DergiZan

Yazı ve Sanat Ülkesi

Sözlerle Boncuk Düzürem / Ruhəngiz Əliyeva

Sözlə böyüyən ən böyük elm, sözün içəridən işıqlandığı, ilahi nəğmədir – Qurani Kərim! Sözün nurundan mı ki, qartalın qanadları iti fələk sürətiylə böyüyən təki- söz ürəyimdə böyüyür?..
Zirvələrdə arzuların ulusu -Azadlıq ətri olur ciyər dolusu! Qışda açan qızılgül olur şairlər… Şairlər işığın içində gül aça bilər, ölüb, bülbülün əynində ruh biçimində yenidən dünyaya gələr, insanın ürəyində göyərən duanı görüb eşidər, öz qanıyla təkrarsız bir gecəni Rembrant fırçasından da daha gözəl çəkə bilər! Allaha sığınan, göylərə baxan bir gözəlin baxışlarının üstündə ilahi bir kəndirbaz kimi dayana bilər, əyninə alov geyinər, iynənin gözündə əriyib keçər, alovun üzərində ayaqyalın yeriyər, kəklik yumurtasındakı yavrunun səsi kimi səssiz -səmirsiz darıxa bilər, səsin ətrini sükutdan duyar, içində yanan işığın kölgəsi gözünə düşər- gözükölgəli olar. Ürək köksündə qabara bilər, elə arzu var ki, ürəkdə yaşayar, söz donunda ölər!.. məgər bu qədər çətinmiş şair olmaq?! Amma, ilahi qüdrətin işığıyla o qədər də asandır ki, şair doğulmaq! Şairlər danışmaz, şer oxuyar.. Sözlərlə muncuq düzər, yanlış olar, düz olar yenə bir naxış olar… beləcə muncuq düzər…
Ömrümü muncuq kimi hər gün sözə düzürəm,
Yenə mən üzülürəm…
Əl uzatsam gendəsən
Dünənimdə…
Öndəsən?!
Yolumuz elə uzaq…
Yolumuz bircə qarış
Telimdəki dəndəsən,
Ah bu sevinc! Məndəsən!
Taleyimiz mürgülü,
Taleyimiz küsülü
Mən barışdım, sən barış
Tarımsan- sarı simli,
Yarımsan – yarı mənli
Mənəm!
Yenə dözürəm,
Göylərə söz düzürem..
Duam dilimdə düyün
Dərdlərim löyün-löyün
Arada bir möcüzə,
Arada Çin səddi var!
Qışım yetişməz yaza
Hər fəslin öz həddi var!
Ay, zalım fələk, sevin,
Ay, qara gecəm, öyün.
Kim deyir bənövşənin
Payız çağı qəddi var?
Bənövşəm qəlbi şüşəm
Büküldü qamətində
Xəyalındakı gülşən.
Ağıma qol götürüb
Fəryadıma süzürəm
Göylərə söz düzürəm.
İtmişdim baxışında,
İtmişdi baxışın da
Gözlərimə axmışdı,
Ürəyimi yaxmışdı
“27” o bilir bu sehirli anlamı…
Qış gəldi
Soldu, soldum
İçildim bircə udum.
İlk qədəmim səniydin
Yol aşdım bircə addım.
Təngidim yoxuşunda
Üşüdün mü qışımda?
Qar yağdı sinəm üstə…
O bakirə gecəni əzizləyib keçirəm
Göylərə söz düzürəm…
Səhəri bir görmədiy,
Sinəm dərddən döymədi.
Elə üzülmüşəm ki
Canımda can verib can…
Bax, yenə sökülür dan,
Bu gecə də göynədi,
Yerlər nədi, Göy nədi…
Mən yenə laməkanam
Ümidimi üzürəm
Göylərə söz düzürəm.
Son dayanacaq ümid
Sonda yanacaq ümid.
Sən dayan, ancaq ümid…
Yolum Allah’a sarı
Yaramı son kəz sarı.
Duama güvənirəm
Göylərə söz düzürəm.

 

Bu yazıyı paylaş:

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Bu yazarın toplam 4 eseri bulunmaktadır.