DergiZan

Yazı ve Sanat Ülkesi

İki Hikaye / Təranə Arifqızı

                           

SON NƏFƏS

  Qulağına uğultulu səslər gəlirdi. Ayırd edə bilmirdi, ağlayırdılar, gülürdülər, yoxsa, ucadan danışırdılar? Yeri bir az dar idi. Sağ böyrü üstə uzanmışdı. Başını ağ mələfə ilə basdırmışdı. ( o, yatanda belə yatırdı)….Yuxusu elə şirin idi ki….Gecəsi ilə gündüzü bilinmirdi. Elə yatırdı… Bircə bu səslər olmasaydı… Yoldaşı da bilirdi onun bu xasiyyətini. Yatağa girən kimi, uşaqlara:

-Səs eləməyin, ata yatıb, yorgundu…- deyirdi.

Ha qulağını şəklədi, bu sözləri bir də eşitsin… Əvəzinə, yoldaşının:

  -Dur, dur, evimizə gedək, niyə məni eşitmirsən?- deyən ağlar səsi qulağına gəldi. Hətta qoluna dəyən yumruqları da hiss etdi..

   -Bu nə deyir, başı xarab olub e.. Evimizdəyəm də… Amma başımın altına balınc əvəzi daş qoyubsan elə bil… Hə, bu daş deyil, hər gün işdən gəlib, çay-çörəyimi yeyib içəndən sonra, boynumdakı ağrıya görə düzəltdirdiyim taxtadı… Həkim düz, bərk yerdə uzan, demişdi. Yaxşı, bəs, niyə ağlayırsan? Sən deyildin, həmişə mənə – müalicəni düzgün apar, həkimin dediklərinə əməl elə, deyən? (Gülür. Gözəl kişmişi gülüşü vardı.) Darıxır məndən yana, küsəyənim… Mənsiz qala bilmir… Evimdə deyiləmsə, haradayam bəs?..

***

  Bu dəfə anasının səsinə oyandı:

-Bala, hardasan? Səsimə niyə səs vermirsən, ay nainsaf?…

– İki gündü zəng vurmuram, anam az qalır dəli olsun. İşim coxdu e, ana.. Vallah, başımı qaşımağa macal tapmıram… Axşam görüntülü danışarıq… Ayağın necədi, yenə ağrıyır, ana? Ayağına qurban olum…

Ayaq adı çəkən kimi, yarası sancdı….

   Bir azdan ətrafına çoxlu adam yığıldığını hiss etdi. Gözlərini açmaq istədi, göz qapaqlarının ustündə yumşaq, pambıq kimi nəsə vardı… Evə adam gəlib, mən də div yuxusuna getmişəm.. Yatanda parça gözlük qoymuşam, o da qalıb gözümdə…

   Yanğılı bir hönkürtü içini titrətdi… (dilsiz-ağızsız böyük bacı…) Deyib-gülən adamıydı. Ürəyi çox yumşaqdı. Göz yaşlarına dözümü heç yoxdu. Hiss etdi ki, yanaqlarından axan duzlu su ağzına dolur. Üz-gözündə əl gəzdi, onu oxşadı:

-Ciyərim yandı, kürəklərim qovuşdu, qardaş…(Evində çox olduğu, sirrini-sözünü paylaşdığı, “bölgüdə” ona düşən bacısıdı…) Yadına son dəfə onlarda olması düşdü. Bacısının yubiley yaşında hamıyla zarafat etmiş, o qədər deyıb gülmüşdü ki…Çoxlu şəkil çəkdirmişdi, yadigar qalsın deyə.

-Oyan, nə olar.. mən sənin balalarına nə deyəcəyəm? Onlar səni axtarır e, qurban olum..( Bəxtindən yarımamış kiçik bacı..)

