Yuxudan Səyahətə / Fidan Malik
İnanılmaz bir səyahət arzusu ruhuna işləmişdi. Yeni yerlər görmək, yeni insanlarla tanış olmaq istəyirdi. Bu səbəbdən də sarayda qərar tuta bilmirdi.
“O gecə, 1040, Məhərrəm ayının Aşura Gecəsi (19 Avqust 1630-cu ildə) Övliya Çələbi, İstanbuldakı evində bir yuxu görür. Həyatını dəyişdirəcək, hətta həyatının imzasını atacaq bir yuxu. Yuxusunda özünü “Yemiş İskelesi” (liman-körpü) ətrafında “Ahi Çələbi” məscidində, minbərin olduğu yerdə görür. İçəridə çoxlu camaat vardır. Diqqət etdikdə, Hz. Məhəmməd’i başda görür. Dörd sadiq xəlifəsi və digər əshabları da oradadır. Hz. Məhəmmədin yanına gedib ondan şəfaət diləmək arzusuna düşür. Lakin heç cürə buna ürək edə bilmir. Axırda bir təhər bütün cəsarətini toplayıb Peygəmbərə yaxınlaşıb “Şəfaət, ya Rəsulullah” deyəsiydi ki, həyəcandan dili çaşıb, “Səyahət, ya Rəsulullah” deyir”. Beləcə, Peyğəmbərin həm “şəfaət”, həm də “səyahət” xeyir-duasını alaraq, elə İstanbul’dan başlayan və yetmiş yaşına qədər davam edəcək səyahətə başlayır”.
Əsl adı Məhməd olan Övliya Çələbi 25 mart 1611-ci ildə İstanbul’da zərgər Dərviş Məhməd Zilli’nin ailəsində dünyaya gəlmişdir. Əslən Kütahyalı olan ailə, İstanbul’un fəthindən sonra ora köçmüş və atası, “Qanuninin” dövründə sarayın sayılan zərgərlərindən olmuşdur.
Balaca ikən atasından gözəl naxış işləməyi öyrənmişdir. İlk təhsilinə məhəllə məktəbində başlamış, daha sonra Şeyhülislam Həmid Mədrəsəsi’nə qəbul olunmuşdur. Burada yeddi il oxuduqdan sonra atasının xüsusi zərgərlik xidmətləri və hörməti sayəsində saraydakı xüsusi məktəb olan Əndəruna dəvət almış və təhsilini orada davam etdirmişdir. Burada sarf (dil təhsili), nahiv (qrammatika), qafiyə və hüsnxət, musiqi dərsləri almışdır.
Məktəbdən kənar əlavə olaraq, xüsusi müəllimlərdən quran, ərəb dili, bədən tərbiyəsi, xarici dillər dərsləri almış, “Quran”ı əzbərləyərək hafiz adına layiq görülmüşdür. Təxminən 20-25 yaşlarında “Aya Sofya” məscidində, ora gələn IV Muradın diqqətini öz səsi və nitqilə cəlb etmiş və sarayda işləməyə dəvət almışdır. Bu dəvətdə Övliya Çələbinin o dövrdə sarayda IV Muradın vəziri olan və xüsusi nüfuzu və hörməti ilə seçilən dayısı Mələk Əhməd Paşanın da söz payı olmuşdur. Lakin işlədiyi müddətcə artıq ailəsinə görə yox, öz bilik və istedadı, gözəl nitq mədəniyyəti, əxlaqı, üstün zəkası sayəsində padşahın xüsusi hörmətini qazanmış, çox böyük vəzifələrə layiq görülmüşdür. O, səfirliyin üzvü, həmçinin xüsusi tapşırıqlar üzrə məmur kimi Yaxın və Orta Şərqin, həmçinin Şərqi Avropanın bir çox ölkələrində olmuşdur.
Səyahətə olan həvəsi, marağı, hətta yüksək rütbədə olmasına baxmayaraq, ona sarayda qalmağa imkan vermirdi. Balaca ikən atasının mötəbər qonaqlarının gəzib dolandıqları yerlər haqqında danışdıqları maraqlı hekayələr Övliya Çələbinin yaddaşına həkk olmuşdu.
İlk səyahətinə 20-25 yaşlarında Bursadan başlamış, hətta atasından xəlvət getmişdir. Lakin övladının səyahət həvəsini görən ata, ilk səfərdən qayıdan kimi ona öz xeyir-duasını vermişdir. Övliya Çələbi üçün sözsüz ki, atasının xeyir-duası çox dəyərli idi. Lakin ilk səyahətinə ilham verən məşhur “yuxusu” və baş verdiyi məkanları bu gün də türk folklorunda özünəməxsus iz qoymuşdur.
