DergiZan

Yazı ve Sanat Ülkesi

Orta Əsr Azərbaycan Mütəfəkkirləri Şəxsiyyət Tərbiyəsinin Məzmunu Və Vəzifələri Haqqında / Taleh Halilov

Orta əsr Azərbaycan ictimai-pedaqoji fikrində şəx­siy­yət tərbiyəsinin metodologiyasını, yaranmışın vəh­dət­də iki­lik mövcudluğunun dialektikası təşkil edir. Bu ikilik ya bir-birilə mübarizədə (xeyir və şər, həqiqət və yalan, yaxşı və pis), ya bir-birini əvəz etməkdə (doğum və ölüm, gecə və gündüz, işıq və zülmət), ya da ki, bir-birilə yanaşı əla­qə­də və münasibətdə, eləcə də inkişafda olur (kişi və qa­dın). Hər üç halda ziddiyyət ardıcıl və əlaqəli şəkildə gedir.

İstər ziddiyət, istər ardıcıllıq, istərsə də əlaqəlilik ha­lında inkişaf prosesi gedir. İnsan yaranaraq öz ikiliyi ilə ikiliklər aləminə daxil olur. Şüura, düşüncəyə və nitqə ma­lik olduğu üçün öz ikiliyini münasibətləri və ünsiyyəti ilə bü­tövləşdirir. Bu münasibət və ünsiyyət mayasının əsasını mə­həbbət hissi təşkil edir.

Şəxsiyyət tərbiyəsinin məzmununda əmək tərbiyəsi, estetik tərbiyə, fiziki tərbiyə və insan fəaliyyəti ilə əlaqə­dar olan digər əxlaqi keyfiyyətlər də nəzərdə tutulur.

Azərbaycan ictimai-pedaqoji fikrində günümüzdəki tər­biyə etmədə gərəkli olanlar başqa bir aspektdə göstə­rilmişdir. Klassik pedaqoqlarımız şəxsiyyətin forma­laş­­ma­sı prosesində insanın bütün daxili qüvvələrini nəzərə al­ma­sı və kamillik yaradılmasına çalışmasıdır. Belə ki, insan üç is­tiqamətdə tərbiyə olunarsa, onda şəxsiyyət bü­töv­lü­­yü­­nə yi­yələnə bilər:

  1. Mənəvi-ruhi;
  2. Əxlaqi;
  3. Mənəvi-ruhi tərbiyəyə ürəyin tərbiyəsi daxildir. Bu­ra­da əsas vasitə rolunda dini anlam və dini dəyərlər çıxış edir.

Əxlaqi və etik tərbiyəyə ictimai və hüquqi normalara ri­ayət etməyin, ailədə qarşılıqlı münasibətlərin, cəmiy­yət­də insanlararası ünsiyyət və münasibətlərin, davranış nor­malarının və əxlaqi keyfiyyətlərin formalaşması da­xildir.

Ağlın, iradə və xarakterin tərbiyəsinə isə ağlın iradi qüv­və ilə bilik sərvətinə yiyələnməsi, insanın fəaliyyəti və ya­radıcılığını kamilləşməsi və eləcə də şəxsiyyət bütöv­lü­yünün təmin edilməsi daxildir.

Onu da qeyd edək ki, şəxsiyyətin formalaşmasında xal­qın şifahi yaradıcılıq nümunələrinin və şəxsiyyətin prak­tik tərbiyəsi işinin də təsiri olmuşdur. Atalar sözləri, mə­səllər, hikmətli deyimlər, nağıllar, dastanlar, bayatılar və s. kimi nümunələr ilk mənbə olmaqla bu gün də şəx­siyyət tərbiyəsində mühüm əhəmiyyət daşımaqdadır. İnsan öv­ladı dünyaya gəldiyi gündən ictimai mühitə və tərbiyəyə möhtac olmuşdur. Ona görə də insanın bioloji var­lıq kimi in­kişafı və onun tərbiyəvi təsirlərlə sosial şəx­siy­yətə çev­rilməsi  şəxsiyyət tərbiyəsi ilə müşayiət olu­nur.

Professor Ə.Həşimov yazırdı: “Tərbiyə ilk dövrlər­dən uşaq şəxsiyyətinin formalaşması prosesi kimi icra olunubdur”.                                                                    Qədim və orta əsrlər dövrü Azərbaycan ictimai pe­daqoji fikrində işlənən tərbiyə anlamı geniş mənada elə in­sanın şəxsiyyət kimi formalaşması məzmununu daşımış­dır. Ona görə ki, şəxsiyyətin formalaşmasına təsir edən irsi im­kanların, mühitin və tərbiyənin, eləcə də özünüdərk və özü­nüinkişafın hər birinin özünəməxsus xüsusiyyətləri var­dır.

Onu da qeyd edək ki, irsi xarakterik xüsusiyyətlər in­sanın tərbiyəvi təsiri ilə formalaşmasa da, müəyyən şə­ra­itdə onların məhdud və ya fəal görünməsi mümkündür.

Azərbaycan ictimai-pedaqoji fikrində aparıcılıq təşkil edən bu müddəa tərbiyənin baş məqsədini insanın şəxsiy­yət kimi yetkin, kamil və faydalı olmasını təmin etməkdə gö­­rürdü.

Şəxsiyyət tərbiyəsinin məqsədinə insanın ünsiyyət və fə­­aliyyəti üçün tam hazırlaşdırılması və insanın hissi-id­rakı qabiliyyətlərinin inkişafına tam nail ola bilməsi da­xil­dir. Həmçinin hər bir insanın nəslinin kökü ailənin mənəvi həyatından gələn mənəvi şüura və əxlaqi şüura da­yan­mışdır.

Böyük tamın (aləmin-T.X) kiçik tamı olan insanda bir-birinə zidd meyillər, hisslər və duyğular mövcud olur. O, ali şüura, düşüncəyə, nitqə, eləcə də əməl qüvvəsinə malik olduğu üçün öz ikililiyini münasibət və ünsiyyət fəaliyyəti ilə bütövləşdirə bilər.

Qeyd edək ki, bu münasibət və ünsiyyətin mayasını məhəbbət hissi təşkil edirdi. Azərbaycanın klassik filosof və pedaqoqları insanın psixi həyatının necəliyini onun or­qa­nizminin keyfiyyətləri ilə əlaqələndirdiklərindən şəxsiy­yət tərbiyəsinin məzmunu pedaqoji-psixoloji birlik­lər­lə yanaşı daxil edilmişdir. Buna görə də şəx­siy­yətin so­sial mahiyyəti bitki və heyvanatla əlaqəli biliklər zəminində şərh edilmiş və aşkarlanmışdır. Onlar insanı canlı yaranış mövcudluğundan biri saymış, heyva­nat qrupuna daxil etmiş, insanı yalnız ağlı, düşüncəsi, nitqi və şüurlu fəaliyyəti ilə fərqləndirmiş, ali şüurlu və yaradıcı var­­lıq ad­landırmışlar. Ona görə də şəxsiyyət tərbiyəsini və in­sanın şəxsiyyət kimi formalaşdırılmasını dərk etmək üçün tərbiyə edəndən psixologiya, pedaqogika, fəlsəfə, əx­laq, bio­logiya, o cümlədən kosmologiya, astrologiya və şə­ri­­ət elm­lərini bilmək tələb olunmuşdu.

Şəxsiyyət tərbiyəsinin məzmununa daha çox əqli və  əx­­­laq tərbiyəsində diqqət yetirilirdi. Çünki insanın şəx­siy­yət kimi formalaşmasında onun idrakı imkanları və ictimai mü­nasibətləri əsas götürülmüş, onlardan istifadə edərək və on­ları zənginləşdirərək fəaliyyət şəraiti yaradıl­mışdır.

Qeyd edək ki, insanın əqli tərbiyəsi və düşüncəsinin, çevik­­liyinin və sürətliliyinin yüksək olması və  insan, təbi­ət, kosmik, eləcə də dünya haqqında biliklərə yi­yələnməsi in­sanın şəxsiyyət tərbiyəsində əsas kom­po­nentlərdən biri he­sab edilmişdir.