  Qardaşlarını heç belə ağlayan görməmişdi…ikisi də yerə çöküb, başlarını əlləri arasına almışdı. Onları nəyin belə yandırdığını, bellərini iki bükdüyünü bilmirdi. Iki gündə sanki on il qocalıb bunlar…

– Kişi ağlamaz, sizə nə olub, axı?- soruşmaq istədi..Elə bil nitqi tutulmuşdu.

   Səs səsə qarışdı.. Ataa! Qardaaş! Balaa! Oğuul! Dayıı! Əmii!  !!…- Hamı onu çağırırdı… Yəqin yuxudu, ayılan kimi keçəcək.

   Telofonuna zəng gəldi. Səsindən tanıyırdı. “Yəqin, iş yerindəndi. Evə çatmamış axtarırlar. Qoymurlar nəfəsimi dərəm. Açmayacağam, o qədər çalsın ki… Birdən ciddi bir şey olar? İstədi atasının adına səslənsin. Baxdı ki, lap kənarda divanın küncündə oturub. Qaşqabağı yer süpürür. Həə, buna da ad gününə volosiped söz vermişdim, almağa macal olmadı. Deyəsən, küsüb məndən. Gecə-gündüz bilmədən işləyirəm, onlar heç nədən korluq çəkməsin deyə. Geyim-keçimləri, yemək-içməkləri- hər şeyin ən gözəlini alıb gətirirəm. Gülümsündü. Narahat olma, balası, alacağam. Qoy bu yuxudan ayılım…” Amma bu yuxu deyəsən heç bitməyəcəkdi..Telefon artıq kimsənin cavab verməyəcəyini hiss edib birdəfəlik susdu…

***

    Bəs bu nədi? Sanki boşalmış nəfəs yollarında yolunu azmış hava dolaşırdı. Bu, bir udumluq nəfəs harada gizlənmişdi? Sinəsi tez-tez qalxıb-enməyə başladı. Yox, olmurdu, nəfəs içəridə sanki kötüyə ilişib qalmışdı. Nə illah elədi, mələfəni ağız-burnundan çəkə bilmədi. Elə bil yatdığı taxtı tərs çevirmişdilər. Gözləri boz taxtalara dirəndi. Bəlkə, mən hellənib taxtın altına girmişəm? Bu, nə qəribə yuxudu? Deyirlər axı, adam yatanda ölü kimi olur…

    Əlini  qoşalayaraq alnında daraqlamaq istədi.. (yorğunluğunu alanda bu adətindən vaz keşməzdi).. Mələfənin bir ucu altında qalmışdı, qolu qalxmadı.. Vaxtın necə keçdiyini hiss etmirdi. Bir tərəfi üstə yatanda, adətən,  qolu-qıçı keyiyərdi. Amma indi, elə rahatdı ki…  Ürəyi kəpənək kimi yüngüldü…Elə bu yüngüllüklə də, onsuz da qapalı olan gözlərini bərk-bərk yumdu… Deyəsən, yorğunluğu çıxsın deyə, qızı onun şişmiş, damarları qurbağa kimi çıxmış ayaqlarını ovuşdururdu… Dərindən bir nəfəs aldı…

***

    Gözəl, urəyə sakitlik gətirən bir səs…Bütün bədəni o səsin içindəydi…Başından girib dırnağının ucundan çıxırdı. Səs ruhu ilə birgə torpağın altından göy üzünə qanadlanırdı…

     Məzarlığa ziyarətə gəlmişdi. Amma baş qapıdan bu tərəfdə əvvəllər gormədiyi təzə yol vardı.  Hə, yəqin bu kəsə yolu kimsə salıb, buradan tez çataram, deyə düşündü. İrəliyə bircə addım atmışdı ki, enli pilləkənləri olan yol asma nənni kimi yırğalanmağa başladı.  Ayağını hər atdıqca sanki yol yerin tərkinə gedəcək kimi əsirdi. O isə, sanki belə olmalıymış kimi heç qorxmurdu. Başlanğıcda qısa görünən yol getdikcə uzanmağa başladı. Ha gedirdi, bitmirdi ki, bitmirdi. Elə bil kimsə hər iki tərəfi alçaqlı-ucalı məzar daşları olan bu yerdən sonu olmayacaq bir yol salmışdı. Deyəsən, köhnə qəbirlərin üstüylə yeridiyini hiss etdi.

