DergiZan

Yazı ve Sanat Ülkesi

Çobanyastığınının Mərkəzindəki Günəş / Nargis İsmayilova

Yolka rəngindəki fərqlilikdən sapsarı eyniliklərin müxtəlifliyinə doğru addımlayarkən ruhum mərhələlərsizliyin yol ayrıcında sürüklənir. Nəfəs almaq çətinləşir. Dərinliyə meylin məngənəsində sıxılır ürək. Dərkolunmazlığın əsarətindəymiş kimi kosmosun sadəliyi ironiya ilə göz qırpır mənə. Özümü itmiş planetin qırıntısı kimi hiss etməyə başlayıram. İtmişliyin tənhalığındakı axtarışların imkansız sonu boğazımdan yaxalayır dəmir barmaqlarıyla. Düz şahdamarımın üzərində hiss edirəm toxunuşlarını. Barmağın dəmirliliyindəki dad qarışır qanıma ordan ruhuma axır keçmişin hənirtisini özündə saxlayan paslı bir həyəcan. Sanki elə arzum buymuş kimi, rahatlıq tapıram. Qanım ruhumu zəhərlədikcə sanki havadakı oksigenə mentol qarışdırır Tanrı. Deyəsən yaşayıram. Deyəsən yenidən səmalaşıram. Barmaqlarımın ən ucunu toxundururam dodağının ən ucqarına. İllərin sevgi, əzab, darıxmaq, peşimanlıq çuxurları ilə dolub daşan cığırlar məni valeh edir. Bilirəm bu cığırlar mənim də izlərimi daşıyıb nə vaxtsa. Bilirəm dodaqlarına vurulan möhürlərdə, etirafsızlığın dərkolunmaz gerçəkliyində gizlədirsən məni. Bilirəm məni sevirsən…

Bütün nəzəriyyələri dekonstruksiya edir reallıq, arzu, tutku, bir-birimizə maqnit sərsəmliyi ilə sürüklənişimizin nirvanasındayıq yenidən. Artıq ruhumuz da inanır bizə. Fiziki sürüklənişlərə göz yumur reallığın qaçınılmazlığı. Barmaqlarımın ən ucunu toxundururam sənə. Bilirəm bütün cığırların mənim ayaq izlərimi xatırlayır… Bilirəm bütün cığırların mənim üçün darıxır… Barmaqlarımın ən ucunu toxundururam sənə, çobanyastığınının mərkəzindəki günəş rəngindəki aludəçilik hissi axır ruhuma. Bütün nəzəriyyələri məhv edən bir hiss yağır gözlərimdən. Səni sevirəm!

Bu yazıyı paylaş:

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Bu yazarın toplam 9 eseri bulunmaktadır.