Sağlam Ailə Cəmiyyətin Aparıcı Qüvvəsidir / Ayxan Yunis Oğlu Hüseynli
İnsan yer üzünün əşrəfi, bəşəriyyətin bəzəyidir. Bu varlığın mayasında eşq, məhəbbət təməl duyğulardır. Tanrının kainatda xəlq etdiyi ən ali və mükəmməl varlıq olan insan daima öz daxilində bu kimi hissləri yaşatmaqdadır. Çünki uca yaradan insanın ruhuna sevgi, eşq deyilən məfhumu, cazibəni bəxş edib. Yaranmışların ilki olan Adəm və Həvva məhz tək deyil, fərd olaraq yox, cüt qoşa yaradıldı. İlahinin bu hikmətindən belə bir nəticə çıxarmaq olar ki, insanlar tək yaradılmadığı üçün məhz qoşa olmalı, əks cinsə həmişə ehtiyac duyaraq onunla bütövləşməli, öz həyat və taleyini birgə qurmağı bacarmalıdır. Bu da Allah’ın insanlığa bəxş etdiyi möhtəşəm möcüzə və müqəddəs bir sirrdir.
Cəmiyyət insanların mədəni, toplu şəkildə yaşadığı qurumdur. Ailə isə cəmiyyətin təşkilində mənbə, özək rolunu oynamaqdadır. Bundan başqa ailə çox zaman kiçik dövlət adlandırılır. Belə ki, ailənin də sərhədləri, qanunları, bütövlüyü, yaşayış tərzi, rifahı vardır. Eyni zamanda bu kiçik dövlət kimisində güclü, kimisində zəif, kimisində müstəqil, kimisində isə asılı olması ilə fərqlənir.
Hər kəsin ailəsi onun həyat dənizində lövbər saldığı sahilidir. Ailə müasir dövrdə istər ayrılıqda götürülmüş şəxsiyyət, istərsə də bütünlükdə cəmiyyət üçün əhəmiyyəti artmaqda olan ümumbəşəri dəyər, mədəni irsin, əxlaqi norma və qaydaların ötürücüsü rolunu oynayır. Ailə sözü Qərbdə, əsasən, ana – ata və uşaqlar anlayışını verir. Şərq xalqlarında isə ailə daha çox eyni evdə yaşayan, ya da eyni nəsildən gələn insanların cəminə deyilir. Bu baxımdan şərqdə ailə dəyərləri, ailəyə önəm daha çoxdur və bu dəyərlərə xüsusi əhəmiyyət verilir
– Ailə münasibətlərinin qurulmasında, düzgün şəkildə aparılmasında hər iki tərəfin (qadın və kişi) rolu əsasdır.
Cəmiyyətdə belə bir fikir formalaşıb ki, ailə xoşbəxtliyinin sirri yalnız məhəbbətdədir. Müasir dövrdə bu yanaşma çox sadəlövh görünür. Çünki faiz nisbəti ilə sevmədən ailə quranlar da az deyil. Buraya ilk növbədə qohum və tanışlar, ana və bacılar vasitəsilə yaranan ailələr daxildir. Məhz qarşılıqlı məhəbbət olmadan yaranmış ailələrin hamısı sonradan dağılır deyə də bir düşüncə yoxdur. Hətta bir – birini sevmədən ailə qurmuş ər və arvadın bir çoxu xoşbəxt yaşayırlar. Onlar evlənəndən sonra bir – birlərinə sözün həqiqi mənasında sevmək öyrədir, məhəbbətin əsrarəngiz telləri ilə bir – birlərinə bağlanırlar.
Tədqiqatlar göstərir ki, məhəbbət ailə həyatının yalnız ilk illərində onun əsasını təşkil edir. Bir neçə il, məsələn 5 – 6 il keçəndən sonra nigahın taleyi təkcə məhəbbət hissindən yox, eyni zamanda birgə ömür – gün sürmüş ərin və arvadın şəxsiyyətindən, hər birinin şəxsi keyfiyyətlərindən asılı olur. Onların bir – biri ilə rəftarı, uşaqlarına münasibətləri, bir insan kimi öz məsuliyyətlərini və ləyaqətlərini düzgün qiymətləndirmələri məhəbbətin taleyini həll edir.
