DergiZan

Yazı ve Sanat Ülkesi

Altı Şiir / Osman Fermanoğlu

NƏ QALA–QALA

(Cığalı təcnis– divani)

Zamanında yeriyəsən ağrıların üstünə,
Nə qovğaya saxlayasan dərdi, nə qala, qala.
Nə qala,
Nə işlənə, nə qala.
Odunun yaş odunsa,
Nə ətəklə, nə qala…
Tütyə kimi gözdə tuta, yer verəsən üstünə,
Ucalasan yaxşıların dərdinə qala–qala.

Tapşırasan düz bilərək doğru, düz ələ işi,
Ələyəndə söyləyəsən, haqq ol, düz ələ işi.
Düz ələ,
Düz ayağa, düz ələ,
Doğruya doğru ol ki,
Doğru işin düzələ…
Kömək edən kömək ola, gələ düzələ işin,
Görəsən ki, dərən kəslər dərdi, nə Qala, Qala.

Osman, varsa görəcəyin, köməkli gör, çat asan,
Tədbir ilə yolunu yor, mənzilə tez çatasan…
Çatasan,
Çək çaxmağın, çat asan.
Tut Haqqın ətəyindən,
Haqq deyənə çatasan..
Bir uğurlu gün yetişə, qoşa tonqal çatasan,–
Ocaq–ocaq qalayasan dərdi, nə qala, qala…

 

DOLANDIQ

Bu günü də belə keçdik,
Ağ geyib qara dolandıq.
Vaxtı sonalayıb seçdik,
Haradan hara dolandıq.

Üzümüzdə salmadı iz
Qarabağlıq həvəsimiz.
Buz bağladı nəfəsimiz,
Quru ahlara dolandıq.

Əlimiz çatmadı ətə,
Saldıq pişiyi töhmətə.
Üzrü günahından betər
Suçlu çağlara dolandıq.

Endiyimiz quyu dərin.
Qabardı yeri kəndirin.
Əlində qaldıq dərdlərin,
Tapmadıq çara dolandıq.

Osman, ömür didik-didik,
Olanlara şükür dedik…
Əzəldən avara idik,–
Yenə avara dolandıq.

12 aprel 2018.

EL KEÇƏN KÖRPÜLƏRİ

El geçən körpüləri yenə selə buraxdıq,
Önümüzdə göz dağı, sınıq tağları qaldı.
Biz qoca ömrümüzün burulğanında axdıq,
Xəyalımızda gələn körpə çağları qaldı…

Ayaqlanıb gəldilər pambıqla baş kəsənlər,
Uzandı üstümüzə gədə-güdənin dili…
Baxdı, kömək olmadı nə Əlilər, Həsənlər,
Səni də yağmalatdıq, ey ulu Oğuz eli.

Donquldanır, deyinir, olanda əl uzadan,
İstəyi bizdən böyük Tanrının ayısının.
Əllər qaşın üstündə, seyr edərik uzaqdan,
Çıxarıb apararlar çəpərin payasını…

Dildə qeyrət daşıyıq, namus mücəssəməsi,
Bəlkə, heç nə söyləmir, ildırımın çaxışı.
Kim hörmətlə xatırlar, toyuqtək yasan kəsi,
Çətin silə tarixlər bu ləkəli “naxışı”…

Beləcə baş verirsə, hər şey gözün önündə,
Bu böyük günahların elə bir ucu səndə.
Tanrım, görə bilmirsən,tirdi qalan gözündə,
Söylə nicat axtaraq, gedərək hansı dində?!

13 aprel 2017.

 

TANRI YERİNİ CƏNNƏT ELƏSİN.

 

Bu şeiri Şaiq Vəliyə yazmışdım-qoşa dərdinə, indi ruhuna bağışlayıram.Bu gün Şaiqin ölümündən iki il keçir.

Çiynində bir cüt məleykə,
Nə yazsın, qələmi sınmış.
Cüt məleykə, cüt göyərçin-
Qanadı miləmil sınmış.

Saç əllərdə çəngə-çəngə,
Analar saçıyla cəngdə.
Tapqıra keçib üzəngi,
Atlının qədəmi sınmış.

Dərdə boyunduruq Şaiq,
Qoşa ömrü qırıq Şaiq.
Qalıb boynuburuq Şaiq,
Dilində yüz qəmi sınmış.

Pərvanəsi yanan şamın
əriyir əti- əndamı…
görənlər keçir unamır
köksündə sitəmi sınmış.

 

TƏZYİQ

Təzyiqdən gedəcəm, deyəsən, mən də,
Çömçə onu çəkir, nə var qazanda…
Deyərlər, “birdəncə getdi qəzadan,
Sağlam görünürdü baxanda gendən”.

Fırlanır başımda dəyirman daşı,
Gözümü saxlamır göz qapaqları.
İçimdən boylanır ağrı dağları…
Bu yazın selləri axır, gurlaşır.

Təzyiqim qalxanda gəlmir sabahım,
Qaranlıq içində cinlər oynaşır…
Tüstülü–tüstülü başımdan aşır,
Dilimi göynədir Qarabağ ahı…

Ömrümə qənimdi seyrək havalar,
Dağ-dağ istəyim də qorxu ətirli.
Ömür yaşayıram Aran xətirli,–
Ucalıq deyəndə bağrım yarılar.

Bu təzyiq deyilən ağır daş imiş,
Dartıb ayağımdan çəkir quyuya.
Neftini axıdır kəmərim, guya,–
Damarlar şişərək beyni deşirmiş.

Bilmirsən nə dərdlə gəlir gələndə;
Yeraltı təkan tək, zəlzələ kimi…
Qalxmağı, enməyi sıxır içimi,–
Təzyiqdən gedəcəm, deyəsən, mən də.

26 aprel 2019.

 

AYDIN ADAM

Hamıya açıq qoymuşdu

ürəyinin qapısını,
vağzal binasının
açılıb-örtülməkdən
cır- cır cırıldayan
qapısı kimi…
Bir bağlı küncü qalmamışdı,
aydın, anlaşılan idi,
Nə kiməsə hirsi vardı,
nə kini,
Gələnə-gedənə xərcləyirdi
son qəpiyini…
Aldananda da gülürdü
aldadana baxıb,
Görürdü gülüşündən
aldadan karıxıb,
darıxma, yaxşı olar,-deyirdi,
Sözündən, gülüşündən
təmizlik tökülürdü.
Bir gün çatdı
ömrün son duracağı,
sığamayın,-dedi molla,-
gözlərini,
Qoy dolu getsin gözünün qucağı.
Verəcəyindən çox idi
adamın alacağı…

15 aprel 2017

 

Bu yazıyı paylaş:

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Bu yazarın toplam 40 eseri bulunmaktadır.

Yazarın diğer yazıları