Ondört Şiir / Osman Fərmanoğlu

ÖLÜMÜ

Paşam, qənşərimdən keçdi,
Göz-göz aldatdım ölümü…
Saldım sözün ocağına,–
Söz-söz qalatdım ölümü.

Urcah olsa da kəfinə,
Axtarırdı xas dəfinə…
Alıb bulağa, evinə
Susuz yollatdım ölümü.

Osman, yolların ağından,
Candı qıvrılan, ağınan…
Keçdim ağır sınağından,
Ucuz adlatdım ölümü…

5 aprel 2018.

GƏLƏR

Ömrü uzun çəkməz qara günlərin,
Dolanar üstünə ağı da gələr…
Arının dilindən bal çəkənlərin
Canına tıkanda ağı da gələr.

Heç kəsin tərs yola düşməsin yönü,
Yeri yanaşıdı dərdlə düyünün…
Qara saçlarınla çalış, az öyün,
Qoşular yanına ağı da gələr.

Öz qayğısı çəkər indi hərəni,
Azdı işlərinin üz güldürəni…
Qolunda güc varsa, çalxa nəhrəni,
Ayranı gələnin yağı da gələr.

Ayə sayılmaz ki, hər deyilən söz,
Zülmətlər içində çox şey görər göz.
Vaxtın yaraları açılar göz- göz,
Xəstə fikirlərin sağı da gələr.

Osman, çəkilənlər dərsdi ağıla,
Bir gün çevriləcək şirin nağıla.
Dərdləri ələyib, di, az ağıla,-
Gözlərinin gülən çağı da gələr.

KÖKÜNÜ DANANLARA

Qəfəs küncündə qalıb darıxırdı nə vaxtdı,
Açdım qoy uçub getsin ürəyi tutan yerə.
Uçdu qondu yaxına, yenə qəfəsə baxdı,
Ürək yoxdu götürə onu ənginliklərə…

Ya da sala bilmədi, haradan gəldiyini,–
Hansı yuvada keçib ömrü qəfəsə qədər.
Azadlığa çıxan tək unutdu bildiyini:–
Əmr gözləyən quldu; “yürü qəfəsə qədər”.

Yaxına buraxmadı, əsli kim, kökü kimdi,
Oyatmadı içini anası çalan layla.
Qulluq iddiasını keçə bilmək çətindi,
Elə bildi böyüyüb qonşudan gələn payla.

Nə ata var, nə ana, nə nənəli nağıllar,
Döndərən dönəribdi beynini özgə yönə.
Başqa qəfəs içində ötər başqa havalar,
Kirayə ev tək baxar, halal-hümmət evinə.

Qəfəsdə çəkiyə bax, çəkər özünə tərəf,
Aralanmaq çətindi, birə düşər kürkünə.
Qalıb yol ortasında, yollansın hansı yerə,
Deyən yox,arxaya bax, uç qovuş öz kökünə.

28 mart 2017

“KÖHNƏ HAVADA” DOQQUZ HECALI ŞEİR

*
BOYLANAR

 

Ayrılar, özündən gen düşər,
O qoca ha yana boylanar.
Saçına, başına dən düşər,
Gəzdiyi həyana boylanar.

Seyrəlib yanından tay-tuşu,
Ömrü də payıza tutuşub…
Söylənər: “illərin bayquşu,
De, yönün ha yana boylanar?”

Könlündə dünənin qarası,
Gözünə çilənər qara su…
Lap çoxdan köç edib qarısı,
Tutuşar, ha yana… boylanar.

Üstündə qəm-kədər qalağı,
Andırar yumağı, qalağı…
Baxsa da söz almaz qulağı,
Sükutun hayına boylanar.

Ay Osman, il ildən öc alan,
Hər tərəf deyinən, qıcanan.
Çətin ki,dayana qışacan,-
Yetən yox hoyuna, boylanar.

8 aprel 2017

NƏ OLA

Paşam, hər yan lil içində, içdiyimiz nə ola?
Ələyərək ömrü- günü, seçdiyimiz nə ola?
Vətən,-deyə əzizləyib, yapışmadıq heç zaman,
Hər şeyi görməzdən gəldik, keçdiyimiz nə ola?

Həmişə əyrı danışan adamları dinlədik,
Qapımıza bəd fikirlə gələnləri şenlədik.
Səpdiyimiz toxumları quşlar aldı, dənlədi,
Əkdiyimiz nə idi ki, biçdiyimiz nə ola?

Arxadan arxayın olub, qorumadıq qarşını,
Torbalarla daşıdılar yurdun torpaq, daşını…
Başbilənlər çoxaldılar, hərənin öz arşını,-
Haram halalı apardı, ölçdüyümüz nə ola?

