DergiZan

Yazı ve Sanat Ülkesi

Şair və Hökmdar / Akif İmanlı

Minnətdarlıqla yad etdiyim çox hörmətliprofessor Füzuli Bayata xoş günlər arzusu ilə…

Bir neçə ilin ayrılığından sonra Şair təhsilini başa vurub, böyük filosof və adlı-sanlı şair kimi Vətənə qayıtdı. Şəhər əhalisi onu böyük sevinclə qarşıladı. Dostu, məmləkətin hökmdarından bir səs çıxmadığını görüb, fikirləşdi ki, “Yəqin işi çox olduğundan gəldiyimi bilmir. Yaxşısı budur özüm onun görüşünə gedim”. Xanımı Gülü də götürüb, saraya üz tutdu. Onlar söhbət edə-edə gəlib Bağ küçəsindən keçəndə keşikçi  onların qabağını kəsdi. Amiranə səslə soruşdu:

  • Sizə Bağ küçəsi ilə keçməyə kim ixtiyar verib?

Keşikçinin bu hərəkətindən təəccüblənən Şair dedi:

  • Necə yəni kim ixtiyar verib? Biz öz ixtiyarımızla gedirik. Məgər küçə ilə getməyə də icazə lazımdır? 
  •  Bəs bu?  – keşikçi qadını göstərdi, -bu da öz ixtiyarı ilə Bağ küçəsi ilə gedir?
  • Hə, -deyə Şair cavab verdi, – bu mənim xanımımdır. O da öz ixtiyarı ilə küçədə gəzir.
  • Onda zindana da öz ixtiyarınızla  gedəcəksiniz. Orada da öz ixtiyarınızla çürüyüb, məhv olacaqsınız.
  • Necə? – deyə Şair son dərəcə təəccübləndi. – Məgər bizim ixtiyarımız özümüzdə deyil? Yəni biz istədiyimiz küçə ilə gedə bilmərik?
  • Yox, – deyə keşikçi qətiyyətlə cavab verdi. Sonra nəsə fikirləşib əlavə etdi: – Bu şəhərdə yaşaya-yaşaya  hələ də bilmirsiniz ki, bu küçənin ixtiyarı hökmdarımızdadır. Bilmirsinizsə bilin. Heç kimə bu küçə ilə getməyə icazə verilmir. Sizin bu əmrdən niyə xəbəriniz yoxdur?

Çaşqınlıq içində qalan Şair bir anlığa toxdadı. Özünü ələ alıb sakit tərzdə dedi:

  • Neçə illər idi ki, bu şəhərdən getmişdim. Bura yenicə qayıtmışam.

Keşikçi Şairi başdan ayağa diqqətlə süzüb, onun adi adamlara bənzəmədiyini elə əyin- başından, pal –paltarından hiss etdi. Bir az izahat verməyi lazım bildi:

  • Hökmdarımız şəhərin ortasında gördüyünüz o gözəl bağı saldırıb, bağa gedən bu küçəyə də “Bağ küçəsi” adını verib. Bu bağda hökmdarın özündən və əyanlarından başqa heç kimin gəzməyə ixtiyarı yoxdur. Bağ küçəsi ilə başqa adamların getməsi onun əmri ilə qadağan olunub. Bu küçə ilə  gedənləri tutub zindana salırlar. İndi aydın oldu?

Keşikçi sözünə bir az ara verib:

  • Siz yəqin alış-veriş adamısınız, bəlkə sövdəgər, bəlkə də iri karvan sahibisiniz, -deyə nisbətən yumşaq səslə dilləndi.
  • Yox, mən şairəm.

Keşikçi onun sözünü ağzında yarımçıq qoydu, bir az təlaş, bir qədər də həyəcanla tələsik soruşdu:

  • Yoxsa, Mövlanə?…
  • Bəli – deyə şair cavab verdi.

Keşikçi şairin adını çox eşitmişdi, üzünü görməmişdi. İndi şairlə qarşılaşdığına sevindi, əllərini sinəsinə qoyub, təzim etməklə ehtiramını bildirdi. Lakin bu sevinc çox qısa sürdü. Sultanın əmrini xatırlayıb dilxor oldu, nə edəcəyini ayırd edə bilmədi.  Onu bu vəziyyətdən Şair qurtardı. Şair fikirləşdi ki, keşikçi ilə söz güləşdirməyin vaxtı deyil, yaxşısı budur deyim ki, bizi padşahın hüzuruna aparsın. Bu fikirlə keşikçiyə dedi:

  • Bizi zindana yox, əvvəlcə hökmdarın yanına apar.

 Şair hökmdarla olan yaxınlığına, dostluğuna ümid edirdi. Şair hökmdarla uşaqlıqdan dost idilər. Onlar məktəbdə bir yerdə oxumuşdular.

Keşikçinin çiynindən sanki ağır yük götürüldü. Şairin tanınmasına, şöhrət sahibi olmasına güvənib özünün də cəza almayacağı ümidilə şairin təklifilə razılaşmalı oldu. Şairlə xanımı Gülü hökmdarın hüzuruna gətirdi. Hökmdar gördü ki, keşikçinin tutub gətirdiyi adam onun uşaqlıq dostudur. Bilmədi nə etsin.

          Hökmdar çətin vəziyyətə düşmüşdü. Fikirləşirdi ki, “Əgər desəm bunları tanıyıram, bu adam uşaqlıq dostumdur, onda əyanların yanında biabır olaram, öz əmrimi özüm pozmuş olaram. Özümü tanımazlığa vurub, bunları zindana atdırsam, onda da Şair məndən inciyəcək, bir ömürlük dostluğumuz pozulacaq. Yaxşısı budur Şairə bir sual verim, əgər doğru cavab verib, hamını razı salsa, onu tanıdığımı bildirərəm, cəzadan da xilas olar. Əgər cavab verə bilməsə, onda bəxtindən küssün”.

  • Hə, qonaq, – deyə hökmdar üzünü Şairlə Gülə tutdu, – Bağ küçəsi ilə getdiyinizə görə günahkarsınız. Sizi buna görə zindana saldırmağa ixtiyarım var. Ancaq bir sual verəcəyəm. Cavabınız bizi qane etsə, sizi bağışlaram. Sualım belədir: Elə bir söz de ki, nəyə görə “Bağ küçəsi” ilə getdiyiniz o sözdən bilinsin.

Şair bir anlığa fikrə getdi, alnını ovşdurdu, sonra bədahətən bu misraları söylədi: “Şair keçdi küçədən piyada yarı ilə; Adam bəlaya düşərmi öz ixtiyarı ilə? Bağbanı dost bilib, gəldim küçə bağı ilə; Əhv etsələrdi, gedərdim Gül yarım ilə.”

