Aldatdı Məni / Osman Fermanoğlu
Paşam, ömür də çəkmədi,
Yuxuda aldatdı məni.
Təkləyən elə təklədi,–
Qorxuda aldatdı məni.
Yaralıymış demə ürək,
Yerişə bax, çərək-çərək.
Boylanaraq ürkək- ürkək
Ahuda aldatdı məni.
Tapılmadı qulaq asan;–
Hasan keçəl, keçəl Hasan.
Nə çoxdu yolunu azan,–
Sorğuda aldatdı məni.
Baxan yox, verilən paya,
Açıq əli kim qapaya?!
Nəzər saldım qırx qapıya,
Qırxı da aldatdı məni.
Osman, kiminləydi dərdim,
Kimin suçlarını dərdim?!
Tək Tanrıya könül verdim,
“Ya hu”da aldatdı məni.
4 iyul 2019.