“Aman Allah!”

   Müqəddəs yer tapdayırmış kimi, ayaqları titrəməyə başladı. Sanki ölülər hər addımında torpağın altından boylanırdılar. Kinolarda görmüşdü, ruhlar başlarına ağ mələfə ataraq, insanları qorxudurdular. Amma, indi onlar ağ yox, boz torpaq geyinmişdilər. Yol yer altında rəqs edən, bəlkə də üsyana qalxan ruhların beşiyinə dönmüşdü. Gözünü ayağının altından çəkməyərək, bu nə yoldu salıblar, deyə-deyinməyə başladı. Birdən başını qaldırıb irəliyə baxanda, göyün maviliyinə dirənən yolun sonuna çatdığının fərqinə vardı. Zirvədə dayanan yolçu qəribə  mənzərə qarşısında donub qalmışdı. Bu üzü bomboz torpaq, qapqara məzarlıq olan yolun o biri üzünə sanki bahar gəlmigdi. Ətrafında sanki iş yerində mərmərdən yonub düzəltdikləri mələklər qanad açmışdı, uçurdu. Cənnət kimi yer idi. Ziyarət üçün gəldiyini xatırladı. Yamyaşıl xalının üstüylə iki addım atdı. Ayağının altında Zəm-zəm qaynayırdı, buz kimi. Ovuclayıb iki dəfə üzünə çırpdı. Dərindən “oxxay” dedi. Gedib arxası üstə göy otların üstünə sərələndi. Otların qarışıq iyi müşk-ənbər qoxuyurdu. Rəngli bir kəpənək  başının üstündə zərif qanadlarını çırparaq uçur, qızının incə əlləri kimi hərdən başına, çiyninə, sinəsinə qonurdu.  Hava o qədər təmiz, ətraf o qədər yaşıllıq idi ki, nəfəsi bu əsrarəngiz gözəlliyi içinə çəkməyə yetmirdi.

   Ziyarətə gəldiyi məzar gül-çiçək içində itmişdi. Ehmalca  yerə çöküb, daşın üstündə oturdu. Anasının ad günündə ağ köynəkdə çəkdirdiyi son rəsmi qara mərmərdən ona baxaraq gülümsəyirdi…

ÜRƏK

 …Əlində, ovcunda döyünən ürək tutmuşdu. “Bu anamın ürəyidi. O, ölməyib, yaşayır!” – deyə- yuxuda hay salmışdı. Kimsə avtomobil qəzasında ölənlərin ürəyinin ölmədiyini demişdi.  Yuxudan ayılmışdı.

Fikirləşdikcə gözləri dolub  boşalırdı. Gah həyətdə, gah mətbəxdə gözünün yaşını silir, anası görməsin deyə, özünü tox tutmağa çalışırdı. Ağlındakını dilə gətirməyə həm qorxur, həm də fikirləşdikcə ürəyi yerindən çıxmaq istəyir, sanki qaranlıq qəfəsə düşdüyünü hiss edirdi. Bəs nə fikirləşirdi?

