Babək Qeyrətli İgid / Kübra Veliyeva (*)
Xalqımızın istiqlal tarixi şəhidlərimizin birbaşa adı ilə bağlıdır. Torpaqlarımızın qorunması, vətənimizin müdafiəsi uğrunda həyatından keçərək şəhidlik mərtəbəsinə yüksəlmək böyük şərəf və qürurdur. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Ermənistan tərəfindən törədilən terror və işğalçılıq cəhdlərinə qarşı millətimiz həmrəy olaraq vətən uğrunda düşmənə qarşı mübarizəyə qalxmışlar. Bu müharibələrdə minlərlə qəhrəman oğul və qızlarımız şəhadətə yüksəlmişlər.
Şəhidlik şərəfli ölümə şüurlu şəkildə can atmaqdır. İllər, əsrlər keçsə də, heç zaman unudulmayacaq şəxslərdir şəhidlər. Bu zirvəyə yol Vətəni, Torpağı, Milləti canından da çox sevməkdən keçir. Bu yol ali bir yoldur. İslam alimlərinin bildirdiyinə görə şəhidlər həyatlarını haqq yolunda fəda etdiklərinə görə Allah onlara dünya həyatına bənzəyən, lakin kədərsiz və qəmsiz bir həyat, bərzəx aləmi deyilən bir həyat ehsan edər. Onlar özlərini ölmüş hiss eləmirlər. Lakin daha yaxşı bir aləmə getdiklərini bilirlər, tam bir səadətlə ləzzət alaraq ölümdəki ayrılığın acısını hiss etmirlər.
Peyğəmbərimiz (s.a.v.) şəhidliyin nə demək olduğunu dəyərli hədislərində bizlərə açıqlamışdır: “Cənnətə girən heç bir kimsə yer üzündəki hər şey özünün olsa belə, dünyaya geri dönməyi arzu etməz. Ancaq şəhid müstəsna! Şəhid gördüyü aşırı etibar və ikram səbəbi ilə təkrar dünyaya dönməyi və on dəfə şəhid olmağı istəyər.”
II Qarabağ müharibəsi şanlı tariximizdə qəhrəmanlarımızın göstərdiyi igidliklərə ən gözəl nümunədir. 27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı Cənab İlham Əliyevin rəhbərliyi ilə başlanan və 44 gün davam edən vətən müharibəsində xalqımızın minlərlə igid övladı ali şəhidlik zirvəsinə ucalmışdır.
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Cənab İlham Əliyevin də vurğuladığı kimi qazandığımız qələbədə naxçıvanlılar böyük igidlik və qəhrəmanlıq göstərmişlər.
Ömrünü vətənə fəda edən belə şəhidlərimizdən biri də Ramazanov Rasim İsmayıl oğludur. O, 26 iyul 1998-ci ildə Babək qəsəbəsində anadan olub. İlk təhsilini 2004-2015-ci illərdə Babək rayon Babək qəsəbə 1 №-li tam orta məktəbdə almışdır. Rasim 2016-cı ilin iyul ayında ordu sıralarına çağrılmış, 2017-ci ilin dekabrında hərbi xidməti başa vurmuşdur. 2018-ci ilin sentyabr ayında üç aylıq kurs keçmiş və kursu müvəffəqiyətlə başa vurduqdan sonra Xüsusi Təyinatlı Qüvvələrdə xidmətə başlamışdır. O, 11 oktyabr 2020-ci ildə könüllü olaraq vətən müharibəsinə getmişdir. Babəkin atına qalxan Rasim Füzuli, Cəbrayıl, Hadrut rayonları və Xocavənd rayonunun Tuğ kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına vuruşub. Yeri gəlmişkən, Tuğ sözü qədim türk dilində bayraq deməkdir.
Rasimi tanıyan əsgər yoldaşları onun haqqında bildirirlər ki, “Rasim igid və fədakar bir oğlan idi. Cəld, qorxmaz və cəsur olduğu üçün bölük komandiri Anar Əliyevlə birgə döyüşə qabaqda gedirdi”.
İgid şəhidimiz 19 oktyabr 2020-ci il tarixdə Xocavənd rayonunun Tuğ kəndi uğrunda gedən döyüşdə düşmən tərəfindən snayper silahı ilə boğaz nahiyəsindən vurularaq şəhadətə qovuşmuşdur.
13 noyabr 2020-ci il tarixdə şəhidin cənazəsi Bakıda şanlı bayrağımıza bükülərək Naxçıvan Muxtar Respublikasına gətirilmişdir. Naxçıvan Beynəlxalq Hava Limanında qarşılanaraq, doğulduğu ata ocağına gətirilmiş və Babək şəhər qəbristanlığında uğrunda şəhid olduğu torpağa tapşırılmışdır. Subay idi.
