Naxçıvan Etüdləri-100 / Təranə Arifqızı
YÜZ İLİMİN SƏDASI
Qanımız səpələnib bu yurdun yarasına,
Addım addım sarıyıb torpağa can demişik.
Yüz ilin zəfərində Naxçıvanın payı var,
Yumruq kimi birləşib, Azərbaycan!- demişik.
Hər atılan caynağa polad sinələr verib,
Kecmişik biz tarixin alovlu sınağından.
Dünənim bu ğunümdə dolaşır sirli-sirli,
Birləşib yollar açır sabahın sorağında.
Sən, Muxtar Respublikam, tarixin əlifbası,
Min illər tarix yazan insanların var olub.
Rəssamın qaya üstə, şairin qəlbə yazıb,
Qəhrəman oğulların igidliyi car olub.
Yüz ildir ayrılmısan doğma qardaşlarından,
Qovuşmağa bir addım, bir anlıq nəfəs qalıb.
İndi addım atırıq Zəngəzur yollarında,
Zəngəzur-Azərbaycan! -deməyə bir səs qalıb.
Yüz ilin zirvəsinə bir zirvə də tən gəlir,
O, Heydər zirvəsidir, əsrimizin insanı.
Bütövlük, azadlıq var yüz addımın sonunda,
İlham- qalıb liderdir, yurdun övladın tanı!
Yüz ildi dalğalanır muxtariyyət sədası,
Tarixə möhür vurub üçrəngli al bayrağım!
Naxçıvan bu torpağın yenilməyən zəkası,
Yaşa, Nuhun diyarı, yaşa, azad torpağım!
Anam Azərbaycanım, yüz yaslı ovladınam,
Səninlədir sevincim, səninlədir kədərim.
Bir körpə uşaq kimi başımda sığalın var.
Şərqin qapısı oldum, sənsən mənim öndərım!
NAXÇIVANA SƏFƏRİM VAR
Girəcəyəm Şərqin qoca qapısından,
Çox müqəddəs, çox da uca qapısından,
Ya Ağrıdağ, ya Əlincə qapısından,
Torpağnda acı- şirin illərim var,
Bu gün mənim Naxçıvana səfərim var.
Duzdağına duzu üçün gələcəyəm,
Yaylağına quzu üçün gələcəyəm,
Qışı üçün, yazı üçün gələcəyəm,
Yurddaşlardan ona gözəl xəbərim var.
Bu gün mənim Naxçıvana səfərim var.
Hacadağın aşrımını aşacağam,
Əlincənin bürclərinə qoşacağam,
Nəiminin hürr səsilə daşacağam,
O daşlarda milyonlarla nəfərim var,
Bu gün mənim Naxçıvana səfərim var.
Ordubadın tarixini gəzəcəyəm,
Tiviçayda, Gilançayda üzəcəyəm,
Gənzə, Nüsnüs, Məzmərini bəzəyəcəm,
Baş çəkməyə Arazüstü şəhərim var,
Bu gün mənim Naxçıvana səfərim var.
Yol gəlməyə qatarım var, maşınım yox,
Əbədiyəm yaddaşında, yaşdaşım yox,
Hər daşaltda tarıx yatır, başdaşı yox.
Hər açılan şırımında yüz vərim var,
Bu gün mənim Naxçıvana səfərim var.
Culfa adlı həsrətimin gəmisində ,
Dədəm Qorqud nur sözlüdü bəm izimdə,
Xatunların Möminəsi bənizimdə,
Qızlarımın bulağında sirlərim var,
Yolum düşsə, Naxçıvana səfərim var.
Baş əyəcəm hər şəhidin məzarına,
Bayrağımın tarix yazan yazarına,
Sədərəkdə mən çıxaram güzarına,
Yağılara qan udduran ərlərim var,
Yolum düşsə, Naxçıvana səfərim var.
Gedim görüm, insanlarım nəyə qadir,
Yeri yerdə ucaldanlar göyə qadir,
Nəqşi- cahan yer üzünə ayinədir.
Vəsf etməyə haqqım, sevgim, təpərim var,
Yolum düşsə, Naxçıvana səfərim var.
Şərur adlı düzlərində düz olmağa,
Arpaçayın nəğməsinə söz olmağa,
Şahtaxtıda, Kəngərlidə biz olmağa.
Sarı sünbül köynəyində gözlərim var,
Yolum düşsə Naxçıvana səfərim var
Koroğlumun, Babəkimin qılıncısan.
Nəfəsini haqq yolunda alınca sən
Addımladın Heydərimin dalınca sən.
Dan yerində işıq saçan ülkərim var,
Yolum düşsə, Naxçıvana səfərim var.