   Neçə vaxtdı hərdən  ürəyi də sancırdı. Öz-özünə- “Sən möhkəm olmalısan, dimdik durmalısan, zamanla hər şey ötüb keçəcək… ” deyirdi. Keçəcəkmi? Hələ bilmirdi. Axı dərin yaraları zamanın  sağaltdığını deyirlər?  Yox, bu yara qaysaq bağlaya bilər, amma heç zaman sağala bilməz. Heç zaman!..   Gözləri tez-tez bir nöqtəyə zillənib qalır, düşdüyü ağrı dolu məchuldan çıxa bilmirdi. Kimə deysin? Yuxusunu kiməsə danışmalıydı, kimdənsə məsləhət almalıydı. Yox, danışsa, sakitləşdirib, “yuxudu”- deyəcəkdilər. O isə…

“Avtomobil qəzasında ölənlərin ürəyi ölmür…”  Ölmür, ölmür- deyə tez-tez təkrarlayırdı. Bəlkə onun da ürəyi…     …Evdən, – “marketə gedirəm”deyib, əlinə bir şüşə su götürüb çıxdı. Məzarlığa on-on beş dəqiqəyə çata bilərdi.  Asfalt yola çıxıb, heç kimin üzünə baxmadan, az qala qaçaraq getməyə başladı.  Nə etdiyini, nə edəcəyini düşünməyə imkan tapınca yolu yarılamışdı. “Qardaşım, canım, nəfəsim sağdır, yaşayır. Tez çatmalıyam, nəfəsi yenidən gizlənə bilər.” Özünü onun yerinə qoyurdu, nəfəsi çatmırdı . Kimsə salam verdi, kimsə kefini soruşdu. Fikri dağınıq halda, “sağ olun”- deyib keçdi.


   Qəbiristanlığın beş-on addımlığında  daha da həyəcanlandı. Dəmir barmaqlı qapını açıb, sira ilə düzülmüş qəbirlərin yanı ilə sürətlə qaçmağa başladı. Kənardan qara mərmər üstündə ayaqüstə dayanıb, onu agrı dolu nəzərlərlə süzən, “getmə qızım, getmə…”- deyən baxışları ilə onun yolunu kəsməyə çalışan, qəddi əyilmiş atasının məzarına dönüb baxmadı da…

   Qardaşın, sükuta təslim olan, yalnız daşların danışdığı bu yerin aşağı tərəfində dəfn etmişdilər. Sağ tərəfində özu yaşda cavanın, sol tərəfində qonşuları Əyyub əminin qəbri vardı. Qəbrin üstundəki günəşdən bozarmış qırmızı örtük, bir də qurumuş qərənfillər xəfif payız küləyndən titrəyirdi.. Çatıb, bir anlıq dayandı. Birdən yerə sərilib, qulağını məzarın yuxarı tərəfinə, qardaşının sinəsinə dayadı, sanki ürək döyüntüsünü eşidər kimi oldu. Hövüllə torpağı ikiəlli kürüməyə başladı. Torpaq bərkimişdi, amma içindəki təlatüm, həyəcan, ağrı və hardasa bir ümid işığı… hər şeyi yaddan çıxarmışdı. Nə ətrafındakı daş insanların narahat ürək döyüntülərini, nə də payızın xəzan otlarında heyvanlarını otaran çobanın ucadan oxutduğu  şən mahnını eşidirdi. Dəli kimi ikiəlli qazırdı…”Sağdır, qoymaram, qoymaram, qoymaram…” –

       Artıq əli səliqə ilə düzülmüş taxtalara toxunurdu. “Az qalıb, onu görəcəm… o qalxacaq… onun boynuna sarılacağam…doyunca öpəcəyəm…” Huşunu itirməyə başlayırdı… …onun çox sevdiyi üzünü torpaq, qırmızı yanaqlarını zəfəran rəngində görəndə , necə çığırdısa…

      Deyəsən yubanmışdı. Gec idi, çox gec idi…
… Qan-tər içində, evdə, divanın küncündə ayıldı. Ürəyi sanki ovcundaydı… qulağına anasının həzin, ağlar səsi gəlirdi:

Mən aşıq, oy, ana, sən,
Yatıbsan, oyanasan,
Gedənlər qayıtmadı,
Gəl, getmə, oyana sən…

Bu yazıyı paylaş:

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Bu yazarın toplam 18 eseri bulunmaktadır.