Şiirler / Cavid Fərzəli
Səni Sevmək İstəyirəm
Səni sevmək istəyirəm səhra üçün oxumaqdan doymayan torağayın səsində.
Boz küçələrin ürəyində aydın bir səs olmaq istəyirəm;
Səni hər duyduğumda,
hər susqun kəlməmdə.
…Yolunda, ayaqlarımı basdırıram qaranlıqların çiynində,
bütün divarların gözün oyuram
pəncərə şəkillərində.
…Qollarımda yuxusu yoxmuş pəncərələrimin,
bax, gözlərim gecəyə danışır səni.
Qaranlıqlar çapır divarlarımı
sənə doğru yel atına minən çırağımda…
…Bilirsənmi, sənsiz yaşamaq doğma bir yalana uymaqdır,
doğma bir ürəkdə qışı salmaqdır.
Səni sevmək istəyirəm əlləri saralmış payızda.
Qoy sevgidən əl açsın küçələr,
qoy dizi qanasın yağışların.
Çünki
Günəş qopan tərəfimiz aydınlıq saçar…
Çünki
sənə olan eşqim hər tabutdan,
bir göz açar…
Dustaq Pəncərəsi
Pəncərəmdən baxanda; güzgülərdən yaxın olmaq istəyirəm buludlara.
Yollardan ayaqlarını kəsmək istəyirəm ayrılıqların…
Bax, yağışların da üzü qalmır güzgülərin yaddaşında.
Sevdaların da.
…və sonra darıxmağımız balıq üzlü sulara dağılır.
Saata baxmadığımız andan yaşadığımız hər dəqiqə ölü doğulur.
Sən demə,
bir kəpənək ömrünün əvvəlində
tələsdiyimiz bütün addımlar
xoşbəxtliyə yubanmaq imiş.
…Küçələrin kirli təbəssümündə
oğlumla atam arasında
həmişə otuz yaşımda qalacağam.
…və mən bunu qəbirlərin qulağına pıçıldaya bilməyəcəm.
Axı, yaşamaq hər günün içindən sevdiklərini sağ çıxartmaqdır…
Uçuq tərəfinə söykəndiyin hər gecə
dustaq pəncərəsidir.
Hər saatın başında
gizləmək istədiyim duru qaranlıqlar
mənə söylədiki;
ömründə bircə dəfə qovuşmadınsa
heç vaxt tənha ola bilmirsən…
Ürəyinin dabanından çırpılırsan yerə.
Əqrəblərin səhərində,
döydüyün hər günün qapısında.
…və beləcə tənhalıq diri gözlü gecələrə dönür,
qar üzlü ömürlərə qalır.
Sənsə hələ
tək qaldığın üçün səhəri gözləyirsən
elektrik lampasının altında,
Günəşi unudursan…