Zəfər Qoxulu Kəlbəcər / Ulkər Nicatlı
Yolları bürüyüb vüsal qoxusu,
Gəldim görüşünə, salam, Kəlbəcər.
Sinəmdə misralar coşub çağlayır,
Bəs niyə bu qədər lalam, Kəlbəcər?!
Ötən xatirələr necə də sərin,
Arzumu, şövqümü yollara sərin.
Zəfər ətirlidir gələn səhərin,
Bu payız yenilməz qalam, Kəlbəcər.
Dağlara baxıram alışır könül,
Torpaqla, ağacla danışır könül.
Neçə dərə keçib, dağ aşır könül,
Bulaqların şirin laylam, Kəlbəcər.
Əhsən, ər oğluna, ərən oğluna
Basdın qədəmini zəfər yoluna.
Bu payız qoy bir az girim qoluna,
Sirdaşım, qardaşım, balam, Kəlbəcər!