Dilicanı, Zəngəzuru gəzə -gəzə,
Zəngibasar, Vedi yolun süzə-süzə,
Dərələyəz, Göyçə eli baxır bizə,
İrəvanda, Borçalıda öz yerim var,
Yolum düşsə, Naxçıvana səfərim var.
Nə gözəldir, əfsanədir gecələri,
Yoxa çıxıb neynimləri, necələri.
Misralanıb, qafiyəsi, hecaları,
Yazılmamış, deyilməmiş sətirim var,
Yolum düşsə, Naxçıvana səfərim var.
BATABAT
Göydə günəş, yerdə qarın nə gözəl,
Təmiz nəfəs adlı barın nə gözəl,
Dağlar kimi etibarın nə gözəl,
Qonağam qoynunda bu gün , Batabat!
Addım atdım, ayaqlarım qarladı,
Qar əlimdə , əlim qarda xarladı,
Sənə yolçulugum dostla, yarladı,
Əksimi göstərdii gölün, Batabat….
Dolana-dolana qalxdım yaylağa,
Bir dərəyə baxdım, bir də oylağa,
Ətək saldı yanğım buz Zorbulağa,
Göynədi dişlərim, deyim, Batabat…
Təbiət sinəndə yaz deyib oynar,
Çaylar axarıyla naz deyib oynar,
Bağrıma basılar saz, deyib, oynar,
Üzən göy adanla öyün, Batabat…
Biçənəyin birçəkləri yamyaşıl,
Torpaq yaşıl, dolay yaşıl, dam yaşıl,
Quşlar yaşıl, qoynunda adam yaşıl,
Yaraşır bu donun, geyin, Batabat…
Qar naxıslı dağlar əl-ələ burda
Ağaclar dolaşıb tel-telə burda,
Qarışıb ot-əncər, gül gülə burda,
Heyrətdən ürəyim deyir, Batabat…
Xatirə danışır bir ağac altı,
Deyirlər, gülürlər dostlar beş-altı,
Göy sudan boylanır ürkək qaraltı,
Mələyir bir maral, keyik, Batabat..
Göllərin tamaşa, çölün tamaşa,
Əllərim əl eylər yaşıl qumaşa,
Yoxuşu enişlə vururam başa,
Kaş ki, sən olaydın evim, Batabat!
Səni sevgilim tək sevdim, Batabat!
PAY GÖNDƏRİM
Gözəlliklər diyarı döğma Naxçıvanımdan pay gözləyən dostlara.
Mən kimə pay göndərim?
Sən istə, say, göndərim.
Dost üçün pay cox olar,
Əvvəlcə, çay göndərim.
Ordubadın lumusun,
Dağdan kəklikotusun,
Sucuğun, tut qurusun,
Yanında pay göndərim.
Maraqlı kitab da var,
Badamlı, Sirab da var.
Duzdağda duz, qab da var-
Yiğım bir tay, göndərim.
Dağ nanəsi, yarpızı,
Nehrəmin də qarpızı,
Zorbulağın sal buzu,
Onu da yay göndərim.
Yazmamışam çoxunu,
Qoşadizə tərxunu,
Bu doyulmaz qoxunu
Həm yaz, həm yay göndərim.
Batabatın sərini,
Əshabi-. Kəhf sirrini,
Qazayağı yerini
Deyim, bu ay göndərim.
Düz sözü yazan dolu,
Arazda sazan dolu,
Bişibdi, qazan dolu,
Olub lay-lay, göndərim?
Naxçıvançay dolu su,
Var çaşırı, bolusu,
Cacıq, şomu dolusu
Böyük saray göndərim.
Yazda otlar bitəsi,
Ruhun burda itəsi,
Çox bitkinin kətəsi,
Tutum bir pay, göndərim!
Vardı göycənin adı,
Damaqdan getməz dadı,
Demə, nə vaxt, hardadı?
Var iki ay, göndərim.
Şərurumdan hulunu,
Şahtaxtının qovunu,
Dağkecisi ovunu
Düzüm alay, göndərim.
Şaftalı Daşarxdadı,
Ətri bütün bağdadı,
Movsümü qabaqdadı,
Yığım, bu yay göndərim.
Cəhridən al lavaşı,
Qışda əristə aşı,
Bol qovurma bozbaşı,
Və cığatay göndərim.
Əcəmidən yadigar
Möminə Xatun da var,
Şərikli Araz da var,
Gəlsin o tay, göndərim.
Burda gözəldi hava,
Qayganaq dolu tava,
Ordubaddan paxlava-
Onu lay- lay göndərim.
