DergiZan

Yazı ve Sanat Ülkesi

Anar’ın Hekayələrində Özgələşmə Problemi / Xatirə Asif (*)



Giriş

Bir çox mövzular kimi XIX əsrə qədər fəlsəfi aspektdə araşdırılan problem­lər­dən biri də özgələşmədir ki, o da təxminən elə bu dövrdən sonra ayrılaraq müstəqil şəkildə öyrənilməyə başladı. Ədəbiyyat tarixinə nəzər saldıqda isə bütün dövrlərdə özgələşmiş insan portlərininin yaradıldığını, lakin problem səviyyəsində qabar­dıl­madığının şahidi oluruq. XX əsr dünya ədəbiyyatının zəngin mövzu rən­garəngliyi ilə çağladığı, insan fenomeninin iç dünyasının ziddiyyətlə­rinin işıqlan­dırıldığı bir dövrdə isə yadlaşma artıq problem səviyyəsinə yüksəlir. Bu zaman gərgin mü­haribələrdən çıxmış, kataklizmlərə şahid olmuş insanların mənəvi sar­sıntıları, ruh düşkünlükləri ədəbiyyata bir sıra psixoloji motivlər verdi ki, burada özgələşmə problemi aktual mövqedə yer tutur. Özgələşmə anlamı sosial-mənəvi, siyasi hadisələr və ya mühit dəyişməsi zamanı ailəsində, cəmiyyətdə, ümid bəslə­diyi in­sanlardan gözlədiyi münasibəti görməyən, özünü düzgün qiymət­ləndir­mə­yən, qələ­bəlik içərisində atılmış, yalqız hiss edən insanların dəyişməsidir. Qaçılan prob­lemlərlə və ya şəxslərlə yenidən insanın üzləşməsi onda ikili obrazın yaran­masına səbəb olur ki, bu da qəbul edilən bütün həyat həqiqətlərini dəyişmək gü­cünə malik olur. Sevgi və bağlılılığın olmadığı, bütün əlaqələrin qırılıb mücər­rəd­ləşdiyi ger­çəklikdə hər bir insan başqasına yad olduğu üçün soyuq münasi­bətlər insanları buz parçası kimi səssizləşdirir, küskünlüklərdən doğan sükut isə insanı ət­ra­fından, dünyadan və ən əsası özündən uzaqlaşdırmaq qüvvə­sinə malik olur ki, onu yenidən öz mənliyinə əzmkar mübarizə, daxilindəki inqilab, ölüm qaytara bilər.

Dünya ədəbiyyatında özgələşən insan obrazını əks etdirən ədiblər sırasında Karl Yaspers, Martin Haydegger, Jan-Pol Sartr, Alber Kamyu, Peyami Safa, Oğuz Atay, Orxan Pamuk və başqaları problemi yaradıcılıq fərdiyyəsi kimi işləmişlər. Fərdin cəmiyyətdən ayrılaraq təkliyə qapanması, keçirdiyi psixoloji böhranların işıqlandırılması Nizami Gəncəvinin İsgəndəri, N.Vəzirovun Fəxrəddini, C.Məm­məd­quluzadənin Kefli İsgəndərinə və başqa obrazlara qaynaqlansa da müasir dövrdə öncül nümayəndələri sırasında Əzizə Cəfərzadə (“Bir səsin faciəsi”), Yusif Səmədoğlu (“Qətl günü”), M.Süleymanlı (“Yamacda nişanə”) və başqalarını göstərə bilərik. Özgələşməninin çoxçeşidliliyini nəzərə alaraq bunları növ kimi qiymətləndirdikdə fərdi və ictimai, şəxsiyyətin, mühitin, məkanın, düşünən beynin özgələşməsini adekvat olaraq qəbul edərək, Anarın hekayələrində bu izin cığırına düşməyə çalışacağıq.

