İçimizdəki Uşaq / Fidan Malikqızı
Hər səhər işə tələsirik. Axşam işdən tələsirik. Ya da sadəcə tələsirik. Bəzən özümüzdən asılı olmayaraq telefonumuzun saat zəngi çaldığı andan, mexaniki olaraq beyinaltı yaddaşımıza həkk etdiyimiz həyat qrafikimizin qaç-qovuna düşürük. Bütün tasamız da maddi tələbatlarımızı ödəməkdən ötrü və ya sadəcə məcburi gündəlik qaç-qov üçündür. Halbuki, ruhumuzun da tələbatının olduğunu unuduruq. Ruhumuzu unuduruq… Balacalar bizdən çox fərqlidir. Ən azından hələ böyüməyə meyillənməyən balacalar. Biz böyüklərdən fərqli olaraq onlar ətrafdakı gözəllikləri görür, hiss edirlər. Əslində diqqət etsək biz də görərik. Eynən balacalığımızdakı kimi. Bunun üçün şəhərdən kənara çıxmağa da ehtiyac yoxdur. Məsələn, səhər pəncərənizə düşən günəşin şüası. Ya da sübh tezdən xoruzun banı. Ya da artıq şəhərimizin meydanlarının və ya eyvanımızın qarşısının bir növü bəzəyinə çevrilmiş göyərçinlər.
Xatırlayırsınızmı? Dünən tıxacda gözləyərkən, maşının pəncərəsindən baxırdınız. Anasıyla bərabər səhər gəzintisinə çıxan balaca, həmin göyərçin dəstəsinə yaxınlaşdı. Göyərçinlər bir anda pırr eləyə havaya qalxdı. O anı xatırlayın. O anda sizin də içinizdə gizlətdiyiniz uşağın qəlbi, eynən göyərçinləri qovalayan balacanın qəlbi kimi sevincdən pərvazlandı. O anda özünüzdən asılı olmayaraq dodağınız azacıq qaçdı. Üzünüzdə təbəssüm yarandı. Amma siz bunu tezcə unutdunuz. Çünki tıxac açıldı və siz yenə də tələsərək yola düşdünüz.
Yadınızdadırsa, bir-iki gün əvvəl pəncərənin önündəki dibçək gülünün qönçələri vardı. Su tökəndə görmüşdünüz. Boylanıb baxsanız, bu səhər qönçələrin al-əlvan ləçəklərinin açdığını görərsiniz. Bəs özündən ağır günəbaxan tumunu yükləyib aparan qarışqanı, ya da yolunuzun üstündə rast gəldiyiniz, pəncəsiylə üzünü təmizləyən və ya quyruğuyla oynayan pişiyi necə, xatırladınızmı? Siz gülməsəniz də, içinizdəki uşaq gördüklərinə necə içdən gülmüşdü.
Bir anda bütün bunlar bizə çox mənasız görünə bilər. Bunları nəinki yenidən yaşamağa, hətta xatırlamağa belə vaxtımız olmaya bilər. Lakin bu qədər gərgin həyat qovalamasında ruhumuzun bu balaca gözəlliklərə, mənzərələrə ehtiyacı var. Dəniz kənarında qağayıların insan gülüşünə bənzər səsini dinləməyə ehtiyacı var. Odla qalanan samovar çayının, təndirdə yapılan çörəyin, təzə biçilən otun ətrinə ehtiyacı var. Baharın ən gözəl çağında quşların nəğməsinə ehtiyacı var. Yaz yağışının bizi azacıq islatmasına, sonra isə hər tərəfə şəfəqlərini yayan günəşin istisinə ehtiyacı var. İçimizdəki uşağın sevincinə, şıltaqlığına ehtiyacı var.
Ən son nə zaman nənənizin ətrini xatırlamısınız? Bəzən xına, bəzən alma qurusu, bəzən yağlı fəsəli, bəzənsə kərövüzlü dovğa qoxuyan ətrini. Bəs yol kənarındakı arxa düşən yarpağın ardınca qaçdığınız necə, yadınıza düşdümü? Halbuki, o yarpağın hara varacağını, yol boyu arxın divarlarına neçə dəfə dəyərək dayandığını, sonra isə suyun yenidən onu qabağına qatıb apardığını necə həvəslə izləmişdiniz. Bəs kartondan düzəltdiyiniz qanadlar? Onlarla uça biləcəyinizə necə içdən inanmışdınız. Hələ yemliyin dadından, ya da albalı çiçəyinin özəyindəki şirəsindən aldığınız ləzzət və daha nələr-nələr…
Biz böyüdükcə bunları sıradan, adi bir şeymiş kimi unutmuş ola bilərik. Ya da unutduğumuzu zənn edərik. Lakin içimizdə susdurduğumuz balaca, onların hamısını xatırlayır. Bizi saxlayıb göstərmək istəyir. Xatırlatmaq istəyir. Amma biz yenə də tələsirik…