İllərim / Rohíy Méralé
Yenilənir illərim
İl üstünə neçə-neçə yaşanmayan illər gəlir
Geriyə dönməyə yolu olmayan, dünənimin ümidinə qaytar məni,
arzuların başladığı günlərə, sevinclərin doğduğu yerə,
qəmimi ovudan, dualar oxuyan kəslərə qaytar məni, illərim..
Bir nəfəs qədər azaldırsan ömürdən,
bir nəzər qədər yaşatmırsan, illərim
.
Hər gəlişin kimsələrə bar ağacı,
gedişində ümidləri asılmış bir dar ağacı olur yenə, illərim.
Saxta gülüşlərin sədalarıyla boğmaq olmur kədərləri, qəmləri
Hər çiçəyin solmuş ləçəkləriylə saydım ötən günləri
Gedənlərin son addım sədası keçmir, eşidirəm illərdi.
Sinəsi damğalarla yenidən nəfəs alan,
gecələri bəyazlayan, gözlərində Ay doğan mən idim..
.
Yenilənir illərim
Bəlkə bir sevgi, ümid, ömür bizi gözləyir
Bəlkə hər şey bitib, sadəcə, yenilənir illərim…
Son misramı, son ahımı tökürəm
İllərim,
yarı qalan anları mənə geri versəydin,
yenisini istəmirəm, varlığım keçmişdəydi..