Həyat Qatarı / Nigar Arif
Biraz gözlərdən uzaq,
Biraz gözümdə dustaq
Çırpınır arzuların,
Kəpənək qanadları.
Vərəqlərə atılır,
Könlümün söz atları.
Durnalar köçüb gedir,
köhnə diyarımızdan
Yaş üstünə yaş gəlir,
Söylə bizə nə qalır,
küsən baharımızdan?
Hardasa düşüb itir,
Ayağından bir çarıq.
Kasıb ümidlərilə
Gəzir hey aramızda,
gəzir səfil ayrılıq.
Asılıb qəlbimizdən
Məhəbbətin bir ucu.
Parçalayır özünü
Səbrin iti qılıncı.
Üşüyür məsafələr,
Günlər yağışda, qarda.
Geyin dualarımı,
Gələr yeni bahar da.
Sevgimizə yaxşı bax,
Qoyma bu eşqi darda
Bəlkə bir də görüşdük,
Həyat adlı qatarda…