Şirin Xatirə / Xalidə Abdullayeva
Heç nə vermir yerin ötən illərin,
Heç nəyin qalmayıb duzu, məzəsi.
Çoxdandır kəsilib qulağımızdan
Kəndlərdə çalınan zurnanın səsi.
O vaxt qapıları pusardıq bir- bir,
Hələ üzük ilə fal da tutardıq.
Sevdiyimiz kəsin adını çəkib,
Duzlu qoğal yeyib sonra yatardıq.
Heç çıxmır yadımdan həmin zamanlar –
Qonşuya papaq da atıb qaçardıq.
“İl ildən pis gəlir” deyərdi nənəm,
İndi zaman keçdi, bizsə qocaldıq.
“O ötən günlərə heç bir gün çatmaz”
Əzəldən söyləyib belə atalar.
Anladım, ömürdən keçsə də illər,
Keçən gündən şirin xatirə qalar.