Qeyd edək ki, X.Şirvani, N.Gəncəvi, N.Tusi, M.Əv­hə­di, İ.Nəsimi, Ş.İ.Xətai və M.Füzuli kimi orta əsr dahi Azər­­baycan mütəfəkkirlərinin əsrlərində şəxsiyyətdə ən ali key­­­fiyyət ağıllılıq hesab edilmişdir. Bütün digər müsbət key­­fiyyətlərin qazanılmasında ağıl əsas götürülmüşdür. Bu­­na görə də insanda kiçiklikdə ağılı inkişaf etdirmək, hər işə ağıllı yanaşmaq keyfiyyəti yaratmaq tərbiyənin vəzifəsi ki­­mi irəli sürülmüşdür.

Azərbaycan ictimai-pedaqoji fikrində əxlaq tərbiyəsi şəx­siyyət tərbiyəsinin məzmununun ən zəngin hissəsidir. Şəx­­siyyətin necəliyi ilk əvvəl əxlaq tərbiyəsi ilə qiy­mət­lən­dirilirdi. Çünki əxlaqi kamillik insanın öz-özünü başa düşdüyü və tanıdığı zamandan meydana çıxır. Əxlaq tər­biyəsinin məzmununa daxil edilən əsas əxlaqi keyfiy­yətlər isə bunlardır: xeyirxahlıq, rəhmdillik, səxavətlilik, qənaət­cillik, sözübütövlük, ədalətlilik, işgüzarlıq, zəh­mət­se­vər­lik, böyük-kiçik yerini bilmək, təvazökarlıq, düzlük, doğ­ru­­çuluq, saflıq, əqidə bütövlüyü, yaxşılıq, söz və əməl bir­li­yinə riayət etmək, vədə xilaf çıxmamaq, şərəf və ləyaqəti qoru­maq, yoldaşlıq və dostluqda sədaqətli, doğru-düzgün ol­maq, dözümlülük, təmkinlilik, səbrlilik, sülh sevər­lik, kin­li olmamaq, nəfsi toxluq, halallıq, inam, iman, sə­da­qətlilik və s.

Qeyd edək ki, Azərbaycan ictimai-pedaqoji fikrində şəx­­siy­yət tərbiyəsinin məzmunu ilə əlaqədar olaraq ağlın və əxlaqın tərbiyəsinə və eləcə də ruhi tərbiyəyə daha çox diq­­qət yetirilmişdir. Çünki insanın şəxsiyyət kimi for­ma­laş­­masında ilk öncə onun idraki imkanları və ictimai mü­na­­­sibətləri əsas götürülürdü. Həmçinin onlardan istifadə edə­­­rək şəxsiyyət zənginləşdirilir və fəaliyyət şəraiti yara­dı­lırdı.

Şəxsiyyət tərbiyəsinin məzmununa daxil edilən ağıl tərbiyəsi göründüyü kimi, yalnız biliklilik, elmlərə yiyələnmə və alimlik kimi qiymətləndirilmir, həm də əxlaqi-mənəvi keyfiyyətlərə yiyələnmə vasitəsi və bu keyfiyyətlərdən istifadə edə bilmək imkanı nəzərdə tu­tu­lurdu. Ona görə də ağlın tərbiyəsi ilə əxlaqın tərbiyəsi bir-biri ilə sıx əlaqələndirilir və vəhdətdə götürülür. İnsan ağılı və düşüncəsinin yüksək olması, dərinliyi, çevikliyi, sü­rət­liliyi və insanın dünya haqqındakı bilikləri şəxsiyyət tər­biyəsinin əsas komponentləri hesab edilirdi. Buna görə də insan kiçik yaşlarından ağılı inkişaf etdirməyi və hər iş­də ağıllılıq nişanəsi göstərməyi bacarmalıdır. Ağıl hər za­man ən gözəl keyfiyyət hesab edilmişdir.

