DergiZan

Yazı ve Sanat Ülkesi

Dört Şiir / Mayisə Əsədullaqızı

İÇİ BOŞ GECƏ

İçi boş gecə,
Bir qucaq yeridi.
Ürəyim
Közərmiş ocaq yeridi.
Nur ələnir Aydan,
Mənə düşməz o paydan…
Bu gecə,
Pisliklərə
Əngəl olar.
Ürəyim məhəbbətə
Səngər olar.
Haqsızlığa barışmayıb,
Çox ağlamışam.
Gecələr
Qaranlıq Vətəni qucaqlamışam…

DÜNYA HƏMİN DÜNYADI

Bilirsiniz, necə çətindi
Dünyasını dəyişən insanın
Telefon nömrəsindən
Gələn zəngi eşitmək?!
Bilirsiniz, necə əzabdı,
Səs yazılarını dinləmək?
Gecələri səhərədək
Diz-dizə oturanları,
Fikir, düşüncə ortaqları
Bilirsiniz, necə zülümdü itirmək?
İndi birtəhərəm,
Qəlbi qırıq, qəhərəm.
Sağalmayacağını bilə-bilə,
Məcbur olub, aldadırdım onu.
Deyirdim ki, sağalacaqsan,
Yenidən doğulacasan.
Bu hiss yaşayır içimdə,
Olacaqsan əvvəlki biçimdə.
O da, inanırdı…
Kənarda doyunca ağlayırdım.
Qəlbimə daş bağlayırdım.
Nə olar, bir durna ol,
Dön geri,
Sevindir Göyü, Yeri…
Gəl, dünya həmin dünyadı,
Eşit bu fəryadı…

GƏTİRƏRMİ KÜLƏKLƏR

Çəmənlərin gülləri,
Bəlkə, verə ətrimi.
Daşdı payız selləri,
Danışımmı dərdimi?
O əlçatmaz yuxunu,
Yozmağa söz qalmayıb.
Aldadılmış duyğunu,
Deməyə üz qalmayıb.
Səni izləmiş kimi,
Dayanım yolun üstə,
Bir gecə mürgüləyim,
Oyanım qolun üstə.
Bilmirəm, bu həsrəti,
Yetirərmi küləklər?
Ayrılığa nifrəti,
İtirərmi küləklər?
Baxıb üfüqə sarı,
Səni səsləsəm əgər,
Sənsizlikdən bezməyib,
Yenə gözləsəm əgər,
Bu həsrətin yükünü,
Götürərmi küləklər?
Görəsən, səni mənə,
Gətirərmi küləklər?!

DÜŞÜNCƏLƏR

Tellərimi sevirəm,
Çünki bu tellərmə,
Əllərin sığal çəkib.
Gözlərimi sevirəm,
Çünki dərinliyinə,
Nakam həsrətin çöküb.
Baxışımı sevirəm,
Çünki, o gözlərinə,
Oğrun-oğrun baxmışam,
Alov kimi çaxmışam.
Aşiqlərin ürəyi,
Sevər, sevər, yorulmaz.
Toy-büsatdı diləyi,
Özgə qəlbə vurulmaz.
İllər pusquda durub,
Bəlkə səni sınayar,
Məni unutsan, əgər,
Xatirələr qınayar.

Bu yazıyı paylaş:

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Bu yazarın toplam 2 eseri bulunmaktadır.

Yazarın diğer yazıları