DergiZan

Yazı ve Sanat Ülkesi

Təfəkkürün Kamilləşməsindən, Kamil Təfəkkürə Ucalmaq Zamanıdır / Ruhəngiz Əliyeva

İndi dünyada sanki Nassem Talebinin “Qara qu quşu” hökm sürür. Müəllif bu məşhur kitabında yazır: “Hamı özünü təhlükədən qorumaq istəyir. Üsullardan biri – riskləri qiymətləndirmək və onları idarə etməkdir. Bizim nə qədər səy göstərməyimiz vacib deyil. Hər hansı bir riski dəqiqliklə proqnozlaşdırmaq qeyri-mümkündür!”

Bu gün bütün dünya karantindədir. İrqindən, cinsindən, dinindən, millətindən asılı olmayaraq hamı karantindədir. Dünya hamının eyni hissləri yaşadığı ümumi bir evə çevrilib. Bir amerikalı necədirsə biz də eləyik. Bir çinli necə yaşayırsa biz də onu yaşayırıq. İzolyasiya dövrü. Nə yas, nə toy, nə əyləncə, nə iş, nə dərs… Amma böyük bir dərs və bu dərsdən nəticə çıxarmaq üçün fürsət. Durulmaq üçün imkan, arınmaq üçün Dərs….

İnsanın rahat yaşaması onun gerçəyi nə dərəcədə dərk etməsindən asılıdır. Gerçəklik insan şüurunda nə dərəcədə dolğun, adekvat əks olunursa, insan ona uyğun olaraq bir o qədər fəal, qarşısına reallaşması mümkün olan vəzifələr qoyur və daha çox səy göstərir. Lakin gerçəkliyin, dünyanın dolğun dərk edilməsi mürəkkəb, ziddiyyətli və çətin prosesdir. Epiktetos: “Bir insanın bildiyini zənn etdiyi bir şeyi öyrənməsi imkansızdır”,- deyirdi. Bu zaman insana güc verən ona bütün sirli, sehrli dünyanı dərk etməyə imkan verən qüvvə, yaradanla insan arasında yeganə əlaqə olan qüvvə – Duadır.

Ümid Nəccari bunu belə deyir:

…Oturmuşdum
Kəlmələrlə keçmişimi,
Ağacların gövdəsinə oxuyurdum.
Bulud olduğum arzularımın
Körpüsündən keçirdim.
Oxuyurdum
hər nə varsa qanad adında
Qanada ad verən,
Allaha…
Taqor da yazırdı ki, ağaclardan xahiş etdim: – Mənə Allah’dan danış. Və o çiçək açdı.

Mənsə bütün bəşəriyyətdən xahiş edirəm, mənə Allah’dan danışın! Danışın ki, durulaq, danışın ki, arınaq! İndi nə arzudan, nə kamdan giley vaxtıdır! Nə alqış, nə qarğış vaxtıdır. Güclü, xudbin ucalıqdan İnsana enmək vaxtıdır! Təfəkkürün kamilləşməsindən, kamil təfəkkürə ucalaq!

Qorxu yaradan bir virusun gerçəkliyi – ölüm qorxusu əslində insanın aciz məxluq olduğunu, bütün yüksək texnologiyalara, inkişaf etmiş təkamül və təşəkkül etmiş elmə rəğmən öz ilkin zəifliyindən çox da uzaqlaşmadığı qənaəti yaratdı. Yeganə çıxış yolu mənəvi aydınlanmaqdır. Fiziki təmizlikdən sonra mənəvi təmizliyə də ucalmaqdır.

Mənəvi aydınlığa çıxmaq yollarından birincisi, özünüzə qarşı dürüst olmaqla, özümüzdə nəyi dəyişdirməliyik sualının cavabını vermək üçün yetərli gücə sahib olmaqdır. Biz bu gün nəyin ən yaxşı olduğunu dəyərləndirməyimizlə başqalarına qarşı daha real, anlayışlı və öz mənliyinin tələbləri qarşısında məsuliyyətini dərk etsək, özümüzlə yanaşı ətrafımızdakıları da qoruyaraq, mənfi bir ünsürə çevrilməsindən xilas edərək faydalı ola bilərik. Unutmayaq ki, Hz. Məhəmməd: “İnsanların xeyirlisi insanlara faydalı olanlardı” deyibdir.

Bu çətin günlərdə mən bir “Polyanna” pozitivliyi ilə Allah’a təşəkkür edirəm. İçində Allah daşıyan insan bədbin ola bilməz.

Eleanor Porter “Polyanna” əsərində:

– Qızım, xeyriyyə cəmiyyəti sənə hədiyyə göndərib.

– Ata, bu ki, çəlikdir. Axı, mən gəlincik istəmişdim. Pollyanna ağlamağa başlayır.

– Sən sevinməlisən.

– Bunun nəyinə sevinim?!

– Sevinməlisən ki, bu qoltuqağacı sənə lazım deyil.

O gündən Polyanna hər xəbərdə yalnız pozitiv məqam tapmağı öyrəndi. Əslində zehnimizi səssiszləşdirsək, ruhumuzun səsini eşidə bilsək o zaman, sadəcə Yaradana təşəkkür edərdik. Bu gün özünüzü və davranışınızı daha aydın şəkildə anlamaq üçün bir çağırış yaranıbdır. Bəlkə də, Rəbbin bizə ən doğru olanı anlatmağı üçün biz bu çənbərdəyik?! Bəlkə fiziki təmizlikdən, mənəvi təmizliyə, təfəkkürün kamilləşməsindən, kamil təfəkkürə ucalmaq zamanıdır. Sizcə də elə deyilmi?!

 

Bu yazıyı paylaş:

2 thoughts on “Təfəkkürün Kamilləşməsindən, Kamil Təfəkkürə Ucalmaq Zamanıdır / Ruhəngiz Əliyeva

  1. Önce çooook teşekkür ederim. Benimçin bu çok deyerli bir jest. Sizinle birlikde olmaqdan büyük onur duyarım….

  2. Okudum çok begendim. Cok anlamli yazı olmuş ve su an bulundugumuz durumla da çok bağlı. Yazarın diger makalelerini de okumanizi isterim. Yazara basarilarin devamını dilerim.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Bu yazarın toplam 4 eseri bulunmaktadır.