Hökmdar, Şairin bu sözlərinə heyranlığını və razılığını gizlədə bilmədi; üzündə xoş təbəssüm yarandı. Əyanlara – vəzir-vəkilə baxdı, onların çoxunun başını razılıq əlaməti ilə yüngülcə əyib-qaldırdıqlarından hiss etdi ki, onlar da bu cavabdan məmnun qalıblar.

Hökmdar dostunu bir daha sınamaq istədi.

  • Nə üçün şair Türkcə yazır? Məgər Fars dilinin şeir dili olduğu ona məlum deyil?

Şair başa düşdü ki, hökmdar onun “Mühakimət-ül lüğəteyn” əsərini oxuyub. Odur ki, dedi:

  • Sultanım, hökmdarım, Fars dili yüksək və dərin mənaları anlatmaqda gücsüzdür. Məsələn, Türkcə tamsımaq, ağlamsınmaq, sıtqamaq, hıçqırmaq kimi sözlərin Fars dilində qarşılığı yoxdur. Türkün biliksiz və zavallı gəncləri gözəl sanaraq Farsca şeirlər söyləməyə çalışırlar. Yaxşı və dərin düşünsələr Türk dilində bu qədər incəliklər olduğu halda bu dildə şeir söyləməyin və sənətkarlıq nümayiş etdirməyin daha yaxşı olduğunu anlarlar.

Hökmdar taxtından enib “Məni bağışla, dostum”, -deyib Şairi qucaqladı. Sonra üzünü əyan-əşrətə tutub dedi:

  • Mənim bu dostum təhsilini davam etdirmək, tamamlamaq, eyni zamanda yaradıcılıqla məşğul olmaq üçün Səmərqəndə, Buxaraya getmişdi. Budur, indi şairlər şairi kimi qayıdıb.

Sultan bu sözlərdən sonra Şairdən soruşdu:

  • Dostum, işlərin nə yerdədir?
  • Dediyiniz kimi, təhsilimi tamamladım. Müəllimim Əbdürrəhman Cami həzrətlərinin məsləhəti və tövsiyəsi ilə məşhur Azərbaycan şairi Gəncəli Şeyx İlyas Nizaminin “Xəmsə”sinə uyğun türk dilində başlamışam “Xəmsə” yazmağa. İnşaallah, tezliklə onu tamamlayıb sizə təqdim edəcəyəm.
  • Afərin, dostum,-deyə hökmdar şairin çiyinlərindən tutaraq özünə tərəf çəkib, köksünə sıxdı. Sonra əlavə etdi, – Sabahdan işinə başla, axı sən mənim baş vəzirimsən.

≠     ≠    ≠

Şair bilirdi ki, hökmdarlara yaxın olmaq, dağın zirvəsinə dırmaşmaq kimi bir şeydir; dağın zirvəsindən yıxılan bir dəfəlik məhv olar. Şair onu da aydın dərk edirdi ki, adi insanlar kəsdikləri çörəyi heç vaxt tapdalamır, ona sadiq qalırlar, bu səbəbdən də dostluqları möhkəm olur. “Müdrik xalq bunu necə də dəqiq ifadə edib”, -deyə eşitdiyi bir xalq rəvayətini xatırladı. Padşahın xəzinəsini yarmaq istəyən bir nəfər xəzinəyə daxil olub əlinə keçən daş-qaşları, ləl-cəvahiratı torbaya doldurur. Səhər vəzir-vəkil gəlib görürlər ki, oğru daş-qaşla doldurduğu torbanı xəzinənin bir küncündə qoyub gedib, heç nə aparmayıb. Onu tutub padşahın yanına gətirirlər. Padşah ondan soruşur ki, bəs niyə götürdüklərini aparmamısan. Həmin adam utana-utana deyir ki, xəzinədə parlaq bir şey gözümə dəydi. Ona tamahım düşdü. Götürüb qaranlıqda nə olduğunu bilmədim, nəhayət, dilimə vurdum. Gördüm ki, duz parçasıdır. Dedim mən padşahın duzundan daddım, ona xəyanət edə bilmərəm. Torbanı orada qoyub çıxdım…

Sadə, namuslu xalq üçün duz-çörək bu mərtəbədədir.

Padşahların isə əksinə, çörəkləri dizlərinin üstündə olduğundan, hər zaman onu yerə vurmağa alışqandırlar. Elə uşaqlıq dostu, məktəb yoldaşı bu hökmdar olsun. Neçə dəfə saray dedi-qodusuna, şər və böhtana uyub onu gah saraydan uzaqlaşdırmış, gah da zindana saldırmışdır. Düzdür, hökmdar onu digər vəzirlərindən fərqləndirirdi. Bu fərqləndirmə, təqdiretmə onların dostluğundan çox, Şairin ağılı, fərasəti, hazırcavablığı sayəsində idi. Belə düşüncələrə qapanıb qaldığı vaxt vəzirlər onun başının üstünü kəsdirdilər:

  • Mövlanə, aman günüdür bizi xilas et! Yenə Sultanın də…

Qabaqda gəlib özünü Şairin yanına salan vəzir istədi deyə ki, yenə sultanın dəliliyi tutub. Ətrafındakı vəzirlərin nəfərslərinin səmum yeli kimi boyun-boğazını qarsalaması, ağzına gələn kəlməni zorla da olsa qaytarmağa məcbur etdi. Bu yolla da etdiyi səhvə görə alacağı cəzadan-edamdan qurtarmış oldu. Nəfəsini azacıq dərib, sözünün “də” hissəsini belə tamamlaya bildi: – Yenə Sultanın dərin zəkası bizi çətin imtahan qarşısında qoyub.

  • Nə olub? – Şair təəccüb və bir az da maraqla soruşdu.
  • Sultan dünyada ən yaxşı iy nədirsə onu mənə gətirin deyib durub. Bizə üç gün möhlət verib, səni də soruşdu.

Şair dilxor olmuşdu. İlk dəfə idi ki, Sultanın “dünyada ən yaxşı iy nədirsə, onu mənə gətirin” tələbi qarşısında aciz qalmışdı. Saray əyan-əşrəfi qızılgüldən bənövşəyə qədər nə qədər gül – çiçək toplayıb gətirdilərsə də Sultan  “bu deyil”, -deyib inad edirdi.

