DergiZan

Yazı ve Sanat Ülkesi

Hər Bildiyini Söyləmə, Hər Söylədiyini Bil / Vəfalə Talıblı

     Yemək yemə vərdişlərimiz zahirən sağlamlıq göstəricisi olduğu kimi, danışıq şəklimiz də ruhən sağlamlıq göstəricimizdir. Ağzımızdan çıxardığımız sözlər düşüncələrimizin, duyğularımızın zehnimizdəki ifadələridir. Bunun üçün unutmamalıyıq ki, ağızdan çıxan sözləri ilk öncə ağız sahibi özü duymalı, öz tərəzisində çəkməli, sonra qarşı tərəfin zehninə yapışdırmalıdır. İnsan dilinin altında gizlidir, deyirlər, görünüşü ilə qarşılayıb danışığı ilə yola saldığımız insan…

   Sonradan peşman olmamaq üçün bəzən söyləmədən udmaq daha məqsədə uyğundur. Qəlb qırmaq asandır, ancaq o qəlbi, o güvəni təkrar qazanmaq olduqca çətindir…

   Danışmaq bir sənətdir. Zərif danışmaq, zərafət daşımaq isə olduqca incə sənətdir. Nə söylədiyimiz kimi, nəyi hansı şəkildə söylədiyimiz də olduqca vacibdir. Zərafət simvolu olan qadınlarımız, o qadınlarla danışan kişilərimiz danışıq vərdişlərinə diqqət etməli, kobudluqdan qaçmalıdırlar. Xüsusilə, ailədə böyüyən uşaqlar valideynlərinin bir-biri ilə və ətrafdakı insanlarla zərif, incə, qəlb sındırmadan danışdıqlarını gördüyü zaman onlar da o şəkildə danışıq vərdişləri əldə edir və cəmiyyət daha mədəni, kübar insanlar qazanmış olur. Çünkü gözəl danışıq nümunəsi göstərən ailələrdən danışma incəlikləri, tərbiyəli insan olmağın bir çox şərtlərini öyrənən uşaqlar çıxacaq və gələcəyimiz daha ədəbli fərdlərlə daha yaşanılacaq halda olacaq.

    Bəzən dürüst olmaq, gerçəkləri söyləmək qarşıdakı insanı yaralaya bilər, amma dürüst olmaqdan qaçmayaraq, gerçəkləri uyğun dillə, insanların qəlbinə toxunmadan da söyləməyin yolları mütləq vardır. Kobudluqdan, qəlb qırmaqdan əl çəkərək özümüzü tərbiyə edə bilər, yumşaq dillə və dürüst olaraq qəlblərə yol tapa bilərik. İnsanlara güvən vermək üçün dürüst olmaq çox vacib və qaçınılmazdır. Cəmiyyətlərin təməli dürüstlük üstündə qurulmalıdır. Güvənin təməli dürüstlükdür.

    Zərafət insanın şanı və şərəfidir. Hər söylədiyi doğru olan, amma hər doğrunu da hər yerdə söyləməyin doğru olmadığını bilən, qəlb qırmaqdan qorxan o zərif insanlar… O insanlar heç vaxt gözardı edilməz, güvənilən və sevilən insanlardır onlar… Nəzakət kəlmələrini seçərək danışan, ən pis sözü belə ən uyğun dillə ifadə edən insanlar…

   Tam əksini düşünün. Kibirli, özünü olduğundan fərqli, olduğundan önəmli və böyük görən insanla adi söhbət belə çox yorucu olur və narahatlıq verir.

   Unutmamalıyıq ki, kəlmələri, cümlələri yerli yerində seçmək, qarşımızdakı insanın bizi anladığından əmin olaraq danışmaq, tələffüzümüzə diqqət etmək, hətta qarşıdakı insana xitab şəklimiz belə başlı başına ədəbli danışıq vərdişidir. Ədəb isə hər birimizin başının tacıdır. Ədəbli insan hər zaman, hər yerdə sevilən insandır.

     Bir sözlə, zərafətlə, zərif danışmaqla insanları qazana da bilərik, itirə də bilərik. Bunun üçün peyğəmbərimizin “Ya xeyirli danış, ya da sus” prinsipinə uyğun olaraq ağzımızdan çıxan hər kəlmə ədəbimizi göstərəcək şəkildə olacaqdır.

Bu yazıyı paylaş:

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Bu yazarın toplam 4 eseri bulunmaktadır.