DergiZan

Yazı ve Sanat Ülkesi

Müharibə / Təranə Arifqizi

Müharibə təbiətin qoynunda ipək xalı üstündə yerimək deyil,
güllərin yox, güllələrin arasında qorumasız qalmaq,
çiçək ətrini yox, barıt iyini içinə çəkməkdir..
müharibə… ayağı yalın körpənin qar üstündə qanlı iz salmasıdır.
ağlayaraq, titrəyərək, donaraq… bu dünyadan küsərək…
yaddaşlarda qara xal kimi qalmasıdır.
azca şansı varsa, uçqunlar altından dili tutulmuş, qulağı batmış
gözləri işığını itirmiş halda tapılan yarımcandır.
müharibə üzünü Tanrıya tutub qaldırdığın şərab deyil,
müharibə… ölüm adlı əbədiyyət, həyat adlı cəhənnəm,
insanlığın şərəfinə içdiyin qandır.

Müharibə xoşbəxt təbəssümlə dünyaya sevgi paylamaq deyil…
müharibə… bir sevgi uğruna bütün sevgiləri udan, yarım qoyan,
onu torpağın yeddi qatına gömən,
gülüşü üzlərdə donduran dünyanın şeytanıdır, iblisidi.
bəşərin viranələyi, insanların divanəliyi, varlığın heçliyidi…

Müharibə üzügünəşə açılan pəncərədən həyatı seyr etmək deyil,
o çərçivədən dağılmış evlərin, yanmış arzuların,
küçələrdəki bombalanmış izlərin, yaşanmamış,
yox olmuş həyatların varlığını gözlərində rəsmini çəkməkdir.
tanışdı mənə qəhərdən boğazın tıxanması,
nifrətdən gözlərin, ürəyin çalxanması…
müharibənin doğması deyil, yadıyam…
çünki mən, müharibəni görmüş,
onun ağırlığını ruhunda, vücudunda
gözlərində, sözlərində, keçmişində, bu günündə yaşamış
başı bəlalı Ananın övladıyam..

Müharibə soyuq qış günündə isti yataqda xumarlanmaq,
yaşadığın gözəllikləri anmaq deyil…
müharibə… daş döşəmədə, əlləri qoynunda yumaq kimi yığılıb,
ömrün acı, uzun, bitməyən günlərini dua kimi Tanrının üzünə saymaqdır…

müharibə göyərən yerdə həyat solur, quruyur, məhv olur…
baxıram insanların dəhşət yazılmış gözlərinə, ümidsiz baxışlarına ,
qəsbkara dişlərim sıxılır, gözlərim dolur.
yaş şüşələnmış gözlərin, qanı qaçmış dodaqların
qanlı, qansız yaraların sualına cavab tapa bilmirəm.
Yalnız haqq savaşının qələbəsi suallara cavabdır…
Ədalətsiz müharibə isə bütün cavabları sual altında qoymaqdır.

Bu yazıyı paylaş:

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Bu yazarın toplam 18 eseri bulunmaktadır.