…. Şair saraydan erkən çıxdı. Yolunu şəhərin kənarından saldı, evə getməyə tələsmədi. Şair də vəzir olduğu üçün hökmdarın  tələbinə cavabdeh idi. Həmişə onun suallarına, tələblərinə cavab verib, sultan tərəfindən təqdir olunan Şair bu dəfə dostunun nə istədiyini başa düşə bilmirdi. Nə qədər fikirləşdisə ağlına bir şey gəlmədi. Bu fikirlə arx boyu getməyə başladı. Sahəsini suvaran bir əkinçi gördü. Ayaq saxladı. Əkinçi ilə söhbət etmək, fikrini dağıdıb, bir az rahatlamaq istədi. Salam verib, salam aldı. Fikri dağınıq olduğu üçün sözə nədən başlamağı qətiləşdirə bilmədi. Elə-belə, xala, xətrin qalmasın:

  • Zəhmətkeş adama oxşayırsan, -dedi.
  • Bəs sən, yolçu qardaş, hardan gəlib, hara gedirsən?-deyə əkinçi soruşdu.

          Şair su üstündə çox davaların olduğunu, əkinçilərin bir-biriləri ilə əlbəyaxa vuruşduqlarını, bir-birinin başını yardıqlarını çox eşitmişdi. Hətta su üstündə qətl hadisələri də olmuşdu. Bunun suyunu kəssən, cəhl adam olsa, savaşqan, tez özündən çıxan, daha başqa bu kimi xüsusiyyətli adamlardan olsa, həmən özünü büruzə verəcək, hətta əlindəki bellə yetirib hərbələyəcək, artıq-əskik sözlər deyəcək. Şair bunları aydınlaşdırmaq məqsədilə dedi:

  • Bu arxın yuxarı başında mənim də sahəm var. Çoxdan suvarılmadığından tikan basıb, gedirəm sənin suyunu kəsib, oranı suvaram.
  • Neynək, get tikanlığını suvar, qurtaranda gəlib su növbəmə sahib olaram.

Şair əkinçinin çox yaxşı, xeyirxah adam olduğunu anladı. Əgər pis adam olsaydı şübhəsiz artıq-əksik danışacaqdı, hədə-qorxu gələcəkdi. Şair əkinçini bir az da söhbətə tutub, daha yaxından tanımaq istədi:

  • Əkinçi qardaş, gününü –güzəranını bilmirəm, de görüm, indi məni evinə qonaq aparsan, qoyundan, keçidən kəsmək imkanın varmı?
  • Niyə yoxdur. Tapsam birini, tapmasam ikisini kəsərəm, -deyə əkinçi şəstlə cavab verdi.

Şair gördü ki, bu əkinçi xeyirxah olmaqla yanaşı, həm də ağıllı və müdrikdir.

  • Anladım, əkinçi qardaş, demək sənin vur-tut bir heyvanın var ki, o da boğazdır. Satın almağa qoyundan-keçidən tapmasan, məcbur qalıb qarnında balası olanı kəsəcəksən.

 Əkinçi də öz növbəsində anladı ki, qarşısındakı adi insanlardan deyil, mütəfəkkir adamdır. Nəhayət, Şair özünü düşündürən məsələnin üstünə gəldi:

  • Qardaş, dünyagörmüş adama oxşayırsan, dünyada ən yaxşı iy nəyin iyidir?
  • Bunu bilməyə nə var ki, -deyə əkinçi cavab verdi: -dünyada təzə bişirilən çörəyin iyindən yaxşı iy ola bilməz.

Bu cavabı eşidən Şairin kefi duruldu, özünü sanki göyün yeddinci qatında hiss etdi. Əkinçi ilə vidalaşmaq istəyəndə əkinçi soruşdu:

  • Yolçu qardaş, bəs özünü nişan vermədin axı. Sən kimsən, kimlərədənsən?

Bu ağıllı adamla yaxından tanış olmaq elə Şairin də ürəyindəndi:

  • Mən Mövlanə deyilən şairəm, eşitmiş olarsan.
  • Nə, necə? Şair mi? Mövlanə mi? –deyə əkinçi elə həyəcanlandı, özünü elə itirdi ki, bilmədi nə etsin. Bayaqdan arxın tirəsinə sancdığı belin sapından yapışıb dayanan əkinçi cəld əlini beldən çəkdi, arxı tullandı. Yetirib Şairin əllərindən tutdu:
  • Sənə şükürlər olsun, ilahi, adı dillərdə gəzən şairi görməyi, onunla tanış olmağı mənə qismət eylədin, -deyib nəfəsini dərdi. Sonra əzbər bildiyi bu şeiri söylədi:

Yerinə düşməyən söz tufan salar,

Susar söz bülbülü, nəğməsiz qalar.

Yarəb, bir nəzər sal söz bağçasına,

Sən  bülbül  lisanı vermisən  ona.

Çatdır  ucalığa  sən  bizim  dili,

Susmasın bu bağın şeyda bülbülü!

Şair əkinçidən çox razı qaldı, eşitdiyi şeirdən məmnun oldu, əkinçini bağrına basdı. Əkinçi şairin getmək istədiyini hiss etdi. Əlinə düşən bu fürsətdən daha çox yararlanmaq istəyilə söhbəti uzatdı:

  • Mövlanə, “Şairlərin ən xoş kəlamıdır o, “Xəmsə” yaradan Nizamidir o”, –deyirsiniz, Gəncə adı da çəkirsiniz: “Xərabə dünyada Gəncə əhlinə, Bəxş edib beş yeni dolu xəzinə”. Əziz şair, mən belə başa düşürəm ki, Nizami Gəncə adlanan məmləkətdəndir, çünki təxəllüsü Gəncəvidir.
  • Dostum, -deyə Şair bu maraqlı, qabiliyyətli adama bir qədər izahat verməyi lazım bildi, – Gəncə məmləkət yox, şəhər adıdır. Gürgan dəryasının, – onu deyim ki, bu dəryanın çoxlu adları tarixdən məlumdur, -Türküstanın o biri səmtində, məğribdə Azərbaycan adlı qədim bir ölkə yerləşir, Gəncə həmin ölkənin böyük şəhərlərindən biridir. Mənim hörmətlə yad etdiyim, adı dünyalarca məşhur, ilk “Xəmsə” yaradan İlyas Yusif oğlu Nizami həmin şəhərdə doğulub, orada da yaşayıb yaradıb. Dostum, indi aydın oldumu?

Əkinçi şairi bir az da yubatmaq istədi:

  • Siz Nizami Gəncəvidən sonra Əmir Xosrov Dəhləvinin, hətta heratlı Əşrəfin də adını çəkirsiniz.
  • Dostum, söylədiyin adçəkmə bir ənənədir, yaradıcılıqda bir ədəb-ərkandır. Özümüzdən əvvəlki şairləri necə yad etməyəsən? Mən də “Xəmsə” yaradıram. Sən özün indicə mənim “Xəmsə”mə daxil olan “Yeddi səyyarə”dən bir parça söylədin. Qaldı ki, heratlı şair Əşrəfə, onun da “Yeddi taxt” adlı maraqlı əsəri var. Tap, onu da oxu.

