Yedi Şiir / Osman Fermanoğlu

ÜRƏYİM ATLANDI DAĞLARA SARI

Qonağı itkin düşənim,
Məlul- məlul baxan dağlar.
Önün keçilməz qayadı,
Sıldırımdı arxan, dağlar.

Adı bir idi dilində,
Çirkinin də, gözəlin də.
Qalar dilbilməz əlində
İndən sonra yaxan, dağlar.

Səndən ayrı göz naşıdı,
Ömrün- günün duz daşıdı.
Damcı- damcı göz yaşıdı
Şır- şırından axan dağlar.

Çox atlanan enib səndə,
Azdırmısan duman- çəndə.
Üzünə durdu süfrəndə,-
Yallananlar, a xan dağlar.

Bir zaman dağ adamıydım,
Gəldim boz şəhərə uydum.
Osmanı qumara qoydum,
Səndən ayrı yoxam, dağlar.

13 may 2016.

TANINAR

Paşam, havalanan könül
Çölün gülündən tanınar.
Gələn bərəkətdi, bəla,-
Daşan selindən tanınar.

Çox şeyi göndərər xəlvət,
Göylərdən gəlmədi xələt.
Varı, yoxu altı cəhət,–
Əsən yelindən tanınar.

Ruhuna dar gələr qəfəs,
Ətirdi aldığı nəfəs…
Yad səslərə ürək verməz,
Səsi dilindən tanınar.

İstəyi yenilməz qala,–
Yaxşılıqdı üzdə qalan…
Pay verəndi, yoxsa alan,-
Səxa əlindən tanınar.

Çəkər Osmanı sınağa,-
Tuş gəlməyib ki, qınağa.
Gedən günə, qalan çağa
Yol- əməlindən tanınar.

26 aprel 2017.

ƏFƏNDİM

Biz özümüz girmədik ki, könüllü,
Od içinə atan atdı, əfəndim!
Ağ günləri qara- qura yazdılar,
Görəydin nə çata-çatdı, əfəndim!

Göy buludlu, ürək qəmli, yer sulu,
Dayanmışıq belimizdə at çulu…
Ata- oğul bir-birinin çuğulu,–
Bazara bax, sata-satdı, əfəndim!

Yolumuza əngəl oldu bir dalan,
Qanad açdı dilə düşən hər yalan.
Neçə eli bada verdi bu talan,–
alan aldı, satan satdı, əfəndim!

Zor gücünə öz yurdundan çıxana,
Ölü kimi ağır olur barxana…
Gələn dərdlər hələ çatmır çoxuna,-
İncil, Quran, ya Tövratdı, əfəndim!

Dilinə bax, Osman odda yanası,
Daş- qalaqlı bucaqlara qısnasın.
Evlər yıxan sarayların yaxası
Quzulayır, bata- batdı, əfəndim!
Quru səsim kimə çatdı, əfəndim!

6 may 2017.

 

VARIYMIŞ

 

Könül, dikmə gözlərini yollara,
Hər gələnin göndərəni varıymış.
Axan çayın istəyini Kür bilib,
Yatağından döndərəni varıymış.

Cin- şəyatin yuvasıdı dalan, tin,
Ağlıkəmi dayandırmaq çox çətin.
Arxasında duranı var hər itin,
Zaman- zaman hürdürəni varıymış.

Yaxın ikən uzaq olur çox yaxın,
Çox kötüklər bada verdi bu axın.
Hökmü nədi, bir çeçələ barmağın,
Qaldıranı, endirəni varıymış.

Öz kökündən ayrı düşən budağın,
Saxlamağı çətin işdi yarpağı.
Quru- quru qurban olum sayağı,-
Ələkçinin qıl verəni varıymış.

Osman, demə keçmişi var adının,
Gəzib gəldim yerin yeddi qatını.
Gecə hörüb yalmanını atının…
Cin atına mindirəni varıymış.

5 may 2016.

 

TƏCNİS

Hər məqamda qiymət almır hər çıxar,
Gücə düşən qolda olan qarıdı.
Könlümüzü zaman-zaman hey sıxar,
Qulaq deşən qarğanın qar-qarıdı.

Doyurmadın yolda qalan bir acı,
Başqasının halına da bir acı…
Damağında zəhər olar bir acı,-
Hər tərəfin küpəgirən qarıdı…

Çəkən kəsə dərd bir olar, dərd iki,
Dərd içində dərdlər özü dərdiki…
Zər atanlar qoşaladı dərdi ki;-
Qala-qala içimizdə qarıdı…

İki keçdi, indi növbə üçündü,
Üçümüz də haplı-goplu üç ündü.
Osman, daşı, şələ adam üçündü,
Səni sıxan dərdin buzu, qarıdı…

 

SAQİ, ŞƏRAB SÜZ

Dərvişlik özü
Divanəlikdi,
Odla oynamaq
Pərvanəlikdi.
Əhdə dayanmaq
Peymanəlikdi,
Gəzib gəldiyin
Viranəlikdi,-
Yazılar sözsüz,
Saqi, şərab süz.

Dilim söz tutmur
Quşun dilində,
Yaram göz tutmur
Daşın əlindən…
Dərə, düz tutmur,
Axır selində,
Dərdlər boylanır
Düz əməlindən;-
Gətir səs-küysüz,
Saqi, şərab süz.

İtdə hürüşür
Atın gəlişi,
Kürdün görüşü,
Tatın gəlişi…
Qohumu sıxır
Yadın gəlişi,
Azır ağızda
Dadın gəlişi;
Hamısından düz,
Saqi, şərab süz…

Uduş gətirmir
Hər günün baxtı,
Səs gələn yerə
Ağıl kəc baxdı.
Varacağın yer
Çox-çox uzaqdı,
Ləngitmə işi
Şərin şər vaxtı,
Doldur ver yüz-yüz,
Saqi, şərab süz.

Ağlı olanı
Ağlı daşıyır,
Götürür qolu
Bağlı daşıyır.
Osman haqlımı
Haqlı daşıyır?!
Yavana bükür,
Yağlı daşıyır,-
Di, az dodaq büz,
Saqi, şərab süz.

3 may 2017.

 

QALMADI

Gələn-gedən torbaladı,
Bağdadda xurma qalmadı.
Yel dağıtdı, topaladı,-
Bir saçı burma qalmadı.

Baxıb köhnə şəkilinə,
Dodaq büzdü kəkilinə.
Yiyə çıxmaz səkilinə,
Alnında sarma qalmadı.

Mömindimi, yoxsa lotu,
Din əynində yeddi qatdı.
Taladı malına qatdı,-
Başlarda çalma qalmadı.

Oynadığı nə oyundu,
Arı, namusu soyundu.
Rəng alan buqələmundu,
Almağa forma qalmadı.

Osman özündən gileyli,
Ağzında alışar dili…
Yağmalandı Oğuz eli,
Böldülər vurma qalmadı.

20 aprel 2017.

Bu gönderiyi paylaşın:

Yazar: ramazan

1 thought on “Yedi Şiir / Osman Fermanoğlu

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir