DergiZan

Yazı ve Sanat Ülkesi

Ömər Faiq Nemanzadənin Maarifçı Görüşləri / Həsən Hüseynov

  “Xalqın inkişaf səviyyəsini onun müəllimlərinin inkişafı müəyyənləşdirə bilər. Müəllim problemi ümumilikdə xalqın problemidir”.                   Ömər Faiq Nemanzadə

 

Məqalədə görkəmli ictimai-siyası xadım, ədib, publisist, maarifpərvər ziyalı Ömər Faiq Nemanzadənin maarifçilik ideyaları tədqiqat obyektinə çevrilmişdir. Qeyd olunur ki, Ömər Faiq gəncliyi siyasi-ictimai məramdan tutmuş, ayrı-ayrı mə­­­­­­­­­nə­­­vi əx­­­­­­la­­qi sifətlərə qədər, bütün varlığı ilə xalqa, ata-babaların mütərəqqi, gö­zəl, nə­­­cib adət-ənə­nə­lə­ri­nə sahib çıxmağa səsləmişdir. Məqalədə tədqiqatçı milli mətbuatın inkişafında Nemanzadənin fəaliy­yə­ti­ni və bu sa­hədə mür­təce qüvvələrlə mü­ba­­ri­zə­­sini təhlil obyektinə çevirmiş, həmçinin, müəllim hazırlığı məsələsində müəllimlərin tərbiyəvi  fəaliy­yətə hazırlanmasına imkan yaradan mühiti və pedaqoji-psixoloji şəraiti müəy­­­yən­ etməyə çalışmışdır. Məqalədə Ömər Faiq Nemanzadənin maarifçilik ideyaları ye­ni fi­kir, yeni düşüncə və milli təfəkkürün inkişafı baxımından öyrənil­miş­dir.

Açar sözlər: Ömər Faiq Nemanzadə; maarifçilik ideyaları; vətən, xalq; mətbəə, mətbuat; müəllimlik fəaliyyəti.

 İlk öncə qeyd edək ki, görkəmli ictimai-siyası xadım, ədib, publisist, maarifpərvər ziyalı Ömər Faiq Nemanzadənin yaradıcılığı XX əsrin əv­vəl­lə­rin­­­­­­də yal­­nız xalqın həyat tarixçəsi deyil, həm də bu dövrə qədərki problemlərin məc­­­­­­mu­­­yu­na ümu­mi bir baxışdır. Nemanzadənin yara­dı­­cı­lı­ğı­­­nın in­cə­likləri həm də onu təsdiqləyir ki, o, ötüb ke­çənlərə de­­­yil, dünəndən bu gü­­­nə ba­xır. Böyük mütəfəkkir sanki dünəni bugünləşdirir, dü­­­nənə bu günün ça­lar­­la­rı­nı əlavə edərək sabaha aparır, əbədiləşdirir. Ömər Faiq Nemanzadənin məqalələri, felyetonları, xatirələri XX əsrin əvvəllərinin salnaməsini yaratmaqda, tarixini çatdırmaqda və yazmaqda əvəzsiz rol oynayır.

Demokratik-maarifçi ideyaların yayıldığı dövrdə öz xalqının mənəvi-mədəni cəhətdən oyanmasına can atan Ömər Faiq mətbuatın, məktəbin, elmin, təhsilin nadanlıq və cahilliyə qarşı mübarizəsini zəruri hesab edir və daha çox mətbəə və mətbuat üzərində dayanaraq yazırdı: “…bu gün ancaq hər qüvvətin, hər xa­hi­­­­­şin, hər fik­­rin anası və kökü olan maarif və mətbuat olduğunu bilməliyik. Ən güc­­­­lü top və tü­fəng­­dən artıq bizi mühafizə edəcək mətbəə və mətbuatdır” [5, s.80] – de­yir.

Ömər Faiq müəlliflik etdiyi mətbuat orqanları vasitəsilə fikirlərini, ideyalarını xalqa öz doğma dilində çatdırmağa çalışırdı. “Mətbuat dili olmayan bir millətin siyasi vücu­diy­yə­ti də olmaz” – deyən Ne­man­­­­za­də yazır ki, mət­­­bu­at xalqın dər­dini xalqa de­məlidir, zəhmət­keş­lə­rin ağır zəh­mə­ti hesabına ye­yib ya­­­şa­yan­­­­ların mə­nə­viy­yat saflığını, mövcud ictimai qu­ru­­luşun ey­bəcərliklərini açıb gös­tə­rə bil­­məlidir.

