Şiirler / Osman Fermanoğlu

YAZMIRAM

Məndən şeir istəyən,
Daha şeir yazmıram.
Hə, deyirəm hər şeyə,
Yoxa şeir yazmıram.

Durnam düşüb dumana,
İşi qalıb gümana;-
Sızıltıya, amana,-
Aha şeir yazmıram.

Urcah olub haqq yola,
Baxmaram sağa, sola.
Acından ölər olam,-
Şaha şeir yazmıram.

Osmandı dərdə yanan,
Sözündən dərd oyanan.
İçində dərdi yanan
Ruha şeir yazmıram.

20 oktyabr 2015.

 

APARDI

Ömür bir az uzun çəkdi, çox uzağa apardı,
İmtahanlardan adlatdı, qar- sazağa apardı.
Yayın təndir vədəsində küdrülərdə bişirdi,-
Buzun diş qıran çağında uca dağa apardı.

Yol aldım ağ gün dalınca ,qara günə tuş oldum,
O qədər bol eylədilər, dərdlərdən sərxoş oldum.
Düşdüm uçmaq həvəsinə sınıqqanad quş oldum,
Qarasına yolu tutdum, qəmli çağa apardı…

Əyən yükə arba olan tirəsindən gen düşür,
Zaman qarışıq zamandı,kim atlanır,kim düşür.
Balığa qarmaq ucunda bircə tikə yem düşür,
Baxırsan ki, qamarladı,onu bağa apardı.

Kasıb elə kasıb qalır, ha göstərə çabalar,
Yatan bəxtinə qoşulub öz yerində çabalar.
İçdən- çölə boylanmaqda bu küləkli havalar;
Əsə- əsə gətirmişdi, yağa-yağa apardı.

Osman, hələ bizimlədi gələn dərdin böyüyü,
Hər gün üstünə artırır, böyüdükcə böyüyür…
Körükçülər altdan-atdan körükləyib körüyü
Yuxarıdan aşağıya, soldan sağa apardı.

17 oktyabr 2017

 

·
BİR NƏFƏRƏ

Ağlın ağlımdan üstündü,
Sözlərin yerli- yerində.
Düz çıxan sənin tüstündü,
Zamanın əyri yerində…

Haqq gəzdim, Haqqım kar oldu,
Yağışım dönüb qar oldu…
Ayaqlarım tez yoruldu
Dünyanın diri yerində.

Çəkənə hər tərəf dərddi,
Bəlkə, dərd dərdə həmdərddi.
Çəkmədin yüz səmtə getdi,
Qalmadı biri yerində.

Cana bax, tikə tikədi,
Ayaq üstəcə tükəndi.
Yenə barmaq silkələndi;-
Danışma, kiri yerində.

Osman, yazan belə yazıb?,
Aza çoxu, çoxa azı…
Xeyir iş uzaqda azıb,
Dirəşir şəri yerində.

17 oktyabr 2016

 

XXX

Mələk yazdı nağılını,
Divə nə saxladı belə.
Götürdü yüz ağıllını,
Divanə saxladı belə.

O divanə bir ox atdı,
Atılan ox günah addı.
Satdığını ucuz satdı,
Baha nə saxladı belə.

Alan saz aldı, apardı,
Ömrü saz oldu,apardı.
Gedən az aldı apardı,
Çoxa nə saxladı belə.

Səsiylə könül tərpədən,
Keçir məni bu törpüdən.
Osmanı da qıl körpüdə
Divana saxladı belə.

·

 

GÖTÜRMÜR

Paşam, ömürdü pas tutan,
Könlümüz qalay götürmür.
Gələn, gedən tək oynayır,
Qolumuz halay götürmür.

Qaytaran yox borcumuzu,
Göylər görmür ovcumuzu.
Yuyunsaq da, suçumuzu
Bulaq çəkib, çay götürmür.

Girov qoymuşuq ümidi,
Bilmirik kimin yemidi?!
Gözü tox dərviş kimidi,-
Dərdlərimiz pay götürmür

Hər günün ağrısı yeni,-
Adam da adamı yenir.
Gündüzü Gün görməyəni,
Gecələri Ay götürmür…

Osman, olanlar baş- ayaq,
“Hamı yatıb, Cırtdan oyaq”.
Cücələri harda sayaq,
Bu payız da say götürmür.

 

OLA

Paşam, səsləyərək işıqlı günə,
Çəkilə qaranlıq payı dan ola.
Hamının istəyi gülə üzünə,–
Küskün könülləri oyadan ola.

Yaxşı əməllərdən tikdiyin qala,
Səni də eyləyə basılmaz qala.
Kiməsə etdiyin yaxşılıq qala,-
Savabı üstünə qayıdan ola…

Ən xoş saatları sala yadına,
Ömrü tən tutasan vaxtın adına.
Yanıb getməyəsən özgə oduna,
Bədəl ödədiyin öz xatan ola.

Arxayın-arxayın yol ala düzdən,
Səsinə səs verə, dillənə pəsdən.
Gül-çiçək boylana keçdiyin izdən,
Arxanca bir ovuc su atan ola…

Osman, fələk saya sən sayanları,
Yaşada daş üstə daş qoyanları.
Oxuya ağzından söz duyanları,-
Adam bildiklərin kaş, adam ola.

17 oktyabr 2017

 

XXX

Paşam, gül açmadan soldu,
bir gün də keçdi ömürdən.
Ayrıldı ruhum cildində,-
şəklində keçdi ömürdən.

Bələyində qarğış alan,
uğurunu qar – qış alan,
yolu, izi qarğaşalı
sürgün də keçdi ömürdən.

Qulu oldum tək bir adın,
ümidim, pənahım odu.
Arzularım ən kür atın
tərkində keçdi ömürdən.

Keçilənlər özü sirmiş,
canım bu sirrə əsirmiş.
Osman döyüldü bir dərviş
kürkündə keçdi ömürdən.

 

Bu gönderiyi paylaşın:

Yazar: ramazan

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir