Ünvanlı Şeirlərin 2 / Ələddin Əzimli
TUMURCUQLARA
Yağış yağır,
nə xoş yağır
yaz yağışı.
Bulud-bulud boşalır göy,
çəmən-çəmən boylanır yer
ilahi yağışa doğru.
Dartılır Günəşə sarı
fidanların
körpə, kövrək budaqları.
Çimir, nazlanır ağaclar,
ancaq yaman narahatdır
yarpaq-yarpaq
ağrı çəkən tumurcuqlar…
KİMSƏSİZLİYƏ
Qış Günəşinin
soyuq şüaları tək
ümidsizlik
boylanır pəncərədən
solğun-solğun, təkəmseyrək.
Sənin buz kimi
şümşad əllərini
andırır mənə
bu solğunluq, bu soyuqluq.
Alnımı
söykəyib üşüyən şüşəyə
baxıram yağışın
didik-didik etdiyi
palçıqlı,
kimsəsiz küçəyə…
DÜNƏNİN BU GÜNÜNƏ
Buludlu,
yağişlı gecə,
islanan səhər.
Damcı-damcı diksinib
oyanan küçələr.
İşıqforlarda
gözləyən yorğun adamlar,
şütüyən maşınlar.
Göz seçər-seçməz
görünən dilənçilər…
Başlayır
dünənin bu günü.
Hər kəs
daşımağa çalışır
Çiynindəki yükünü…
LABRİNTƏ
Yolum düşdü yad şəhərdə
bir küçədən bu səhər.
Elə bildim
bizimkidir bu şəhər.
Binalar da tanışdı,
adamlar da tanışdi.
Az keçmədi
göy tutuldu,
hava qəfil qarışdı.
Daldalanmaq istədim.
Gördüm,
heç tərəfə yolum yox,
hər tərəfim divardı.
Ayıldım,
məni fikir apardı…
İGİD ƏSGƏRLƏRİMİZƏ
Ümidim,
igidim!
Qollarını geniş aç
sarıl torpağa.
Ətrini sinənə çək
qəlbən sevdiklərinin
tanış qoxusu tək.
Qaldır
ayaq altındakı
sarı yarpağı,
öp,
qoy gözün üstə.
Coşdursun qanını
qürur hissləri…
Əsgərim,
cəsurum!
Sənə dikilib
xalqımızın
yol çəkən gözləri!..
BİR GÜNÜN RƏNGLƏRİNƏ
Gecə bitdi,
gündüz gəldi.
Çox qayğılı,
səssiz gəldi.
***
Dəyişildı
halım mənim.
İsinmədi
canım mənim.
***
Gün düşmədi
pəncərədən.
Heç bilmədim
niyə, nədən?
***
Vaxt daraldı
keçə-keçə.
Buyur, bu da
təzə gecə…
DƏNİZ VƏ DALĞALARA
Səni
dalğalar səsləyir,
dəniz
sərilərək yollarına
həsrətlə gözləyir.
Duyuram,
bir gün
çevrilib həzin küləyə
əlimdən çıxacaqsan,
dənizə,
dalğalara qovuşmaqçün
gül ləçəyi tək
uçacaq,
uçacaqsan…
BİR SEVDA VƏ BİR ÖMRƏ
Bu sevdanın
yolu uzun.
Az gedirik,
çox gedirik,
sonu yoxdur
yolumuzun.
Bu ömrün
sağı tanış,
solu tanış,
sonu isə
bir damcı yaş,
bir aldanış…
EKZOTİK GECƏYƏ
Yuxulu gecənin qapıları
yorğun səhərə
taybatay açıqdir.
Arada sükutu pozan
yalnız
sərxoş qaraçılardır.
Qaranlıq dolaşır
başı üstə ağacların,
köhnə çadırların.
Tüstüsü qalxır
korun-korun yanan
təkəmseyrək ocaqların.
Çaysa,
axır həzin-həzin
dərdi, ağrısı kimi
tənhaların, kimsəsizlərin…
YARIQARANLIQ HƏYATIMA
Əllərim
açılıb yağışa
damcılar
döyəcləyir barmaqlarımı
anbaan,
dayanmadan.
Havadan
torpaq qoxusu gəlsə də,
ürəyimə
sərinlik hopur
islaq damarlarımdan,
yavaş-yavaş soyuyan
titrək barmaqlarımdan.
…Uşaqkən
bir yulğun kolunun dibində
islanmağım düşür yadıma.
O günlərin nuru
az da olsa,
işıq salır
yarıqaranlıq həyatıma…
GÜNAHA
Qayıda bilsəydim
bu yolu əgər deriyə,
uzaga getməzdim daha.
Amma
nə fərqi var,
uzaq, ya yaxın,
onsuz da
batmışam artıq günaha-
bir qərib yolçunun
pənahı qədər,
südəmər körpənin
istəyi, tamahı qədər.
Bilirsən, yollar
ancaq və ancaq
gedir irəli,
geriyə qayıda bilmir.
Fələk qarğıyanlar
düşür nəzərdən,
onu nə səhərlər,
nə də ki
al Günəş oyada bilmır…
QAĞAYI FƏRYADINA
Küsməyin də yeri var,
barışmağın da.
Ada tək ayrılmağın,
çayla dəniz kimi
qovuşmağın da.
Günəş
batır sularda
çırpınır qanadları.
Bir qağayı fəryadı,
bir qağayı naləsi
çalxalayır suları,
silkələyir
yaxını, uzaqları…
QARALTIYA
Həfəsimi
qışda sazaq,
yayda isti kəsirsə,
ötən gözəl günlər üçün
ruhum, qəlbim əsirsə,
günə, aya, nə deyim ?
Kəsilibdir
köçən quşun harayı,
vaxt ötür ağır-ağır.
Bəs o kimdir
məni elə çağırır,
bu sədaya, nə deyim ?
Ürək yorğun,
gecə uzun,
gün gödək.
Boylanıram yollara
titrək-titrək,
o görünən qaraltıya, nə deyim ?!.
SONSUZ YOLA
Bir həzin ümid,
bir anlıq yağış,
bir qəfil şimşəyin
sorağındayam.
Özüm də bilmirəm
harda,
hardayam ?
Sən Allah, səsləmə,
çağirma məni.
Bu dərddən, ağrıdan
qoparma,
ayırma məni.
Yenicə duyuram:
deyəsən axı
əzabdan keçən,
mənzili bilinməz
sonsuz yoldayam…
DUMANA
Bu qəfil dumana
büründü hər şey,
büründü
və gözdən itdi.
Sənin surətin də,
uzağa dikilən baxışların da
oğrun-oğrun uzağa getdi.
Səsləndim
bu çayın səsinə
qarışdı hər şey-
ətrafdakı hay-küy,
lal pıçıltılar.
Sonra da toplaşıb
qatı dumandan
mənə
nəm qoxuyan nəsə tikdilər,
guya kı ev ucaltdılar…
O QADINA
Axşamdan
bürüyüb otağı
o qadının yuxusu-
qaranlığın qoxusu.
Məndən ayrılsa da,
çıxıb getsə də
açılmır səhər,
uzanır gecə.
Mürgü içindədir
burda nə varsa-
yorğun bədən də.
Sərməstəm, sərxoşam
sanki bu anda.
O qadın
ruhumu aparıb bəlkə,
burdan gedəndə?!.
QARA DƏNİZƏ
Bu dəniz dərindir,
suyu da soyuq.
Hər kəsə boy vermir
bizim Xəzər tək
boyunu ölçə.
Süslənib,
göyərib,
qaralıb necə!
…Bir səhər
keçəsən Boğaz içındən.
Oynada ruhunu
gözəl məmləkət,
tuta əllərindən
sevimli Mehmet
və Nazim Hikmət…
SOLĞUN İŞARTIYA
Qaranlıq
süzülür gecənin gözündən
tünd şərab kimi.
Bir anliq
susur hər şey-
ətrafda nə varsa.
Külək də
səngiyir havada,
elə bil
itirib yolunu.
Kölgəyə bənzər nəsə
əl havasına
axtarır sagını-solunu
sakitcə bayaqdan.
Elə bu an
solgun bir işartı
görünür uzaqdan…
QÜRUB ÇAĞINA
Bu da
axşam çağı.
Gəl yollanaq
qüruba sarı.
Aparaq özümüzlə
son vaxtlar
ruhumuzu incidən
kövrək ağrıları.
Fikir vermə,
toranlaşan,
çiskinli havaya.
Arxamızca boylanan
yollara,
dünyaya…
YURD YERİNƏ
Ruzigar
viran qoyan
bağçasan, bağsan.
Ha vaxtsa sönən
yeri zorla seçilən
ocaqsan.
Bir daşsan
düşmüsən quyuya.
Bənzərin yox,
uşaqlığım keçən
alaçıqlı obaya.
Hardan tanısın
torpağın
ayağımın səsini.
Bağışla məni,
babamın yurd yeri,
oylağı,
qeyrət səngəri…