DergiZan

Yazı ve Sanat Ülkesi

Şiirler / Gülnarə Nağıyeva

Olmayacaqsan

Ağlar gözlərimdə yaş olacaqsan,
Peşman sözlərimdə kaş olacaqsan,
Dönüb xatirəyə, dönüb xəyala
Dərdli ürəyimdə daş olacaqsan,
Amma həyatımda olmayacaqsan.

Çox qəmli düşüncəm, pis bir xatirəm,
Ötmüş gəncliyimin son bir vərəqi,
Bəlkə də arzumdun,bəlkə gərəyim.
Beləcə, hislərimdə yaşayacaqsan,
Amma həyatımda olmayacaqsan.

Hər gün bəlkə də düşərsən yada,
Üzərəm özümü sənsiz dünyamda.
Gecə fəryadımda, gündüz ahımda,
Amma həyatımda olmayacaqsan.

Qəmli bir mahnımda, üzgün şeirimdə,
Yalnız düşüncəmdə sən qalacaqsan,
Amma həyatımda olmayacaqsan.

Sən xəzan soldurmuş payız yarpağım,
Şaxta vurmuş, don bağlamış insanım.
Xəyalımda beləcə qalacaqsan,
Amma həyatımda olmayacaqsan.

***

Tənha qadın

Mənə sorsan, tənha qadın necə olur?
Mən deyərəm,
Şux qaməti canlar alar,
Gözəlliyi gözlər ovar,
Təmkini daşları yarar,
Hökmü yeri-göyü titrədər.
Sanarsan ki, o bir dağdır, bir vüqardır,
Amma daxili hey ürkək olur,
Yaman qorxaq, kövrək olur,
Ürəkləri dolu olur,
Gözləri hey sulu olur,
Yastığı həmdəmi olur,
Bir Allah şahidi olur.
Onlar necə küskun olur,
Hey kədərli, miskin olur.

***

Ümid itəndə

Qəm yükü yığılan çiynim yorulub,
Taqəti üzülən dizim yorulub,
Qəhərdən boğazım, dizim quruyub,
Sevdiyim gözlərə baxdığım
Gözum yorulub,
Güvənli saydığım güvən sarsılıb.
Dözümlü saydığım qəlbim darılıb.
Nədəndir görəsən?
Məni həyata bağlayan bağmı qırılıb?
Zamanımı dayanıb?
Qəlbimmi yorulub?
Boğazım quruyub,
Nitqim tutulub.
Bu cür olurmuş inam sınanda,
Etibar məhv olub ümid itəndə…

***

Qarabağ

Bağlarında olmamışam,
Torpağında gəzməmişəm,
Mən sadəcə eşitmişəm,
Eşidərək sevmişəm.
Qarabağım – gözəl diyar!
Sən cənnətə bənzəyirsən,
Musiqinin özəyisən,
Vətənimin bəzəyisən.
Sən igidlər diyarısan,
Qəhrəmanlar məskənisən!
Mən bələd olmasam da
Torpağına, daşına,
Amma yaxşı bələdəm tarixi savaşına.
Doğma yurdum, nələr gəlib başına?!
Əl qoyubdur düşmən sənə,
Göz qoyubdur düşmən sənə.
Sənin azadlığa qovusmağınçün
İgid oğulların canından keçir.
Şəkillərdə gördük səni,
Şeirlərdə sevdik səni.
Artıq zəfər anıdır!
Canlı görmək zamanıdır!

***

Xəyalındakı qadın

Mən sənin ömrünün eşq ilahəsi,
Arzularının qadınıyam.
Bəlkə bu dünyada günahın,
Bəlkə də bu dünyada savabınam.
Xəyallarından süzülüb
Yer üzünə enən istəyin,
Xoş arzun, fikrində yaratdığın,
Qəlbində bəslədiyin həmən o qadınam.
Xəyallarından süzülüb
Ömrunə hopan qadınam.
Tapmısansa şükr et, buraxma məni.
Bəlkə Allahın sənə hədiyyəsi,
Bəlkə də sənə etdiyi əmanətiyəm.

