DergiZan

Yazı ve Sanat Ülkesi

Üç Şiir/ Şəfa Vəli

Eşqdən Oxuma

Ay qırmızı papaqlı,
Ay hamıdan küsən qız…
Əlləri umacaqlı,
Boy-buxunu süsən qız…

Yenə kimə inandın?
Aldadan tapıldımı?
“Dağ haqqı”ydımı andın,
Dağlarda haqq qaldımı?

Yazdığın “son mesajla”
Hansı qarğış yol aldı?
Bir sərçə qayğısıyla
Keçmədiyin yol qaldı?

Ay qırmızı papaqlı,
Saçı daraqtanımaz…
Eşqi “başı qapazlı”,
Arzuları gülaçmaz…

Ömrün önündən çəkil,
Nə olacaq, olacaq…
İkimizdən bir şəkil,
Bir xatirə qalacaq…

Aç saçını, tök üzə,
Qocalmaqdan da qorxma…
Bir bayatı çək bizə,
Və də, eşqdən oxuma…

2022


Qara Pişik

Şəkinin dumanı nazlanır axı,
Çəkir ürəyimi pişik dalaşı,
Qonşuda söz qalıb: qapıarası,
Qızların göyçəyi piyada gəzmir,
Naza həsrət daşlar küçə həyası…
İndi necə edim, nə deyim ki mən
Olmayım dumanda nazdan narazı?

Şüşədən rübəndlər dəbə düşəndən,
Gizlənir eyvanlar pərdə dalında…
…Yaman çəkinirəm qara pişikdən
Pusur hənirimi qapı dalında…
Nazın çəkmədiyim boz pişiklərin
“ah” qoxur küsəyən mırıltıları…
Şəkinin dumanı nazlanır axı…

Bir naz da mən atdım xatirələrə,
Bu gün də yadıma salmadım səni…
…Nə eyvan, nə də ki pişik deyiləm,
Qatım abırıma, aldadım səni…
Mənimki, uzağı, bircə tumardı,
Çəkəsən ruhuma, dönəm olam mum…
…bilirəm…
Bilirəm, gözəl axtaran,
Şəkidə eyvan da, qara pişik də,
Bu daşlı yollarda ölən ümid də,
Lap elə Şəkinin özü də məsum…
…Bir mən günahkaram…
Bir də, ayrılıq…
Şəkinin dumanı nazlanır axı…

2022

Çəhrayı Çiçək

Sənə bir çəhrayı çiçək almışam…
Atmışam özümü günah eşqinə,
Parlayan həyatın zər-xarasına…
Asmışam özümü günah eşqimdən,
Demə, oynamışam dərd havasına…

Bir yaşıl salmışam ovcumdan, demə,
Bir sarı ilişib yanaqlarıma…
Bir əlçim təbəssüm sərmişəm yenə
Həyatın “piyada zolaqlarına…”

Mavilər bəzənir qara naxışla,
Bozları sevməyi hünər sanmışam…
Səni boyamışam rəng-rəng…
Bağışla…
… Bilmişəm…
…görmüşəm…
Və utanmışam…
Sənə bir çəhrayı çiçək almışam…

(2023)

Bu yazıyı paylaş:

One thought on “Üç Şiir/ Şəfa Vəli

  1. Çox möhtəşəm ürəyə və qələmə sahibsiniz, gələcək işlərinizdə uğurlar, Şəfa Vəli. 🙏😍

Skarpion için bir cevap yazın Cevabı iptal et

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Bu yazarın toplam 24 eseri bulunmaktadır.