Özgələşmə Boyaları

Çağdaş ədəbi prosesin orijinal fərdi üslubu ilə seçilən , yeni baxış tərzi ilə obrazlarının xarakterlərini bütöv şəxsiyyət kimi əks etdirən Anar yaradıcılığı ilə müasir dünyanın çizgilərini əsərlərinə yansıtmağı bacarır. Jurnalistika, kinematoq­rafiya sahələri ilə də məşğul olsa da əsas istiqamət kimi ədəbiyyata yönlənən Anar 30 ildən artıq müddətdir ki, AYİ-nin sədri olaraq fəaliyyətini davam etdirir. Ədib daxili hiss və həyəcanlar fonunda insanlarda baş verən özgələşməni dürlü formada vərəqə köçürərək bəzən ötən zaman müddətində gah dostları, gah ailələri, gah da mühiti oxucuya yadlaşmış formada təqdim edir. Anar yara­dıcılığında kimisi ən yaxın dostuna, kimisi özünə, kimisi də bütün dünyaya qarşı özgələşir. XX əsr insan beynindəki fikir qarışıqlığı, hərc-mərcliyi fonunda rahatlıq tapa bilməyən insan­ların həyatını ədəbiyyat güzgüsündə əks etdirən müəllifin qəhrəmanları cəmiyyətin uğursuz məğlublarıdır. Tənhalıq girdabında çırpınan bu insanların olduqları abstraksiyadan çıxış yolu yoxdur. Yaradıcılığa başlayarkən ailə-məişət mövzu­sunda yazdığı ilk hekayələrdən yadlaşma məsələsini prioritet kimi işləyərək in­sanda daxili fobiyaları inikas etdirməklə yadlaşmanın individuallığını işıqlandıran yazıçı “Keçən ilin son gecəsi” (1960) hekayəsində övladlarının uzaqlaşmasından təşvişə düşən Həmidə xala ilə oxucunu tanış edir. Əri Qəzənfər dünyadan köçdükdən sonra ailə üzvlərini bayram süfrəsi ətrafında görmək istəsə də bu arzusu artıq böyüyən övladlarının vacib işlərinə görə ürəyində qalan Həmidə xala Qəzənfərin kasetdəki səs yazısını dinlədikdən sonra sanki mənəvi rahatlığa qovuşur. Çünki övladları bir-birindən uzaqda olsalar da xoşbəxtdirlər. Ədib burada uzaqlaşmanı müsbət mövqedən həyatın qanunu kimi əks etdirərək övladların müəyyən zamandan sonra bir-birindən ayrılıb həyatda öz yerini tapmalı olduğunu vurğulayır. Bayram günü olduğu üçün Həmidə xala təşviş keçirsə də əslində o da bu yadlaşmanı yeni xoşbəxliklərin başlanğıcı kimi qəbul edir.

“Hər son yeni başlanğıcın təməlidir” prinsipi ilə hərəkət edən Anar “Asqılıqda iş­ləyən qadının söhbəti” (1959) hekayəsində də bu fikirin incə nüanslarına toxu­na­raq artıq burada duyğuların və paltoların rəng palitrasından istifadə edir. Heka­yəni oxu­cuya nəql edən, 500-ə qədər işçisi olan idarədə hamının paltosunu tanıyan, ad­sız şəkildə bizə təsvir etdiyi obrazları yalnız əşyaları ilə fərqləndirən, həmişə cüt gə­lən iki paltonu xüsusi ilə özünə doğma hiss edən qadın bu əşyalarla insanların hə­­yatında yaranan problemləri izləyir, bəzən isə onların dərdinə şərik olur. Qadın Sa­rı paltolu qadınla qara paltolu kişinin ayrılığını və mixəyi paltonun araya daxil ol­masını söhbətilə bizə çatdırır. Qara paltolu kişi artıq bir özgə adam kimi sevdiyi xa­nımın paltosunu istəyəndə qadın əvvəlcə vermək istəməsə də sonra ona yazığı gəlir.

“– Qıymadım. Dinməz-söyləməz qızın sarı paltosunu ona uzatdım. Aldı baxdı,baxdı. Sonra qaytardı və çıxdı getdi” (“Asqılıqda işləyən qadının söhbəti”).

