DergiZan

Yazı ve Sanat Ülkesi

İki Şiir / Zaur Ilhamoglu

1

Nə Qədər ki Sağam…

Nə qədər ki sağam, qədrimi bilin.
Bir gün bu dünyadan çıxacağam ha.
Ruhum dövr edəcək kəhkəşanları
Sizə ulduzlardan baxacağam ha.

Yaşamaq bir sevgi, yaşamaq istək.
Gəl ki, ölüm də var, bu acı gerçək.
Gecələr süzülüb Ay işığıtək,
Şirin yuxunuza axacağam ha.

“Kaş ki, bu dünyada yaşardı” deyə,
Dönəcəm min arzu, minbir diləyə.
Şirin xatirəmlə dolub ürəyə
Od olub yandırıb-yaxacağam ha.

İşdir də baş versə, əgər möcüzə,
Gəlsəm o dünyada sizlə üz-üzə.
“Qədirbilməz” deyib əl verib sizə
Sizin əlinizi sıxacağam ha.

 

2

Böyük Düha, Böyük İnsan

 

 

 

 

 

 

 

Cümhuriyyətimizin 100 illiyinə və onun qurucusu
M.Ə.Rəsulzadə’nin əziz xatirəsinə ithaf edirəm.

Böyük düha,
Sən azadlıq günəşisən!
Sən qaranlıq vətəninçün
Düşən nursan,
düşən ziya.
Sən Vətəni xoşbəxtliyə qovuşmaqçün
Məşəqqətlər çəkən insan.
Sən bu yolda ailəsindən,
əzizindən, övladından keçən insan.
Öz qanını şərab kimi
Vətəninin sağlığına içən insan.
Qaf dağının Simurq quşu.
Təkcə bizim əsrin yox,
əsrlərin Səyavuşu.
Sən tarixin vərəqinə yaza bildin
“Azərbaycan” kəlməsini.
Bu dünyanın bu başından o başına
Tanıtdırdın Azərbaycan ölkəsini.
Cəhalətdə çapalayan vətəninə
Elm verdin, təhsil verdin,
Danışmağa bir dil verdin.

Necə olur azadlığın,
hürriyyətin şirin dadı,
Dada bildi Vətəninin hər övladı.
Böyük Turan torpağında
İlk müstəqil cumhuriyyət quran insan.
Əsir olmuş Türk yurduna
Azadlığın möhürünü vuran insan.
Ey Türkoğlu, Türk ərəni.
Ulu Türkün ulususan,
Qocalardan qocasısan,
Ucalardan ucasısan.

Bu Vətənçün, bu torpaqçün
mübarizə etdikcə sən
ölkələrdən-ölkələrə
soraq aldı mübarizən.
Bütün dünya anladı ki,
Gər bir insan amalıyçün çalışırsa,
Döyüşürsə, vuruşursa,
Ölsə belə, amalından dönə bilməz.
Bütün dünya anladı ki,
Vətən qanı bahasına ucaldılan şanlı bayraq
Heç vaxt yerə enə bilməz.

Bir millətin damarında
Azadlığın qanı varsa,
İllər keçə, zaman ötə
Yenə azad olacaqdır.
Dağıt onu, toza çevir,
O yenə də dirçələcək, yenə abad olacaqdır.
Xilafəti parçalayan Babək nəsli
Əsirlikdə qala bilməz.

Dövlətlərə sultan olmuş
Atillanın, Teymurləngin övladları
Nökər, kölə ola bilməz.
Sən elə bir toxum əkdin,
O toxumlar bar yetirdi:
Neçə-neçə igid əri,
Yetmiş illik əsarətin zəncirini qırıb atan
O mübariz insanları, “20 Yanvar şəhidləri”.
Doğumunla ölümünün arasında
Zamana bax, məkana bax.
Zaman ötmüş hardan-hara:
Beşiyinə çiçək taxan Bakıdırsa,
Məzarına gül döşəyərmiş Ankara.
Ey dəyərli şəxsiyyətim,
xilaskarım,
Rahat uyu məzarında.
Ey türk oğlu, türk ərəni
Aramızda olmasan da,
Adın gəzər dildən-dilə
Ulu Turan diyarında.
Kimsə səni ürəklərdən,
könüllərdən silə bilməz.
Sən ölməzsən, sən yaşarsan.
Vətən üçün doğulanlar
Heç bir zaman ölə bilməz.
Sən bizimçün əvəzsizsən,
Fəxrimizsən, iftixarsan.
Nə qədər ki bizlər varıq, biz yaşarıq,
Nə qədər ki nəfəs alır Azərbaycan,
Bizimlə tən, bizimlə bir
Sən də varsan!
Sən də varsan!

 

Bu yazıyı paylaş:

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Bu yazarın toplam 2 eseri bulunmaktadır.

Yazarın diğer yazıları