Evliliyin ilk dövrlərində tərəflərin bir – birlərini bütün cəhətləri ilə olduğu kimi qəbul etmələri təbiidir. Ancaq müəyyən bir dövrdən sonra hətta əvvəllər adi qəbul edilən cəhətlər belə bu və ya digər tərəfdə əks reaksiyaya səbəb olur. Çox təəssüf ki, evliliklərdəki əksər problemlərin əsas səbəbi də elə budur. Ona görə də, burada əsas məsələ bu problemlərdən qaçmaq deyil, əksinə bu problemlərin üzərinə getməkdir. Evliliklərdəki problemlərə səbəb olan başqa bir amil isə bir tərəfin digər tərəfdən “onun kimi olmağı” tələb etməsidir. Əksər hallarda tərəflər bunu tələb etməklə kifayətlənmir və tələblərinə nail olana qədər öz cəhdlərindən əl çəkmirlər. Tərəflərin bir – birlərini özünə tabe etmək cəhdi, istər – istəməz onlarda “əvvəl məni sevirdi, ancaq indi məni sevmir” kimi hisslərin baş qaldırmasına səbəb olur. Bu soyuqluq yaradacaq hisslər tərəflərin hər ikisini də öz təsiri altına alır.
Bundan başqa ailədə yaranan problemlərin səbəbi kimi ailəyə xaricdən təsirdir. Belə ki, ailənin daxilindəki hər hansı məsələnin həllini kənardan kiminsə həll etməsidir. Məhz ailənin tərəfləri bu şəraiti yaratmamalıdırlar ki, ailədaxili məsələləri xaricdən kimsə həll etməyə çalışsın. Kənardan edilən müdaxilələr ailədə yeni problemlərin yaranmasına səbəb olur. Ailə bağlarının qırılmasına səbəb olan məsələlərdən biri də həddən artıq qısqanclıqdır. Əslində isə ailədə qısqanclıq normal bir haldır. Qısqanclıq hətta tərəflərin bir – birinə sevgi təcəssümüdür. Sadəcə aşırı qısqanclıq adamı bezdirir və onları bir – birlərindən soyudur, qarşısındakına beynində inamsızlıq formalaşır. Onu da qeyd etmək lazımdır ki, heç qısqanmayanda da qarşısındakının onu sevməməsindən şikayətlənir və onun üçün maraq kəsb etmədiyi fikrinə gəlib çıxır.
Sağlam evlilik üçün sevgi nə qədər vacibdirsə, məntiq də o qədər vacibdir. Məhz bu məsələnin həllini yaş dövrlərinə nəzər yetirməklə tapmaq olar.
13 – 20 yaş dövründə insanda sevgi hissləri daha çox üstünlük təşkil edir. Ona görə də, bu dövrdə ciddi münasibətlərdən danışmaq və ya evlilik barədə düşünmək çox tezdir. Çünki tərəflər bir – birlərini olduqları kimi görə bilmirlər. Bu yaş dövründə evlənmək barədə düşünənlər yaxşı nəticələr əldə etməyə bilərlər.
21 – 32 yaş dövründə hisslər də, məntiq də eyni səviyyədə özünü göstərir. Buna görə də evlilik barədə qərar qəbul etmək üçün ən yaxşı vaxt bu yaş dövrünün ortası, yəni 24 – 29 yaşdır.
33 yaş və yuxarı yaş dövründə məntiq ön, hisslər isə arxa plandadır. Ona görə də, bu dövrdə tərəflərin bir – birlərinə qarşı çox obyektiv olması, bütün qüsurların görməsi və qarşı tərəfə hissləri ilə bağlanmaqda çətinlik çəkir. Bu dövrdə ailənin qurulması müxtəlif problemlərin yaranmasının qaçılmaz olduğunu göstərir.
Onu da vurğulamaq lazımdır ki, məntiqlə ailə qurmaq dedikdə təkcə sırf maddiyyat nəzərdə tuturlar. Məhz bu cür ailə quranlara misal olaraq, qədim bir fin epik poemasında deyilir ki, bir zadəgan – Vaynemaynın ən zəngin bir qadınla evlənmək istəyir və bu barədə ilahiyə müraciət edir. Lahi dəmirçi İlmarinneu onun xahişinə əməl edərək, Vaynemoynen üçün qızıldan və gümüşdən tökülmüş bir nişanlı hazırlayır. Vaynemoynen əvvəlcə çox razı qalır ki, belə sərvətli bir gəlinin əridir, sonra görürü ki, belə bir gəlin dözülməz surətdə soyuqdur, onu nə qədər ocaq yanında saxlayırsa və nə qədər bahalı xəzə bürüyürsə yenə qızışmır və buz kimi soyuq qalır. Yalnız bundan sonra Vaynemoynen başa düşür ki, heç bir sərvət, heç nə qədər qızıl həqiqi insan qəlbinin istisini verə bilməz.
