DergiZan

Yazı ve Sanat Ülkesi

Naməlum Əsgər / Elnar Qafarova

Gedirəm…. Hər şeyi arxada qoyuram. Qoca atamı,  saçlarına dən düşmüş anamı, ismətli yarımı qoyub gedirəm…Vətənimi düşmənlərdən qorumaqçün gedirəm…

Onlara söz vermişəm bu döyüşdə canımdan olsam belə düşmən qabağından qaçmayacağam. Vətənimi düşmən tapdağına vermək mənə ölümdən betər olar. Ona görə də, vətən yolunda ölməyə gedirəm.

Mən ailəmin tək övladıyam, ata və anamın tək ümidi. Ancaq nə etmək olar Vətən mənim söz dağımın zirvəsidir.Vətən mənimçün namus deməkdir. Ya qalibiyyətlə çiyinlərdə alqışlanaraq qayıdacam yurd-yuvama, ya da çiyinlərdə son örtüm-bayrağımla şəhid olaraq qayıdacam. Qayıdacam…..Nə olur olsun qayıdacam…

Könüllü olaraq yenidən hərbi xidmətə yollandım. Mənim kimi vətən oğulları çoxdur burada. Bizim arzumuz, amalımız birdir. Vətənimizi qorumağa, vətənimizçün canımızdan keçməyə gəlmişik. Bir-birimizə qardaş deyirik. Bir tikə yeməyimizi, bir stəkan suyumuzu bölüşürük.

Vətənimizin ən ağır günləridir. Yağı düşmən silahları yağış kimi üstümüzə yağdırır. Geri çəkilmirik, çəkilməyə də fikrimiz yoxdur. İtgilərimiz günü-gündən çoxalır.  Canımız, qanımız bahasına irəli getməliyik.

Yüzlərlə əsgər yoldaşımdan 20-30 nəfər ancaq qalırıq. Şəhidlərimizin, əsirlərimizin sayi-hesabı yoxdur. Mən və 5 nəfər əsgər yoldaşım dağ yolu ilə irəliləyirik. Düşmən postuna yaxınlaşıb zərbə vurmaq fikrimiz var. Qar, şaxta insanı qılınc kimi kəsir. Elə yari yoldaca yoldaşlarımızın ikisi vuruldu. Çətin də olsa irəli getməliyik başqa yolumuz yoxdur. Adlarını belə bilmədiyim Azərbaycan oğulları ilə məqsədimizə çatmaq üçün canla-başla irəliləyirik.  Qalan yoldaşlarımı da itirdim. İndi öz adımı belə unutmuşam. İrəliləyirəm… Tək irəliləyirəm, ancaq şəhid ruhlarının, Azərbaycan şəhidlərinin hamısının arxamda olduğunu hiss edirəm. Bu mənə güc verir.

Çox üşüyürəm… Üst geyimimi yoldaşımın yarasını bağlamaqçün bir az öncə çıxartmışdım. Soyuq, şaxta məni çox yorur. Son nəfəsimə qədər gedirəm…gedirəm.

Budur, düşmən əsgərlərinə mən də zərbə endirirəm. Ən azından yoldaşlarımın, tapdalanmış vətən torpağımın, gözüyaşlı qalan anaların qisasını alıram. Bu məni daha da qürurlandırır, ruhlandırır. Əlimdən gələni yox, artığını etməyə çalışıram. Yaralanmışam, ancaq sürünə-sürünə irəliləyirəm. Çox qan itirmişəm yəqin…Artıq sürünə də bilmirəm….

Sükut…Səssizlik…bu an məni xəyallarıma qərq edir. Budur, sanki anamın simasını görürəm ”Can bala”-deyir. Budur, beli bükülmüş, ağsaqqallı atam əlimdən tutub məni qaldırmaq istəyir. Budur, nişanlım, yarım mənə baxıb gülümsəyir. Budur,Vətənimin oğulları məni yüksəklərə qaldırır, bayrağımı göyün yeddinci qatina sancıram.

Mən çox xoşbəxtəm, vətənimçün şəhid olmuşam. Bu necə də gözəl məqamdır, necə də arınmış, necə xəfifəm.

Görürəm… Şəhidlərin hamısının üzərinə üçrəngli bayraq örtülüb öz el-obasına yola salınır.Məni də aparacaqlar. Öz el-obamin, torpağımın iyini hiss edib daha da xoşbəxt olacam. Anam, atam, nişanlım məni son mənzilə yola salacaqlar, anam şəhid oğlu ilə qürur duyacaq, atam başını daha da dik tutacaq…Onun oğlu vətən yolunda qurban gedib, bundan gözəl nə ola bilər ki…?

Bu ola bilməz…Şəhidlərin çoxu kimi tanınmaz haldayam, tanımadılar məni, kim olduğumu bilmədilər. Məni öz kəndimə, doğma torpağıma  aparmadılar. Olsun…vətənimin hər qarışı mənə əzizdir, mənə doğmadır…

Vətən sağolsun…

Məni şəhid məzarlığında dəfn edirlər. Məzarımın üstündə-Azərbaycan oğlu yazıldı. Bu məni çox qürurlandırdı. Mən-Naməlum əsgər kim oluram olum Azərbaycanımın-Vətənimin oğluyam. Vətən mənə oğul dedi.Bundan uca ad varmı?

Qoy anamın gözü yolda qalmasın, atam məni düşünüb ah çəkməsin, nişanlım məni bağışlasın. Bilsinlər ki, mən vətən oğluyam, vətən qoynuna aldı məni, mən Vətən oldum. Gözləri yollarda qalmasın mən dağam, daşam, torpağam, havayam. Fəsillərlə gəlirəm, sularla axıram, mən ürəklərdə döyünürəm, mən yaşayıram.

Ola bilsin ki, Naməlum əsgər adlandıracaqlar. Adıma rəsmlər çəkiləcək, şeirlər, hekayələr yazılacaq, əsərlərdə yaşayacayam. Hamı mənim timsalımda bütün naməlum əsgərlərə dualar oxuyacaq, gözləri yollarda qalan analar mənim məzarım üstündə ağlayıb təsginlik tapacaq, atası müharibədə itgin düşmüş uşaqlar mənim məzarımı ziyarət edəcək, mənimlə dərdləşəcək. Neçə-neçə nişanlısını, həyat yoldaşını müharibədə itirmiş qız-gəlin mənim məzarımda ağlayıb-ürəyini boşaldacaq. Mənim məzarım minlərlə insana əslində doğma olacaq. Doğma oğul, vətən oğlu…

Mənim xəyallarım var idi. Qayıtdıqdan sonra yarımçıq qalan təhsilimi başa vurub, hüquqşünas olacaq və ədaləti bərpa etməkçün əlimdən gələni edəcəkdim. Ailə həyatı quracaq ata-anamı sevindirəcək, Vətənə, millətə xeyirli övladlar dünyaya gətirəcək, onları əsl vətənpərvər kimi yetişdirəcəkdim…

Qoy ata-anam başını dik tutsun, qoy vətənimin övladları məni örnək alıb vətənə bağlı, əsl vətənpərvər kimi yetişsinlər. Gec-tez ədalət də bərpa olunacaq, biz şəhidlərin qanı yerdə qalmayacaq.

Naməlum əsgərəm…

Mən sizin vicdanınınız, vətən sevginiz, içinizdəki səsəm. Mənim ruhum bayrağımın dalğasında, Xəzərimin göy sularında, mənim nəfəsim vətənimin isti çöllərindədir.

Azərbaycanımın yüksəldiyini görürəm, günü-gündən gözəlləşdiyini görürəm. Budur, bəlkə də, ədalət yavaş-yavaş bərpa olunur, vətən torpağı çiçəklənir. Artıq Azərbaycan dünya dövlətləri içərisində öz sözünü deyə bilən dövlətlərdəndir. Hər şey səbirlə, hər şey yavaş-yavaş olacaq. Qanımızın axıb-töküldüyü torpaqlarımız da geri qaytarılacaq, düşmənimin xar olacaq.

O mənim anamdır…

Harada gözüyaşlı ana görsəniz, gözü yollarda qalmış, beli bükülmüş ana görsəniz bilin ki, o mənim anamdır.

O mənim atamdır…

Harada saç-saqqalı ağarmış, gülüşün nə olduğunu unutmuş ata görsəniz, o mənim atamdır.

O mənim yarımdır…

Harada həyatının gənc çağlarında ümidləri yıxılan, həyatı da ümidləri kimi sönən, həyatda təkliyə məhkum olmuş, həyatdan yorulmuş qadın görsəniz, o mənim yarımdır.

O mənim övladımdır…

Harada atasını müharibədə itirmiş, boynu bükük, həmişə bir yanı əksik böyüyən övlad görsəniz, o mənim övladımdır.

O mənim bacımdır…

Harada qardaş toyunda qol qaldırıb oynaya bilməyən, əllərinə xına yaxa bilməyən, arxasız-dayaqsız bacı görsəniz, o mənim bacımdır.

O mənim qardaşımdır…

Harada atasının tabutunu çiyinlərinə tək alan , anasını son mənzilinə tək yola salan qardaş görsəniz, o mənim qardaşımdır.

O mənim evimdir…

Harada işığı sönmüş ev, ocaq varsa ora mənim evimdir, ocağımdır.

O mənim xalqımdır…

Harada şəhid oğlu ilə iftixar edən, Naməlum əsgərinin də məzarını tez-tez ziyarət edən, onu unutmayan xalq görsəniz, o mənim xalqımdır.

O mənim vətənimdir…

Harada şəhidinin ağrısını öz daşında, torpağında, ürəyində daşıyan  vətən görsəniz, o mənim vətənimdir.

O mənim məzarımdır…

Harada doğum və ölüm ili üzərində yazılmayan, sonsuz yaşayacaqmış kimi təvəllüdünün olmadığı məzar görsəniz o mənim məzarımdır.

Mən sonsuzluğa yollanmışam, mən ölməmişəm, yaşayıram. Xalqım, vətənim durduqca yaşayacam, Azərbaycanımın müstəqilliyi yaşadıqca, şairlər, yazarlar, rəssamlar, yaşadıqca mən də yaşayacam. Düşmənimə göz dağı, şəhid ailələrinə təsəlli olacağam.

Naməlum əsgərlər, biz tək deyilik, bizim arxamızda Azərbaycan, türk xalqı var. Biz qeyrət simgəsi, vətənpərvərliyin simvoluyuq. Biz qələbəni görəcəyik, buna az qalıb!..

 

 

 

Bu yazıyı paylaş:

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Bu yazarın toplam 1 eseri bulunmaktadır.