞ-BOŞUNA BAŞ AĞRIDIR

Paşam, ömür duz yatağı, nəm çəkir,
Kölgə artır,öləziyir gün dəyən…
Şumlayaraq tala-tala dərd əkir,–
Boş-boşuna baş ağrıdır dən döyən.

“Lazım gəlsə, yüyürərik”–söz arsız,
Çeynəndikcə çürümədə bu saqqız…
Meydan-meydan avazlanır hər ağız,
Keçir kimin boğazından kim deyən?

Hey kəssək də, ona-buna əriştə,
Əməlimiz daş bitirir hər işdə…
Hörümçəklər tor toxuyur bir küncdə,
Düyün-düyün, açılmır ki, cin düyən.

Bizi salıb aparırlar axına,
Hər xınaya bənzəməz ki, bu xına.
Oda düşüb təpişdirir ağzına
Barmağını aralıqda təntiyən…

Osman bizi sıxır yenə bu dalan,
Salan deyir;get dalanda daldalan.
Yalan çıxır, çox açılan fal, yalan,–
Bəlkə, bir gün düz çıxacaq sən deyən.

22 fevral 2018.

O TƏRƏFDƏ

Ah çəkərsən, ahın sınar, ah var ahdan o tərəfdə,
Vəziri özündən ötə, şah var şahdan o tərəfdə…
Bir çomağa söykənərək, söyləyirsən silahım var,
Daha azğın silah durur, hər silahdan o tərəfdə.

Danışığın ağ- qaralı, hey sözləri teyləyirsən,
Hələ özün də bilmirsən etdiyin nə, neyləyirsən.
İki kəlmənin birində “lazım gəlsə” söyləyirsən,
Sabah sabaha calanır hər sabahdan o tərəfdə.

Özümüzə dost sayırsan, hər gəlib üzə güləni,
Gələn, gedən yeyib içir, gözümüzdə güzgülənir.
Hələ yerində sayırıq, aşanımız yox bələni,–
Gedən yoxdu, bilən yoxdu nə var dağdan o tərəfdə.

Çox əyrini kəsib keçir, çox işlərin başı düzlük,
Sözümüzü çatdırmağa bəs eləmir hələ sözlük.
Üstünü örtə bilmirik, tökülür çəkilən üzlük,–
Nə qədər xəstə inləyir qalan sağdan o tərəfdə.

Ağac özünə ar bilməz yarpaq-yarpaq tökülməyi,
Birdaş-birdaş qurulanın zamanladı sökülməyi…
Osman, nəfəs alan bilər, qabarmanı, çəkilməyi,-
Bir şərəfli ölüm də var yaşamaqdan o tərəfdə.

21 fevral 2017.

 

PAŞAM, QƏMİN BAŞINDAYIQ

Paşam, qəmin başındayıq,
Qoşunsuz yurd şahı təki…
Ölümə gedən adamın
Çəkdiyi son ahı təki.

Qurd gəzişir beynimizdə,
Geyimə bax əynimizdə…
Dünya yükdü şiynimizdə,
Bağanın çanağı təki.

Qurdaladıqca çox şeyi,
Görünür əyər- əskiyi…
Çıraqda yağ öləziyir
Gözümüzün yağı təki.

Yaşayan var sarmaşığın
ömrünü… çəkib işığı…
Vaxt dayanar ac uşağın
Gəlməyən sabahı təki.

Osman, yeri dardı Xeyrin,
Əli çatmırsa, nə xeyri…
Fikrimiz qaralır şerin
Pozulan varağı təki.

14 fevral 2018.

 

GƏLMİSƏN

Bilirəm nə işin yiyəsisən sən,
Harda nəfəsini dərib gəlmisən.
Atanın, ananın nisyəsisən sən,
Atını havayı sürüb gəlmisən.

Elə əzəlindən dolaşıb kələf,
Yollar təmizənmir, daşdı hər tərəf.
Enlənə-enlənə eyləyirsən kef…
Dağları yağıya verib gəlmisən.

Bitib öz- özünə artan çayırsan,
Boş gəlib,hələ də boş yaşayırsan.
Yükləri tərs çatıb, tərs daşıyarsan,
Deyəsən, şeytanı görüb gəlmisən.

Sayırsan hər şeyi bir su içimi,-
Hamıya baxırsan naşı, xam kimi.
Səni doğulmamısan bir adam kimi,
Həyata da rola girib gəlmisən.

Heç kim qulağına yemir çörəyi,
Uzaqdan tanıyır ağlı seyrəyi.
Yaxşı xatırlayır Osman hər şeyi,
Papağını yerə vurub gəlmisən.