Həyatımızın ayrılmaz parçası olan internet sözün həqiqi mənasında öz vəzifəsini layiqincə yerinə yetirir. Müasir dövrdə gənclərin böyük bir qismi işlərinin çox hissəsini internet vasitəsilə həll etdikləri kimi, ailə quracağı insanı da internet sayəsində tapırlar. Bir neçə illər bundan əvvəl internetdən istifadəyə müsbət baxılmadığı halda, bu gün internetlə əlaqəsi olmayan birinə qəribə və təəccüblə baxılır. Dünyada bir milyondan çox insan internet üzərindən tapdığı insanla ailə qurur. Ailə bir xalqın mədəniyyəti, mental dəyərləri haqqında ən dəqiq məlumatverici bir vasitədir. Azərbaycan ailəsi isə istər mental dəyərlərinə, istər əxlaqi keyfiyyətlərinə, istərsə də mahiyyətinə görə digər xalqların ailə modellərindən çox fərqlənir. Gözəl əxlaq, vətənə, torpağa, soy-kökə bağlılıq, ataya-anaya itaət və məhəbbət, həyat yoldaşına sevgi və hörmət, övladlara, bacı və qardaşlara nəvaziş və qayğı əsl Azərbaycan ailəsinin tipik xüsusiyyətlərindəndir. Eyni zamanda Azərbaycan ailəsində yeni ailə quranlar evliliyin ilk illərini ağsaqqal, ağbirçək yanında yaşayırlar. Məhz həmin ailələrin özülü sağlam və uzunömürlü olur. Ona görə ki, sınaqdan keçmiş həyat hadisələrini yaşamış insanlar, həyati bilikləri nəsildən-nəsilə ötürür, adət-ənənəni aşılayır, həya, ismət kimi mənəvi keyfiyyətləri gənclərə əyani şəkildə öyrətməyə çalışırlar. El arasında hələ lap qədimdən bəri bu atalar sözü tez-tez işlədilir: “Gəlin ocağa duvaqla gələr, kəfənlə çıxar”. Bu fikir bir daha sübut edir ki, Azərbaycanın milli mənəvi dəyərlərində ailə anlayışı dərin məzmuna və bütün dövrlərin həyat təcrübəsinə malikdir.
Müasir gənclər, ailələr həm islami, həm milli-mənəvi dəyərlərdən geniş istifadə etməli, həm də müasir dəyərlərin ən yaxşılarını seçib ailələrinin mükəmməl formalaşmasında təbliğ etməlidirlər. Lakin müasirliyi ədəbsizliklə, ənənəviliyi köhnəfikirliliklə qarışdırmamalıdırlar.
Məhəmməd peyğəmbər deyir ki: “Qadınla üç səbəbə görə evlənirlər. Gözəlliyi, var-dövləti və əxlaqı üçün. Ancaq siz onlarla əxlaqı üçün ailə qurun”. Düşünürəm ki, əxlaq olan yerdə gözəllik də var, zənginlik də.
Məhəbbət ocağının iki közü, ailə məktəbinin iki müəllimi, müqəddəs yuvanın iki qurucusu – ana və atadır. Ailə tərkibində tərəflərin ilk statusları da məhz ana və ata adını qazanmalarıdır. Lakin ailəyə nə inkubator, nə də cismani arzuların zövq vasitəsi kimi baxmaq olar. Anaya verilən böyük dəyəri həm dini mənbələrdə, həm şifahi xalq ədəbiyyatımızda açıq aydın görə bilirik. Ata haqqında isə insan təfəkkürünün dili ilə desək, “güc abidəsi” adlandıra bilərik. “Şəfqət qəhramanı” kimi təsvir edilən ananın yer üzərindəki himayəçisi “güc abidəsi” sayılan atadır. Müasir texnologiyanın çox sürətlə inkişaf etdiyi bir dövrdə insan zəkası nə ananın övlada olan məhəbbəti və şəfqətini, nə də atanın övlada olan mərhəməti və qayğısını əvəz edə biləcək fikir düşünülə bilməz, ona görə də insan zəkasını aşan fövqəlşüur bir hiss adlandırmaq olar.
Bizim ailəmiz həyatda baş verən fırtına və təhlükələrdən qaçıb, gizlənmək və xilas üçün bizə ən etibarlı, ən rahat, ən sabit sığınacaq yeridir. Bu yeri biz möhkəm qoruyub saxlamalıyıq və bütün ömrümüz boyu çalışmalıyıq ki, bizim bu sığınacaq yerimiz soyuq, narahat, bikef, cansıxıcı bir həbsxana kamerası deyil, həmişə ətir saçan və sevinclə dolu bir guşə olsun.
İletişim: [email protected]