Abbas Zamanov Ömər Faiq haqda yazmışdır: “Əsrimizin ilk illərindən başlayaraq, Qafqazda və Azərbaycanda mətbuat səhifələrində zülmə və istibdada, cəhalət və mövhümata qarşı ölüm-dirim mübarizələri aparan inqilabçı-demokrat mühərrirlərin sırasında Ömər Faiqin özünəməxsus fəxri yeri vardır” [1, s.193].

Ö.F.Nemanzadənin əməkdaşlıq etdiyi “Şərqi-Rus” qəzetində, sonra isə Tiflisdə nəşr etdiyi “Qeyrət” mətbəsində, “Molla Nəsrəddin” jurnalındakı fəaliyyəti ilə yanaşı müəllimlik peşəsini də əsas fəaliyyət növü hesab etmişdir. Ömər Faiq xalqın savadlandırılmasını azadlıq yolunda, özünü dərk və milli oyanış yolunda müəllimliyi əsas şərtlərdən biri hesab edirdi. Yazırdı ki, xalqın savad və mə­də­­­­­­niy­­yət də­rəcəsi nə qədər yüksək olarsa, onun azadlıq və yaxşı həyat uğrunda mü­­­­ba­­­ri­zəsi də o qə­dər səmərəli olar.

O, 1893-1903-cü illər arasında məktəblər təşkil edərək, Azərbaycanın Şəki, Şamaxı, Gəncə, həmçinin, Tiflis şəhərlərində müəllimlik etməyə başlayır. Belə bir iş o vaxtlar böyük fədakarlıq, mücahidlik, yaradıcı səy tələb edirdi. 1894 –cü ildə Şəkiyə gələrək yerli ziyaların köməyi ilə kiçik bir cəmiyyət təşkil edir. Cəmiyyətin yaradılmasında əsas məqsəd məktəblər açmaq, xalqın balalarını bu məktəbə cəlb etmək idi. Ömər Faiqin xatirələrindən aydın olur ki, uzun söz -söhbətlərdən sonra həmin cəmiyyət Qafqazda ilk Üsuli – Cədid üzrə milli bir türk məktəbi açmışdır.

Tarixən ən­ə­­­­nə­yə çevrilmiş “əti sənin, sümüyü mənim” valideyn “xeyir-dua­sı”­­nın bə­­rə­kə­tin­dən uşaq çox vaxt “ətdən və sümükdən” ibarət barsız ağaca, man­qur­­ta çev­rilirdi. Şəki məktəbinin gənc müəllimləri ilk gündən bu ənə­nə­ni qırmağa ça­lı­şır­dı­lar. Ömər Faiq Nemanzadə təzə açdığı bu üsuli-cə­did məktəbində ana dili, ta­rix, coğ­ra­fiya, he­­sab və imla dərs­lə­­­rini de­yirdi ki, bunlar da yeni nəslin forma­laş­ma­sı üçün əsas fən­­lər idi. XIX əsrin sonu XX əsrin əvvəllərində Azər­bay­­can el­min tərəqqisində geridə qalırdı. Bunun bir səbəbi Rusiya im­pe­ri­ya­sı­nın dü­­şü­nül­­­­­müş şə­­kil­də apardığı milli müstəmləkə siyasətindən irəli gəlirdisə, digər sə­­bəbi isə avam xal­qın is­lam dininə kor-koranə baxışından irəli gəlirdi. Ömər Faiq də bun­­­la­rı gö­­­rə­rək ca­­maat ara­sında, mətbuat vasitəsilə geniş təbliğat işi aparır, el­min, ma­ari­fin əhə­­­­miy­yə­ti­ni, mədəni ya­şayış üstünlüyünü xalqa başa salır və qəflət yu­xu­sun­­dan oyat­­ma­ğa ça­lı­şır­dı.

