Ölümün Məsləhəti / Ayxan Hüseynli
Kiçik işlərin əsarətinə
qapılıb,
Böyük işlərin cəsarətindən məhrum oluruq.
İnsan yaşamaq, yaşadıqca zövq almaq, bu arada arzulara, xəyallara qovuşmaq kimi fikirləri özündə əks etdirən varlıqdır. Bəzən nə istədiyini bilən, bəzən də bildiyindən xəbəri olmayan insan hər zaman körpünün ortasında qalmağa məhkumdur. Qərarsızlıqları ilə özünü əngəlləyən, özü-özünə etibar etməyən vəziyyətə düşən, beləcə ömür qatarında dayanacaqları düzgün müəyyən edə bilmədiyinə çətinliklərlə, əngəllərlə üzləşir. Ən yaxşı formada özünə yalan deməyi bacaran, ən gözəl şəkildə özünü təsəlli edən insan özünü aldatma gücü də yüksək olan bir varlıqdır.
İnsan müəyyən ömür aralığında yaşayan, bu aralıqda müxtəlif həqiqətlərlə üzləşən, üzləşdiyi həqiqətlərə necə reaksiya verəcəyi bilinməyən müəmmalı bir məxluqdur. Ümumi yanaşmada insan ömrünü üç mərhələyə bölmək olar. Mərhələləri isə belə sıralamaq mümkündür. Birinci mərhələ “şöhrət”, ikinci mərhələ “sərvət”, üçüncü mərhələ isə “səadət”dir.
Şöhrət istəyən İnsan bütün varlığı ilə onu qazanmağa çalışan zaman, özünü hər kəs tərəfindən bəyənilən, ancaq ondan danışılmağı istəyən bir mövqeyə sahib olmağa meyli yaranır. Bu zaman ona çox doğma olan bir Səs dilə gələrək İnsana deyir.
-İnsan axı sən niyə şöhrət olmaq istəyirsən. Bilmirsənmi ki, şöhrət sadəcə həqiqətin görünən tərəfidir. Yəni şöhrət İnsanın xaricinə verilən dəyərdir. Görünən bir gün formasını dəyişəcək və bir gün itib gedəcək. Ey böyük İnsan sən niyə bu qədər ötəri, keçici şeylərə önəm verirsən?
İnsan sual qarşısında xeyli düşünmüş, lakin cavab verməkdə çətinlik çəkmişdi. Cavab vermək məcburiyyəti olduğundan İnsan cəsarətini toplayıb fikrini belə ifadə edirdi.
Mənim üçün naməlum Səs sən dediklərində haqlı ola bilərsən, amma öz doğrularımın olduğuna razı olmalısan. Eyni zamanda öz doğrularıma inanıram və bildiklərimi yaşayıram. Səmimi şəkildə bildirməliyəm ki, özümdən məmnunam.
Səs bu sözlərdən sonra susmuş, İnsanın yaşadıqlarını izləməyə davam edirdi. Bir müddət keçdikdən sonra İnsanın həyatında növbəti mərhələnin, növbəti addımın atılması zamanı gəlmişdir. İnsan işini planlaşdırmış, sərvət meyllərini etiraf etmiş, üzə çıxarmış və cəhdlərinin həyata keçirməyə başlamışdır. Neçə vaxtdır susqun dayanan Səs dilə gəlmiş, İnsandan da onu diqqətlə dinləməsini istəmişdir.
İnsan sən daima məqsədlərlə yaşayan və məqsədlərinə nail olmaq üçün mübarizədən qaçmayan gücə və fəzilətə sahibsən. Yaxşı xüsusiyyətlərindən biri də daha çoxunu, ən çoxunu istədikcə bacardıqca dahasını yetişmək düşüncəsinə malikliyindir. Əslində bu keyfiyyəti sən öhdənə buraxan zaman sən İnsan olaraq ən çox mənfi mənada istifadə etməyə üstünlük verirsən. Sən bu keyfiyyəti yönləndirməkdə ya çətinlik çəkirsən, ya da düzgün yönləndirmənin çətin olduğunu düşünüb imtina edirsən. Ancaq bilir və bilməlisən ki, mənəvi keyfyyətlərini düzgün yönləndirə bilərsənsə, mənəviyyatı zəngin varlıq olmaqla bərabər, maddi vəziyyəti, yəni sərvət meylləri avtomatik formalaşmış olacaqdır. Yenə də seçim sənindir. Mənim sənə müdaxilə etmək gücüm hal-hazırda olmaya bilər, lakin sənə təsir etmə gücüm olduğunu düşünürəm.
Səsin ifadə etdiyi fikirlər İnsanı düşünməyə vadar etmişdir. Bəlkə də fikirlərin təsiri ilə həyatının bu dövründə dönüş nöqtəsi olacaq, həm də həyatın bu mərhələsini layiqli keçməyi bacaracaqdır. İnsan özünü məğlub kimi hesab etmiş, məğlubiyyəti qəbul etməmək üçün yenə etirazçı tərəfindən çıxış etməyə başladı.
