İki Şiir / Aynurə İnci

- Şiir
GƏZİR
Yalan ayaq tutub yeriməkdədir,
Gerçək, uzun yolun qısasın gəzir.
Həqiqət səbr ilə,sahilə çatır,
Səbir də daşmağa kasasın gəzir.
Mərdlər namərdlərin sırasındadır,
Halal haramların arasındadır,
Bəs düzlük dunyanin harasindadır?
Vicdan oturmağa masasın gəzir.
Haqsızliq həyatın sükanı olub,
Dünyamız yaltaqlar məkanı olub,
Yalan şər-böhtanın təkanı olub,
Ədalət hələ də, “əsa”sın gəzir.
- Şiir
QADIN
Nə baharı oldu, nə yayı oldu,
Uğursuz illərə qarışdı qadın.
Dərdin nə ölçüsü, nə sayı oldu,
Qəlb açıb gecəyə danışdı qadın.
Dodaqda təbəssüm,gözlərdə nəmi,
Vardır həyatında sevincdən kəmi,
Saxta gülüşlərdə gizlətdi qəmi,
Ruhuyla gizlicə alışdı qadın.
Dözdü bu həyatda hər cür sınağa,
Bənzədi taleyi sönən çırağa,
Büdrədi,yıxıldı, qalxdı ayağa,
Sanki dərdlər ilə yarışdı qadın.
Yağsa da saçına bəxtinin qarı,
Solsa da ömrünün bağçası-barı,
Şükürlə üz tutdu allaha sarı,
Bu cür taleyilə barışdı qadın.
Qardaş Türkiyəyə sevgi dolu salamlar. Təşəkkürlər …
Çox gözəl qələm sahibi olan Aynurə İnci. Uğurlar arzulayıram dəyərli şairəmiz 💕👏💐