Qadın paltolarla tanıdığı insanlarla zahirən doğmalaşır. Az sözlə çox fikir bildirən ədib seyrçi qadının qısa söhbətindən iki insanın bir-birinə biganəliyinin və laqeydliyinin nəticəsi olaraq üçüncü adamın araya daxil olmasını göstərir ki, bu da onları həmişəlik uzaqlasdırır, yabançılaşdırır. İki nəfər olan yerdə üçüncü şəxs olarsa onların xoşbəxt sonluğu əbədi arzuya çevrilir.

 Göstərdiyimiz hekayə ilə yanaşı ədib “Mən, sən, o və telefon” (1967) heka­yəsində də bir-birinə tamamilə yad olan insanları kiçik cihazla birləşdirir. Heka­yədə Anarın yaratdığı Seymur və Rüstəm obrazlarında isə psixoloji yadlaşmanın şəxsiyyət özgələşməsi kimi ikili əksini görürük. Evlənmək istəyən Seymur təsa­düfən yığdığı nömrə sahibəsi Mədinəyə onu görmədən vurulur və səbəbsiz yerə əsl adını gizlədib Rüstəm adı ilə onunla əlaqə yaradır. Onu həyatda görmək istəyən, lakin iş yerində işləyən makinaçının həmin qadın olduğunu bildikdən sonra onun qarşısına Rüstəm kimi çıxa bilməyən, dilemma qarşısında qalan Seymur özünü olanlardan xəbərsiz göstərib yad insan kimi həyatına davam edir. Mədinə isə təyyarə qəzasında həyat yoldaşını itirmiş, xoşbəxtliyi isə qammalarda, təyyarə səsində axtaran dul qadındır. Hər gün Rüstəmin dərdini dinləməyə hazır olan Mədinə özü də artıq Seymur barədə hər şeyi Rüstəmə danışır. Ailə qurduqdan sonra Rüstəmin zəngini gözləyən Mədinə və Seymur üçün o zəng əbədi susur. İnsanın ikiləşməsi və bu ikiləşmədə Rüs­təm daxil, Seymur xaric qismindədir. Həyat yoldaşının ölümündən sonra təyyarə səsi ilə xoşbəxtlik tapan Mədinə isə artıq Seymur üçün dəyişməlidir.

Ayrılıqdan Doğan Tənhalıq

Ədibin yaradıcılığında uzaqlıq, ayrılıq bəzən insanları daha güclü edərək sıx bağlarla birləşdirir, bəzənsə həmişəlik özgələşdirərək əks qütblərdə məskən saldırır, həyatdan bezdirir, məhv edir. Yazıçı “Taksi və vaxt”, “Gürcü famili­yası” hekayələrində bu tendensiyanı uğurla təqdim etmişdir. “Taksi və vaxt” (1961) hekayəsinin qəhrəmanı bir vaxtlar sevdiyi qızı yola salarkən sonradan ömrü boyu bu hərəkətinin peşmanlığını çəkəcəyini düşünməmişdi. Bəlkə də, vaxtında ürəyini açaraq hər şeyi etiraf etsəydi xoşbəxtlik qapısı onun üzünə açılar, həyatın axarında səadət payına sahiblənərdi. Lakin artıq aradan keçən 20 il onun ümidlərini boşa çıxarmış, təklik məngənəsinə salmış, özünü mənliyin­dən uzaqlaşdırmışdı. Bu zaman kəsiyindən sonra dostunun qızına aşiq olan, onu nişanlısının evindəki ad günü şənliyinə aparmalı olan qəhrəman yenə də səadətini taksi ilə yola salmaq məcburiyyətində qalır. Gənclərin yığıldığı evdə sevdiyi Nərgizin əsl Azərbaycan xanımına xas rəqsi onu xəyallarından ayırıb real dünyaya-təklik məkanına qaytarır. Geriyə dönmək istəyəndə maşının getdiyini görsə düşünür ki, artıq xoşbəxtliyini həmişəlik yola saldığı taksi ona lazım deyil. O, reallığa qayıdıb hər şeyi olduğu kimi qəbul edir və yenə də həyatda tənhadır. Ədib bu əsərdə o surətinin özündən 20 yaş kiçik qıza olan sevgisinin yaşına yaraşmadığını, milli əxlaqi keyfiyyətlərə zidd olduğunu da ustalıqla göstərir. Xəyalən cəmiyyətin gözü ilə onun öz dilindən göstərir ki, Nərgizə olan münasibət yanlışdır. Bəs cəmiyyət bu sinli kişiyə nə deyər?

