İslaq Vərəqlər / Səbahəddin Çingizoğlu
“Övladlarınızı
“nə verir”ə deyil, “nə
deyir”ə öyrəşdirin ki, maddiyyata yox, mənəviyyata həris olsunlar” –
o, ölümündən öncə belə demişdir. Onun bu
kimi ağıla batan sözləri insanı düşünməyə vadar edirdi. Əlbəttə bunu da danmaq
lazım deyil ki, hamı düşünə bilmir, çoxu sadəcə eşidir. Necə ki, hamı görmür, əksəriyyət
baxır. O qoca həddən artıq həlim, həm də
müdrik idi. Deyilənə görə cavan
yaşlarından mövhumatla, dinlə qəti şəkildə məşğul olub. Ətrafındakı hər kəsdən fərqlənirmiş, onun
başqa planetdən gəldiyini də deyən az olmamışdı. Məqsədim qocanı tərifləmək deyil, sadəcə
eşitdiklərimi nəql edirəm.
Əlimi qələmdən ayırıb bayaqdan xanımın mənim üçün süzüb yazı stolumun üzərində
qoyduğu çaya tərəf uzatdım. Stəkanı elə
əlimə götürüb içmək istəyirdim ki, çiynimdə xəfif toxunuş hiss etdim və qeyri
ixtiyari stəkanı buraxdım. Çay yazı stolumun üstünki kağızları islatdı. Bədbəxtçilikdən
mənim yazdığım kağızlar deyil, qocanın, yəni Əlisahib babanın haqqında
qonşuları Rüfət müəllimin verdiyi kağızlar islanmışdı. Amma vərəqlər cırılmamışdı. Yəqin sobanın
altında qızdırıb qurutmaq olar deyə düşündüm. Mənim diksinməyimə qorxan qızım Əsnad əllərini
çiynimdən götürüb qışqırdı, bu səsdən sonra isə anası özünü otağa atdı. Ciddi bir şey olmadığını görsələrdə məni
işimdən ayırdığı üçün anası Əsnadı döyə-döyə otaqdan çıxardı.
-Həyasız! Sənə deməmişəm atan yazı yazanda ora girmə? Nə qədər deyərlər adama?
Eşşəyə bir dəfə deyirsən suya girmə, girmir.
Mən də “Uşaqla işin olmasın. Burax gəlsin bura. İndicə onu çağırmaq
istəyirdim” deyərək anasına səsləndim. Gəlib tam qarşımdan dayandı. Əlləri yanına
sallanır. . . Gözlərini günah işləmiş
insanlar kimi yerə dikmişdi. Qənddandan
bir konfet götürüb ona uzatdım.
“Eşitdim bu gün dərsini yaxşı öyrənmisən. Al sən bunu qazanmısan artıq. Bu
sənindir” -dedim. O da
sevinə-sevinə “sağ ol, ata can” deyib yanağımdan öpüb, qaçdı. Əsnad
uşaq bağçasına gedir. Əslində bu gün o
qədər gərgin iş günü keçirmişdim ki, baş qaşımağa vaxtım olmamışdı, buna görə
onun dərsləri ilə də maraqlanmamışdım, amma mən bu hərəkətimlə Əsnada üzərimizə
düşən yükün yerinə yetirilməsinin nə qədər önəmli olduğunu və bunun bizə
nələrsə qazandırdığını aşıladım. O ki, qaldı anasının davranışına, bu
yonulmamış bir psixologiya nümunəsidir. Hansı ki, insanları tərbiyələndirməyi
onları əzməkdə, təhqir etməkdə görülür. İnsanı heyvanla müqayisə edib, heyvan
bacardığı şeyi sənin bacarmadığını demək insanı öz gözündə aşağılamaq, motivasiyadan
salmaq, daha sonra insanı istədiyiniz kimi idarə etmək olar. Bu gizli
idarəetmənin bir növüdür. Amma əlbəttə təhqirlər yol verilməzdir, bu digər
fəsadların yaranmasına gətirib çıxarar. Xülasə mövzudan çox uzaqlaşmayaq. Əsnad anasının yanına qaçandan sonra islanmış
vərəqlərə bir daha baxdım. Üç vərəq
islanmışdı. Ən üstəkinin islanan yerində
bir cümlə diqqətimi çox çəkdi. “İnsan böyüyüb ağıllanmır, ağıllanıb
böyüyür”.