Şair toxdayıb, nəfəsini dərdi, sonra “Sağlıqla qal, günlərin xoş keçsin”, -deyib, əkinçi ilə xudahafizləşdi. Bir-iki addım atıb dayandı, dönüb əkinçi dostuna ərkyana dedi:

  • Mənə dair nə qulluğun olsa, çəkinmə, gəl yanıma.

        Şair neçə vaxt idi ki, belə sevinməmişdi. Təzə tanışı bir yana, onu ən çox sevindirən dünyada ən gözəl iyi – təndir çörəyinin ətrini öyrənməsi idi. Şair az qala uşaq kimi atdana-atdana gedir, sanki quş kimi uçurdu. Yolu gedə-gedə müəllimi, qəlb dostu Əbdürrəhman Caminin tez-tez Abdüllah Ənsaridən misal gətirdiyi kəlamı dodaqaltı öz-özünə pıçıldadı: “Hər ağıllı qocadan bir söz öyrənin, bunu bacarmasanız, onların adlarını xatırlayın ki, fayda görə biləsiniz”. Öyrəndim, ustad, öyrəndim, -deyə-deyə şad –xürrəm yaşadığı küçəyə çatdı. Ora-bura vurnuxan bir adam özünü ona yetirib:

  • Qardaş, mən mövlanəni axtarıram, onu necə tapa bilərəm? Bəlkə mənə kömək edəsən? –  deyərək onu əylədi.

Şairin kefi kök, damağı çağ idi. Kişiylə zarafat etmək fikrinə düşdü və ona belə cavab verdi:

  • Bilmənəm, görmənəm, eşitmənəm.

Hiss etdi ki, bu adam bir şey anlamadı. Ancaq qımışıb, kişidən aralandı, çox asta addımlarla irəlilədi. Fikirləşdi ki, görək bu adam nə edəcək. Elə azacıq aralanmışdı ki, arxadan bu səsləri eşitdi.

  • Qardaş, mən mövlanəni axtarıram, onu tapmaqda mənə kömək et. Soraqlaşa-soraqlaşa bura qədər gəlib çıxmışam.
  • Elə indicə söhbət etdiyin adam o idi də.

Kişi bu sözləri eşidən kimi özünü Şairə yetirib narazılıqla soruşdu:

  • Qardaş, mövlanə olduğunu niyə boynuna almadın?
  • Mən özümü nişan verdim, sən anlamadın –deyə Şair gülümsədi.
  • Mən kasıb adamam, sənin dediklərini başa düşə bilmədim.
  • A kişi, kasıblığın baş işlətməyə nə dəxli? Sən soruşdun mən də cavab verdim ki, axtardığın adam bil mənəm, gör mənəm, eşit mənəm.

Şair  mehribancasına kişinin qoluna girdi, evinə apardı. Kişidən onu nə üçün axtardığını soruşdu.

  • Oğlumu evləndirmək istəyirdim…

Şair kişinin məqsədini anlayırmış kimi, sözünü kəsdi:

  • Məsələ aydındır. Bir müəllimin keçmiş tələbələrindən biri gəlib ustadına deyir: “Müəllim, evlənmək istəyirəm, nə məsləhət görürsən?” Müəllim də “Məsləhətdir, -deyir. –Hər müsəlman vaxtı çatanda ailə qurmalıdır. Sənə məsləhətim budur: qız alsan, sən bilərsən, dul alsan mən bilərəm, ərindən boşanan alsan, nə sən bilərsən, nə mən”.

Şair bunları deyəndən sonra əlavə etdi:

  • Elə mən də o müdrik müəllimin sözlərini oğluna məsləhət görürəm. Bunları oğluna çatdırarsan.

Şair kişinin gözlərini döyüb durduğunu gördü. Soruşdu:

  • Qardaş, dediklərimi başa düşə bildinmi?
  • Mövlanə, mən kasıb bir adamam, elə qəliz sözləri necə anlayım?
  • Yenə kasıb məsələsi. Yaxşı qoy izah edim. Bu sözlərin mənası belədir: qız alsan, sən nə desən o deyəcək ki, sən bilərsən, çünki ilk dəfə ərə gəldiyi üçün ərini evin böyüyü biləcək, hər nə olsa, sən bilərsən deyəcək. Dul alsan, hər nə olsa, özünü qabağa verib deyəcək sən belə şeyləri bilməzsən, mən bilərəm, çünki o bir dəfə düşüb çıxıb. Əgər ərindən boşanan alsan, o da heç bir sözə baxmayacaq, çox olsa yenə boşanacaq. Aydın oldu?
  • Aydın olmağına aydın oldu. Ancaq mən ayrı məsləhət almağa gəlmişəm. Oğlumu evləndirmək istəyirdim. Toy tədarükü üçün az-az pul artırıb, bələdlədiyim bir yerdə gizlətmişdim. Pulun başını bir az da düzəltmək üçün gedəndə gördüm ki, pul yoxdur, oğurlayıblar. Sizi hər şeyi bilən adam kimi mənə tanıdıblar. Ona görə uzaq yolu bura qədər gəlmişəm ki, bəlkə siz bildiniz, pulu kim oğurlamış olar?

          Şair bilmədi gülsün, ya ağlasın. Onun adı, şöhrəti məmləkətə yayılandan sonra çox adam ondan məsləhət almış, ondan kömək ummuşdu. O da bacardığı qədər insanlara kömək kömək etmiş, ağıllı məsləhətlər vermişdi. Bu cür məsləhət almaq istəyən adamla ilk dəfə rastlaşırdı. İstədi deyə ki, mən nə rəmmalam, nə münəccim. Demədi. Çünki görürdü ki, bu, çox da dərrakəli, ağıllı adam deyil. Sadəcə safqəlbli, sadəlövh bir kəndlidir. Belə bir adamın qəlbinə dəymək, əli ətəyindən uzun yola salmağı da özünə sığışdırmırdı. Bu kişi hər halda ümid yeri bilib, bura gəlmişdi. Çox fikirləşdi, xeyli götür-qoy etdi. Nəhayət, ağlına gələn bir fikirlə sözə başladı:

  • Sizin kənddəki molla adamları, məncə, daha yaxşı tanıyır. Sən bu məsələni get əvvəlcə ona anlat. Elə zənn edirəm o, sənin pulunu götürən adamın kim olduğunu tapıb sənə deyəcək. Əgər işdi, şayəd tapa bilməsə, gələrsən, mən taparam.