 Qəhrəmanların yaşadıqları dünyadan ayrılıb bir anlıq keçmişə qayıtması və sonra həyata nikbin gözlə baxması, gələcəyə aid ümid çırağının qəlblərində işıq tapmasının əks olunduğu digər hekayə “Gürcü familiyası”dır (1967). Özgə mühit fonunda Əsmər və Oqtay obrazlarında doğma insanların yad həyatını xüsusi ustalıqla qələmə alan yazıçı bu insanları birləşdirən birgə keçirdikləri uşaqlıq illərini və vaxtında özlərinin də hiss etmədikləri sevgi duyğusunu xatirələrlə yada salır. Əsmərin bir dəfə yox yerinə hə cavabı verməsilə başqa həyata qədəm qoyaraq hər şeydən uzaqlaşması tənhalığının başlanğıcıdır. Yeni ailə qurduğu ilk vaxtlardan sıxıntılarla qarşılaşan Əsmər Camalla dünyanın az qala hər yerini gəzsə də, hər şeyi olsa da yenə də İçəri şəhəri, uşaqlığını, keç­mişini, Oqtayı axtarır, ya­şa­dığı həyatdan ayrılıb bir günlük də olsa qaydaların üstündə xətt çəkərək özü olmaq istəyir. Ailə həyatı imkan baxımından ona hər şey versə də, daxilində olan insanı bo­ğub yeni süni insan obrazını canlandırmaq məcburiyyətində qalır. Oqtay Əsmə­rin gələcəyini ağlına belə gətirməsə də, hətta bunu istəməsə də o, hamıdan gizli yenidən Bakıya-xatirələr məskəninə qayıdır. Onların görüşü Əsməri keçmişə-pən­cərəsiz evlərinə, qayğısız uşaqlıq həyatına qaytarır. Oqtayın Əsmərin mühacir­lər haqqında olan söhbət zamanı düşündükləri isə onların yalnızlıqlarının ifadə­sidir:

 “Mən düşündüm ki, bəlkə biz də, Əsmər də, mən də mühacirik. Böyüklər diya­rına uşaqlıq ölkəsindən gəlmiş mühacirlər. Geri qayıtmaq imkanından əbədi məhrum olmuş mühacirlər. Vətənləriyçün qəribsəmiş mühacirlər” (“Gürcü familiyası”) Zaman illər ərzində onlara özgə həyatı yaşatsa da nə Əsmərin ona yad olan ailəsi, nə Oqtayın yuva qurmaması, nə də ki uzaq məsafələr onları bir-birinə qarşı özgələşdirə bilmişdi.

Ölümün Hənirtisi

Qapının kandarında dayanan ölümün verdiyi xəbərdarlıq siqnalı sanki kim­səsiz insanı düçar etdiyi Qordi düyününə elə məngərləyir ki, ən qüvvətli qollar da səssiz gələn faciənin gecikmiş təəssüfləri qarşısında biçarə, aciz qalır. Anarın qəh­rəmanları hənirini duyduqları ölüm məfhumunun əlindən nə qədər can qurtarmağa çalışsalar da xislətin naqis tərəfinin onlara gətirdiyi bədbəxtliyin aciz qurbanı olurlar. “Vahimə”, ”Qırmızı limuzin” hekayələrində qaçılmaz son­luğu gös­tərən ədib bunları qəhrəmanların timsalında göstərir. Anarın “Qırmızı limuzin” hekayə­sində yaratdığı simvollaşdırılan adsız qəhrəman obrazı həyatda yalnızdır. Bütün qanunlardan azad olan yuxular hər gün eyni həyatı yaşamağa məhkum olan onun röyalarında nədənsə qaydaya tabe olaraq silsilə ilə davam edir. Hər gecə gördüyü qorxulu yuxu vahiməsi ilə qurduğu zəngli saatdan əvvəl oyanır.

Və bir gün yuxularının qorxulu röyası qırmızı limuzini həyatda canlı görən, evdən çıxan­da həyətdə, sonra dayanacaqda, metronun çıxışında, dar və keçilməz küçələrdə, iş yerinin həyətində 19 91 nömrəli avtomobilin onu izləndiyini düşünür. Küçədə gəzərkən belə hər şeyin dəyişib özgələşdiyini, sanki yadlaşma lövhələrinin ətrafı tutduğunu hiss edir. Həyatı boyu bu qədər təlatümlü olmayan qəhrəmanın yalnız katibəyə ehtiyacı var. Limuzin haqqında ona hər şeyi demək, yenidən aralarında qirilmiş bağları birləşdirmək istəsə də bu şansdan məhrumdur. Xoşbəxt olarkən etdiyi səhvlərini indi tək qaldığı zaman anlayan onun bu çarpışmaları əbəsdir. Xaricə köçməyə hazırlaşan katibənin evindəki kitablar haqqındakı söhbət zamanı qadının dedikləri əslində çox böyük məna ifadə edirdi. Bu fikirlərlə o qadını yenidən tanıyır:

 “Hər halda bu kitablar bir ailə idi. İndi bir-birindən ayrılırlar, ailə dağılır. Sabah hərəsi şəhərin başqa-başqa yerlərində, başqa-başqa evlərdə, başqa-başqa adamların əlində olacaq. Bir də heç vaxt bir-birləriylə görüşməyəcəklər. – Bir an susdu, sonra əlavə etdi – səninlə mənim kimi…” (“Qırmızı limuzin”). Artıq tamamilə tək qalan hər kəsin ona özgə olduğu mühitdə sonunun çatdığını,bundan qurtuluş olmadığını bilən o ölümünü vüqarlı təmkinlə qarşılayır və elə həmin qırmızı limuzindəki bombanın partlaması nəticəsində dünyasını dəyişir. Müstəqillik illərində qələmə aldığı bu hekayədə müəllif bu dönəmdə yeni qurulmuş cəmiyyətdə möhkəmlənmə­miş münasibətlər fonunda insan bağlarının itməsi nəticəsində ölümün labüdlüyünü əks etdirir. Anar yaradıcılığında özgələşmə aparıcı xətt kimi özünün pik nöqtəsini bu hekayədə tapır.

 Bu xətti ədib sanki “Vahimə” hekayəsində də davam etdirərək, məşhur psi­xoloq, hamının dərdinə dərman tapan, lakin qorxulu vahimələrindən az qalsın dəli olan Orucun simasında qabarıq formada davam etdirir. Məşhur həkim olduğu üçün hər şeyi olan Oruc yoldaşına, ailə üzvlərinə laqeyd münasibət bəsləyərək Ofeliya ilə əlaqə qurur və bununla da əslində onun üçün hər şey edən xanımına xəanət edir və ona qarşı soyuq münasibət göstərir, yadlaşır. Onların əlaqəsini gizləyən, əvvəl Baləminin atasının olan, sonra ermənilər yaşayan və Oruca hədiyyə verilən ev sonrakı hadisələr fonunda cəhənnəm ocağına çevrilir. Evdə Baləminin oğlu kimi özünü təqdim edən adamla dava nəticəsində onu öldürdükdən sonra psixoloji sarsıntı keçirir və ətrafdan qaçmağa çalışır. Yenidən bağa gəldikdə həmin hadisələrin axınına düşən Oruc elektrik vurması nəticəsində dünyasını dəyişir. Ədib bu əsərdə də müstəqillik dövründə insanlarda olan fobiyaları, sanki izlənmək qorxusu səbəbi ilə yaranan psixoloji özgələşməni ekzistensialist formada qələmə almışdır.