Ö.F.Nemanzadə qeyd etdiyimiz kimi, xalqın tərəqqisini müəllimlərin fəa­liy­­­yə­­tində gö­rürdü. O, belə qeyd edir ki, “millətin tərəqqi dərəcəsi müəllimlərin də­­rə­­cə­si­lə bi­linər. Demək ki, müəllimlər millətlərinin canlı “qradus”larıdır” [5, s.106]. Müəl­lim kör­­pə ba­la­lara vətənin hər daşını, qayasını, yarpağını, küləyini sev­dir­mək­lə ya­­na­şı düş­­­­mənlərinə qar­şı amansız nifrət hissi aşılaya bilər və yaxud və­tə­ni göz­lə­­rin­­də ki­çil­­də də bilər. Bu fi­kir­­lə bağlı Nemanzadə ya­zırdı: “Müəllim mə­sə­ləsi yal­nız bi­­zim de­yil, hər millətin ölüm-di­rim məsələsidir, bir ovuc ingilislərin top­suz, tü­fəng­siz dün­ya­nın ya­­rısına sahib olmaları, Misirdəki və ya Hin­dis­tandakı bir ne­çə pi­yan əs­gər­lə­rilə deyil, Lon­­dondakı müdir, alim, dur­bin və fədakar mü­əl­lim­lə­rilədir. Müəl­­li­m­lərin ye­tiş­­dirdiyi mü­­diri – si­ya­si­yunlarilədir. İşin iç üzünə bax­­maq is­təyən­lə­rə mə­lum­dur ki, rus­ları pəri­şan edən cahil rus generallarını basan ya­pon müəl­­lim­lə­ri, ya­pon müəl­lim əs­gərləri idi. Bil­­məm bir vaxt han­sı qəzetdənsə oxu­dum: ya­pon da­va­sın­dan bir neçə il əv­vəl, Ya­po­ni­­yadakı rus səfiri bir bağ­da qo­naq­lıq ve­rir. Qo­naq­­lıq mü­nasibə­ti­lə, o ba­ğa gələn ya­pon ibtidai məktəb uşaq­la­rı­na da çay ve­rir­lər. Uşaq­­lar ça­yı içən ara­da xə­bər­dar olurlar ki, çay rus səfiri tə­rə­fin­dən ve­­rilib, bunu du­­yan kimi uşaq­­lar: “Biz, bizə düş­mən olan­la­­rın çayını iç­mi­rik…” de­yib çay­ları bu­ra­xırlar” [5, s.105].

Köhnə həyat və geriliyin kəskin tənqidi Ömər Faiq Nemanzadənin pub­li­sis­ti­­ka­sında da ge­niş əks olunur. “Ömər Faiqin publisistik əsərləri üçün səciy­yə­vi olan ilk bö­­yük key­­­fiy­yət ide­ya­­lılıqdır, özü demişkən məsləkdir, məsləklərindən yaranan ide­ya­lılıqdır. O, əqidəni, məsləyi yal­­­nız ya­­zı­çı­lar, siyasət adam­­ları, jur­­nalistlər üçün de­yil, bütün vətəndaşlar üçün zə­­ruri bir key­­­fiy­yət hesab edir. Nemanzadə xal­qın azad­lı­ğı, tə­rəq­qisi, səadəti yo­lun­­da mü­ba­ri­zə et­mə­­yi ba­ca­ran adamları ide­al də­rə­­­cədə sevir və ça­lışırdı ki, yeni nə­­sil bu cür tər­biyə olun­sun, yə­ni məs­ləkli və əqi­­­də­li olsun” [6, s.18]. Ma­raq­­lı­dır ki, Ömər Faiq Ne­­manzadə yük­sək ideal­lar­dan və qa­yə­lər­dən eh­tikar edən boş­­­bo­ğaz­­lar­la həqiqi məs­­­­ləkli mübarizələr ara­sında dərin fərq gö­rür­­­dü. Bu, əslində əx­laq mə­­sə­lə­si­dir. Heç şeyə inan­madan və ya nanəcib məq­səd­lər­lə or­­­talığa atılanlar hə­mişə yük­­­sək məf­­­­humları oyun­cağa çevi­rir­lər, yəni əx­la­qi nor­ma­ları qə­bul etmirlər. Be­lələri hər mə­­­sə­lə ba­rə­də əllaməlik et­məyi, hər ad­dım­­başı lov­ğa­lan­ma­ğı sevərlər, utan­madan şairə şeir, dra­­ma­turqa dram, bəs­təkara ope­­ra yazmaq öy­rə­dir, əslində isə ha­­mısına ma­­­ne olur­­­lar. Onlar daha “yük­­sək tə­ləb­­lər­lə” ortalığa atılsalar da əslində ora­­dan-bu­­ra­dan söz­­lər əz­bərləmiş, ha­zır fikirlər və düs­­­­turlarla silahlanmış de­le­tant­lardır. Ne­­man­za­­də bu cür adam­ları boş­boğaz ad­lan­dı­­­rı­raq göstərirdi ki, “Öz-özü­­­müzə balta vur­ma­ğı­mızın təq­­­siri yalnız camaatımızda de­yil, bəlkə beş-on ma­nat məvacib-ay­lıq alan elm­­siz, hü­nər­siz, başı sarıxlı qul­luq­çu­la­­rımız ilə başı qa­qa­ret­­li həmiyyətsiz qa­ra qar­ğa­­la­rı­mız­da­dır. Bu kimilərin köh­­nə ida­­rə istəmələrinə sə­bəb məhz özlərinin iki qə­pik­lik şəxsi mən­­fəətləri ol­du­ğu­­nu ca­ma­atımız başa düş­mə­­­lidir. Daha bəsdir, müf­­­tə­xor­lar­la, dinini, mil­lətini iki qə­­pik­lik xeyrə satanlara bo­­yun əymək! Nə vaxta qə­­­dər ümu­mi və milli nə­fi­mizi bu­­ra­xıb bə­zi sədrdə əy­lə­şən, minbərə çıxan, qaqaret ta­­xan hə­­miy­yət­siz­lərin kef­lə­­ri­nə qul­luq edə­­cəyik. Biz də insanıq! Biz də bir millətik! Nə vaxta qədər xe­yir və şə­ri­­­mizi qan­ma­­yacağıq?” [5, s.111].