          Şair həmin adamı evində qonaq saxladı. Səhər tezdən təndir qalatdırıb, çırppa və dəstana yapdırdı. Onlardan bir neçəsini qonağının yoluna qoydu, onu küçə qapısına qədər ötürdü, vidalaşanda pul kisəsini çıxardıb kişinin ovcuna basdı: “Məndən toy ərmağanı olsun,” –dedi. Qonaq onun bu alicənablığından mütəəssir oldu, qəhərləndi, özünü güclə toparlayıb “Allah səndən razı olsun,” –deyə pıçıldadı.

          Şair qonağı yola salıb, evə qayıtdı. Təzə bişirtdiyi çörəkləri götürüb saraya gəldi. Saraya elə gözəl iy doldu ki, hamının ağzı sulandı.

  • Çox sağ ol, dostum, -dedi hökmdar, -könlüm təzəcə bişirilmiş çörək iyini istəyirmiş.
  • Sultanım, könlünüzün bu istəyini bir əkinçi tapdı. “Sağ ol” ona düşür, – deyə Şair əkinçi dostunu bir daha xatırladı.

≠     ≠    ≠

          Sarayda nəsə sakitlik idi. Hökmdar da gözə görünmürdü. Şair fikirləşirdi ki, əksər müsəlman hökmdarları kimi, dostu da yəqin hücrəsinə qapanıb qəzəldən, filandan nəsə yazır. Sarayda yaranan nisbi sakitlikdən o da yararlanmaq istədi. Əlini qələmdana atdı, sol əli ilə alnını ovuşdurdu, fikrini cəmləyib, əlindəki qələmi mürəkkəbə batırmışdı ki, qapı astaca tıqqıldadı, sonra cırıltı ilə azacıq aralandı. Saray əyanlarının öz aralarında “yekəbaş” adlandırdıqları xidmətçinin ensiz çiyinləri üstündə nazik boynunda bərqərar olan iri başı göründü.

  • Mövlanə, bir nəfər kənd adamı sizi görmək istəyir, -dedi.

Şair yüngül hiss edilən əsəbiliklə əlindəki qələmin ucunu mürəkkəb qabının ağzına bir neçə dəfə asta-asta çırpdı, sonra qələmdana qoyub bir kəlmə “Gəlsin” –dedi.

İçəriyə ortaboylu, arıq, ovurdu batıq, almacıq sümükləri aşkar gözə çarpan bir adam daxil oldu. Salam verib, əllərini sinəsinə qoyub, təzim etdi. Şair diqqətlə kişini nəzərdən keçirəndə tanıdı. Özünü ələ alıb kişiyə xoş sifət göstərdi.

  • Mövlanə, şəhərə gəlmişdim, dedim sizi də görüm, həm də bir xahişim var – deyə sözə başladı, – məni tanıdınızmı?
  • Əlbəttə tanıdım. De görüm, pulunu tapa bildinmi? Oğluna toy etdinmi?
  • Bəli, mövlanə, Allah sizdən razı olsun. Sizin məsləhətiniz üzrə əhvalatı kəndimizin mollasına söylədim. Molla bir az fikirləşəndən sonra dedi ki, get pulunu filankəsdən istə. Mən də getdim həmin adamın yanına, dedim ki, ay qardaş, mən o pulu zülümlə artırmışdım. O pulla oğluma toy edəcəkdim. Pulumu götürübsən, mən də qalmışam naəlac. Mövlanə, mən belə qandım ki, həmin adam qəfil yaxalandığından təşviş etdi, qorxan təhər oldu, bir-iki dəfə udqunub dedi: -Qardaş, bağışla, o puldan azacıq xərcləmişəm, qalanını qoy gətirim verim.

          Əziz mövlanəm, o adam elə həyəcanlanmışdı ki, mən belə qandım qazıya şikayət edəcəyimdən qorxdu. Mənə bərk-bərk tapşırdı ki, “bir daş altda, bir daş üstdə, nə dəvə gördün, nə də qığını” – Mən də dedim, arxayın ol.

  • Yaxşı, bəs molla nədən bilmişdi ki, sənin pulunu məhz o adam götürüb, – deyə Şair maraqlandı.
  • Hə onu deyirəm axı. Pulumu alıb, sevincək qayıtdım mollanın yanına, dedim “Ay molla əmi, Allah səndən razı olsun. Pulumu aldım. Sən pulumu o adamın götürdüyünü nədən bildin?” Molla da gülümsünüb, saqqalını tumarlaya-tumarlaya dedi ki, mən məscidin minarəsindən sübh əzanı verəndə fikir verirdim ki, həmin adam hər gün tezdən evdən çıxır, boynunu qısıb, belini bükərək, qoltuğunda çörək dəsmalı qaşqabağlı halda harasa iş dalınca gedir, axşam əzanı vaxtı da eyni vəziyyətdə qayıdırdı. Son vaxtlar gördüm ki, o adamın əhvalında dəyişiklik baş verib. Çox dik-dik gedir, şəstlə qayıdır, qaş-qabağı düzəlib, ha belə. Fikirləşirdim, görəsən buna nə olub belə. Bu vaxt sən gəldin. Mən də gümanla səni onun yanına göndərdim.

          Şair eşitdiyi əhvalata xeyli güldü.

  •  Mövlanə, bizim əyalətdə bir çoxbilmiş, bicəngə tacir var, özünə köməkçi axtarır. Ancaq şərt qoyub ki, kim bazardan can, yarımcan, zəhrimar alıb gətirsə onu götürəcək. Mövlanə, güzəranımız ağırdır, oğlum da işsizdir, – deyə kəndli tanışı şairdən kömək dilədi.

Şair tacirin çox ağıllı adam olduğunu anladı. Bazardan can, yarımcan, zəhrimar alıb gətirmək deyəndə nəyi nəzərdə tutur? –deyə fikrə getdi. Zəhrimar, yəni ilan zəhəri və ümumiyyətlə, zəhər, zəhərin də əlacı nədir? Əlbəttə, qatıq. Bəs yarımcan nədir? Hələ canlıya çevrilməmiş bir şey. Hələ canlıya nə çevrilmir? Fikirləşib tapdı. Quşların yumurtası . Demək, bazardan alınası yarımcan yumurtadır. Mal-heyvan isə canlılardır. Bazardan can alıb gətirmək deyəndə tacir mal-heyvan əti nəzərdə tuturmuş.

Bayaqdan Şairin alnını qırışdırıb fikrə daldığını seyr edən kəndli, birdən onun sifətinin nurlandığını hiss etdi, şair gülümsəyib dedi:

  • Oğluna deyərsən bazardan ət, yumurta, bir torba da süzmə qatıq alıb tacirə verər. İşi düzələcək. Amma tacir göründüyü kimi, dərrakəli, fərasətli adam axtarır. Allah oğluna yar olsun.

