DergiZan

Yazı ve Sanat Ülkesi

Şiirler / Təranə Arifqızı

QALİB PAYIZ – ZƏFƏR PAYIZ

Mən səni sevirəm payız
Vətən kimi, əsgər kimi, bayraq kimi…
müjdə verdin əsir olan torpağımdan.
Dedin, daha əsir deyil,
Qarabağım azad olub vandallardan,
Qurtarıbdı əsgərlərim qollarını qandallardan.

Mən sevirəm səni, payız …
əsgərimin yaşıl-sarı paltarısan,
neçə vaxtdı başsız qalan bağlarımda
əkilməmiş ağacımın dərilməmiş nubarısan…
sən həsrətli ürəklərin qubarısan…

Mən sevirəm payız səni..
əllərimin tumarına uzaq qalan torpaq kimi,
otuz ildi qalaq-qalaq həsrət qoxan yarpaq kimi…
isti-ilıq şüaların qoy isitsin daşa yatan,
silah tutan əsgəriminəllərindən.
Qələbənin ətri gəlir xəzan olan çöllərimdən…

Mən sevirəm payız səni…
oğlum payız, qızım payız,
möhtəşəmsən,qızıl payız…
Poladların qıy səsini,
düşmənimin məglub olan”vay” səsini
qızıl-sarı rənglərində gətirdin sən…
Şuşa dolu, laçın dolu ətirsən sən…
namərdlərin yazdığını poza-poza,
yeni tarix, yeni era, yeni əsr yaza-yaza,
gələcəyə tələsirsən…
indi igid oğulların açdığı o şanlı yolla
Qarabağın dağlarına, bağlarına
mən edirəm səfər, payız!
Şuşamıza yol çəkmişəm sinən üstdən,
Bu günümlə öyünərək sənə yeni
Ad qoymuşam-ZƏFƏR payız!

Mən sevirəm payız səni…
Gün bu gündü, vaxt bu vaxtdı!..
İllərimdən il ayırdım,
Günlərindən gün ayırdım,
Güllərindən gül ayardım,
Tellərimdən tel ayırdım,
Çəkdim düşmən gələn yola çəpər, payız!
Yazdım sərhəd dirəyinə “Zəfər payız”…
Indi şanlı bayrağımın rənglərini
həzin-həzin oxşar payız, öpər payız!

Bilirsən ki,adın çoxdu ürəyimdə-
qızıl payız, rəssam payız, sevgi payız…
Sən yuxumu çin elədin,
Iğid, qorxmaz oğulların od püskürən ürəyiylə,
Düşməninə silah çəkən o müqəddəs əlləriylə
Bir arzumu min elədin mərd, ər payız!
Qoy ən gözəl adın olsun qələbələr müjdəçisi,
Qalib payız, Zəfər payız!

ŞƏHİD ANASI

Gözlərində öğlunun şəklini gördüm, ana,
O hələ körpə idi, hələ dil açmamışdı.
Səni “ana “ çağıran sözdən xəbəri yoxdu,
Öz evindən qırağa bir addım atmamışdı.

Qaragilə gözləri hər baxana gülürdü,
Dostunu, düşmənini tanıtmışdın ona sən.
Oyuncaq silahıyla “düşmənə “- Atəş!- deyir,
Deyirdin, dost sözünü, gəl vaxtında sına sən.

Geyindirib məktəbə yola salırdın onu.
Böyüdükcə arzular, əməllər böyüyürdü.
Üst-başı qara torpaq evinə dönən zaman
Içində vətən adlı bir təməl böyüyürdü.

Daha boyu ucalmış, boyun bərabəriydi,
Əsgər olub vətəni qorumağa getmişdi.
Düşməndən qisas almaq vətəninə sözüydü,
Qanayan yaraları sarımağa getmişdi.

Qulağın səsdə qaldı hər zəng səsi gələndə,
Bəlkə bir xəbər ola evinin çırağından.
Soruşdun dostlarından, əsgər qardaşlarından,
Qalmısan şəhid olan bir bala sorağında.

Indi sənə baxdıqca yanır, qovrulur ürək,
Gözündəki həsrətin odu yandırır məni.
Analar şəhid olur oğul şəhid olanda,
Buküldüyü bayrağın adı qaldırır səni.

Mən qürurla baxıram ağ saça, qırış üzə,
Gözünlə “Mənim oğlum dünyaya tən” deyirsən.
Danışıram səninlə, sözlərin od püskürür,
Hər sözünün əvvəli, sonu “Vətən” deyirsən..

Hər adını çəkəndə qəlbin deyib- gülürdü.
Sən oğluna nə gözəl ad qoyub, çağırırsan.
Şəhid olub adını “ŞƏHİD ANASI” qoydu,
Bu adı gözlərində qürurla daşıyırsan.

AD GÜNÜN- ŞƏHADƏTİN

Oktyabrın 1- i qəhrəman şəhidimiz Elvin Məmmədovun həm doğum, həm də şəhadət günüdür.
Evimin sonbeşiyi,
Minarə boylu oğlum.
Nişanı gözü yolda,
Yarımçıq toylu oğlum.

Əsgər, hərbçi olmaq
Uşaqlıq arzun idi.
Ömrün qış görməmişdi,
Baharın, yazın idi.

Döyüşə gülə-gülə
Girib kama çatanım.
Dəmir yumruqlarıyla
Düşməni ağladanım.

Vətəni yarı bilən,
“Və” yi “tən”ə çatdıran.
Torpağa həsrətlini
Sən,vətənə çatdıran.

Səndən deyib danışır,
Döyüş, can yoldaşların.
Bir gündə şəhid olub,
Sənlə qan yoldaşların.

Bu dünyada eviniz
Ayı-ayrı olsa da.
Cənnətdə qovuşdunuz
Bir məkanı, bir ada.

Sən vətənin övladı,
Ananın Elvin oğlu.
Ad gününə hədiyyən
Mərd şəhid adı oldu

Eyni gündə doğulub,
şəhadətə yetənim.
Xarıbülbülə dönüb
Qarabağda bitənim.

Şəhid Xansu Qurbanovun əziz xatirəsinə ..
Cənnətdəki ilk doğum günün mübarək, Şəhidim!

Görüşünə gəlmişəm,
Otağında Xan şəhid.
Su olub gozlərimi
Yandırıb, yaxan şəhid.

Şuşaya qonaq gedən,
Şuşanı azad edən,
Sən ruhu ucmus bədən,
Mən ruhsuz bir can, şəhid.

Ananın bir çırağı,
Qeyrət oldu yarağın,
Şəhiddir solun, sağın,
Günəş doğur dan, şəhid.

Qarabağa can dedin,
Düşmənə divan ,dedin
Gülüşünü, sözünü
Vətənə qurban, şəhid.

Sən mənim qürur yerim,
Ürəkdə vurur yerin,
Torpaq sevgin nə dərin,
Qısası coşan şəhid.

Ocağım, pirim, qalam,
Rahat yat, mənim balam,
Anasına söz verib,
Sözünü tutan şəhid…

Cənnətdəki ad günün,
Vətəndə azad günün,
Zəfər günün, şad günün
Mübarək olan şəhid..

Bu yazıyı paylaş:

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Bu yazarın toplam 18 eseri bulunmaktadır.