DergiZan

Yazı ve Sanat Ülkesi

Şeirler / Azər Ağayev

Soyuqların Şeiri

Taleyindən yorğun düşən axşamın
Sabahında gəldin könül evimə.
Duaların yeddi göyü titrədən
Savabında gəldin könül evimə.

Elə gəldin, üşütmüşdün, ruhumdan
Bir nəfəslik qucaq açdım ovcuna.
Otur bir az, isti şeir dəmləyim,
Pıçıldayım saçlarının ucuna.

Xəzəl vaxtı yarpaq üstə mən sənin,
Tanıyaram, gəlsən, ayaq səsini.
Qurban olum, inciyəndə, küsəndə
Bir də çıxma saçlarından hirsini.

Bir dənizdir, dalğalanır baxışın
Qumral saçlar bəzəyəndə çiynini.
Günəş solğun, buludludur havalar,
Soyuq düşür, qalın geyin əynini.

Üşüsən, gəl payız vaxtı bir səhər,
Dərdlərini alım yorğun canından.
Gedirsənsə, birnəfərlik yer saxla
Yaşamağa bir ömürlük yanında…

Dərdin Yaş Gecəsi

Göy üzündə bir qərib ulduz darıxar yaman
Saçlarını oxşayıb əllərini tutmağa.
Qaranlıq gecələrin dərdli ay işığında
Əlim göylərə çatmaz, ruhunu ovutmağa.

Ömrümün sabahında dan yeri ağarmamış
Hicran yeli əsəndə yasəmən ətrin gəlir.
Kirpiklərin dolanda, için qan ağlayanda
Gözlərinin yaşını dodağından kim silir?

Nənəmin toxuduğu yun köynək təki ruhun
Məni isti saxlayır soyuq qış gecəsində.
Göy üzündə bir qərib darıxır yaman,
Ayın buz nəfəsində, dərdin yaş gecəsində.

Yeni Səhifə

Sənsiz halım pərişan,
Ürəyim qan ağlayır.
Səssizliyin içimdə
Tufan kimi çağlayır.

Sən axı görməmisən
Yoxluğunun sərt üzün.
Üstümdə ətrin qalıb,
Pərdələrdə əl izin.

Gecəyə kölgən düşür,
Ağrılar sancı çəkir,
Nəmli divarlar boyu
Xatirələr yaş tökür.

Dodağın qanlı bıçaq,
Gözlərin dar ağacı.
Tərsliyimə bağışla,
Bir az halıma acı.

Sənsizliyin dibində
Bu dərdin əlacı yox,
Bircə dəfə zəng eylə,
Bu dəli inadı yıx.

Hörümçəklər tor salıb
Pəncərəmə, qayıt, gəl.
Qollarında qucaq aç,
Olanları unut, gəl…

Bir Nəfəslik Doğmalıq

Gözlərim keçən ömrün
boşluğunu çəkən zaman,
Bir səhər qəfil gəlişinlə aydınlandı günəş.
Bu şəhərin
yuxulu gözlərində bir sevinc doğdu,
Uçuq könlümün pəncərəsinə
addımların səs salanda
Səndən öncəkilər nəfəsində yandı,
Bir nəfəslik doğmalıq oyandı.
Ayaqlarım titrəyən dəqiqələrdə
Ömrün qərib sükutunu bir təlaş boğdu.
Arzuların közərən şam işığında görüşdük,
Üzü dənizə tərəf dayandıq səninlə.
Yaz yağışı saçlarına dağılanda
Ovuclarımda isindi yanaqların,
Mənimsə boğazımda qurudu
hələ deyə bilmədiyim sözlər.
Ruhum
toz bağlamışdı illər uzunu
vaxtsız sevdalarda.
Bağışla,
bir yol gecikdim ömrünə…
Ürkək gülüşlərinin ardından
Canımdan bir üşütmə keçdi,
Bir eşq oyandı nəfəsindən.
Baxışların damla-damla
süzüləndə könlümə
Canalan gözlərinin
işığında sevdim səni.
Hələ də qulağımdadır:
“Həyatım, səni sevirəm” deməyin,
Və susmağın.
Barmağının ucunda,
əllərinin sığalında
məni oxşamağın…
Gəlməsəydin, bir şeir üşüyərdi ürəyimdə,
Gəlməsəydin, fəsillərin yol ayırıcında
Bir arzu əsərdi gözlərimdə.
Sənsiz ömür-gün yarımdır,
Sənsiz bir ovuc ümid də yarıdır.
Ağaclar təzə çiçək açanda
Könlünün sahilinə liman saldım,
İmza atdım ürəyinə,
Mürəkkəbi dodağında qurudu…

Sənsiz Olmaz

Gəncliyimin üstünü
Duman alanda gəldin.
Könlüm yarpaq tökəndə,
Ömrüm solanda gəldin.

Təqvimlərdə susayan
Bir eşq dil açdı səndə.
Susdu bütün ağrılar
Öpüb sığal çəkəndə.

Qaranlıq təkliyimə
Gözündən nur ələdin.
Bu toz basmış ruhuma
Bir azca su çilədin.

Dodağımda çırpınan
Duatək sevdim səni.
Varsa bir şübhə yerin,
Al, çarmıxa çək məni.

Bir gün getmək istəsən,
Gözlərimin qarası,
Sənsiz olmaz, biləsən,
Yoxdur səndən sonrası!

Getmə, Qal

Yağış altda islananda saçların
Baxışların ürəyimdə köz olur.
Dodaqların sinəm üstə nəm çəkir,
Nəfəsin eşq, gülüşlərin söz olur.

Gözlərinin sehri nədir, baxanda?
Dil quruyur, səsi əsir adamın.
Səndən uzaq qan ağlayan könlümü
Ovutmağa yetir adi salamın.

Gecələrin boynu bükük, hüznlü,
Yoxluğuna danışıram yuxumu.
Qayıt gəl ki, yox edəsən ömürdən
Bu sənsizlik adlı qara qorxumu.

Dodağımda çata dönən həsrətə,
Ürəyimdə yanan oda nəzər sal.
Ömrüm-günüm, qucaqlayım, yaxın gəl,
Saçlarına pıçıldayım: “Getmə, qal…”

Sol Eşq

Daş ömrümün pozulur
Yuxu yaddaşı səndə.
Bir az dinləyim səni
Saatın nəfəsində.

“Eşq” dediyin, bilirsən,
Sol tərəfdə üsyandır.
Taleyin ovucları
Quru bir oda yandı.

Gecənin boğazında
Quruyurdu dodağım.
Can atırdı əlinin
Sığalına yanağım.

Saçından töküləndə
Ömrün beşinci fəsli,
Bir fəsil doğulurdu
Ruhunda eşq nəfəsli.

Sağda həyat sıxırdı,
Soldasa ürək səni.
O nəmli gözlərinin
Səsi kimi sev məni…

Divardakı Kölgələr

Bir addım məsafədə qıvrılan lal baxışlar
Çarmıxa çəkilirdi nəfəsinin odunda.
Səhərin gözlərində hicranı ovutmağa
Əllərin qucaq yeri göy üzünün çatında.

Ovuclarına sənin üç şeir pıçıldadım,
Ruhumun əzaları titrədi dodağında.
“Eşq” dediyin yanmaqdır bir qadın saçlarından
Ayaq ucuna qədər sükutun ocağında.

Sol yanın gün işığı düşməyən tərəfində
Əlim göyərçin kimi köksündə dən gəzirdi.
Saçının sünbül eşqin zaman dəyirmanında
Saatın əqrəbləri ovuc-ovuc əzirdi.

Ömrün laləzar vaxtı dil açır, ayaq açır
Dəli, havalı könlün körpə, ərköyün nazı.
Nəmli divarlar boyu kölgələr rəqs edəndə
Çiynində çırpılırdı ötən bir ömrün tozu…

Pozulan Sükut

Günəşin solduğu bir gündə
ümidlər dalğalara çırpılırdı.
Bir yelkənsiz gəmi kimi
sovrulurdu ruhum
Könlümün yaxası asılı qalmışdı
bir kor düyündən.
Gözüyaşlı qalmışdı arzular.
Və… Sən gəldin,
pozuldu sükut ömrü
Bir yanımda sən,
bir yanımda partlayışlar.
Saatın əqrəbinə son nəfəsini tapışırırdı sükut. Bulanıq ömrüm sənlə durulurdu.
Aydınlanırdı günəş soyuq dekabr səhərində.
Varlığımın tam solundan bir sızıltı,
bir üşütmə keçdi o anda
Sənə qədər kirpiklərim – ağrıların bulud ömrü… Gecələrə dirsəklənib mürgüləyən gözlərim gülüşündən bir ovuc səadət içdi.
Yasəmən ətirli saçlarında
uçurum dibində
tutundum həyata.
Elə gülümsədin ki, titrədi ruhum, əsdi əllərim. Yuxusu ərşə çəkilən arzularım
bəlkə dizlərində bir yuxu yata.
¹Bir az yaxın gəl, bir az da yaxın.
Qulağına pıçıldayım saçlarının nəfəsində:
“Sənsizliyi alnımın qırışlarında daşıdım, Çatlamış dodaqlarımda yandı sənsizlik…”

Sənə Qayıdan Yollar

Bir yol başın götürüb çıxıb getməyə nə var?
Səndən də çıxıb gedən yollar sənə qayıdır.
Zəngini gözləyirəm nə vaxtdır gecə-gündüz,
Ruhumu səsin deyil, daha hicran ovudur.

Yandırır gecələrin gözlərini yoxluğun,
Parçalanır ümidlər, doğranır ömür payı.
Yollar uzaq, qayıt gəl, yuxularım yarımçıq,
Sönür daha bu eşqin yanan günəşi, ayı.

Saçlarına hördüyüm bir arzuya, istəyə,
Gülüşünə bağışla məni, getmə, nə olar?
Hər şeyi unut, bircə məni unutma, gülüm,
Xatirələr od olar, ovcumda közü qalar…

İki Nəfərlik Bilet

Taksinin arxa oturacağında
pəncərədən çiləyirdi
martın ilk yağışları,
Susurdu dodağının altında,
yanağında üşüyən bir neçə söz,
Ruhumun tozunu ələyirdi
gülüşünün can alan baxışları.

Sən evə tələsirdin…
Tərslikdən də,
yollar açıq idi,
Küləklər də dağıdırdı saçlarını çiynimə,
Gülümsədin yuxulu gözlərimə,
Susdun… susdun… Başını qoydun sinəmə…

Və sonra…
Qəfil “məni unut bu gecədə,
bu yağışlarda” dedin,
Bir yol arxana baxmadan getdin,
Getdin, əllərimi sıxmadan getdin,
Üşüdüm ovuclarında, bilmədin…

Gecələrdən ulduzlar sönməmiş,
Gündüzlərdən günəş çəkilməmiş
Nə olar, nə olar,
hələ getmə,
Bir az da qal…
Bağışla yolların tozlu xatirəsinə,
Yağışların kövrəlməsinə.
Əgər gedirsənsə,
bir düşün,
uzaq sahillərə
bir nəfərlik deyil,
iki nəfərlik bilet al…

Bu yazıyı paylaş:

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Bu yazarın toplam 1 eseri bulunmaktadır.