Yuxunun baş verdiyi Yemiş İskələsi-(1984-89-cu illərdə Yemiş İskələsi bir çox başqa İskələlər kimi sıradan çıxarılmışdır) Yemiş körpü-limanı; İstanbulda xaricdən gələn tərəvəz və meyvələr, Haliçdə (Haliç-İstanbulun (Tarixi Yarımada) və Bəyoğlu platformalarını bir-birindən ayıran dəniz girişi) endirilirdi. İskələnin bu məqsədlə istifadəsi “yemiş” adını almasına səbəb olmuşdur. Çünki, köhnə türk dilində meyvəyə “yemiş” deyirlərmiş.
Yuxunun təsadüf etdiyi digər məkan isə “Ahi Çələbi” məscidi idi. Məscid Ahi Məhmət Çələbi tərəfindən inşa edilmişdir. Bəzi mənbələrdə adı Əhməd və ya Mahmud olduğu iddia edilən, lakin daha çox Ahi Çələbi kimi tanınan bu şəxs, II Bəyazit və Yavuz Səlim dövründə yaşamış və iki dəfə həkimbaşı olan türk təbibidir. Atası, Fateh Sultan Məhməd və II Bəyazit dövrünün məşhur həkimlərindən olan, əslən Təbriz və ya Şirvanlı Mevlana Kamaldır. Əhməd Çələbinin həkimliyə marağı da elə buradan yaranmışdır. O, 1480-cı ildə həkimlikdən qazandığı pulla bu məscidi tikdirmiş və məscid türk folklorunda “halal pulla tikilən məscid” adını almışdır.
Məscid 1539 və 1653-cü illərdə yanğından istifadə olunmaz vəziyyətə gəlmiş, daha sonra memar Sinan tərəfindən təmir edilmişdir. Lakin 1894-cü ildə yenidən zəlzələ nəticəsində zərər görmüşdür. 1990-cı ildə son olaraq uzun iillərin fasiləsindən sonra bərpa olunaraq istifadəyə verilmişdir.
Beləcə, XVII əsrin ən sayılan, seçilən səyyahı olmuş Övliya Çələbi, öz səyahətinə başlamış və türk ədəbiyyatına 10 cilddən ibarət, ömrünün 42 ilini həsr etdiyi, gəzdiyi-gördüyü yerlərin təəssüratlarını bir xəzinə kimi topladığı “Səyahətnamə” əsərini ərməğan etmişdir. Lakin bu əsər nəinki türk ədəbiyyatı, hətta səyyahın gəzib dolandığı yaxın və uzaq dövlətlərin də sənət incisi sayıla bilər. Çünki kitabdakı faktlara əsrlər boyu bir çox xalqlar öz tarixi, mədəni, ədəbi və s. irsini araşdırarkən müraciət etmişdir. Əsər çox sadə bir dildə, lakin çox zəngin məzmunla yazılmış, həmin dövlətlərin coğrafiyasını, tarixini, adət və ənənələrini, abidələrini, xalqlarının xüsusiyyətlərini özündə çox gözəl əks etdirmişdir. Hətta əsərdə müəllif tərəfindən, daha maraqlı olması üçün bir çox uydurma əhvalatlar əlavə olunmasına baxmayaraq, əsərin məlumat zənginliyi inkar edilməzdir. Bu uydurma əhvalatlar isə müəllifin zəngin təxəyyülündən irəli gəlib, əsərə xüsusi naxış əlavə etmişdir.
“Səyahətnamə” kitabında Övliyanın səyahət yolu qədim Azərbaycan torpaqlarından-Urmiyadən başlamış Naxçıvan’ı, İrəvan’ı keçməklə, Təbriz’ə, Bakı’ya gəlib çatmışdır. Övliya Çələbi’nin təsviri ilə Naxçıvan, Gəncə, Bakı qalası tarixi sevən hər oxucu üçün qiymətli təsvirdir. Onun Azərbaycan’da gördüyü hər şey; bazarlar, karvansaralar, məscidlər, hamamlar o dövrün sosial-mədəni həyatı haqqında əvəzsiz materialdır.
Səyyah, Qafqaz’da olarkən (1640-1641,1646-1648) Dərbənd’də Dədə Qorqud’un müqəddəs qəbri və 40-lar qəbri barədə bu gün də öz elmi-tarixi əhəmiyyətini itirməyən rəvayətləri qələmə almışdır. “Dədə Qorqud”un on iki boyu araşdırılarkən bu rəvayətlərə istinad edilmişdir. Səyahətnamənin II cildində Çələbi, 1647-ci ilin xatirələrində Azərbaycan’ın və Gürcüstan’ın şəhər və kəndlərindən ətraflı bəhs etmiş, o dövrün idman oyunları, meydan tamaşaları haqqında maraqlı məlumatlar vermişdir.