15 fevral 2017.

ADAM

 

Dilinə kim düyün vurub,
Dayanmısan dinməz, adam!
Qurduğunu yel uçurub,-
İnadından dönməz adam.

Karvanın hayana gedər,
Tapılmaz gəzdiyin qədər…
Adam özündən bu qədər
Aşağıya enməz, adam!

Ömür dalğada gəmidi,
Tükənir daha ümidi.
İçin də çölün kimidi
Hikkəsini yenməz adam.

Kəlmə kəsmədin endirib;
Deyəm, göndərən göndərib.
Haqdısa, haqqın kəndiri
Nazilər, üzülməz, adam!

Bilmirsən təklər necədi,
Əyər- əskiklər necədi?!
Hər tərəf zinrik gecədi,-
Gəl, gözəgörünməz adam!

 

BOYDADI

Paşam, adamların sərti,
Elə kövrəyi boydadı…
Çox da küçümsəmə dərdi,
Qəlbin dirəyi boydadı.

Su ağzında duran devin,
Varıb yatmağına sevin.
Vaxtsız gələn qonaq evin
Duzu, çörəyi boydadı.

Elinin gərəyi idin,
Keçərək özünü yendin.
Vətən öndəki igidin
Enli kürəyi boydadı.

Sonra tapıb xan olanın
Quludu qılınc-qalxanı…
Qorxu yıxır yıxılanı,–
Yıxan çərəyi boydadı.

Dodaqlarda qara eşmə,
Aşar bizi bu didişmə.
Osman, bu qədər də şişmə,
Hərə ürəyi boydadı.

13 fevral 2018.

 

GƏLDİN, İTDİN YAD ŞƏHƏRDƏ

Axı, söylə nə gəzirdin,
Nə gördün gəldiyin yerdə.
Nə tapmağa tələsirdin
Həsrətin güldüyü yerdə.

Kəndində hörmət, xətirdin,
Elin hayına yetirdin…
Calaqlandın, dərd gətirdin
Dərdləri böldüyün yerdə.

Bir yarımcan quş olmadın,
Ya quşa yoldaş olmadın.
Heç olmasa daş olmadın
Daş tək hörüldüyün yerdə.

Gözündə kədərdən pərdə,
Görünmədin xeyir- şərdə.
Gəldin, itdin yad şəhərdə;-
Ölmədin öldüyün yerdə.

Osman, dərdin körpəsinə,
Su ver gələk kölgəsinə…
Səsin çatarmı səsinə,-
Yanıb dil döydüyün yerdə.

 

DOSTUN ŞEİRİ

Dost dostundan inciyər də, küsər də,
Barışmağa bir əl yeri saxlaya.
Aralığı bağlayar da, kəsər də,
Ondan dosta gələn şəri saxlaya.

Qulağında sırğa ola Haqq ünü,
Unutmaya dosta qalan haqqını.
Ayıq görə ucalıqda Haqqını,-
Çiyni üstə mələkləri saxlaya.

Könül evi urcah olsa, talana,
Dodağında yer qoymaya yalana.
Buraxmaya yadlar qala halına,
Əməlini əldə diri saxlaya…

Hirs-hikkəsi öz başında əsərsə,
Fikirləri itilənən kəsərsə…
Ondan keçib dost evinə əsərsə,
Burulğanı, küləkləri saxlaya.

Osman, gələ, ya yaxınlı, uzaqlı,
Dost arası tən olmasa kim haqlı?!
Öz içindən pöhrələnə öz ağlı,-
İstisini bəbəkləri saxlaya.

14 fevral 2017

 

GEDİR

Ayağı ağırdı bu gələn yazın,
Dərdlər ömrümüzə əkilib gedir.
Oxuyan kəslərin itir avazı,–
Sözlər ilmə-ilmə sökülüb gedir.

Hamı topa tutur işi əyəni,
Qulaqlar eşitmir ağız deyəni.
Meyvələr quruyur,yoxdur dəyəni,
Kalı üstümüzə tökülüb gedir.

Kökünə-soyuna bağlı olan yox,
Ağıl urvatsızdı, ağlı alan yox…
Aşı dibinədək yağlı olan yox,
Ruzu da qəhətə çəkilib gedir.

Dil özünü udub; nə səs, nə səmir,
Gözün gördüyünü dodaqlar demir.
Dərdli qazanlarda əriyir ömür,–
Qurd düşən yarpaqtək bükülüb gedir.

At yerişindədi indi hər ulaq,
Qabaqda dayanır olsa da, çolaq.
Osman gözlərimiz quruyan bulaq,
Könlümüz içində hönkürüb gedir.

