Gəlirsən mi? / Aygün Sadiq
Yenə xəyallarımla baş-başa oturmuşuq,
Bu sabah ikimiz də bir az erkən durmuşuq…
Sən adlı müsafirə bəzədik eşq otağın,
Sevgi ləçəkləridir hər bir küncü, bucağı,
Gəlirsənmi, əzizim?
Bir şair ürəyinin təlatümü çox olur,
Hərdən istidən isti, gah da ki, soyuq olur,
Onun qəlbinin yolu öyrən, nədən keçir, bil,
Bu sirri öyrənməsən, o ürək sənin deyil,
Bilirsənmi, əzizim?
Ürəyin çırpınanda qəfəsdəki quş təki,
Sanki yüz illər öncə-çoxdan ayrılmış təki,
Ağlını durduranda yenə dəlisov ürək
Özləmlər pəncəsində sən də sitəm çəkərək
Solursanmı, əzizim?
Gəlişimin müjdəsin xəfifcə əsən yeldən,
Saçlarımın ətrini bağçada qızılgüldən,
Alovlu baxışların xatirəsin otaqdan,
İtkin nəvazişləri həmin xöşbəxt yataqdan
Alırsanmı, əzizim?
Gözlərin səpilirmi mən müjdəli yollara?
Boynun həsrət çəkirmi həmin tanış qollara?
Qolların darıxırmı dolandığı bel üçün?
Ömrün qurban gedirmi eşq adlı bədəl üçün?
Ölürsənmi… Əzizim….