Bəlkə qonaq gələsiz,
Bu yerləri görəsiz,
Vallah, nə istəsəz siz,
Yallı, halay, göndərim.
Görərsiz Naxçıvanı,
Siz qurarsız ” divanı”,
Belə gözəl yer hanı?
Yox ona tay, göndərim!!
ŞAHBUZUN
Yazın əvvəlində çıxmışdım yola,
Mənə gəl-gəl dedi, özü Şahbuzun,
Yığdım kəklikotun, daddım yarpızın,
Laləyə bürünüb düzü Şahbuzun
Dolandım yolları dağ dərəsində,
Sular şaqqıldayır çay bərəsində,
Dağların ətri var bal-kərəsində,
Bizi qonaq etdi, yazı Şahbuzun
Güldü, gülüşüylə güllər açıldı,
Gəldi, gəlişiylə yollar açıldı,
Qonaq qarşıladı qollar açıldı,
Nə xoşdu ədası, nazı Şahbuzun.
Gəzdim Batabatı, gözəl yaylağı,
İçdim Zorbulaqdan, buz su oylağı,
Biçənəkdə Nigar, Həcər sayağı
Gəzir gözəl-göyçək qızı Şahbuzun.
Aşıqlar oynadı, sazla-söz dedi,
Dəyər gözəllərə,dəyər göz dedi,
Dağların sirrini indi çöz dedi,
Könlümü lal etdi sazı Şahbuzun!
Bişdi unnucadan dadlı kətəsi,
Çaşırı, bolusu dağda bitəsi ,
Gözəllikdə varmı bundan ötəsi,
Səslənir, bax, xoş avazı Şahbuzun!
BURA AĞBULAQDI
Gözlərim açıldı sabaha doğru,
Gördüm dağlar yatıb dərə qoynunda.
Yağış layla çalır , çən tumar çəkir,
Buludlar sürünür bərə qoynunda.
Addım addım getdim günəsə sarı,
Gördüm gizli baxır bulud dalından.
Bir sürü qalxırdı üzü yaylağa
Çoban səslənirdi təpə yalından.
Kəkotu qoxusun aldım yaxından,
Bir dəstə bağladım çay içmək üçün.
Çoban itləriydi bizi qorxudan,
Hayladıq çobanı, biz keçmək üçün.
Bura Ağbulaqdı, burda təbiət
Dağlari dağlara sınaq eyləyir.
Bir təmiz havası, saf bulaq suyu
İnsanı ruhuna qonaq eyləyir.
Gah uşaq dostumla top-top oynadım,
Gəncləsdim gənclərin arasında mən.
Sənsən ürək sözüm, sən yol yoldaşım,
Hardayam, kimlərin sırasinda mən?
Burda insanların təbi basqadı,
Hər kəs təbiidir dağ havası tək.
Səmimi söhbətlər, təmiz gulüşlər
Süzür çohrələri cənnət səsi tək.
Burda hava sərin, ürəklər isti,
Dur yığış, Şahbuza, Ağbulağa gəl.
Bütün qayğıları aranda saxla,
Götür ürəyini bu yaylağa gəl.
AĞBULAĞIN QIŞ MƏNZƏRƏSİ
Ağbulağım ağ yaylığa bürünüb,
Ağ papaqdı dağlarımın başında.
Cavan idim, gəlib qara düşmüşəm,
Saçım- başım ağarıb bu yaşımda.
Uzaqdan, yaxından yığılıb bura,
Dostlar gəlib dağ qoynynda görüşə.
Çoxdandı qar görmür, neynəsin onlar,
Uşaqlardı buz üstündə sürüşən.
Dincəlib otaqda, oyandım səhər,
Gördüm ki, şüşələr qırovdu, buzdu.
Sabahın ən təmiz havasın uddum,
Dağ qoynu kəndləri diqqətlə süzdüm.
Baxdım ki, həyətdə ot tayasından
ətirli bir qoxu düşür kəməndə.
Min cürə nemətdi, can dərmanıdı,
Quzular otlayıb, yayıldı kəndə.
Əlim çənəm altda seyr edirəm mən,
Ana təbiətin möcüzəsini.
Köçürüb yaddaşa rahat oluram,
Ağbulaq dağının qış nəğməsini.
DAĞLAR
Sən ki, sirsən, sirri başa düşərsən,
Gəl sirrimi sənlə bölüm, a dağlar.
Nə danışır daşlar, daşa dəyəndə,
Danış, dillən, mən də bilim, a dağlar.
Əcdadlarım yatır burda, daş olur,
Zirvən uca, kirpik dönür qaş olur,
Gün gizlənir, hər anın obaş olur,
Səni bölüşməyə gəldim, a dağlar.