Kəndli sevincək ayağa qalxıb, əllərini sinəsinə qoydu, təzim edə-edə “Allah sizdən razı olsun, əziz mövlanə,” -dedi və dalı-dalı qapıya tərəf getdi. Şair ona cibxərcliyi verib yola saldı.

                                               ≠     ≠    ≠

Hökmdar qəzəbli görünürdü.Vəzirlər taxtın sağında, solunda əllərini qarınlarının üstünə qoyaraq, boyunlarını qısıb səf düzülmüşdülər. Hökmdarın onları nə üçün yanına yığdığını intizarla gözləyirdilər. Hökmdar birdən başını qaldırıb hirslə dedi:

  • Bazar-dükan vəziri!

          Vəzirin rəngi saraldı, bir addım irəli çıxıb, bədəni uçuna-uçuna sultanın nə deyəcəyini gözlədi.

  • Sən bütün bazar-dükanı öz adamlarınla, qohum-əqrabanla doldurmusan. Qəssab sənin qohumun, əttar sənin adamın, baqqal səninki, həllac, culfa, nə qədər ki əsnaf var hamısı sənin qohumlarındır. İş o yerə çatıb ki, qumarbazların leylacı-başçısı da səninkilərdəndir. Gör sən nə qədər qudurubsan ki, qoymursan əkinçi, kəndli becərdikləri məhsulları sərbəst satsın. Gərək ucuz qiymətə sənin adamlarına satalar, onlar da dədələrinin qiymətini üstünə qoyub əhaliyə sırıyalar. Sənə bu ixtiyarı kim verib?

          Sultan danışığına azacıq ara verib:

  • Eşitmişəm, -deyəndə gözucu baca vəzirinə baxdı . Şair həmən an anladı ki, bazar-dükan vəzirini ələ verən baca vəziridir. Sonra da fikirləşdi ki, onun da vəzifəsi budur.
  • Eşitmişəm ki, saysız-hesabsız mülklərin ola-ola saray boyda imarət tikdirmisən. Cavab ver!

Vəzir qorxa-qorxa, titrək, zəif səslə:

  • Sizə hədiyyə etmək üçün tikdirmişəm, -deyəndə, Sultan qışqırdı:
  • Kəs, mənə hədiyyə edənə bax. Mənim nə vaxtdan sizlərin hədiyyəsinə ehtiyacım olub?

Hökmdar danışığına ara verib, üzünü Şairə tutdu:

  • Mövlanə, biz məktəbdə oxuyanda müəllimimiz xəlifə Harun-ər Rəşid və onun vəziri Cəfər Bərməki haqqında maraqlı söhbətlər edirdi. Bəlkə yadında ola.
  • Əlbəttə, yadımdadır, sultanım. Bərməkilər iranlı olublar. Harun ər-Rəşid Bərməkilərin köməyi ilə hakimiyyətə gəlmişdi. Cəfər Bərməki Harun ər- Rəşidin etimadını qazanmış, xəlifənin ən yaxın vəziri olmuşdur. Ağıllı məsləhətləri ilə Harun-ər Rəşidə doğru yol göstərmişdir. Nizami Gəncəvi “Məxzən ül-əsrar” əsərinin 19-cu məqalətində – “Harun ər-Rəşid və dəlləyin dastanı”nda vəzirin məsləhətindən bəhs etmişdir.

Hökmdar onun sözünü kəsdi:

  • Onu bilirəm. Müəllimimiz onu bizə oxutmuşdu. Xəlifənin bağbanla olan bir əhvalatını danışmışdı, yadımdan çıxıb.
  • Sultanım, Cəfər Bərməki çox nüfuz qazanmışdı, -istədi deyə ki, onun nüfuzunun artmasından qorxan xəlifə sonda onu öldürtdürmüşdü, nədənsə, bunları deməkdən çəkindi, sözünün dalını belə gətirdi, – lakin get-gedə qazandığı nüfuzdan istifadə edərək, hər yerə, hər işə öz qohum-əqrabalarını, öz adamlarını yerləşdirməyə başlamışdı.

Şair, nəhayət, Hökmdarın nəzərdə tutduğu mətləbin üstünə gəldi:

  • Cəfər Bərməki xəlifənin bağına da öz qohumunu bağbanlığa düzəltmişdi. Xəlifə bir gün bağa gələndə bağbanın işini çox bəyənir. Könlünə alma yemək düşür. Bağbana deyir ki, gəl çıx mənim çiynimə, almalardan bir-ikisini qopart. Bağban qəti etiraz edir “Siz mənim çiynimə çıxın”, -deyib durur. Yıxılacağından ehtiyat edən xəlifə əmr edir ki, bağban onun çiyninə çıxıb almalardan dərsin. Əlacsız qalan bağban elə də edir. Harun ər-Rəşid ləzzətlə yediyi almaları çox bəyənir, bağbanı çox tərifləyir, axırda soruşur:
  • Dilə, məndən nə dilərsən? Sənin qabiliyyətin hər cür ənama layiqdir.

Bağban çox ağıllı və uzaqgörən adammış. Haruna deyir:

  • Ya xəlifə, mənə barmaq boyda möhürlü bir  kağız ver ki, mən Cəfər Bərməkinin qohumu deyiləm.
  • Mən səni ağıllı adam hesab edirdim, indi görürəm ki, səfehin birisən, səhər gedib dediyin kağızı saray dəftərxanasından alarsan.

          Aradan bir müddət keçir, vəzir Cəfər Bərməki gözdən düşür, altdan-altdan gördüyü işlərin üstü açılır. Onu və bütün qohumlarını tutub zindana salırlar. Bağbanı da zindana atmaq istəyəndə qışqırır ki, mən Cəfərin qohumu deyiləm, bu da kağızım. Keşikçilər onu xəlifənin yanına gətirirlər. Harun ər-Rəşid verdiyi möhürlü kağızı görəndə:

  • Bərəkallah fərasətinə, heç də səfeh deyilmişsən. Get yaşa, -deyib Cəfərin qohumlarından təkcə onu bağışlayır.
  • Eşitdinizmi, -deyə Sultan amiranə tərzdə dilləndi, – hələ o dövrdə xəlifə Harun ər-Rəşid qohumbazlığın qabağını alıb. Sizin də aqibətiniz elə olacaq. Əl çəkin qohumbazlıq, yerlibazlıq, dostbazlıqdan. Rəiyyətin dərisini az soyun. Qulağıma çatıb, rüşvətxorluq baş alıb gedir. Çingiz xanın dövründəki kimi, bizim də öz yasalarımız var. Yasalara əməl edin. Qaldı ki, sənə, bazar-dükan vəziri. Xəlifənin bağbanı kimi sənin bir nəfər də ağıllı qohumun yoxdur. Hamısı oğru-əyridir. Sənin cəzan ağır olacaq. Ancaq mən ürəyiyumşaqlıq eliyib, sənə bir tapşırıq və üç gün möhlət verirəm. Get bir erkək qarışqa tap gətir. Tapa bildin heç, tapa bilməsən bəxtindən küs.