İntihar- Absurddan Qurtuluş

Absurdla qarşı-qarşıya gəlmək insanı iki seçimdən birini etməklə üz-üzə qoyur: intihar etmək və ya qəbul etmək. Anar hekayələrində bəzən A.Kam­yu­nun mövqeyindən çıxış edərək intiharı çıxış yolu kimi göstərir. Yaradıcılığının ilk illərinin məhsulu olan “Nisbət nəzəriyyəsi” hekayəsi də bu qəbildəndir. Heç kimi qırmayan, hər şeyə səbr edən, hamının bu həyatda nəydəsə haqlı olduğunu qəbul edən sanki, mülayim və səxavətli dəniz obrazını canlandıran Hikmət zahirən xoşbəxt görünsə də daxilən param-parçadır. Arvadı Nəimənin professor Ələsgə­rovla münasibətindən xəbərdar olsa da, bacısı Zəhranın haqlı təhqirlərini sakit tərzdə qəbul edir. Heç vaxt haqq səsini çıxarmayan Hikmət nəhayət, öz sonunu özü seçir və intihar etməklə oxucunun düşündüklərində çaşqınlıq yaradır. Hikmətin intiharı onun həyatda öz yerini tapa bilməməsinin, dəyərini qiymət­ləndirməməsinin, hər kəsə haqq qazandırarkən mənən məhv olmasının nəticə­sidir. Hər kəsin xoşbəxt gördüyü “Axı nəyi çatmırdı?” deyə düşündüyü, həya­tında hər şeyi olan Hikmət özgə həyatını yaşayır. O, zahirən göstərməsə də daxilən bunu qəbul edə bilmir və bu dəfə öz mövqeyində artıq o haqlıdır. Mənəvi boşluqlar, daşıdığı qeyrət yükünün çəkilməzliyi onu bu yola məcbur edir. Anar burada mənən əzilmiş, saxta həyat yaşayan qəhrəmanı intihar yolu ilə yaddaşlara həkk edir.

 Ədibin hekayə yaradıcılığına diqqət yetirərkən bəzən qəhrəmanların sonda çarəsizlikdən çıxış yolu tapa bilmədikdə intihar etmək istəmələri təbii hal kimi öz əksini tapır. “Qaragilə” hekayəsində vaxtında səsini çıxarıb özü kimi olmaq istəməyən Kazımın həbsini, sonrakı tənhalığını və təklikdən intihar etmək istə­məsini görürük. İrandakı azadlıq mübarizəsi zamanı o da Hüseyn, Qurban, Əyyub kimi inqilaba qoşulub zülm zəncirindən azad olmaq, arzuladıqları həyata qovuşmaq üçün çarpışa bilərdi. Lakin inqilab zamanı səsini çıxarmasa da vur­ğunu olduğu həyat yoldaşı Mehinin azadlıq nəğmələrinə görə zindana düşür, həbsdən çıxdıqdan sonra isə reallıqları görür. Qurbanla Hüseynin yolunu dar ağacından keçirən zaman yağışa baran, günəşə şəms deyən və bunu hamıya qəbul elətdirməyə çalışan Əyyubu əvvəlkindən fərqli olaraq özgə adama çevirmişdi. Ailəsinin də ölümündən xəbərdar olan qəhrəman artıq boş, mənasız yaşamaqdansa intihar yolunu seçir. Təsadüfən radioda eşitdiyi səsin Mehinə aid olduğunu əminliklə anladıqdan sonra isə bu fikri unudub bir gün radio almaq, Mehinin səsini dinləmək arzusu ilə yaşayır. Onu özünə qaytaran Mehinə olan sevgisidir.

