Sənsizləmışəm / Fergana Yusufqızı
Geri qayıtmağın mənası yoxdur,
Artıq görüşlər də olub maraqsız.
Sözlərin hədəfə dəyməyən oxdur,
Nə fərqi haqlısan,yoxsa ki haqsız.
Düşüb gedəcəyəm yolun ağına,
Bir daha mən sənə dönməyəcəyəm.
Qulağım kar olar səs-sorağına,
Dərdini -sərini bölməyəcəyəm.
Xəyalən qayıdıb ana bətninə,
Həyata qayğısız,dərdsiz gələcəm.
Sonra da yollanıb şimal qütbünə,
Bəyaz ayılarla dostluq edəcəm.
Uzaqdan-uzağa darıxıb sənsiz,
Adına nəğmələr söyləyəcəyəm.
Bəlkə də dönəcəm xəbər-ətərsiz,
Bəlkə də yolunu gözləyəcəyəm….
Bu dəli fikirlər lap məni yordu,
Sevgini qəlbimdə mən gizləmişəm.
Tənhalıq dərd kimi könlümə doldu,
Qayıt gəl,hardasan,sənsizləmişəm?!