        Ətrafdakı vəzir-vəkildən ufultuya bənzər bir nəfəs titrəyib keçdi. Şairin isə dalağı sancdı, tapşırıq açıq-aşkar ölüm hökmü deməkdi. Şair fikirləşdi ki, belə hökmlər hökmdar səlahiyyətinin hüdudsuzluğu, çılğınlığı, hökmranlıq hərisliyindən yaranır. Belə, ağlasığmaz hökmlərin qarşısını almaqda Şair də özünü aciz sanırdı.

        Şair hökmdarın bir növ, əyləncəyə çevirdiyi qəribə tapşırıqları ilə çox qarşılaşmışdı. Hökmdar vəzirlərə tez-tez çətin, düşündürücü suallar verər, doğru cavab aldığı adamı təqdir edərdi. Həmişə hökmdarın təqdir etdiyi, təriflədiyi, hətta ənama layiq gördüyü adam Şair olardı. Lap bu yaxınlarda hökmdar saray mirzəsinə gətirtdiyi təbaşirlə döşəmədə bir xətt çəkmiş və vəzirlərə belə bir tapşırıq vermişdi: “Bu xətti pozmadan, ona əl vurmadan qısaldın”. Əlbəttə, kütbeyin vəzirlər bu müşkül məsələni heç cür həll edə bilməmiş, yalnız Şair irəli çıxıb, təbaşirlə hökmdarın çəkdiyi xəttin aldından uzun bir cızıq çəkərək:

  • Hökmdarım, Sizin xəttiniz indi qısa oldu, -deyə məsələnin həllinə nail olmuşdu.

Lakin bu qarışqa məsələsində Şair özünü çıxılmaz vəziyyətdə olan çarəsiz adam kimi hiss edirdi.

   Hökmdarın hüzurundan dalğın və pəjmürdə halda mürəxxəs olandan sonra sifətinə ölü rəngi çökmüş vəzir özünü zorla içəri salıb, güclə eşidiləcək səslə:

  •  Mövlanə, aman günüdür. Mənə kömək et, bu müşkül işdən qurtar məni, -deyib yalvarmağa başladı.

          Şair erkək qarışqanı müəyyənləşdirməyi heç cür ağlına sığışdıra bilmirdi. Bu məsələni xalq müdrikliyi yolu ilə həll etməyin mümkün ola biləcəyini düşünüb:

  • Mənim şəhərin kənarında əkin sahəsi olan bir dostum var. Çox müdrik adamdır. Onun yanına get, mənim salamımı çatdır. Bəlkə, o sənə kömək edə bildi, -deyə  Şair vəziri onun yanına göndərdi.

        Əkinçi məsələdən hali olandan sonra, ətrafa göz gəzdirdi. Əkin sahəsinin kənarında qaynaşan, ora-bura qaçışan atdı qarışqalardan birini tutub, vəzirə verdi. Sonra çaş-baş qalan vəzirə dedi:

  • Bu qarışqanı hökmdara təqdim edəndə soruşacaq ki, nədən bildin bu erkək qarışqadır. Sən də ancaq qulağına söyləyə biləcəyinə izn alıb, deyərsən: – Sultanım, qarışqa yuvasının yanında durub onlara dedim ki, padşahımız əmr edib ki, buradan köçüb, ayrı vilayətə gedəsiniz. Əgər getməsəniz yuvanızı dağıtdıracaq. Mən belə demişdim ki, bu qarışqa irəli çıxıb şeşələndi: – Padşah mənim bu zebbimi yeyər, əgər yuvamızı dağıtdırsa, -deyib qabaq əlləri ilə qılçasının arasını göstərib, kişiləndi. Onda bildim ki, bu erkək qarışqadır, tutub gətirdim.

Qorxma, qulağına dediyin bu sözləri padşah açıb-ağarda bilməz…

….Sultanın ağlına gəldi ki, vəziri yəqin Şair öyrədib, çünki sarayda ondan başqa ağıllı adamı təsəvvür etmirdi. Sonra fikirləşdi ki, dostu Şair son dərəcə ədəbli, tərbiyəli adamdır. Belə sözləri o heç vaxt dilinə gətirə bilməz.

  • Sən ağır cəzadan xilas oldun, səni işdən azad edirəm, guya mənə hədiyyə etmək üçün tikdirdiyin imarətini müsadirə etdirib, oranı mədrəsəyə çevitdirəcəm. İndi, düzünü de görüm bunları sənə kim öyrətmişdi.

          Özünü əjdahanın ağzından xilas olmuş bəxtəvər bir adam kimi sanan vəzir bir istədi əkinçini nişan verə, həqiqəti söyləyə. Amma bir anlığa səbr etdi. Bir neçə gün əvvəl Şairlə etdiyi söhbəti xatırladı. Şairə vəzirlərdən birinin pis, xoşagəlməz hərəkətini gördüyünü ağzından qaçırdanda Şair, Sədi Şirazidən bir misal gətirmişdi: Padşah bir əsrin edamını əmr edir. Əsir dar ayağında dodaqaltı şahı söyür. Şahın yanında iki vəzir varmış. Şah vəzirlərin birindən soruşur ki, əsir dodağının altında nə pıçıldayır. Vəzir də deyir ki, “qəzəblənəndə özünü saxlaya bilən şəxs başqasının da günahını bağışlaya bilər. Keç onun təqsirindən. Əsir dodaqaltı dua edir”. İkinci vəzir isə “- Şah sağ olsun, o, sizi söyür, öldürtdürün onu,” –deyir.

Padşah cavab verir ki, “Birinci vəzirin yalanı sənin doğru sözündən xoşdur, çünki xeyirxahlıqla deyilmişdir. Sülh doğuran yalan fitnə doğuran həqiqətdən daha yaxşıdır.

Bazar-dükan vəziri bunları xatırlayıb, xeyirxahlıq etdi, əkinçini ələ vermədi.

Həm də ötən illərin təcrübəsindən dərk etdiyi bir həqiqət vardı; bilirdi ki, əkinçinin adını versə, sultan əvvəlcə onu min bir bəhanəylə suçlatdırıb zindana saldıracaq, sonra da zəhərlətdirib öldürəcək. Ani fikirləşib uydurduqlarını deyəsi oldu:

  • Sultanım, Ər dağının yanındakı “Ərim gəldi” gədiyində dağdan öz sürüləri ilə qışlaqlara enən çobanlara rast gəldim. “Mənə bir erkək qarışqa tutub verə bilərsinizmi? -deyə xahiş etdim.