Manqurtlaşan Beyinlər

İnsan öz istəyi ilə cəmiyyətdən, ətrafından uzaqlşırsa bu özgələşmə, zorən kiminsə dediyini qəbul edərək dəyişmək isə manqurtlaşmadır. İnsanın ruhuna hakim kəsilmək, arzu və istəklərini boğmaq onun haqq səsini batırmaqdır. Basqılar altında kimliyini dananların, manqurt kimi yaşamağa məhkum olan insanların həyatını Anar yaxın keçmişdən bəhrələnməklə qələmə alır. Sovet hakimiyyəti dövründəki məcburi yadlaşmanı “İztirabın vicdanı”, “O gecənin səhəri” hekayələri ilə göstərən ədib rejimə qarşı nifrətini, zamanın eybəcər­liklərini ustalıqla əks etdirir. “İztirabın vicdanı” hekayəsində ikili simaları gös­tərən ədib dövr cəllad­larının daxilindəki insanlıq duyğularının ölülüyünü, çöldə hamının gözü qarşısında həssaslıqla qoruduqları qocalara, qadınlara “içəri” salınarkən necə zülüm verdiklərini, vurduqları yumruqları yaratdığı yaşlı kişi obrazının dili ilə çatdırır. Zorən, güclə yuxarıların dediyi kimi olmalı olanlar ya xoşbəxtlikdən ağlını itirir, ya da ölümə məhkum olurlar. Qəhrəmanın dəhşət­lərlə dolu həyat hekayəsi isə insanda riqqətə gətirir. Tanımadığı qapını döy­dükdən sonra ev sahibini əvvəlcə özünün vəfat etmiş oğluna, sonra evdəki xanımı qızına bənzədən bu qocanın fikirləri sonda əslində nə oğlunun, nə də qızının olmaması ilə yekunlaşaraq oxucunu sarsıdır. Dövrün digər insanları kimi o da represiya zamanı şairə həyat yoldaşının həbsxanada başına gətirilə biləcək işlərdən qorxur və çıxış yolu kimi onu öldürməyi düşünür və bunu edir. Lakin əslində onun məhkəməyə deyil, başqa yerə aparılacağı fikri ağlına gəlmədiyi üçün və ən əsası hamilə yoldaşını öldürdüyü görə özünü bağışlamayan bu yaşlı insan ürəyindəkiləri ona tamamilə yad olan insanla bölüşür. Həyat işığını öz əli ilə söndürən çarəsiz qocanın dünyası mənasızdır.

“İnsan var-dövlətə hərislik göstərəndə laqeydlik, biganəlik baş alıb gedir. Bu vaxt ən böyük zərbə milli-mənəvi dəyərlərə dəyir”(Anar). Əsl vətəndaş mövqeyindən çıxış edən Anar vətən taleyinə biganə olmağı qəbul etmir. Ədibin qələminin qəbuledilməz, bağışlanmaz mövqeyi “Ürəyim ağrıyır” hekayəsində təfərrüatı ilə oxucuya təqdim olunur. Yabançılaşmanı qəbul etmək istəməyən Anar bunu ata obrazının dili ilə göstərir. Oğlu Fərhadla elçi getdiyi evdə heç də ağız dolusu danışdığı ailə ilə qarşılaşmayan ata düşdüyü yad aləmdə rus dilində deyilən sözləri başa düşmədiyi üçün, daha sonra isə şalvarının balağına görə gülüş obyektinə çevrildiyini gördükdən sonra susmağı üstün tutur. Dili, həyat tərzi, dünyagörüşləri arasında dəhşətli uçurum olduğunu anlayan ata özgə mühitdə özünə yer tapa bilmir. Gəlini olacaq Merinin caz dinlədiyi üçün ortalığa çıxmaması onu daxilən daha da hiddətləndirsə də oğlunu yerindəcə susdurub qonaq evində-özünü tanımayan ailə içərisində muğam səsini heyranlıqla dinləyir. Övladının da getdiyi ailənin nümayəndələrindən fərqlən­mə­diyini anladığı üçün onun da özgələşməsini qəbul edən və geriyə qayıdarkən hədiyyə üçün saxladığı 50 manat pulu dilənçiyə verən atanın daxili dünyası rahatlığına qovuşur. Əslində mədəniyyət deyə bağırıb, mədəniyyətsizlik girdabında uyuyan ailə xalq, millət adına özgə idi.