Beləsinin işi-peşəsi nə olacaq? Bir adam ki, özü bacarıqsız ola, yaxud ba­ca­rı­­­­ğı ol­­duğu halda düz yol tutmaya, onun-bunun və xüsusən iş görənlərin paxıllığını çə­­kə, onun işi nə olar? Sənəti nə olar?

Ömər Faiq sualı cavablandıraraq göstərirdi ki, “Hər kəs mənsub olduğu ca­ma­atın azadlığı və səa­­­­­dəti yolunda qanlar tökdükləri halda, bir baxın bizim camaat rəh­­­bər­ləri nə cür cə­­­­­fəng, müstəbid, zülmlü qərardadlar ilə camaatın hüriyyətinə ma­­­­ne ol­maq istə­yir­lər? İnsan yanıb-yaxılır ki, rəhbərlərimiz “yadullahü məəl-cə­ma­ə­­tə” (Al­la­hın əli ca­­maatladır – H.H.) hikmətini bizə minlərcə əlavələr ilə an­la­dıb ca­­­maat qüv­və­ti­nin hər cür müvəqqəti-cəbbaranə, zalimanə qüvvətlərdən artıq və daimi olduğunu bil­­­di­­­rə­­cək­lə­ri yerinə, məqami-rəyasətdən bizə misginanə vəz edir­lər” [5, s.125]. Be­lə fit­­­nə­kar­la­ra müəllifin qə­­zəbi o qə­dər böyükdür ki, hətta on­lara qarşı “ağızlarını açan ki­­mi ağız­la­rından vur­­maq” ki­mi amansızlıq də­rə­cə­si­nə çatan tədbirlər irəli sü­­rür. O ya­­zırdı: “Ca­maatı­mı­zın, yəni yax­şı ilə pis barəsində dü­rüst eti­qadı olan ca­ma­­­atı­­mızın bor­­cu odur ki, hə­min müzürr boş­bo­ğazları tapıb, ağız­la­rı­nı açan kimi ağız­­­la­rı­na vur­sun, onla­ra yol ver­­­mə­­sin, qu­durt­ma­sın və bu yol ilə on­ların bazarını ka­­sad edib, mey­­dan­dan çı­xart­­­sın, qov­sun, amma bu­nun üçün yax­şı­ya və yamana eti­­qad la­zım­dır ki, boş­boğaz­la­rın fik­ri hə­min dəm aşkar olsun”.