13 fevral 2018.

YARI DAŞINA

Könlümün içində ev tikən usta
Yarı palçıq qata, yarı daşına.
Daşına,
torpağına, daşına,
o şeyə ki əl çatmır,
adam ondan daşına.
Elə bil dayanıb ev tikan üstə,
Çevrilmir əlində yarı daş una.

Aşığı şeş kəsin yarı oyaqdı,
Yarı yuxuludu, yarı oyaqdı.
Bir yarı,
bir istəyi, bir yarı.
Qoşula bir yarıya,
Bütövləşə bir yarı.
Könül yarı haqsız, yarı, ya haqdı,
Yarı burda qala, yarı daşına…

Osman, yarı saxla, yarı kəsəkəs,
Çox uzaqdan getmə, yarı, kəsə kəs.
Kəsə kəs,
qırmaq atar kəsə kəs.
Sözü saqqız eyləmə,
qırdırma get, kəsə kəs.
Elində özünə hörmət qoyan kəs,
Yarı suç eləsə, yarı daşına…

15 fevral 2017.

 

TÜRKÜM

İstər min il keçsin,
istər yüz il-
24 Oğuz tayfası yığılsın bir yerə,
toplaşsınlar ya toya,
ya qurultaya…
Nə fərqi, kimdi deyilənə baxan,
hərə-
özünə ağa,
bəy, xan.
Türk düzələn deyil,
öz ağlıyla iş görməsə,
özünə gələn deyil.
Qoyasan ona,buna ağıl verə,
yol göstərə yekə- yekə,- sən,
bir soruşan yoxdu,
ərəb qeyrəti çəkənsən?!
Bir yandan ermənini,
bir yandan kürdü
qısqırdıblar üstünə;
Bütün xəyanətlərə şahid Türk!
Torpağı qəbir- qəbir böyüyən
şəhid Türk!
Nə qədər tüstüsü göz acışdıran
ocaqlar var,
nə qədər oyunçuların əlində
oyuncaqlar var,
nə sığındığn din sənindi,
nə öyündüyün dün…
Silkin!
Təmizlənsin qanın,
özünə dön, sən onda
böyük olursan,
Türküm!
Dərdim,-
dərdimə dərmanım!

TƏK AĞACDI

Tək ağacdı, dərdi kimi boy atır,
Tək ömrünü sıxıntıda yaşayır.
Köklərinə bir ovucluq güc qatır,
Qaya döşü- çıxıntıda yaşayır.

Yalın əllə sinə gərir yellərə,
Mətin durur, cinaq vermir sellərə.
Köklərini qaynaq edir gillərə,
Selli, sulu axıntıda yaşayır.

Qızmar yayda çat-çat olur torpağı,
Qurd dilində ölüşküyür yarpağı…
Susuz göyə əl açaraq budağı,
Umud- umud yağıntıda yaşayır.

Təkliyinə kömək olmur yüz fikir,
Gələn-gedən gövdəsinə turp əkir.
Ürəyini görən yoxdu, nə çəkir,
Viranədə, dağıntıda yaşayır.

Yavaş- yavaş sayır keçir bir ömrü,
Danışılır dodaqlarda sirr ömrü…
Osman, belə davam edir pir ömrü,
Qardan qalan yığıntıda yaşayır.

9 fevral 2017

BİR OĞLAN VAR İDİ UŞAQLIĞIMDA

Vaxt varıydı gözlərində işığa dönər,
Bu dünyaya sənin ilə baxıb gedərdi.
Ümidinə dirsəklənən aşığa dönər,
Əllərini sinəsinə sıxıb gedərdi.

Çağırardı uzaqlarda qalan adları,
Sahibinə yetirərdi amanatları…
Üz tutardı görünməzə; göyün qatları
Başı üstən leysan səpər yağıb gedərdi.

Haqq nurundan göz qamaşar, neçəsi yanar,
Çox yananlar yana- yana özünü danar,
Şama qoşan pərvanənin zəri odlanar,-
Yandığını bilsə idi, çıxıb gedərdi.

Köksündə xal saxlamazdı tək lalə kimi,
Ləçəyinə şeh yığmazdı piyalə kimi…
Qayalardan atılmazdı şəlalə kimi,
Düzənlikdə sakit-sakit axıb gedərdi.

Bu da bir vaxt imiş ömrə yazılan,
İndi düşüb arxasınca boylan ha boylan.
O illərdən nədi belə, Osmana qalan,-
Bilsə idi nə vardı ki, yığıb gedərdi.

 

Bu gönderiyi paylaşın:

Yazar: ramazan

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir