Şiirler / Zakir Məmmədəli
Turana Sarı
Sübhün gözlərində yaş qətrə-qətrə,
qətrələr şeh olub qona güllərə.
Ömür yaz gətirə, ümid bitirə,
qollarım uzana gümana sarı.
Eyvanım önündə balaca bağça,
bağçada qaranquş, quyruğu haça.
Ruhum qanadına qonub da uça
əngin səmalara, ümmana sarı.
Bu yol kənarında yovşan kolları,
yovşan kollarının saçaq qolları,
bu düzün-düzündə azsam yolları
götürüb apara Turana sarı.
Əhriman diz çökə, ildırım çaxa,
şərin tifaqını yandırıb yaxa.
Turan atlıları qoşduqca qoşa
Haqqın qopardığı tufana sarı.
Kəhər dırnağından qopa fırtına,
yer-göy silkələnə, bu tilsim sına.
Kəhərlər kişniyə, mərdlər oyana,
qoşalar halayı pozana sarı.
Gəlib Görərsən ki…
Gəlib görərsən ki, yollar yaralı,
yaralı yollardan güllər aralı…
Yerdə çevirdilər daşı tərsinə,
göydə pərən-pərən durna qatarı.
Gəlib görərsən ki, gədiklər duman,
dumanda nərgizlər üşüyür yaman.
Kərəm aşmaz daha bu gədikləri,
Lələdən xəbər yox, üzülüb güman.
Gəlib görərsən ki, yer-göy daralıb,
sən güvənən dağa çoxdan qar yağıb,
sevdalar bitirən o yaşıl bahar
illər arxasında solub-sozalıb…
Burda söz də sözü gətirən deyil,
sönük xatirələr bar verən deyil,
söyüdlər süslənib boy versələr də,
sevdalar təzədən cücərən deyil…
Gecələr yuxuna çən-sis ələnər,
yuxunda hər gecə cığır təklənər,
bir zaman sirdaşın olan cığırlar
kol-kosa bürünər, səndən gizlənər.
…Gəlib görərsən ki… bir sən, bir də son –
qəlbin üşüməsi mahalmış, demə.
göylərə çəkilmiş didərgin ümid,
ya qismət, qapını döyə-döyməyə…
Qıratların Yolları Bağlı…
Şair dostum Tofiq Nurəliyə məktub
Şairim, o boşluq taleyimizə
dünəndə-bugündə əkilən deyil.
Əsrlər üstündən yol alıb gəlir,
kölgəsi asanca çəkilən deyil.
Ulu yurd yerimiz Üç Müəzzinim,
əzanın, Quranın gövhəri, kanı.
Erməni keşişi yurd saldı burda,
fərqinə varmadı Şahi-mərdanım…
Çaldıran çölünü viranə qoydu,
o kölgə qol-qanad açdı, uzandı.
Böyük cahangirin qəlp törəməsi
eldən üz çevirdi, əslini dandı.
İrəvan xanını uddu o boşluq,
Cavad xan inlədi, biçarə qaldı.
Yolların qanına susadı boşluq,
uddu dilim-dilim, çevrə daraldı…
Mərd oğlu mərddilər, alqış onlara! –
bizi belə öydü xaçpərəst Düma.
Mərdi qova-qova namərd edərlər,
bunu da söylədi bizim el-oba.
Bağladı yolları, bəndi-bərəni,
o boşluq birbəbir uddu mərdləri.
Şair oyandı ki, sabaha yol yox,
divar saatının donub əqrəbi…
Adil Mirseyidin yuxusu qaçıb,
divardan asılmış tüfəng axtarır.
Yəhərli-yüyənli kəhər belində
qılınclı-qalxanlı ərən axtarır.
Göydən od ələyir qırıcı “quşlar”,
tüfəngə lüzum yox, bazarı bağlı.
Göydə şər atının meydanı əngin,
yerdə qıratların yolları bağlı…
Türkün sürüsündə çoban itinin
hikkəsi səngiyib, dişi korşalıb.
Kəhərlər səsini çəkib içinə,
qılınclar qınında çoxdan paslanıb.
Nələr gəldi başa, vətən övladı,
ölüm çoxlarına toy-bayram gəlir.
Üzündən-gözündən silib dəhşəti
bəzənib-düzənib al-əlvan gəlir.
Sirenlərin Nəğmələri Susan Yer
Tələsmə!
Sirenlərin nəğmələrinin susduğu yerə.
Orda
sökülən dan yeri
sıradan bir işartı,
dənizdən doğan günəş
sıradan bir qızartı.
Orda –
suya həsrət zəmilər,
tufana tuş gəmilər…
Göz yaşından su içir göy çəmənlər,
yaşıl-yaşıl ağaclar,
açan yarpaq.
Gül təki bəsliyir dərdləri qoynunda
qara torpaq…
Tələsmə,
sirenlərin nəğmələrinin susduğu yerə…
Orda
nisgil yağdırır dolan bulud,
yağan yağış,
həsrət bitirir hər qarış…
dözə bilərsənmi?
Dözə bilərsənmi
dost-doğmaca birilərinin
ilana dönməsinə,
çalmağa anbaan fürsət gözləməsinə?
Əllərinlə qurduğun,
sevdalarla bəslədiyin yurd-yuvanı
buz kimi yellərin üşütməsinə?
Yalanın ayaq açıb yürüməsinə,
haqqın nazilib üzülməsinə…
və… iblisin Tanrıya
göz dağı verməsinə?
Ürəyində təpər,
dizlərində taqət varmı yaşamağa
tükənmiş arzuların,
çilik-çilik olmuş sevgilərin,
vaxtsız qocalmış ümidlərin
məmləkətində?
Sirenlərin nəğmələrinin susduğu yerdə…
Sükutun Sükutda Batan Ahıyam
Bir qərib adayam uzaq dənizdə,
ünvanı bilinməz, adı bilinməz.
Dalğalar üstünə hücum çəksə də,
duruşu dəyişməz, başı əyilməz.
Yollar yorğunuyam, tərki-dünyayam,
bəlkə də yol azmış bir sərsəriyəm?
Məkanım varmı ki, orda bənd alam,
yola gətirilməz xəyalpərvərəm.
Əsrlər üstündən yol salıb gələn
zahidəm, sufiyəm, qoca dərvişəm.
Sınağa çəkməsin məni hər yetən,
zəhər şərbətini az içməmişəm.
Tonqala atıldım, dardan asıldım,
yüz dəfə ölsəm də, min-min dikəldim.
Haqdan mayalanıb haqqa yol aldım,
nəsil-şəcərəm var qədimdən qədim.
Üzən buz dağıyam, lal axan çayam,
çoxum dərindədi, azım üzdədi.
Sükutun sükutda batan ahıyam,
sözün tanrısına çatan vədədi.
Yağış
Əllərimi açdım göylərə,
yağış istədim.
Çiləmək istədim yağışı
boş küçələrə.
Səpmək istədim boz dənizlərə,
yanan ürəklərə.
Gördüm ki, getməyə ayağım,
uçmağa qanadım yox…
Göylər mərhəmətli,
səxavətli.
Çiləmək istədim yağışı
ümiddən saldığım bağa,
cadar-cadar torpağa.
Gördüm ki, ümidlərin heyi yox,
yarpaqları qup-quru, solğun –
əcəl kimi,
dərdləri xəzəl kimi…
Qəfildən oyandım yağış səsinə.
Gördüm ki, otağım od kimi,
ürəyim bir damcı suya təşnə.
Pəncərəmi açdım yağışa…