Təqsir Fələkdəmi, Fəlakətdəmi? /Əyyub Türkay
Türkiyə və Suriyada baş verən dağıdıcı zəlzələdə həlak olan körpələrin xatirəsinə
İlahi, bu necə bəladır belə?
Neçə insan canı yox olub getdi.
Gecə mışıl-mışıl yatan körpənin,
Yuxusu dəhşətli kabusla bitdi…
Hər ölən insanla min bir can öldü,
Obalar dağıldı, ocaqlar söndü.
Taleyin ən acı sınağın görən,
Yerində dayandı, heykələ döndü.
Zəlzələ, şüurlu varlıq olsaydın,
Görən gözlərindən utanardınmı?
Görsən körpələrin cansız bədənin,
Özünü günahkar heç sanardınmı?
Nə mən unudaram, nə də ki tarix
Hansı boyunlarda qalacaq günah?
Təqsir fələkdəmi, fəlakətdəmi,
Özümə heç cür yer tapmıram, Allah.
10.02.2023