Mən onsuzda güclüyəm, istədiyimə nail olmaq bacarığına sahibəm. Yer üzərində ən ali varlıq olmağım buna sübut deyilmi? Yaxudda ağlımın olması dünyada tək mənə məxsus bir reallıq deyilmi? kimi sözlərlə İnsan özünə təsəlli verməyi bacarmışdır. Özü-özünü inandıra bilmişdir ki, mən istəsəm bacararam, mən istəsəm edərəm, mən istəsəm bilərəm…
Həyat davam etməkdə, İnsan bu həyatın axarı ilə getməkdə, Səs isə prosesləri sadəcə izləməkdə idi. İnsanda isə ömrün növbəti dövrü və mərhələsi başlamaqda idi. İnsanın bu dəfəki istəyi daha böyük və əhatəsi geniş bir istəkdir. O, səadətə yetişmək, xoşbəxtliyə qovuşmaq niyyətindədir. Həqiqətdə necə səadət istəyirdi, necə xoşbəxtlik lazımdır, özüdə bilmirdi. Qərarsızlıq içində olan İnsan, Səsin gəlməyini istəyirdi. Onun tövsiyələrini dinləyəcək və əməl etmək kimi istəyi yaranmışdır. Eyni zamanda bu dəfə Səsə etibar etməyi əvvəlcədən qərralaşdırmışdır. Səs İnsanın onu yenə də dediklərinə əməl edəcəyinə əmin deyildir. Bu dəfəd fikirlərini İnsana bildirəcəkdir. Bəlkə bu dəfə alınar deyə.
İnsan sən ömrün boyu səadət axtarışındasan. Səadəti gah maddiyatda, gah rahatlıqda, gah da ən yaxınındakı insanda axtarırsan. Lakin bu axtarışların axır nəticəsində sənə qalan sadəcə peşmanlıq olur. Peşmanlığı yaşadıqdan sonra xoşbəxtlik deyə bir anlayışın olmadığı qənaətinə gəlirsən. Əslində xoşbəxtlik yalnızca sənin özündə olan, kənarda axtarılacaq bir şey olmadığını anlamaqda çətinlik çəkirsən. Halbuki, özünə diqqət yetirsən və bu əsnada düşünsən görərsən ki, xoşbəxtlik görən gözdə, eşidən qulaqda və danışan dildədir. Əsasda görməyi, eşitməyi və danışmağı düşünməkdədir.
İnsan bir anlığa nəzər yetirən zaman anlayacaqsan ki, bütün kainatı iki gözünə sığdıracaq gücə maliksən, dünyada var olan bütün səsləri iki qulağın vasitəsi ilə eşitmə bacarığına sahibsən və sənə təsir edən, səndə yaranan bütün təəssüratları dilin ilə ifadə etmə istedadına yiyələnmisən. İnsan sən varlığın etibarilə, yaradılış etibarilə xoşbəxtsən…
Bütün düşüncələrini alt-üst edən Səs İnsanı nəyi və necə həyata keçirməsində qərarsız buraxdı. Səsin dedikləri ilə razı idi, lakin İnsan özünün bu həqiqətlərin fərqində olmaması narahat edirdi. Yenə də razılaşmaq, məğlubiyyəti qəbul etmək demək idi. İnsan üçün naməlum Səsə məğlub olmaq, zəif olmaq mənasına gəlirdi. Çıxış yolu kimi İnsan elə etməli idi ki, həm Səsi günahlandırmaq, həm də Səsin günahkar olduğuna inanmaq və inandırmaq idi. Bunun üçün Səsin zəifliyini üzə çıxarmaq, sadəcə Səsdən başqa heç bir gücə malik olmadığını sübut etməyə çalışacaqdır. İnsan Səsə acizliyini ifadə etmək üçün sözə başladı.
Sən kimsən axı məni belə narahat edirsən? Fikirlərinlə, dediklərinlə mənə təsir edə bilməyəcəyini bilməlisən. Sən axı niyə mənə yapışmısan ki? Mən səni istəmirəm, mümkünsə məndən uzaq dur, çıx get. Mənim həyatımı, fikirlərimi qarışdırma və məni birdəfəlik tərk et…
İnsan sözlərini bitirdikdən sonra Səs dərindən bir ah çəkdi. İnsanı hələlik tərk etməzdən əvvəl özünü təqdim etməyi və son sözlərini deməyi lazım bildi.
Sən istəsəndə, istəməsəndə fərqində olsanda, olmasanda hər anında səninləyəm. Mən səndən xəbərsiz səndəyəm. Onsuzda gec-tez əsl görüşümüz olacaq. Sadəcə əvvəlcədən sənə belə tez-tez xatırlatma etməkdə məqsədim odur ki, gördüyün röyadan ayılasan və həyatının röyalara sığacaq qədər dar deyil, aləmlərə sığacaq qədər geniş olduğunu anlamağından ibarətdir. Mən öz işimi gördüyümü düşünərək, sənə birdə yol göstərmək, tövsiyə etmək kimi bir niyyətim olmayacaq. Bir gün gələcək ki, mütləq gələcək mən səni yoxluğa qərq edəcəyəm. Onda sənin nə məni anlamağa, nə də tövsiyələrimi dinləməyə fürsətin olmayacaqdır. Bir gün gələcək son görüşün mənimlə olacaqdır. Çünki mən ölüməm. Hər zaman yanında və bir nəfəs qədər yaxınında. İnsan sənə son məsləhətim.
Elə yaşa ki, sabah öləcəksən kimi,
Elə düşün ki, heç vaxt ölməyəcəksən kimi.