Dərd, qəm içində keçirib payızları, qışladıq,
Bizi oda salanları sevərək, alqışladıq…
Su boğaza dayansa da, çıxmağa çalışmadıq,
Əlacın əlacı yoxdu, düşdüyümüz nə ola?

Yalmanına əllər çatır, mindiyimiz Ağ atın,
Dilimizin alışmayan barıtı var bir atım…
Osman, küləklərdə gedib sözümüzün urvatı,
Gəldiyimiz nə yoldu ki, köçdüyümüz nə ola?

5 aprel 2018.

SƏNİ

Qatarı aparan qoşa rels kimi
Duyaram ən kiçik anımda səni.
Göylərə açaram iki əlimi,
Saxlayar kirpiyim banımda səni.

Ən dar keçidləri ömür gen bilər,
Adamsız obanı elyər şen,gülər.
Damarlarım içər, oksigen bilər,
Ürəyə daşıyar qanımda səni.

Süzülər üstümə işığı Ayın,
Sənli daxmam olar şahlıq sarayım.
Qara gecələrdən çıxan nur payım,
Taparam boylanan danımda səni.

Göründün Dərvişin barmaqlarından,
Uzağı, yaxını odu tanıdan…
Bircə istəyim var qoca Tanrıdan,
Beləcə saxlaya yanımda səni.

Başımın üstündə uçan göyərçin,
Gördüyüm yuxumdu,indi çıxır çin.
Osmanam könlümü qurar səninçin,
Ruhumtək saxlaram canımda səni.

8 aprel 2017

“KÖHNƏ HAVADA” ÜÇ HECALI
*
ALDANMA

Əlindən
Al, danma.
Əlindən
Aldanma.

Başa yax,
Başa yağ…
Baş ayaq-
Aldanma.

-Qıymadı?
-Qıymadı…
Qıymadı,
Aldamma.

San ona-
Sanana…
Osmana;
Aldanma.

HƏR ŞEY YERİNDƏDİ

Paşam, hər şey yerindədi,
Dil açır, söz gəlir, deyir.
Kökümüz çox dərindədi,
Gəlişin əvvəli deyir.

Dincə qoyur yabasını,
Sökür çəpər arasını.
Qonşu kəsir davasını,
“Can” söyləyir, “bəli” deyir.

Neyləyəcək bizə dığa,
Mənim əlimdən tut, qağa.
Gedək üzü Qarabağa,-
Ağıllıya, dəli deyir.

Torpaq baqi, biz gedəri,
Yurdsuz heç nəyik, hədərik.
Toyu Şuşada edərik,-
Bir dünya gözəli deyir.

Çəməndə uçan arı da,
Qonduğu gül tağları da.
Əli qaşında qarı da;-
İrəli, irəli, – deyir.

Osman, gələn gözəl gündü,
Sevinci löyün- löyündü.
Könlüm yaman ərköyündü,-
Əssin, bahar yeli,- deyir.

8 aprel 2016

 

A YAZDI

Duman gəzdi, dərələrdə dolandı,
Buludların qarasında Ay azdı.
Həyəcanım ürəyimə dolandı,-
Ağrı-acım dodağımda “A” yazdı.

Dildən- dilə körpü salır arada—
Yaraşandı namus, qeyrət, ar ada.
Dost bildiyin könülləri ara da,–
Nə olsun ki, hava sərtdi, ayazdı.

Osman, qardı zirvələrin yaxası,
Tuş düşəni yandırası, yaxası…
Aradınsa, seçməlisən ya xası,-
Seçməyə də günlər deyil,ay azdı.

31 mart 2018.

 

GƏZƏRIK

Seçmək istəyimiz seçim sayılmaz,
Küçələrdə haysız-küysüz gəzərik.
Çağırarıq, yatan kəslər ayılmaz,
Ömür gedər, səssiz- ünsüz gəzərik.

Almağa gedəndə yerin öcünü,
Çəkər üstümüzə vaxt ülgücünü.
Çaldıranda qoyduq qolun gücünü,
Odu- budu heysiz-heysiz gəzərik.

Bütöv arzuların yarısı gələr,
Bərisi didərgin, anrısı gələr.
Boş-bekar günlərin ağrısı gələr,
Döydüyümüz itdi, cəngsiz gəzərik.

Söz zəhərə dönər dilin ucunda,
Ay-ulduz əriyər düşmən xaçında.
Dünən Kəlbəcərdə, sabah Laçında,
Yer bizi götürməz, göysüz gəzərik.

Ağatlı olmadıq, atı ağ etdik,
Təpəni böyüdüb uca dağ etdik.
Osman, ərəblərə nə çox lağ etdik,
Zaman ötər biz Sərhəngsiz gəzərik.