Qeyd edilən bu ağıl tərbiyəsi orta əsr Azərbaycan mü­təfəkkirlərinin əsərlərində də özünü təsdiqləmişdi. Təd­bir­lik, eləcə də öz yerini bilmək, özünü və digərlərini qiy­mətləndirmək bacarığı, özünü inkişafa və təkmilləş­dir­məyə sövq etmək deməkdir. Bilik almağa cəhd göstər­mək,  idarəetmə qaydalarına, ictimai və hüquqi normaları­­na ədalətlə, vicdanla riayyət etmək bacarığı bədəninin sağ­lam­lığını qorumaqdır.

İdrakla əldə edilən əxlaqi keyfiyyətlər şəxsiyyətin formalaşmasına göstərdiyi təsir orta əsr Azərbaycan mütəfəkkirlərindən X.Şirvanin, N.Gəncəvinin, N.Tusinin, M.Əvhədinin, İ.Nəsiminin, Ş.İ.Xətainin, M.Füzulinin əsər­lə­­rin­də daim diqqət mərkəzində saxlanılmışdı. Ağıllılıq bəx­ti gətirməkdən üstün tutulur. Çünki ağıllılıq daimi döv­lət və ən gözəl zinət hesab edilirdi.                                                                              Orta əsr Azərbaycan mütəfəkkiri X.Şirvani elmin bö­yük carçısı olmuşdur. Ağlı yüksək qiymətləndirən, insan zə­kasını və onun yaradıcı qüdrətini alqışlayan mütəfəkkir mü­asirlərini dövrünün elmlərini öyrənməyə, həmçinin təbliğ etməyə çağırmışdır. O yazırdı:

Mənəm-mənəm deyib öymə özünü,

Həmişə müxtəsər eylə sözünü.

Cahildir özünü tərif edənlər,

Çox bilirəm, – demə, – bilsən də əgər.

Məlum olduğu kimi şəxsiyyətin formalaşması prosesi mürəkkəbdir. Bu prosesdə insanın əmək, fiziki, əqli, əxlaqi və estetik tərbiyəsi mühüm rol oynayır.

Qeyd edək ki, insanın fiziki və mənəvi qüvvələrinin ahəngdarlığına yaxınlaşması şəxsiyyətin formalaşmasına da təsir göstərə bilər. Şəxsiyyətin formalaşması bütöv bir pro­ses olmasına baxmayaraq tərbiyənin cəhətlərinin hər biri digərləri ilə qarşılıqlı əlaqədə şərtlənirdi. Eyni za­manda tərbiyə prosesi vahid özəyə malikdir. Bu özək bitkin şəxsiyyətin inkişafına kömək edir.

Orta əsr Azərbaycan mütəfəkkirlərinin fikrində əxlaq tərbi­yəsi tərbiyənin, məzmununun ən zəngin tərkib hissəsi ki­mi göstərilmişdir. Şəxsiyyətin necəliyi öncə bununla qiy­mətləndirilmişdi. Onu da qeyd edək ki, əxlaqi kamillik in­sanın öz-özünü başa düşdüyü və tanıdığı zaman mey­da­na çıxır.

Nizami Gəncəvi yazırdı:

Özündən hər kim ki, deyil, xəbərdar,

Bir qapıdan girər, birindən çıxar.

və yaxud

Ağıl-kamal bəsləməz, igidliyə ədavət,

Hünər də, igidlik də ədalətdir, ədalət.

Pedaqogika üzrə elmlər doktoru, professor Yusif Ta­lıb­ov yazırdı: “Nizamiyə görə insanı kamillik mər­tə­bə­si­nə ucaldan onun ağlıdır, elmidir. İnsan ağlı-kamalı ilə şə­rəf­li­dir. İnsana ədəb öyrədən də onun ağlıdır”.

N.Gəncəvinin “Xəmsə”sindəki elmləri şərti olaraq dörd qrupa bölmək olar:

  1. İnsanı, bəşəri öyrənən elmlər;
  2. Heyvanı, bitkini öyrənən elmlər;
  3. Daşı, torpağı, yeraltı sərvətləri öyrənən elmlər;
  4. Hərb elmləri.

Mütəfəkkirin əsərlərindəki qəhrəmanlar (Xosrov, Bəh­­­ram, Nofəl, İsgəndər, Nüşabə və s.) yuxarıda şərti ola­raq dörd qrupa böldüyümüz elmlərin demək olar ki, ha­mı­sı­nı bilirdilər. Nizamiyə görə ali şəxsiyyət filosofcasına düşünməli və bu elmlərin hamısına aşina olmalıdır.

Orta əsr Azərbaycan mütəfəkkirlərinin fikrində ən yaxşı əxlaqi-mənəvi keyfiyyətlər təbliğ edilmiş, pis və mənfi keyfiyyətlər isə tənqid edilmişdir.

Qeyd edək ki, X.Şirvani, N.Gəncəvi, N.Tusi, M.Əv­hə­di, İ.Nəsimi, Ş.Xətai və M.Füzuli daima sosial-etik və əx­laq tərbiyəsi məsələlərinə diqqət yetirmişlər. Onların əsər­lərində əxlaq tərbiyəsinin məzmunu geniş şəkildə açıq­lan­­mış və təbliğ olunmuşdur. Əsərlərində əxlaq tər­biyəsinin məzmununa daxil edilən əsas keyfiyyətlər xeyir­xah­lıq, təmkinlilik, düzlük və saflıq olmuşdur. Dahi mü­təfəkkirlərimiz əxlaq tərbiyəsinin həm əxlaqi-saf­laş­dırıcı, həm də əxlaqi-formalaşdırıcı xüsusiy­yətlərini əxlaqi ka­milliyə çatmaq mövqeyindən müəy­yənləş­dirmiş­lər.

Dahi mütəfəkkir N.Tusi əxlaqi keyfiyyətlərin qiy­mə­tini və dəyərini onun təzahürü ilə müəyyənləşdirmə­yi la­zım bilmişdir. O, insan xasiyyətini və vücudunu təbiətin zid­diyyəti hesab etmişdir. Ona görə də o, tərbiyə işində hər in­sanın təbiətindəki fərdi xüsusiyyətləri nəzərə almağı va­cib hesab etmişdir. Mütəfəkkir əxlaqi keyfiy­yət­lərə daxil olan fəzilət xüsusiyyətləri haqqında məlumat verərkən el­mi əsərlərə söykənmişdir. Onun fikrincə ən şə­rəf­li sənət olan əxlaqın safdaşdırılması məsələsi şəx­­­­siyyətin əxlaq tər­biyəsi sahəsində həm nəzəri, həm də prak­tik məsələləri əha­tə etməli, özünün obyekt və pred­me­ti olan elm sahəsi ki­mi öyrənilməlidir.

N.Tusi “Əxlaqın saflaşdırılması” elminin məzmu­nun­da insan nəfsinin mahiyyətini, hikmətlərə yiyələn­mə­sini və kamilləşmə yollarını pedaqoji-psixoloji əsaslarla şərh etmişdir. Mütəfəkkir  yazırdı: “İlk növbədə uşağın tə­bi­ətinə, nəyə qabil olduğunu nəzər yetirmək, ağlına, fəra­sətinə fikir vermək… vacibdir”.

N.Tusi eyni zamanda insanda xoşagəlməz əxlaqi keyfiyyətlərin yaranmasının da izahını vermiş və onların aradan qaldırılması yollarını göstərmişdir. O, daha çox kəsalət və ətaləti, cəhalət və nadanlığı, xudpəsəndliyi və həyasızlığı şəxsiyyəti mənəvi inkişafdan saxlayan amillər kimi göstərmişdir. Ona görə də hətta müsbət keyfiyyətlərin özü belə ifrata vararsa və ya lazımınca meydana çıxmazsa, mənfi keyfiyyətlər şəklinə düşə bilər.

Orta əsr Azərbaycan mütəfəkkiri M.Əvhədi də tərbi­yə olmadan insanın lazımınca formalaşmayacağını gös­tərmişdi. Əvhədinin fikrincə, meyvə almaq üçün bağban ağac­lara qulluq etdiyi kimi, insan da şəxsiyyət kimi for­malaşmaq üçün tərbiyəyə möhtacdır. O yazırdı: “Tərbiyə almaq o qədər də asan iş deyil, çətindir, lakin sonu şi­rindir”. Onu da qeyd edək ki, Əvhədi özbaşına bö­yüməyi ən qorxulu hal hesab etmişdir.

M.Əvhədi digər mütəfəkkirlərdən fərqli olaraq uşağın tərbiyəsini dayəyə tapşırmağa qarşı çıxmışdır. Onun fikrincə, övladın tərbiyəsi ilə ancaq valideynlər, xüsusilə də ata məşğul olmalıdır. O yazırdı:

Özün əkdiyinə, ey ata inan,

Yaxşı olar, özün olasan bağban…

Bağda budaq sınsa qəm çəkməz baxan

Onun hər dərdini bil çəkər bağban.

Mütəfəkkir başqa bir əsərində yazırdı: “Övladın gül də olsa sənindir, tikan da”.  Ona görə də elə etmək lazımdır ki, övladın  gül olsun, tikan yox. Əvhədi yazırdı:

O, bir xəzinədir, qorunsa əgər,

Yoxsa zəhmətlərin olacaq hədər

Sənindir, gül olsun, o yaxud tikan,

Özün əkdiyini xar etmə, aman.

Onu da qeyd edək ki, mütəfəkkir əsərlərində tərbi­yə­ni sadə və əxlaqi-mənəvi keyfiyyətlərlə məhdudlaş­dır­mamışdır. O, elm, danışıq, və peşə öyrətməyi də tərbiyə işi­nə daxil etmişdir. Mütəfəkkirin fikrincə elm öyrənməyin yol­larına bələd olandan sonra hər kəs öz-özünü elm ilə kamil­ləşdirməyə çalışmalıdır. Əvhədi elmi kamillik mən­bə­yi saymış və şəxsiyyəti elmsiz formalaşdırmağı müm­kün hesab etmişdir.

Orta əsr Azərbaycan mütəfəkkiri İmadəddin Nəsimi də şəxsiyyətin formalaşmasında tərbiyə amilinə toxun­muş­dur. O yazırdı: “Tərbiyə böyük aləmdə, kiçik aləm olan in­sanı fəaliyyətə hazırlayır, özünə özünü tanıdır. Bütün mad­di və mənəvi aləmi özündə birləşdirən “mən”ini inkişaf et­dirir və haqqa qovuşdurmuş olur”.                       Nəsimiyə görə tərbiyə insanın özünüdərkinə şərait ya­rat­­malı və kömək etməlidir. Özünüdərk təlim yolu ilə və bi­­liklərə yiyələnməklə baş verir. Belə ki, bu yönümü isti­qamətləndirən iradəlilik və ağıllılıq keyfiyyətlərini də tər­biyə formalaşdırır.

Dahi orta əsr Azərbaycan mütəfəkkiri Ş.İ.Xətaiyə gö­rə özünü dərk edən və anlayan insan öz kimliyini, özünü, nəf­sini bilməli, büdrəmələrə və cinayətlərə yol vermə­məli­dir. Onuda qeyd edək ki, Ş.İ.Xətai irsən saf olmayan təbii im­kan­lı şəxsləri tərbiyə ilə saflaşacağına inanmamışdır. Güz­güsü pak olmayan insan Xətaiyə görə ən yaramaz in­sandır. Belə insanların yaxşılığına və insan adını doğrult­ma­sına heç bir ümid yoxdur. O yazırdı:

Bilməyən kəndi vücudun, həqqi bilməz, lacərəm,

Kim ki, bildi nəfsini aləmdə gümrah olmadı.

Güzgüsü pak olmayanın çarəsi yoxdur pasinə

Qaldı məhrum ta əbəd ol anə həmrah olmadı.

Hər nə qılsan nikü bəd, axır sana ol tuş olur,

Çəkmədi şərməndəlik, hər kim ki, bədxah olmadı.

Mütəfəkkir bu şeirində yaxşılığın hər kəsin özü üçün yax­şılıq bədhaxlığın da eləcə bədxahlıq doğurduğunu bil­dir­mişdir. O, eyni zamanda insanın öz vücudunu bi­lə­rək özü­­­nü təkmilləşdirməsi və formalaşdırması ilə məşğul ol­ma­­sını da məsləhət görmüşdür.

Dahi Azərbaycan mütəfəkkiri M.Füzuli də insana və onun yaradıcı gücünə inanmış, bu gücü tərbiyə ilə isti­qa­mət­ləndirməyi bilirmişdir. O, əsərlərində göstərmiş­dir ki, in­san səy və inad etsə quru ağacların bar verməsinə xara­ba səh­raların da laləzara çevrilməsinə nail ola bilər. Ona görə ki, o, insanın insan ləyaqətinə çatmasında elmin və ma­ari­fin gücünə inanırdı. Mütəfəkkir tərbiyə alanın səyin­dən bəhs etdiyi kimi, tərbiyə verənin də məsuliyyətini unut­ma­mışdır.

Pedaqogika üzrə elmlər doktoru, professor Ə.Seyid­ov yazırdı: “Füzuli göstərir ki, tərbiyə verən  öz işini çox mə­­suliyyətlə yerinə yetirməli, xüsusi səy və diqqətlə tər­biyə işi ilə məşğul olmalıdır. Lazım gəldikdə tərbiyə et­diyi şəxsə “ciyərdən qan” verməlidir.

Qeyd edək ki, Füzuli belə bir tərbiyəni yalnız məktəb yaşından deyil, körpəlikdən verilməsini düzgün hesab edir­­di. Onun fikrincə balaca uşağı hənsı məqsəd üçün tər­bi­yə etsən, o cür də yetişəcəkdir. O, uşağı nəzarətsiz və öz­ba­şına buraxmağın qəti əleyhinə çıxmış, mütləq mək­təbdə tə­lim-tərbiyə almağa cəlb etməyi vacib saymışdır.

M.Füzuli əsərlərində tərbiyənin məzmununu və və­zi­fə­sini geniş planda, yəni əqli, əxlaqi, estetik, fiziki və əmək-peşə hazırlığı səviyyəsində verilməsini göstərmişdir. Mü­təfəkkir dövründə feodalizm yüksək inkişaf etmişdir. Hə­min dövrdə feodallar öz övladlarına əsilzadə tərbiyəsi ver­dirmiş, fiziki tərbiyədən və əmək tərbiyəsindən çəkin­dir­mişlər. Füzuli isə tələb edirdi ki, uşaq kimin övladı olur­sa olsun hərtərəfli və ahəngdar tərbiyə olunmalıdır. Əgər tərbiyə düzgün aparılmazsa tərbiyə olunandan tam, bü­töv insan formalaşmaz. Mütəfəkkir bu haqda yazırdı:

Ey xacə, gər qulundan oğulluq murad isə,

Şəfqət gözülə bax ona daim oğul kimi.

Gər oğluna dilərsən ola sahibi-ədəb,

Əlbəttə, eylə zillətə mötad qul kimi.

Orta əsr Azərbaycan mütəfəkkirlərinin əsərlərində şəx­­siy­yət tərbiyəsinin məzmununa daxil edilən əqli tərbiyə yal­­nız biliklilik, elmlərə yiyələnmə və alimlik kimi qiy­mət­­ləndirilmiş, əxlaqi-mənəvi keyfiyyətlərə yiyələnmə va­si­təsi və eləcə də, bu keyfiyyətlərdən istifadə imkanı kimi nə­zərdə tutulmuşdur. Buna görə də onların əsər­lə­rində əqli tər­biyə ilə əxlaq tərbiyəsi daima bir-birilə sıx əlaqə­lən­diril­miş və vəhdətdə götürülmüşdür.

Qeyd edək ki, təhsil almaqla və səyahətlərə çıxmaqla in­­san ağlını dərinləşdirir, təkmilləşdirir hərəkət və davra­nış­­larında tələbat və ehtiyaclarının ödənilməsində yüksək əx­laqi keyfiyyətlərdən istifadəyə səy edir. İnsan özünü yük­­sək səviyyədə təzahür etdirməsə xeyir ziyandan çox olar. Ağıllılığı təmin edən öyrənmə, təhsil və bilik fayda ve­­rir. Ona görə ki, təhsil şəxsiyyətin kamilliyini təmin edir.

Onu da qeyd edək ki, şəxsiyyət tərbiyəsinin məzmu­nun­da əmək tərbiyəsi, estetik tərbiyə və fiziki tərbiyə mə­sələlərinə də yer verilmişdir. Bir-biri ilə sıx əlaqədə və vəh­dətdə olan tərbiyənin bu növləri şəxsiyyətin ahən­gdar in­kişafına xidmət etmişdir. Əməksevərlik, peşə­kar­lıq, zəh­mə­tə qatlaşma, sağlamlıq, gümrahlıq və çeviklik kimi müs­bət əxlaqi keyfiyyətlərə malik olan insanlar həm də xe­yirxah və ədalətli, yetkin və müdrik, kamil insan və əsil şəx­­siy­yət sayılmışlar.

Şəxsiyyət tərbiyəsinin vəzifələri sırasında ahəngdar in­­kişafı təmin etmək, insanı kamillik səviyyəsinə yük­səl­tmək, insanı təbii və sosial vəzifələri ləyaqətlə yerinə ye­tirməyə hazırlamaq mühüm yer tutur. Bu vəzifələrin düz­gün yerinə yetirilməsi üçün böyüyən insandan öncə ailə tərbiyəsinin düzgün qurulması tələb olunmalıdır.             Təsadüfi deyildir ki, orta əsr Azərbaycan mütəfək-kir­­­­lərinin fikrində ailə ilkin tərbiyə ocağı sayılmış, uşağın hə­­­­yatda əldə etdiyi bütün qabiliyyət və keyfiyyətlərdə ailə­nin mühüm əhəmiyyət daşıdığı qeyd edilmişdir. Çünki ata və ananın tərbiyəçilik funksiyası şəxsiyyətin forma­laş­ma­sın­­da mühüm rol oynayır.

Orta əsr Azərbaycan mütəfəkkirlərinin əsərlərində so­­sial bərabərlik və ümumilik arzu olunmuşdur. Lakin re­al ol­madığından hər bir şəxsə tərbiyəlilik tələbləri ayrıca ve­­ril­­miş və hər bir insanın özünü şəxsiyyət kimi tək­mil­ləş­mə­­­si özündən asılı hesab edilmişdir.

Qeyd edək ki, hər kəs öz mövqeyini və eləcə də, ya­şa­yışını, qazandığı əqli, əxlaqi, fiziki, estetik və əmək tər­bi­yəsi hazırlığı ilə təmin etməlidir. Cəmiyyətdə əsrlərlə təc­­rübə keçərək formalaşan əxlaq normaları insanın əxlaq tər­­biyəsinin məzmununu və vəzifələrini müəyyənləşdirmiş və şəxsiyyətin başlıca keyfiyyətinə çevirmişdir.

Yekun olaraq onu qeyd edək ki, Azərbaycan ictimai-pe­­daqoji fikrində şəxsiyyət tərbiyəsinin məzmununda ilk ön­cə insanların bir-birilə ünsiyyət və münasibət mədəniy­yə­tinə, davranış tərzinə və normalarına yiyələn­məsi əsas yer tutmuş, cinslərarası ünsiyyət, münasibət və davranış xü­­susiyyətləri üstünlük təşkil etmişdir.

 

TALEH XƏLİLOV
Naxçıvan Dövlət Universitetinin baş müəllimi,
pedaqogika üzrə fəlsəfə doktoru,
Azərbaycan Respublikası Təhsil Şurasının üzvü
Bu yazıyı paylaş:

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Bu yazarın toplam 1 eseri bulunmaktadır.