Beş Şiir / Xəyalə Sevil
SONRA
Səssizlik çökər gözlərinə.
Kipriyindən asdığın
Yaş da quruyar,
Əllərin qoynundan yarıyar.
Gözəl-göyçək ümidlərlə
Aranı vuran tapılmaz.
Hər yerin elə ağrıyar,
Bir dənə yaran tapılmaz.
Susarsan,
Elə susarsan,
Bircə gözlərin səs edər…
İlahi, nə çox düşündün,
Mənə ölüm də bəs edər.
AYRILIQ ŞƏKLİYƏM
Havalar da soyuq davranır mənlə,
Aramıza payız giribdi, nədi?
Bir az axşam, bir az sönən işıqlar,
Hər şey bir az ayrılıq dilindədi.
Pəncərəmə bir topa külək dəyir,
Göyün səsi düşür yerin üstünə.
Əllərimi ürəyimə tuturam,
Bu soyuqda qızınıram istinə.
Yağış yağır, yolları su aparır,
Bekara dayanıb çətir ağaclar.
Ayrılıq şəkliyəm, xatirə kimi
Məni pəncərəmdə çəkir ağaclar.
CƏZALIDI ÜRƏYİM
Cəzalıdı ürəyim,
Bədənimdə küncə qoydum.
Yorulan göz yaşımı,
Yanağımda dincə qoydum.
Bu da səndən qalan ömür,
Yarı sənsən, yarı sudu.
Həsrətini atdığım yer
Gözlərimin quyusudu.
Eh! Yolların yol yoldaşı,
Gedən yollara qarışdın.
Sən tək bədəndən ibarət
Sevgilərə alışdın…
QOCALIQ
Beli bükülmüşdü.
Indi dünyadan çox
Torpağa baxırdı qarı.
Əlində əsası,
Əsə-əsə gəzirdi
Birdən torpağın
Xətrinə dəyər deyə.
Gözləri bir cüt yas yeri,
Kiprikləri qara lent kimi.
Bir gözündə cavanlığı ölmüşdü,
O birində ümidləri.
Ağ saçlarını
Ağ bayraq kimi qaldırmışdı başına,
Təslim olmuşdu qocalığa…
PAYIZ
Üşüyər, üşüdər pəncərəmi də,
Gəlməz içəriyə, yadındı payız.
Sarı saçlarını töküb çiyninə,
İlahi, nə gözəl qadındı payız.
Həmişə gözündə yaş saxlayanım,
Sənə oxşayıram, gözüm bir əsim.
Çağır, çağır gəlim buludun olum,
Mənə göylərində yer ver, tələsim.
Üzünu, gözünü yuyum yolların,
Üstünün, başının tozunu alım.
Geriyə qaytara bilmədim onu,
Barı ayağının izini alım.