Daha yazmaq üçün də bir mənbə olmadığına görə islaq vərəqləri əlimə alıb, aparıb
sobanın altına yerləşdirdim. Yaxşı quruması üçün üst-üstə deyil, ayırıb, yan-yana
qoydum. Sonra vərəqlərin birini götürüb,
yaxından diqqətlə baxdım və eyni hərəkətlə yerinə qoydum. Sanki dərin bir xəyala daldım. Vəfa Aqilin fikrli olduğunu görüb qabağına çay
qoyan kimi söhbətə başladı ki, dərdi nədirsə, tez başından atsın.
-O otaqdan ara-bir başını çıxarsana. Onsuzda axşama qədər işdə olursan. Evə gəlirsən, heç olmasa bir-iki saat da bizə
vaxt ayır, gör necəyik, neynəyirik, başımıza nə gəlib? Qardaşımın yatdığı
torpaq haqqı(Qardaşı cavankən “Vətən müharibəsi”ndə şəhid olmuşdur)
acıqla demirəm. Sadəcə danışmaq
istəyirəm səninlə. Mən bir yana heç
olmasa uşağa bir az vaxt ayır.
Bu an beş yaşlı Əsnad adını eşidcək sərt dönüşlə əlidəki gəlinciyi yerə qoyub, valideyinlərinə
tərəf döndü və qulaqlarını şəklədi. Bunu
görən Aqil və Vəfanın üzünə xəfif bir təbəssüm qondu. Bu, həlim, ötəri baxışlara sanki fasilə vermək
üçün Əsnad tez öz otağına qaçaraq əlinə nəsə götürüb gəldi.
-Ata, ata baax! Bunu anam bu gün sənin qış paltarlarını asılqandan çıxarıb
səliqəyə salanda paltonun cibindən tapıb.
Uşağın əlində bir parça kağız və şəkil vardı.
Ata bura bax bir mən balaca olanda çəkdirmisiniz bu şəkli. Ata, ay ata onda da
belə gözəl idim? Ata, cavab ver də. Ay ata. . . “Əsnad! Az sual ver atana görürsən yorğundur.
Özü də mən günortadan gəzirəm bunları, nə vaxt götürdün səni bunu? Canın
yanmasın!” -deyə Vəfa çımxırdı. Aqil təbəssüm edərək: “Gəl
qucağıma”-dedi. Şəkildə Aqil, Vəfa
və Əsnadın birlikdə fotoları idi. Kağızın üzərində isə bu yazı vardı.
“Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə, öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda (dostluq) sevgi və mərhəmət yaratması
da Onun qüdrət əlamətlərindəndir. Həqiqətən, bunda (bu yaradılışda) düşünən bir qövm üçün
ibrətlər vardır! Ər-Rum surəsi 21. (Eyni
cins deyilərkən, yəni yalnız insanlardan ibarət ).
Ah. . . Necə gözəl dinimiz var!
Ürəyindən bir anlıq keçirdi. İçinə
rahatlıq süzüldü sanki.
Aqil başını əyərək qızının yanağından öpdü və üstəlik qızın anasına baxıb həlim
nəzərlə gözünün yumub açmaqla ondan razı olduğunu bildirməyi də unutmadı. Ev büsbütün səadətə qərq olmuşdu. Adam danışdıqca rahatlayır. Nədir bu belə?
Bəlkə sevgi, bəlkə məhəbbət, bəlkə məbəddət, bəlkə eşq?
Sadaladığımız anlayışların hər birinin fövqündə hörmət durmalıdır. Bəli, hörmət!
İnsanlar bir-birinə hörmət etməyi bacarmalıdır. Eyni zamanda bir-birinə kömək
etməyi, dinləməyi, və. s Dediklərimizi ümumiləşdirsək, bu nəticəyə gələrik ki, insanlar
qarşılıqlı olaraq hörmət etməyi və başa düşməyi bacarmalıdır. Bütün bəşəri problemlərin özəyində bu
anlayışların düzgün dərk olunmaması durur. Biz öz dəyərlərimizi bilmədən hərəkət edə
bilmərik.