3 aprel 2017

 

MƏN DƏRVİŞ HAVASIYAM

Əlim gözüm üstədir bir kəsim çörək kimi,
Bir- birinə dayaqdı hər dizim dirək kimi.
Ağlamağa bənd olan buludlardan yol gəlir,
İşığıma qarışır öz səsim şimşək kimi…

Yarı məndə yaşayır, ruhu səsləyən candı,
Dilimdə yarınmaq yox, öz-özünə sultandı.
Bir ovuca yerləşən damardı, ətdi, qandı,-
Məni məndə saxlayır, qəfəsim ürək kimi.

Çəkən var, çəkilən var, hamı öz adındadı,
Kim kimə nə tor qurur, hamısı yadındadı…
Bir az çırpısındasa, bir az da odundadı,-
Ocağımı yandırır nəfəsim körük kimi.

Səs yetməyən yerlərdə edir ibadətimi,
Tanrının ətəyində düzəldirəm qəddimi.
Söhbətlərim çox ulu, yazılarım qədimi,
Haqq deyə yürüyürəm, həvəsim mələk kimi.

Osman, nurdu hər tərəf, könül nura boyanan,
Gələn nurun içində dan yeridi oyanan…
Rahatca bardaş qurub vadilərdən boylanan-
Mən dərviş havasıyam, bir əsim külək kimi.

4 aprel 2018

 

ƏSGƏR BALALARA

Bir işıq şüası keçdi ömrümdən,
Ətirə bələdi yovşanlı çölü.
Burda Qazi olmaq keçir könlümdən,-
Burda Şəhidlik də gözlərdə gülür.

Deyəsən, dediyim sabahdı gələn,
Yürüyən qardaşım, qoluna qüvvət.
Səndən irəlidə alov yüksələn
Daşlı, qapçığalı yoluna qüvvət.

Nə yaxşı çıxmısan Lələtəpəyə,
Bax gör, görünürmü Cəmilin evi.
Əyil, yerdən qaldır düşən örpəyi,
Oğuz torpağının basılmaz devi.

İndi Qarabağın bayrağı sənsən,
Bütöv Azərbaycan səndən başlayır.
Qələbənin ilkin varağı sənsən,
Mətin addımından Vətən başlayır.

Talış yüksəkliyi sənin əlində,
Yetər, aman vermə qaçan dığaya.
Basdır alçaqları güllə selində,
Dılğırlar neyləyər div- əjdahaya.

İrəli, irəli Şuşaya sarı,
Dillən şövqə gətir Xarı bülbülü.
Aşıqlı, Yaxşılı Laçın dağları
Yolunu gözləyir boynu bükülü.

Əsgərim, qardaşım,ölməz ümidim,
Sənin yerişinlə açılır sabah.
Tətiyi çəkilən silah kimidi,-
Bütün Azərbaycan ayaqdadı, bax!

5 aprel 2016.

 

GƏLƏR

Ömrü uzun çəkməz qara günlərin,
Dolanar üstünə ağı da gələr…
Arının dilindən bal çəkənlərin
Canına tikanda ağı da gələr.

Heç kəsin tərs yola düşməsin yönü,
Yeri yanaşıdı dərdlə düyünün…
Qara saçlarınla çalış, az öyün,
Qoşular yanına ağı da gələr.

Öz qayğısı çəkər indi hərəni,
Azdı işlərinin üz güldürəni…
Qolunda güc varsa, çalxa nəhrəni,
Ayranı gələnin yağı da gələr.

Ayə sayılmaz ki, hər deyilən söz,
Zülmətlər içində çox şey görər göz.
Vaxtın yaraları açılar göz- göz,
Xəstə fikirlərin sağı da gələr.

Osman, çəkilənlər dərsdi ağıla,
Bir gün çevriləcək şirin nağıla.
Dərdləri ələyib, di, az ağıla,-
Gözlərinin gülən çağı da gələr.
1 aprel 2017.

 

KÖHNƏ HAVADA ALTI HECALI ŞEİR
*
GÖRƏRSƏN

Dərd necə ağırdı,
Ələrsən, görərsən.
Qulaqlar sağırdı,-
Səslərsən, görərsən.

Adamın sözü nə,
Qapılar özünə…
Çöp düşüb gözünə,
Silərsən, görərsən.

Kim gəldi qan adlı,
Bir çanaq qan oldu.
Alınmaz qaladı
“Gələrsən, görərsən”.

Qalmaz söz nisyəsi,
Tez alar yiyəsi…
İnansan nəyəsə,
Dilərsən, görərsən.

Bir Osman, bir də sən,
Çözülməz sirdəsən…
Özünü pirdə sən
Bilərsən, görərsən.

5 aprel 2017.

Bu gönderiyi paylaşın:

Yazar: ramazan

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir