Bizim Küçə / Fergana Yusufqızı
Bu küçədən bəlkə
milyon dəfə keçmişəm.
Milyon dəfə baxmışam,
yolumun üstündəki
bütün ağaclara
milyon dəfə salam vermişəm.
skamyada oturub
gəlib gedəni süzən
pensiyaçı qocalara.
Bu küçədə dəniz qoxusu var.
bu küçədə bir qıza
rəngli muncuqlardan düzəlmiş
cobanyastığı çiçəyini xatırladan
boyunbağını vermək istəyən
o arıq‚ sısqa oğlanın qorxusu var…
Bu küçənin başında idi o pinəçi
arzularını ayaqqabılara yamayırdı.
Bir qız da vardı bu küçədə
Yerimirdi..
sanki uçurdu‚ donunun ətəyini
milyon baxış ütüləyib‚
saçlarını milyon baxış darayırdı.
Elə bu küçənin bağçasında
ilk sevgilər cücərmişdi.
bu bağçanın çiçəklərin
həmin arıq‚ sısqa oğlan
həmin qızın
qədəmlərinə sərmişdi…
Bu küçədə hər şey vardı.
Nifrət azdı‚ sevgi çoxdu
İndi bu küçədən keçirəm
Həmin yollar‚həmin dalan
amma‚
O günlərdən heç nə yoxdu