Vəfa yerindən qalxıb Əsnada tərəf getdi və kağızla şəkli alaraq öz otaqlarına
apardı. Aqil telefonu götürüb adəti üzrə
yeni xəbərləri oxumaq qərarına gəldi. Adətən qəzet almaq yadından çıxanda belə
edirdi. Ən çox oxunan saytlardan birinə
daxil oldu. Açılan səhifədə ən sonuncu
yazılan xəbər onun diqqətini çox çəkdi. Xəbərin başlığı belə idi “Biz tək
Allahdan qorxuruq”. Nə baş
verdiyini anlamaq istədi və xəbər haqqında ətraflı məlumat üçün başlığın
üzərinə toxundu. Gördüyü mənzərə onu çaşdırdı. Başlığa baxdı ki, düz daxil olub.
Altbaşlıq isə belə idi “Bakıda
əxlaqsızlıq yuvası aşkar olundu. ” Bu tam bir paradoksdur. Başlıqla
altbaşlığın yaratdığı təzad onu xəbərin tam oxunmasına təkid edirdi. Beləcə başladı.
“Xətai rayon Nəsrəddin Tusi keçəsində yaşayan sakinlərin şikayəti masaj
salonundandır. Bu masaj salonu General Şıxlınski 34-də, binanın zirzəmisində
fəaliyyət göstərir. Sankinlər iddia
edirlər ki, masaj salonunun sahibi bu ad altında obyektdə əxlaqsızlıq yuvası
təşkil edib. Günün müxtəlif saatlarında obyektin qarşısında təhqiramiz ifadələr,
vulqar sözlər eşitmək heç də təəccüblü deyil. Obyekt sahibinə bu barədə şikayət
edilsədə, o, “mənim qorxum təkcə
Allahdandır” demişdir. . . . “
Aqil bu əsnada saytdan çıxıb telefonu söndürüb kənara qoydu. Onu insanların qarın korluğundan çox, düşüncə
korluğu çəkməyi acıdırdı. İnsanlar niyə
axı hələ hansını inancla yaşadığı və nə etdiyini bilmir? Niyə cahil yaşayır?
Bir dəfə də öz dostuna bu sözün üstündən belə bir stat gətirmişdi.
“(O gün) Cənnət Allahdan qorxub pis əməllərdən çəkinənlərə yaxınlaşdırılar.
Əş-Şüəra surəsi 90”
Sonra isə belə demişdi:
-Ayədən belə çıxır ki, cənnətə Allahdan qorxub, pis əməllərdən çəkinənlər
gedəcək. Bir də diqqət et. Allahdan qorxub,
pis əməldən çəkinən. Bu nəticəyə gəlmək olar ki, pis əməllər törədənlər Allah
qorxusunun nə olduğunu unutmuşdu və ya heç bilməyib. Bunu boşuna deməklə, dərk edib deməkdə böyük
bir fərq var. Nə olsun ki, hamımız
“müsəlman”ıq? Din bizlərdə mülk kimi irsi keçir, hansı ki, haqqında
düşünülməsi olduqca zəruri və incə, həssas mövzudur.
Bu dəmdə elə bil yuxudan ayılan Aqil Əsnadın vərəqlərdən birini sobanın altında
götürüb oynadığını gördü. Tez qamarlayıb almaq istəyəndə ata və qızı hərəsi bir
yana çədiyinə görə vərəqin bir küncü cırılaraq Əsanadın əlində qaldı. Vurmaq istəsədə, əli qalxmadı. Cırıq kağız
parçasını alıb -“get ananına yanına deyərək” -qışqırdı. Artıq vərəq qurumuşdu. Yazmaq həvəsi yenidən
canlandı. Dərindən ah çəkib əlindəki kiçik kağız hissəsinə nəzər yetirdi. Rüfət müəllim Əlisahib babanın xatirələrindən
belə bəhs edirdi:
-Vəfat etdiyi gün hələ ölməmişdən qabaq mən də onlardaydım. Taxta uzatmışdılar,
mən də digər qonşular kimi taxtın yanında oturmuşdum. Başını çevirib bir kəlmə dedi və öldü. “Bir ömür ölməkçün yaşadığımızı düşünürük,
öləndə isə yaşamaq üçün öldüyümüzü dərk edirik”.