Dağ altından sızır Şapur bulağı,
Su üzündə gülür quzuqulağı,
Ayağıma sığal çəkir alağı,
Möcüzə danışır dilim, a dağlar.
Üzyuxarı qalxdım sənin yalından,
Qulaq cingildəyir qeylü- qalından,
Bir qartal boylanır qoşa salından,
Dərmandı çınqılın, gilin, a dağlar.
Neçə qatdı daş yaddaşın, bilinməz,
Milyon ildi sinnin, yaşın, bilinməz,
Dağ duruşun yer üzündən silinməz,
Keçib gedər obam, elim, a dağlar.
Gümüşgölün aynasında batmışam,
Arpaçayın mamırında yatmışam,
Gözlərimlə günəşi öyatmışam,
Sirr doludu ayın, ilin, a dağlar.
Bax, körpüdə balıq tutur cavanlar,
Daş yaddaşı, xatirədi bu anlar,
Sənin olsun Təranədən qalanlar,
Məndən sənə gəlməz ölüm, a dağlar.
TİVİ YOLLARI
Yolları dolam-dolam,
Çatmaqçün yüz yol dolan.
Gördüyüm gözəllikdi,
Mənim qəlbimə dolan.
Kəklik çıxdı yol üstə,
Güllər yatdı qol üstə.
Dərəyə bir daş atdım,
O da düşdü kol üstə.
Dur, atla sən dəvəyə,
Bu yol gedir Tiviyə.
Ocağa odun yığdım
Çivi caldım çiviyə.
Çay sahili yaşıldı,
Çaysa aşıb daşırdı.
Görünməyən nəğməkar,
Oxuduğun nə şurdu?
Hər yan bağlı- bağatdı,
Çapır yolda ağ atlı.
ərik, alma, tut yığdım
sanki qənddi, nobatdı…
Gözəlim Tivi gəlsin,
dolansın evi, gəlsin.
Nağıldan oyatmağa
Cırtdanın divi gəlsin.
Gənzə, Gilan, Nüsnüs de,
Heyrət verir hüsnüm de,
Göygölə aparmasam,
Incidim de, küsdüm de.
NAĞILLAR DÜNYASI NAXÇIVANIMSAN
Yurdumda parlayan dan ulduzumsan,
Möminə analı Heyran qızımsan,
Nabat nəğməlisən, sözüm, sazımsan.
Sən əfsanəm, nağılım, bayatımsan,
Nağıllar dünyası Naxçıvanımsan!
Haçadağ, Əlincə, Çalxan bir yana,
Duzdağınla sən şöhrətsən cahana,
Əshabı-Kəhf düşüb dilə-dastana.
Sən möcüzəm, sehirim, sorağımsan,
Nağıllar dünyası Naxçıvanımsan!
Bəhruz Kəngərlitək rəssamların var,
Cəlılın, Cavidin, Arazların var,
Ulu Heydər kimi dühaların var.
Sən iğidim, qəhrəmanım, xanımsan,
Nağıllar dünyası Naxçıvanımsan!
Bu sürətlə heç bir diyar dəyişməz,
Hünərlənib, sənlə kimsə deyişməz,
Badamlıni, Sirabını kim içməz?
Sən ürəyim, sən nəfəsim, canımsan,
Nağıllar dünyası Naxçıvanımsan!
Şərur düzü, Babək yurdu ürəyin,
İnci Ordubadın, Culfa dirəyin,
Şahbuz yaylaq yerin, var Sədərəyin.
Kəngərli elləri, adım- sanımsan,
Nağıllar dünyası Naxçıvanımsan!
Muxtar Respublika adın almısan,
Savaşlarda Qeyrət qalam olmusan,
Min illərin sınağına yolumsan.
Sən dünənim, bu günüm, sabahımsan,
Nağıllar dünyası Naxçıvanımsan!
Varaqlanan müqəddəs bir kitabsan,
Sən nidasan, nöqtələrsən, xitabsan,
Şərqin solmaz gülü, Nəqşı- Cahansan,
Səsimsən, ünümsən, sən harayımsan,
Nağıllar dünyası Naxçıvanımsan!
Ən gözəl mavilik sənin üzündə,
Lalələrin nə gözəldir düzündə
Yaşıl-yaşıl inam yaşar gözündə.
Ayparamsan, ulduzumsan, danımsan,
Nağıllar dünyası Naxçıvanımsan!
Dolaşsam dünyanı səndən doymaram,
Bir an səni gözlərimdən qoymaram,
Bir günümü Naxçıvansız saymaram,
Görən gözüm, sah damarım, qanımsan,
Nağıllar dünyası Naxçıvanımsan!