Əsərdə Azərbaycan’dakı qonaqpərvərlik adətinin təsvirinə və incə məqamlarına diqqət yetirilmişdir. Təbrizə səfəri zamanı (getdiyi bir çox yerlərə təkcə səyyah yox, həm də səfirliyin nümayəndəsi qismində getmiş, həmin dövlətlərin başçılarıyla bir başa ünsiyyətdə olmuşdur) xanın onlar üçün təşkil etdiyi misli görünməyən ziyafət məclisi haqqında öz heyrətini gizlədə bilməyib, bütün incəlikləri əsərində əks etdirmişdir. Səyyah Azərbaycan mətbəxinin həm dad, həm də çeşid baxımından zənginliyini vurğulayaraq əsərində bir çox yemək adları çəkmişdir.
Naxçıvan’a səyahəti zamanı səyyah öz əsərində belə yazır: “Üç kilsədən qalxıb şərqə doğru yolumuza davam edərək abad şəhərləri, məhsuldar torpaqları, dağ və uzun yolları, şoran və quraq yerləri keçdik. Naxçıvan hüdudunda bir qəsəbəyə gəldik. Şelon Dağı’nın ətəyində idi. On bir minarəsi görünürdü. Burada olan bir Bektaşi təkkəsini ziyarət edərək Şeyx Nemət Dədə’nin xeyir-duasını aldıq. Ertəsi gün səhər qalxıb, bu sonsuz səhra içində on iki saat yol getdik. Sonra səhranın cənub tərəfində yerləşən Zəngi çayı qonağına gəldik. Çay sahilində çadırlarımızı qurduq. Burada olan əhali “Osmanlı gəlmiş!” deyə, sevinərək hədiyyələr və hesabsız içkilər gətirib, qonaqpərvərlik göstərdilər.” (Çelebi 1993, s. 564-565). Naxçıvan bölgəsinin Sədərək qəsəbəsində olan səyyah qəsəbə haqqında bu məlumatları verir: “Buradan yenə şərq tərəfə abad qəsəbə və səhralar içindən keçərək on saata Sədərək qəsəbəsinə çatdıq. Sədərək qəsəbəsi Naxçıvan torpağında İmam Əli Rıza vəqfidir. Bütün öhdəliklərdən uzaq gözəl, min evli, saysız bağ ve baxçası olan, havası təmiz olan bir qəsəbədir”. (Çelebi 1993, s. 566).
Səyyah şərqi Anadolu’da olarkən bölgənin böyük əyalətlərindən biri olan Ərzurum əyalətinin şəhərləri, qalaları, memarlıq abidələri haqqında olduqca maraqlı məlumatlar vermişdir. Səyyah Ərzurum qalasını bu şəkildə təsvir edir: “Ərzurum qalası dağın yamacında olan dördkünc formalı, iki qat daşdan tikilmiş bir qaladır. Qalanın ətrafında xəndəklər vardır. Xəndəklərin eni 80 addım, dərinliyi isə 20 qulacdır (1 qulac 0,5 metr-A.M). Şəhərdə 70 müsəlman, 7 xristian məhəlləsi vardır. Bütün evlər daşdan tikilmişdir. Burada (Ərzurum’da) cəmi 77 mehrab vardır. Ulu məscid ən qədim cümə məscididir. Məscidin əsasını Ağqoyunlu hökmdarlarından biri qoymuşdur. Şəhərdə elmlərin öyrədilməsi üçün mədrəsə fəaliyyət göstərir, evlərdə Qurani-Kərim öyrədilir, darülhədislər (hədis evləri), uşaqlar üçün 110 məktəb vardır. Şəhərdə, Türklər, Kürdlər, Türkmanlar, Xristianlar yaşayırlar. Ərzurum sakinlərinin nitqi, danışığı bu cür səslənir: ―Harada idin? Yani ―Nerede idin? (Çelebi 1983, s. 91-96).
Bütün bu faktları oxuduqca, bir daha əmin olursan ki, Övliya Çələbi’nin “Səyahətnamə”si Azərbaycan’ın və müxtəlif bölgələrinin, eləcə də bir çox dövlətlərin məişət və mədəniyyətinin, coğrafi iqliminin, tarixinin öyrənilməsində istifadə olunan və olunacaq çox qiymətli və zəngin bir xəzinədir.
Hər birimizin ruhunda azacıq da olsa səyyahlıq arzusu, həvəsi vardır. Lakin səyahəti bir ömürə çevirmək üçün bir Övliya Çələbi doğulmaq lazımdır.