DergiZan

Yazı ve Sanat Ülkesi

Şiirler / Xəyalə Sevil

Adı Ayrılıqdısa

Bəs, əgər bu gedişin
Adı ayrılıqdısa?
Böyütdüyüm duyğular
Ürəyimi sıxdısa?

Bəs, əgər ömrüm-günüm,
Tanrı bizə baxdısa?
Göyün günəş üzündən
Əllərimi yıxdısa?

Bəs sürdüyüm ömür-gün,
Bir gün yoldan çıxdısa?
Və bunların səninçün
Bir önəmi yoxdusa…

“Hüzur” Dedim

Səhər eyni, axşam eyni,
Əcəb axına düşmüşəm!-
Tanrı də atmışdı məni,
Gördü yaxına düşmüşəm,
Qıymadı.
Götürdü basdı bağrına,
Ağlamağa qoymadı.
“Səbr,”- dedi.
“Ürəyində bir sevgi var,
Gözlərində gəzir,”- dedi.
“Əsir,”- dedi, “əllərin,
Kirit barmaqlarını.
Bu ağ vərəq, bu taleyin,
Yerit barmaqlarını:”
“Hüzur,”- dedim,
“Hüzur,”- dedim.!

İçimdə Bir Sıxıntı Var

İçimdə bir sıxıntı var,
Bir ah çəkdirir adama,
Gəl görəsən!
Buludlar ağ çiçək kimi
Açılıb göy üzündə,
İndi bir yağış yağacaq,
Sel görəsən.
İlahi, hərdən nəfəs al,
Boğuluram bu havada.
Boynum bir nazik ipdədi,
Yıxılıram bu havada.
Anlayıram hər şeyi,
Ürəyimdə əndişə var…
Eh, bu nə ruh düşkünlüyüdü?
Seçim axı həmişə var:
Pis, yoxsa daha pis?

Dağınıq Düşüncə

Bir az səhmana saldım
Dağınıq düşüncəmi.
Açdım, görüm nə qalıb
İçində düyünçəmin.
Ümu-küsüləri atdım,
Bağışladım hamını.
Həyatdı dəə, neyləyək?
Tanıdım adamımı.
Sonra bir yol gülümsədim
Başım üstə Tanrıya.
Dedim, əllərimi qoru,
Daha canı yuxalıb,
Tab gətirmir ağrıya.

“Yaxşı ki Varsan” Dediyim

Günəş divar saatıdı göy üzündə-
Saat üçü vurur.
Nəylə ovudum könlümü?
Qarşıda gecə durur.
Heç bilmirəm kimçün, neyçün
Bu dünyadan gen düşürəm.
Səhər durandan darıxıb
Axşama yorğun düşürəm.
Orda biri var deyirlər,
Hələ təzə bilmişəm ki,
Arzusu mənəm büsbütün.
İstəyirəm yaxınlaşım:
Darıxırsan?
Ölmüşəm ki?..
İstəmirəm, hamı getsin,
Qoy hamı yoxsa çıxsın.
Sinəm edam kürsüsüdü,
Ürək çarmıxa çıxsın.
…Ürəyimdə gizli-gizli
Tez-tez çəkilir adı.
“Yaxşı ki varsan” dediyim
Hardadı?

Bu yazıyı paylaş:

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Bu yazarın toplam 5 eseri bulunmaktadır.

Yazarın diğer yazıları