 “O gecənin səhəri” hekayəsində repressiya dövrünün ağır təsvirini yaradan Anar o zamanın qorxulu gecələrini ustalıqla qələmə almışdır. Gecə eşidilən maşın səsindən qorxuya düşən insanlardan kimi işdə etdiyi bir hərf səhvindən, kimi köhnə işlərin üstünün açılmasından, Cavanşir isə balaca qızının gəlinciyi üçün bilmədən oxuduğu yasaq layladan qorxur. Ailədə hər kəs, hətta balaca uşaq belə özü deyil, “olmalı olduğu kimi” olmalıdır. Ayaq səsləri beşmərtəbəli binanın son mənzilinə yaxınlaşanda bütün qonşuları sonuncu mətrəbədə yaşayan Murad Zeynallının bu gecə-14 aprel gecəsi aparılacağına əmin etsə də, lakin səhər onların gördükləri mənzərə tamam başqa idi. Murad Zeynallını qarşılarında sağ görən qonşular onun övladının dünyaya gəlməsi xəbəri ilə pərt olurlar. Axı hamı onun da sonunun gəldiyini düşünmüşdü. Anar bu hekayə ilə qanlı 37-ci ilin acı gerçəkliyini göstərə bilir. Bir-birindən qorxuya görə ehtiyat edən qonşular xoş günləri belə unudub pis günlərini düşünürdülər.

Nəticə

Anarın hekayə yaradıcılığı sosial, mənəvi-əxlaqi problemlərin işıqlandırıl­ma­sına kömək edir. Mənəvi boşluq, daxili tənhalıq, qəhrəmanların özünə xəyanət etmələri Anar qələminin ustalığı ilə oxucuya çatdırılır. Müasir ədəbiyyatın sütun yazar­larından olan ədib yeni dünya insanının daxili ənginliklərinə vararaq onun ke­çirdiyi həyəcanları yeni problemlər fonunda əks etdirir. Yaradıcılığının ilk illərin­dən müasir həyat həqiqətlərini işıqlandıran, yeni və müstəqil obrazlar yaratmağa müvəffəq olan ədib yaradıcılığında insanın daxili aləmi canlı təsvir edərək oxucunu düşünməyə, həyatın fəlsəfəsini anlamağa məcbur edir. İşıqlandırdığımız özgələşmə məsəsləsinə başqa ədiblərin də yaradıcılığında rast gəlsək də müəllifi özünəməxsus edən səbəb isə problemi müxtəlif rakurslardan, müasir formada göstərməsidir. Zaman keçdikçə insanlar bir-birinə, dostlara, ailə üzvlərinə yadlaşır, bəzən isə həyat elə olur ki, ani qərarlarla insan cismən özgə həyatını yaşamağa məcbur edir. Əsərlərində insanın özgələşməsini həyatın qanunu kimi göstərən müəllifin yaratdığı obrazlar bəzən bu qanunla yaşayır, bəzənsə geriyə dönüş etməyi bacarır. Ədib bəzən çox yaxın dostları bir-birindən dərbədər salır, bəzən isə illərin həsrətini təsadüfi görüşlə vüsala çatdırır. Əqidəsindən dönən insanları yenidən keçmişə qaytarmaqla xoşbəxtliyin əslində ani qərarlara ehtiyacı olduğunu göstərən yazıçı, insanı həqiqi mən kimi görmək istəyir. Yazıçıya görə insan nə qədər öz keçmişindən, xatirələrindən uzaqlaşsa da həyat bumeranqı adamı yenidən həmin nöqtəyə qaytarır. Anarın fikrincə, insan cəmiyyətdən ayrılaraq yalnızlıq dünyasın­da yaşaya bilməz. Bunun sonluğu yoxdur. Zaman keçir, insan ya özü olub həyat labirintində yolunu tapmalı ya da öz qorxu və iztirabları içərisində məhv olmalıdır. Dəhşətli qorxular burulğanında çırpınan insan kimliyini kəşf edir, özünü olmalı olduğu yerdə tapıb ruhunu azadlığına qvuşdurur. Lakin Anar yaradıcılığında azad ruhlu insan tapmaq çətindir. Onun obrazları həyatın müəyyən dönəmindən sonra özünü tapsalar da sonda təklikdən yaxa qurtara bilmir.

(*) Bakı Dövlət Universitetinin magistrı

Bu yazıyı paylaş:

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Bu yazarın toplam 1 eseri bulunmaktadır.