DergiZan

Yazı ve Sanat Ülkesi

Ekler / Fidan Malik


-Ekler neçəyədi?

-Görmürsən qiymətini? Hamıya bir-bir cavab verim gərək, -orta yaşlı, sərt görünüşlü adam deyindi. Balaca oğlan, barmaqları ilə cibindəki xırda pulları şıqqıldadaraq, dönə-dönə saysa da, qədərini əzbər bilirdi. Qayıdıb çölə çıxdıqda özü də hiss etmədən nəzərləri vitrindəki bir-birindən ləziz şirniyyatlarda donub qaldı. Vanilin ləziz ətri, qıpqırmızı qızarmış toppuş bulkalar, şokoladlı pirojnalar və daha nələr-nələr…

-Al bunu, çəkil mağazanın qabağından. Bayaqdan heykəl kimi donub qalan balaca bədənə elə bil təpik vurdular. Sanki bir neçə hissəyə parçalandı, tez də toparlandı. Amma hələ də qarşısındakına çaşqın-çaşqın baxırdı. Adamın dediklərindən yox, səsindən diksinmişdi. Adam ikinci dəfə, -Al keç burdan, səninlə oynayası vaxtım yoxdu- deyəndə, balaca bir adım geri çəkildi. Hələ indi nə baş verdiyini anladı.

-Mən dilənçi deyiləm!- dedi və arxasına belə baxmadan qaçdı.

-Deyilsən, nə zillənib qalmısan? Əh, bu da mənim yaxşılığım, deyən lazım… donquldanaraq əlində bulka mağazaya girdi. Səsi hələ də eşidilirdi, amma sözlər artıq anlaşılmırdı. O isə dayanmadan kimsə qovalayırmış kimi qaçırdı. Gözlərindən axan damcılarsa balaca yanaqlarından dənə-dənə süzülüb, incilər kimi yol boyu tökülürdü. Heç kəsin eşitmədiyi bir pıçıltıyla, “mən dilənçi deyiləm” sözlərini durmadan təkrarlayır, elə bil şeirin misrasını əzbərləyirdi. Ona elə gəlirdi ki, bu sözləri bütün dünyaya hayqırır. Amma özündən başqa dediklərini heç kəs eşitmirdi. Birdən onu öskürək tutdu. Nəfəsi təngişdiyi üçün dayandı. Qabırğasının altından sancı tutdu. İki qatlanıb qaldı. Əlini qarnının üstünə qoyub çömbəlib oturdu. Tüpürcəyindən boğularaq ara vermədən öskürdü. On dəqiqə idi ki, durmadan qaçırdı. Başını qaldırıb ətrafa baxdıqda hər kəsin öz işində olduğunu görüb rahatladı. Çünki, görünməz olmaq istəyirdi. Kiminsə ona yaxınlaşıb,-niyə, kimdən qaçırsan, niyə ağlayırsan, deyə artıq suallar verməsini istəmirdi. Bir az dikəlib gödəkçəsinin qolları ilə gözlərinin burnunun suyunu sildi. Gödəkçənin qollarında qalan nəm ləkələrini görüb ürəyində deyindi”, Of, anam açıqlanacaq.”  Gödəkçəsinin papağını başına qoymaq istəyəndə dik atıldı.

-Çantaam, deyə geri qayıtmaq istədi. Yerində kilidlənib qaldı. Ora qayıtmaq? Olmaz! Bəs onda çantası necə olsun, anasına nə deyəcək, bütün məktəb ləvazimatları onun içində idi. Bir addımlıqda evləri, geridə isə mağazanın önündə qoyub qaldığı çantası. Vitrindəkilərə heyranlıqla baxanda çiynindən çıxarıb ayağının üstünə qoymuş, çantanın tutacağının sivişib əlindən çıxdığını və yerdə qaldığını hiss etməmişdi. O sözlərdən sonra isə oradan necə uzaqlaşmışdısa çantasını unutmuşdu. İndi isə o yerə əsla qayıda bilməzdi. Hətta çarəsi olsaydı bu qəsəbədən, şəhərədən qaçardı. Çünki ona elə gəlirdi ki, oradakı hər kəs onu və bu hadisəni beyninə həkk edib. Böyüdükcə görəsən insanın bu keyfiyyətləri niyə yoxa çıxır?Yalan danışmaqda, biganəlikdə, yəni, mənfi olan bir çox xüsusiyyətlərdə ustalaşır. Onun üçün artıq bu hallar adiləşir. Böyüdükcə özünə və etdiklərinə haqq qazandırmaq üçün səbələri də çoxalır.

Bu vəziyyətdə balaca, bir xeyli irəli-geri oldu. Amma artıq gec idi. Bu dəfə də çantadan başqa, evə gec çatdığı üçün anasına izahat verməli idi. Evə qədər qalan on dəqiqəlik məsafədə verəcəyi izahatı fikirləşirdi. Nə desin, necə desin ki, anası həm hirslənməsin, həm də onun nə hisslər keçirdiyini anlaya bilsin. Yox, düzünü deyə bilməzdi. Yalan danışmaq da olmaz! Ən yaxşısı heç bir şey deməmək. Bu ki, yalan deyil. İnsanın özünə təskinlik verdiyi hallardan daha birisi.  Hər kəsin ən azı bir dəfə özlüyündə işlətdiyi ifadə. Evə çatdıqda qapı azacıq açıq olduğu üçün döyməyə ehtiyac qalmadı. Bir az əvvəl anasına paltar tikdirmək üçün gələn qonşu tam bağlamamışdı. Bu hal balacanın işinə yaramışdı. Fürsəti əldən verməyib tez digər otağa keçdi. Anasının səsi gəldi-Toğrul, sənsən?, -Mənəm ana, deyə heç nə olmamış kimi otaqdan boylandı. -Niyə gec gəldin? Ah, bu analar! Heç bir şey gözlərindən qaçmır. Demək azacıq da olsa izahat verməli olacaq. -Uşaqlarla futbol oynayırdıq, -dedi və dediyi yalandan qulaqlarına qədər qızardı. Özünün bu halından xəbəri yox idi və elə düşündü ki, anası dediyi ilə kifayətləndi. Anası, evdə kənar adam olduğu üçün heç nə demədi. -Xörək istidi. Əllərini yu, yeməyini ye, bir azdan get bacını gətir. –Yaxşı, ana.

Bağçanın qapısından içəri keçdi. Birinci mərtəbədə yerləşən otaqlardan birinə yaxınlaşdı. Balacaların içəridən eşidilən ağlayan, gülən, cürbəcür səsləri, onları gah sakitləşdirən, gah da acıqlanan böyüklərin səsləri ilə bir-birinə qarışmışdı. O qapının dəstəyinə əlini uzatdı. Qapı açılanda bütün balacalar bir anda susub qapıya boylandı. Hər biri gələnin onlar üçün olduğuna ümid edirdi. Toğrula hər zaman bu vəziyyət gülməli gəlirdi. O elə təsəvvür edirdi ki, bu balacalar qəfəsdəki balaca meymunlardır. O balaca meymunlardan biri də qaça-qaça gəlib onun qarşısında duran, saçları dağınıq, ayaqlığının bir hissəsi ayağında, bir hissəsi əlində şipşirin qızcığaz, bacısı idi. O çatan kimi qardaşının əllərinə baxdı, amma bir söz demədi. Qardaşının köməyi ilə tələsik əynini geyinib, tərbiyəçi ilə vidalaşıb otaqdan çıxdılar. Bağçanın həyətinə çıxar-çıxmaz balaca qız artıq dözə bilməyib, –Bəs hanı? Toğrul isə suala sakitcə -Ora bağlı idi, deyərək udqundu.