***

Əsgər

Vətənimin mərd oğlu, igid
oğlu,
Sənə necə yaraşır bu əsgər libası.
Uca tut sən andını.
Var gücunlə qoru sən torpağını.
Sən haqq savaşçısısan.
Torpağının, vətəninin keşikçisisən.
Qoru torpağını gözun kimi.
Torpağına göz dikəni
Parçala sən aslan kimi.
Sən türksoylu azərisən,
Sənin Mustafa Kamal kimi,
Heydər Əliyev kimi,
Soyun var, nümunən var,
Qarşında heç bir düşmən tab gətirə bilməz!
Var gücünlə savaşıb,
Çökdürərək düşməni
Göstər ona yerini!

***

Gecələrim

Dərd ortağım, səssizliyinə sığındığım,
Rəngində boğulduğum gecələrim.
Titrək qəlbim, əzgin ruhum,
Çırpınar hey yarım qalmış arzularım.
Hər şey səndə gizli qalar,
Gün doğular, sabah olar.
Sənə qovuşmaq gün boyu arzum olar.
Mən gecənin aşiqiyəm,
Yarım qalmış arzuların şahzadəsi,
Dalğaların sahilə çırparaq atdığı
Su pərisiyəm.
Gecələrdən yoxdur qorxum,
Gecələrin aşiqiyəm.
Səssizlik çökər o anda,
Boğularam xəyallarda,
İçimdə qopar tufanlar.
Baş-başayam mən özümlə
Sirli gecə aləmində.
Nə möcüzə, nə gözəllik?!
Kaş ki belə donub qala,
Kaş gecələr uzun ola…
Mən gecənin aşiqiyəm,
Nazik ayın, parlayan ulduzların,
Dolğun ayın, axan ulduzun dəlisiyəm.
Həsrətli ruhların qovuşduğu an,
Ruhumu dinlədiyim o məqam,
Sehrinə daldığım, sirlərindən boğulduğum gecələr.
Həsrət axar qəlbdən-qəlbə,
Gün doğular, sabah olar,
Hər şey səndə gizli qalar…

***

Rüzgar adam

Hər nəfəsdə qəlbimdə döyünənim,
Misralara sığdıramadığım ən ülvi hissim.
Rüzgara çevrilib ruhumu saran,
Qəlbimi qəm məskəninə döndərən adam.
Sənə təşəkkürlər, sənə minnətdaram!
Sən mənə dəyərimi öyrədən adam.
Dünənim, bu günum, gecəm, səhərim,
Məğlubiyyətim, həm də ən böyük zəfərim.
Qəlbimdə çırpınıb gözümdən axan,
Axdıqca yenidən qəlbimə dolan,
Nifrətim, sevincim, qəmim, kədərim,
Ömür boyu həsrətini çəkdiyim.
Əllərim əlinə uzanıb qalan,
Yoxluğu qəlbimi titrədən adam.

***

Xəyal dünyam

Xəyalımda yaratdığım bir dünyam var,
Orda nə ayrılıq, nə də ki qəm var.
Bir mən varam, yeganə, tək mən,
Bir də əsrarəngiz gözəl təbiət.
Orda nə riyakar insanlar var,
Nə də süni münasibətlər.
Orda nə savaş var, nə də müharibələr.
Orda nə xəstəlik, nə də ölüm var.
Orda bir mən varam, bir də hislərim.
Bir dünya qurmuşam mən xəyalımda,
Orda çəhrayıdır dənizlər də,
Günəş də ağdır, ulduzlar da ağ.
Orda sərbəstdir mənim ruhum da…

Bu yazıyı paylaş:

2 thoughts on “Şiirler / Gülnarə Nağıyeva

  1. Sizin şerlerinizi okurken hatıralara daldım sevdiğimle keçen günler göz önümde canlandı! Teşekkür ederim!

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Bu yazarın toplam 1 eseri bulunmaktadır.