Ömər Faiq Nemanzadə bu tip yazılarında incə və maraqlı bir məsələyə də to­­xu­nur. O da işi bi­­lə­nə tapşırmaq məsələsidir. Bəzi insanlar xeyir vermək is­tə­dik­lə­ri yer­də, yə­­­ni niy­yət­­­lə­ri yaxşılıq olduğu halda işdə, əməldə zərər verir, pislik edir­lər. Bu o za­­­­man olur ki, ba­şa düşmədikləri, qətiyyən xəbərdar olmadıqları iş­dən ya­pı­şır­lar. Mə­­­­­lum­­­dur ki, elə sa­hə­­lər və sənətlər var ki, onlar hər bir adamdan müəy­yən ha­zır­lıq, müəy­yən əqli in­­kişaf və profes­sional səviyyə tələb edir. Mə­sə­lən, ara­ba­çı­ya ma­­şın sür­­­­mə­yi, qəssa­ba həkimliyi tap­şırmaq olmaz, bunun üçün hər adam­­dan müt­­ləq müəy­­­­­yən ha­­zır­lıq tə­ləb olunur. Naşı, hazırlıqsız, savadsız, elmsiz adam­lar ix­ti­sas və fik­­­ri sə­­viy­yə is­təyən mə­sələlərin həllinə girişsə, bu məsələlərin ta­leyi elə­lə­­rin­­­dən ası­­­­­lı olsa – qar­ma-qa­rı­şıq­lıqdan başqa bir vəziyyət yarana bil­məz. Bunu nə­zə­rə ala­raq Ömər Faiq ya­zır: “Zəmanəmizin ehtiyac gördüyü mə­sə­lə­lər­dən… məc­­­muə­lər ya­zıb “Molla Nəs­­rəd­din” və ya “Qeyrət” mətbəəsi idarəsinə gön­dər­sin­lər. Biz hər kə­sin kitabını öz xər­ci­miz ilə çap edib nəşr edirik” [5, s.135].

Ömər Faiq Nemanzadənin  müəllimlik və maarifçilik təcrübəsinin təbii məntiqi nəticəsi olaraq müsəlman dünyasında “Molla Nəsrəddin” jurnalının nəşri və fəaliyyətində misilsiz rolu olmuşdur. O, 1906-cı ildən 1917-ci ilə qədər “Molla Nəsrəddin” jurnalının məsul katibi vəzifəsində çalışmışdır. Cəlil Məmmədquluzadənin özü Faiq əfəndinin bu sahədəki xidmətlərini həmişə ehtiramla xatırlayırdı [2, s.40].

Göründüyü kimi, Ömər Faiq Nemanzadə xalq kütlələri içərisində maarif və mə­də­niy­yə­­tin ya­­yıl­­ma­sı üçün geniş təbliğat işi aparmış, elmin, təhsilin böyük əhə­miy­yə­tin­dən danış­mış, bu­nun­la əla­qədar “Molla Nəsrəddin” jurnalında və başqa mətbuat sə­­­­hifələrində mün­­­tə­zəm çıxış et­­­miş, elm və mədəniyyət naminə görülən bütün təd­bir­­­­lərin həyata ke­çi­­ril­məsində fəal ça­lış­mışdır.

Yekun olaraq qeyd edək ki, mollanəsrəddinçi Ömər Faiq Nemanzadə Azərbaycan mək­­­təb və pe­da­qoji fikrin in­ki­­şafı ta­ri­xin­də mü­hüm yer tu­tan, onun inki­şa­fı yo­lun­da si­­­­lin­məz iz bu­raxan, çox­şa­­xəli ta­rixi xid­mət­ləri ilə me­­­todik fik­ri irəli aparan şəx­siy­yət­lər­­dən ol­muşdur. Onun müəl­lim­lik fəaliy­yə­­tin­də, mək­tub və pub­­­­­lisist ya­zı­la­rında ana dili haq­qında fikir­lə­ri və s. kimi ümumi pe­da­­­qo­ji istiqamətlər gə­lə­­­cək­də də öyrənil­mə­yə layiqdir.

ƏDƏBİYYAT

  1. Abbas Zamanov. Əməl dostları. Bakı: Yazıçı, 1979, 371 səh.
  2. Ömər Faiq Nemanzadə. Seçilmiş əsərləri. Bakı: Şərq-Qərb, 2006, 352 səh.
  3. Qurbanov Şamil. Ömər Faiq Nemanzadə. Bakı: Gənclik, 1992. 208 səh.
  4. http://www.respublica-news.az/index.php/muesahib-l-r/item/23342-oemaer-faig-nemanzadaenin-haeyat-aedaebi-irsi-daerindaen-taedgig-olunmal-d-r
  5. Ömər Faiq Ne­man­­zadə. Seçilmiş əsərləri. Bakı: Yazıçı, 1992, 536 s.
  6. Kamal Camalov. Mollanəsrəddinçilərin maarifçilik ideyaları. Bakı: Elm və təsil, 2015, 356 səh.

 

Bu yazıyı paylaş:

One thought on “Ömər Faiq Nemanzadənin Maarifçı Görüşləri / Həsən Hüseynov

Kamal için bir cevap yazın Cevabı iptal et

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Bu yazarın toplam 1 eseri bulunmaktadır.