İgid şəhidimizi yaxından tanımaq üçün Rasimin ata ocağını soruşuram: “Döngədən get, hansı qapıdan bayraq asılıb o evlər şəhid evləridir!” deyirlər. Üçrəngli bayrağımıza baş əyib astaca şəhid qapısını döyüb evə keçirəm. Məni qohumlar qarşılayır. Şəhid evini ziyarət edirəm. Bu gün cümə axşamı olduğu üçün Tərlan ana Rasimin məzarını ziyarət etməyə gedib. Gözləyirəm, bir azdan gəlir. Göz yaşlarını ürəyinə axıtsa da, qürurludur. Ürəyimdə deyirəm halal olsun sizlərə, şəhid anaları, hamınız Burla xatun kimi mərd xanımsınız, qəhrəman oğul böyüdübsünüz. Rasimin bəy otağını xatirə otağına çeviriblər. Otağın divarına vurulan ağ rəngli lövhə üzərinə “Mən ölməmişəm, şəhid olmuşam. Mən o vaxt ölərəm ki, sizlər məni unudasınız!” sözləri yazılıb. Üç rəngli bayraq və Rasimə aid olan hərbi geyim vitrindən asılıb. Otaq uşaqlıqdan şəhidliyə qədər çəkilən şəkillərlə bəzədilib. Saat, telefon, eynək, çarpayı və s. əşyalar sanki Rasimi gözləyir. Şəhid anası ilə danışmaq çətindir. Tərlan anadan ehtiyatla Rasim haqqında soruşuram, Tərlan ana deyir: “Hərdən zəng vurub çox qısa danışırdı. – Özünüzdən muğayat olun, mama, yaxşıyam sağ olun!., Bir dəfə oğlum səngərdən bizə məktub yazıb!”. Şanlı məktubu oxuyuram:
“Şəhid Məktubu! Canım Anam, ailəm. Yol gedirəm, tapşırığa çıxıram. Nə olacaq bilmirəm, amma qəlbimə, ürəyimə damıb getdiyim yoldan qayıtmıyacam. Amma əgər nəsə olsa, ağlamayın canım atam, anam! Onu bilin ki, siz qəhrəman valideyinisiz. Başıdik durun. Mən cənnətdə olacam onda. Anam, bilirəm çətindi. Amma onu da düşünək ki, vətən sağ olsun. Sən böyütdün boya-başa çatdırdın. Amma vətən üçün, xalq üçün getməliydim. Onu bilin şəhidlər ölməz! Mən yanınızda olacam. Sağ olun. Sizi çox sevirəm inşallah cənnətdə görüşərik. Ramazanov Rasim”.
İsmayıl ataının dedikləri: “Kiçik Zəhra erməni ordusu tərəfindən yatdığı yerdə qanına qəltan ediləndə Rasim əsəbiləşərək yumruğunu divara vurub deyirdi: -“Ali Baş Komandan əmr verən gün müharibəyə öndə gedəcəyəm!”. Zəhranın və nənəsinin ölümünə çox sarsılmışdı. Onların qisasını almağa çalışırdı.Vətəpərvər oğul idi. Milli Ordumuzu çox sevirdi”.
Ata telefonu açır, Rasimin Qarabağda səngərdə əsgər yoldaşları ilə çəkdirdiyi video görüntüyə baxıram. Bu görüntülər ananın gözündən getmir qulaqlarında səslənir. Babəkin varisi olan igidimiz nəsihət edib: “İnşallah yaxşı olar hər şey. Burdan hamını salamlayıram, bəlkə də biz şəhid olduq, heç qismət olmadı… Ama inşallah bizim qohumlar, gələcək nəsillərimiz gəlib bu yerlərdə oturub rahat istirahət edəndə bizə bir “Allah rəhmət eləsin” deyərlər. Hamını öpürəm. İnşallah yaxşıdı, hamımız buradan sağ-salamat qayıdarıq!”.
Vətən uğrunda canından keçən qəhrəmanlarımızın göstərdiyi igidliklər daim dövlətimizin diqqətindədir. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncamına əsasən şəhidlərimiz müxtəlif ad, orden və medallarla təltif olunmuşlar. Qəhrəman şəhidimiz 15 dekabr 2020-cil tarixli Prezident İlham Əliyevin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncamına əsasən göstərdiyi qəhrəmanlığa görə ölümündən sonra “Vətən uğrunda” medalı, Azərbaycan Respublikasının Şuşa şəhərinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək igidlik və şücaət göstərdiyinə görə Prezident İlham Əliyevin 29 dekabr 2020-ci il tarixli sərəncamına əsasən “Şuşanın azad olunmasına görə” medalı ilə və 30 dekabr 2020-ci il tarixli Prezident İlham Əliyevin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncamına əsasən Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiyinə görə ölümündən sonra “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilmişdir.
Xalqımızın azadlığı və torpaqlarımızın ərazi bütövlüyü uğrunda milli mücadiləsində şəhid olan qəhrəmanlarımızın xatirəsi xalqımız tərəfindən ehtiramla yad edilərək, onların ruhlarına dualar oxuyurlar.
Biz sənə borcluyuq Rasim!. Sizin kimi igidlərin sayəsində tarixi torpaqlarımız geri qayıtdı. Babək şəhərinin Babək qeyrətli, mərd, igid qəhraman oğlu Rasim Ramazanov dünya durduqca sizin adlarınız Azərbaycan tarixində daim yaşayacaq. Allah, Rasim, sənə və vətən uğrunda canından keçən bütün şəhidlərimizə rəhmət eləsin!
(-) AMEA Naxçıvan Bölməsi Əlyazmalar Fondunun elmi işçisi