Çobanlar başıma toplaşdılar, hamısı bığlı, saqqallı, qoyun dərisindən olan iri papaqları da ki, gözlərinin üstünə qədər. Onlardan hansısa –Ey qarışqalar, yığışın buradan köçüb gedin, yoxsa padşaha deyərəm yuvanızı dağıtdırar, -dedi və bu qarışqanı tutub mənə verdi. Dedim bəs nədən bildiniz bu erkəkdir. Çoban da həmin sözləri söyləyib gülüşdülər.

                    Sultan daha dərinə getmədi.

≠   ≠   ≠

          Şair ilə Sultan, dövrün hökmdarı bir məktəbdə oxumuşdular, möhkəm dost idilər. O vaxt onlara ağıllı, savadlı, müdrik bir müəllim dərs deyirdi. Bir gün həmin müəllim şagirdlərinin nəyə maraq göstərdiyini yoxlamaq üçün baş və qılınc şəkli çəkib, gələcəyin böyük şairi olacaq gəncə və gələcəkdə qüdrətli hökmdar olacaq şahzadəyə verdi. Bunlara aid yazı yazmağı tapşırdı. Gənc baş və ağılı tərifləyən qəzəl yazıb gətirdi. Şahzadə isə qılıncın şəninə və döyüş səhnələrinin vəsfinə həsr etdiyi şeiri müəlliminə verdi. Müəllim şeirləri oxuyub, gəncə Günəşi, şahzadəyə isə qara buludları göstərdi, sonra gəncə “afərin” dedi.

  • Bəs mənim mükafatım nədir, müəllim? -deyə şahzadə soruşdu.
  • Oğlum, sənin mükafatının adı “heyhat”dır, -deyə müəllim cavab verdi. Baş, ağıl rəmzi olduğu üçün insanlara xidmət edir. Qılınc isə gücə dayaqdır. Ona görə ağıla qarşıdır.

Gənc, müəlliminin dediyi “afərin” sözünün mənasını bildiyindən sevinir, Şahzadə isə müəllimindən aldığı “heyhat” mükafatının sirrini anlaya bilmirdi.

Aradan illər keçdi. Şahzadə qoşun toplayıb, taxt-tacı ələ keçirtdi, məmləkətin padşahı oldu. Gənc isə uzaq ölkəyə oxumağa, biliyini artırmağa getdi.

Şahzadə padşah olandan sonra qoşun çəkib ətraf vilayətləri də tutdu, böyük bir məmləkətinin hökmdarı oldu. Başında qiymətli tac, altında əzəmətli taxt. Bunlar hökmdarı vəcdə gətirdi. Get-gedə çılğınlığı artdı. İş o yerə gəlib çatdı ki, özünü məmləkətin ən ağıllı adamı hesab etdi. Ağıllılığını bir fərmanla təsdiq etmək qərarına gəldi.Belə bir fərman verdi: “Ziyafətdə, qonaqlıqda ən ağıllı adam əlini yeməyə birinci uzatmalıdır.” Əlbəttə, padşah olan yerdə süfrəyə heç kim birinci əlini uzada bilməzdi. Ancaq bu ədəb qaydasını hökmdar ağılla əlaqələndirib fərman vermişdi. Ona görə ki, özünü hamıdan ağıllı hesab edirdi.

“Hər yeri öz taxt-tacıma baş əydirdim, daha bir arzum qalmadı”, -deyən Sultan bundan sonra eyş-işrətə qurşandı. Hökmdarın eyş-işrətlə məşğul olduğunu, dövlət işlərini boşladığını görənlər təşvişə düşdülər. Sarayda ağ saqqalı sinəsinə düşən nurani bir qoca vardı. Ən çox da narahat olan o idi. Sultan eşitmişdi ki, dəmirbədənlilər deyilən bir elat var. Onlar azad və sərbəst yaşayırlar.”Demək, hələ də mənə tabe olmayan yerlər var”, – deyə Sultan əsib-coşdu.

Ağsaqqal hökmdara nəsihət vermək istədi:

  • Şahım, dəmirbəndlilər heç kimə baş əymirlər.

Sultan ağsaqqalın sözünü ağzında qoydu:

  • Mən onlara kimliyimi göstərərəm. İndi məndən ağıllı adam varmı, məndən sonra kimi göstərə bilərsən ki, az-çox ağlı var, de onu da bilim.
  • Səninlə məktəbdə oxuyan, uşaqlıq dostun…

Sultan yenə də əsəbiliklə ağsaqqalın sözünü kəsdi:

  • Hə, oxumağa gedib, qayıdanda baxarıq, indi əsas məsələ dəmirbəndlilərin dərsini verməkdir.

Əlqərəz, Sultan inadından dönmədi, qoşun toplayıb, yola düşdü. Az getdilər, çox getdilər, gəlib quş uçsa qanad salan, qatır gəlsə dırnaq salan bir çöllü-biyabana çatdılar. Uzaqdan bir dağ göründü. Bir neçə gün də yol gedib, həmin dağın ətəyinə çatdılar. Yorulub əldən düşən qoşuna sultan dincəlmək əmri verdi. Təzəcə rahatlanmaq istəyirdilər ki, dəmirbəndlilər yorulub taqətdən düşmüş qoşunun üstünə töküldülər. Qoşun əhli “qaçan qurtular, qalan tutular”, -deyib pərən-pərən düşdülər. Sultan da əlacsız qalıb, qoşunun qabağında qaçdı. Burda mənəm, Bağdadda kor xəlifə deyib qürrələnən Sultan biabırçılıqla məğlub oldu. Amma mirzələr bunu Sultanın taktiki gedişi, mühüm zəfərlərindən bir kimi təsvir etdilər. Şair isə təhsilini başa vurub, vətənə qayıtdı. Yazıb, yaratdı, türk dilində yazmağa başladığı “Xəmsə”ni tamamladı, şan-şöhrət sahibi oldu.

Sultanla dostluqları da davam etdi. Sultan, dövrünün böyük hökmdarı şair dostuna, həmçinin şeir-sənət adamlarına, alimlərə himayədarlıq etməyi də unutmadı.

Hökmdar yaşlaşdıqca anladı ki, dövlətə möhkəm və sarsılmaz hakimiyyət, hakimiyyətə də ağıllı və sərrast düşünən baş gərəkdir.

                                                                                           01.04.2020

                                                                                            Naxçıvan

Bu yazıyı paylaş:

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Bu yazarın toplam 3 eseri bulunmaktadır.

Yazarın diğer yazıları