DergiZan

Yazı ve Sanat Ülkesi

Təranə Arifqızı ve Eserlerinin Taqdimi / DergiZan

Terane Arifqızı kitaplarını imzalarken..

Mayın 14-də Naxçıvan şəhərindəki Saat meydanında tanınmış yazar Təranə Arifqızının kitab təqdimatı keçirilib. Naxçıvan ədəbi mühiti və ictimaiyyət nümayəndələrinə şairənin son aylarda nəşr olunan “Qarabağda 44 gün”, “İçimdəki səs” və “ Sözün bayatı rəngi” adlı kitabları təqdim olunub.
Giriş sözü ilə şair, ədəbiyyatşünas, filologiya üzrə fəlsəfə doktoru Xanəli Kərimli çıxış edib. O qeyd edib ki, Naxçıvan ədəbi mühiti zəngin işıqlı simaları, həmçinin şairləri, yazıçıları ilə hər zaman seçilib. O cümlədən, Naxçıvan görkəmli qadın şairləri ilə də tanınıb. Qönçəbəyim, Aşıq Nabat, Heyran xanım, Kəmalə Ağayeva, Güllü Məmmədova, Rəhilə Elçin və s. qadın şairlər oz imzaları ilə zaman-zaman öz sözlərini deyiblər. Bu gün üç kitabının təqdimat mərasiminə yığışdığımız Təranə Arifqızının yaradıcılığı çox fərqlidi. Çünki Təranə xanim qələmini həm heca, həm də sərbəst vəzndə sınayıb və gözəl poeziya nümunələri yaradıb. Həmçinin, dövrün nəbzini tutaraq hər bir mövzuya qələmilə münasibət bildirən şairə fəlsəfi fikirlərinə ayna tutan “İçimdəki səs” qırx dörd günlük Vətən müharibəsini hərtərəfli əhatə edərək vətənpərvər poeziya nümunələrinin yer aldığı “Qarabağda 44 gün” və folklorumuzun bir qolu olan bayatılara yeni, fərqli cinaslı bayatılar yazıb əlavə etməklə onları “ Sözün bayatı rəngi” kitabında toplayaraq bu gün oxucularının qarşısına cəsarətlə çıxıb.
Sonra şair, filologiya üzrə fəlsəfə doktoru, dosent, AMEA Naxçıvan bölməsi, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Folklorşünaslıq şöbəsinin müdiri Elxan Yurdoğlu şairənin yaradıcılığındakı rəng çalarlarından, bayatı yaradıcılğından söhbət açıb.
Tanınmış yazar Hədiyyə Şəfaqət Təranə xanımın nəsr yaradıcılığına toxunub. Hələ kitab halında oxucularının ixtyarına vermədiyi maraqlı hekayələrində əsl yazıçı ruhunun olduğunu bildirib. Və nəsrə keçərsə, daha da gözəl, düşündürən əsərlər yazacağını qeyd edib.
Naxçıvan Dövlət Universitetinin müəllimi, tarix üzrə fəlsəfə doktoru Qadir Əkbərov, Xalq artisti Həsən Agasoy, Azərbaycanın əməkdar artisti Elmira Kərimova, şairlərdən Kirman Rüstəmli, Natiq Əlisoy, Şükür Qafar, “Cahan” holdinqin mətbuat katibi Ulduz Əliyeva, rəssam Səriyyə Əkbərova, və digərləri çıxiş edərək Təranə Arifqızının yaradıclığı haqqında fikirlərini bölüşüb, müxtəlif poeziya nümunələri səsləndiriblər.
Sonra Təranə Arifqızı tədbir iştirakçılarına öz minnətdarlığını bildirib, son yazdığı şeirlərindən səsləndirib, sevimli oxucuları üçün kitab imzalayaraq hədiyyə edib.
Sonda tədbirin iştirakçıları xatirə şəkli çəkdiriblər.

Təranə Arifqızından yeni şeirlər təqdim edirik.