-Gedək baxaq, bəlkə açılıb? -Yox! Özündən asılı olmayaraq sərt səslə etiraz etdi. Bacısının çaşqın baxışını görüb səsini yumşaltdı, -Başqa yerdən alacam, oranı təmirə görə bağlayıblar. Hətta yolunu da dəyişdi. Ora gedən yol onun üçün təmamilə bağlanmışdı. Qızcığaz daha heç bir söz demədi. Sakitcə qardaşının əlindən tutub yola davam etdi. Yol boyu səssizcə addımladılar. Bacısının susqunluğu onu narahat etdi. Bəlkə ona sərt cavab verdiyindən incimişdi, bəlkə də qardaşına güvənindən arxayınca addımlayırdı. Toğrul isə evə gec çatmaq üçün yolun elə hey uzanmasını istəyirdi. Çünki verdiyi sözü tuta bilməmişdi. Hatta bu sözü tuta biləcək qədər cibində pulu da yox idi. Əslində o pula başqa bir şey də ala bilərdi. Amma o bacısına “ekler” söz vermişdi. Atasından eşitdiyi söz onun üçün bir həyat şüarı idi, “Verilən söz tutulmalıdır!” Bir axşam üstü verilmişdi bu söz. Qızcığaz şirniyyatın şəklini baxdığı şəkilli kitabında görmüş, ondan istədiyini demişdi. Qardaşı isə uşaq ağlı ilə, o zamana qədər pulu toparlaya biləcəyi ümidilə doğum gününə onun üçün beş ədəd ekler alacağına söz vermişdi. Çünki beş yaşı tamam olacaqdı. Bu gün isə qızcığazın qardaşına olan sonsuz güvəni itəcəkdi. Balaca qəsəbədə bu şirniyyat məhz bu dükanda satılırdı, lakin ayrı yerdə olsa belə, onu almağa pulu kifayət etməyəcəkdi. Bu düşüncələrlə evə necə çatdıqlarını heç hiss etmədi. Qapını anası açdı. Qızcığazın yanaqlarından öpüb, gödəkçəsini çıxarmağa kömək etdi. Toğrulun da yanağını oxşayıb:

-Əllərinizi yu, gəl, deyərək özü də otağa qaçan qızcığazın dalınca getdi. Toğrul dəhlizdə çantasını görüb bir anda yerindəcə donub qaldı. Çanta öz ayaqları ilə gələ bilməzdi. Kim gətirib? Aman Allah! Dükanın sahibi evlərinə gəlib? Yox! O özünə bu əziyyəti verməzdi? Bütün bu suallar sanki yelləncək kimi onun başını gicəlləndirdi.

-Bir də çantanı futboldan sonra unutma. Atasının səsi onu xəyali yelləncəkdən düşürdü. Çaşqın halda ona baxdı. Nə deyəcəyini bilmədi. Elə bu an bacısının otaqdan “Ekler, ekler!” deyərək, qışqırdığını eşitdi. Qızcığaz qaçaraq dəhlizə çıxdı. Qardaşına bərk-bərk sarıldı. -Mən bilirdim. Axı sən söz vermişdin. Mənə sürpriz etdiyin üçün elə dedin. Çox sağ ol! Deyərək atılıb-düşdü. Toğrul isə çaşqınlıqdan donub qalmışdı. Ətrafdakı səslər hamısı bir-birinə qarışmışdı. Bütün bu səslər ona sadəcə bir uğultu kimi gəlib çatırdı. Onu bu vəziyyətdən atasının onun çiyinlərinə qoyduğu əllərinin təması oyatdı. Bu əllər onun çiyninə görə böyük olsa da, Toğrul üçün dünyanın ən isti və yumşaq əlləri idi.

-Ata, mən… udqunaraq sözünü tamamlamamış, atası, -Anan dedi ki, futbol oynayanda çantanı unutmusan. Mən də gedib gətirdim. Bir də yanında cığarada bir qutu ekler var di. Yaxşı ki, görünməyən, rəngli cığarada olub, yoxsa dadına baxmaq istəyən olardı, deyə göz vurdu. Toğrul yenidən nə isə demək istəyəndə atasının gözlərindən sadəcə bu sözləri oxudu“ Hər şey qaydasındadır”. Bu ifadə onun üçün bir güvənc, bir sevgi demək idi! O gün atasının, onun şirniyyat dükanından qaçaraq uzaqlaşmasının, günlər öncə şəkilli kitabdakı eklerlə bağlı bacısı ilə söhbətinin şahidi olması bəlkə də bir təsadüf idi. Bəlkə ailə büdcəsinə o gün bu şirniyyatın alınması azacıq da olsa ziyan etmişdi. Bəlkə də bunu bildiyi üçün atasından verdiyi söz üçün artıq xərclik istəməmişdi. Lakin o gün o süfrənin ətrafında bir-birilə sevgi və güvənlə bağlanan əyləşmiş insanlar bir zaman bu hadisəni sadəcə gülərək xatırlayacaq və ya bütün baş verənlər ata ilə oğul arasında dostcasına bir sirr olaraq qalacaqdı…

Bu yazıyı paylaş:

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Bu yazarın toplam 7 eseri bulunmaktadır.