Ay bu şəhərin sənsiz adamı..
Sabahın, axşamın xeyirmi görən?
Səndən deyib, səndə susanlar-
Kimsən, kimliyini deyirmi görən?
Bəlkə günahını daşdan asırlar,
Ya da.. günahsızsan, başdan asırlar…
Tapırlar sənin olmayan nəfəsini.
Ya da, yavaş-yavaş kəsirlər səsini…
Şəhərin küçələrində azmış külək misalı
Itirmisən özünü yorğun düşüncələrində…
Bu şəhərin qar yağmayan havasında
Qara bürünmüş ağac kimisən.
Ay yerin –göyün dumansız, çənsiz adamı..

Səni səndən oğurladı zaman,
alnındakı əyri-üyrü yollarda ağırladı yaman…
Qəhqəhələrin dodaq ucunda donan
sirli təbəssümə çevrildi…
Baxışların qəfil qəzaya uğradı,
Sənin içindən devrildi…
Ay öz məzarının kəfənsiz adamı…
Beləcə yıxıb-sürüyürlər sənsiz adamı…

Alıb səni hardan hara gətirmişəm,..
Asmışam kipriyinin ucundakı
Acı təbəssümlü niğarançılıqdan..
Gözlərindən ürəyinə gedən yolun ayaqları altındayam..
Bilmirəm, sənin neçənci qatındayam?
Ürəyinin şüşə çatındayam…
Bağışla məni, ürəyimin mənsiz adamı…
bu şəhərin, bu otağın, bu qələmin,
bu şeirin sən dolu sənsiz adamı…


Əgər yaşadımsa, bu ömür hanı?
Kimə girov qoydum, kimə xərc verdim?
Asıldım Tanrının ayaqlarından,
Bu gün yaşamağa dünən borc verdim.

Keçdim külək kimi bulud tozundan,
Yağışın ömrünü torpağa yazdım
Gövdənin, budağın qanından çəkib,
Qısa, yaşıl ömrü yarpağa yazdım.

Titrədim, içimdən töküldü ahlar,
Amanın ətəyinə tutub sürüdüm.
Bütün savab günlər, bütün günahlar
Çəkdi məni arxasınca, yeridim. .

Misra-misra qan doğuldum, qan öldüm,
Ətimi, canımı şişə çəkdi söz.
Bəzən hamar yola bir əsa oldum,
Əlimi ağzımda dişə çəkdi söz.

Bir sabah, yazılan yazım gəlməmiş
Haqqın yanan üzün haqdan götürdüm.
Sarılb taleyin saydıqlarına
Ömrün baş tacını taxtdan götürdüm…


Ağlımı qəfəsə salmışam…
Gözümdə eynək…
Dodağımda yoluq təbəssüm,
Bəbəyimdə sahibi olmadığım
xoşbəxtliyin son qığılcımları…
Zülüm xoşbəxtliyi..
Bir az da ölüm xöşbəxtliyi.
Az şadlıq, az yadlıq axrarıram…
Azadlıq axtarıram…
Sonsuzluğun özünü satın almışam..
Boz şüşələrin arxasında
rəngli həyat rəsmləri can üstədir..
Dəbdən düşmüş paltar kimi
Qolları yan üstədir..

Cəsarətim inamın ayağına bağlı…
Sol yanımda bir sirr saxlı..
Gizlədir məni məndən..
Su çəkib quru sözlər gözümdəki nəmdən…
Arzularımın qatili…!!
asılmısan ayaqlarımdan…
Siləcəyəm səni sənə gələn yollardan,
Ruhumdan, qanımdan, adımdan, ağlımdan….
Canım qurtaracaq özümdən də, səndən də…
Səslə gəlib, səssiz gedənlərdən də…


Ölümü öldürmüşəm
sən dirimi gəzirəm..
özüm özümdə bölük
çıxan biri gəzirəm…

məni mənə vurmuşam
toplanan bizdən uca…
ismi göylərə çatır,
könlü sözdən olunca…

sabahın gülü qönçə…
açar dil yaxasında…
körükçü, zindan, körük
dəmir mil yuxusunda…

içimdəki Tanrını
Tanrıya göndərmişəm.
sabahın yüz şehindən
bircə damcı dərmişəm…

aç dəftəri, qapansın
yolçunun yol kirəsi,
odu adından böyük
göylərin yer kürəsi…

Bu yazıyı paylaş:

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Bu yazarın toplam 31 eseri bulunmaktadır.

Yazarın diğer yazıları